Əczaçılıq, Stomatologiya, İctimai Səhiyyə, Hərbi Tibb fakultələrinin bakalavr və magistr pilləsində təhsil alan tələbələri üçün müxtəlif kimya fənləri tədris olunan ümumi və toksikoloji kimya kafedrası 1989-cu ildə iki müstəqil kafedranın (ümumi kimya kafedrası və toksikoloji kimya kafedrası) birləşdirilməsi nəticəsində yaranmışdır. Bu günkü kafedranın əsasını təşkil etmiş birləşdirilən hər iki kafedra haqqında aşağıdakı məlumatı vermək lazım gəlir.
Toksikoloji kimya kafedrası 1987-ci ilə qədər sərbəst fəaliyyət göstərmiş, həmin ildə bioüzvi kimya kafedrası ilə birləşdirilmiş, bundan 2 il sonra, yəni 1989-cu ildə toksikoloji kimya fənni üzrə tədris saatları bioüzvi kimya kafedrasından alınaraq, ümumi kimya kafedrasına verilmişdir. Beləliklə, ümumi və toksikoloji kimya kafedrasının yaranma tarixini 1989-cu ildən hesablamaq olar.
Bakı Universitetinin tibb fakültəsində ümumi kimya fənləri 1920-1923-cü illərdə prof. L.Q.Qurviçin rəhbərlik etdiyi kafedrada tədris edilirdi. 1923/24-cü tədris ilində kafedra iki hissəyə – qeyri-üzvi və üzvi kimya kafedralarına ayrılmışdır. Qeyri-üzvi kimya kafedrasına 1932-ci ilə qədər, o cümlədən Tibb İnstitutu yaradıldıqdan sonrakı 2 il ərzində prof. İ.İ.Kuznetsov rəhbərlik etmişdir. Bundan sonra kafedraya 1932–1940 və 1946 –1952-ci illərdə görkəmli kimyaçı alim, əməkdar elm xadimi, professor Sadıq Cavad oğlu Hüseynov rəhbərlik etmişdir. Aradakı 6 il ərzində kafedra müdiri vəzifəsində dos. İ.M.Novruzlu (1940 –1941), prof. H.B.Şahtaxtinski (1941–1942) və prof. F.M.Əfəndiyev (1942–1945) işləmişlər.
Prof. S.C.Hüseynovun vəfatından sonra bu kafedraya 2 il ərzində (1952 – 1954) dos. S.X.Dzotsoti rəhbərlik etmiş, 1954-cü ildə isə kafedra müdiri vəzifəsinə təkrarən prof. Faiq Əfəndiyev (1912 – 1965) seçilmişdir. Professor F.M.Əfəndiyev respublikanın görkəmli kimyaçı alimi kimi tanınaraq Mendeleyev cədvəlinə əlavələr etmiş, bu sahədə yeni nəzəriyyə irəli sürmüşdür. Onun vəfatından sonra 1965 – 1967-ci illərdə kafedraya prof. A.Z.Babayev, 1967–1968-ci illərdə dos. H.İ.Əlimərdanov rəhbərlik etmişdir. 1969-cu ildə kafedra müdiri vəzifəsinə prof. Z.Ş.Qarayev seçilmişdir. O, təqaüdə çıxana qədər (1995-ci il) kafedraya rəhbərlik etmiş, Tibb İnstitutu tələbələri üçün “Qeyri-üzvi kimya” (1975, 1983) və “Bioqeyri-üzvi və bofiziki kimya” (1988) dərslikləri, tədris vəsaiti çap etdirmişdir.
Toksikoloji kimya kafedrası ilk dəfə 1940-cı ildə Azərbaycan Əczaçılıq İnstitutu nəzdində təşkil edilmiş və “məhkəmə kimyası” kafedrası adı altında fəaliyyətə başlamışdır. İlk gündən kafedraya rəhbərlik dos. Q.L.Avalianiyə həvalə edilmiş və o, bu vəzifəni 1940 – 1947-ci illərdə yerinə yetirmişdir. Əczaçılıq İnstitutunun bağlanması ilə əlaqədar olaraq həmin kafedra Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində müstəqil kafedra kimi fəaliyyət göstərmişdir.
Dos. Q.L.Avaliani vəfat etdikdən sonra kafedraya 2 il ərzində (1947 – 1949-cu illər) professor İ.K.Qolberq, sonrakı bir il ərzində (1949 – 1950-ci illər) isə biologiya elmləri namizədi, dosent V.V.Malenyuk rəhbərlik etmişdir. 1950-ci ildən başlayaraq kafedraya rəhbərlik milli mütəxəssislərə tapşırılmışdır. Belə ki, 1950 – 1967-ci illər ərzində kafedraya həmin kafedrada doktorluq dissertasiyası müdafiə etmiş biologiya elmləri doktoru, professor A.Z.Babayev, 1968 – 1982-ci illərdə isə prof. D.Y.Hüseynov rəhbərlik etmişdir. 1982 – 1986-cı illərdə kafedra müdiri vəzifəsi yenidən prof. A.Z. Babayevə tapşırılmışdır. Professor A.Z.Babayev vəfat etdikdən sonra bir il ərzində həmin kafedraya rəhbərlik müvəqqəti olaraq əczaçılıq elmləri namizədi, dosent Q.B.İskəndərova həvalə edilmişdir. Sonrakı iki il ərzində (1987 – 1989-cu illər) toksikoloji kimya kafedrası Azərbaycan SSR EA-nın müxbir üzvi, professor R.A.Babaxanovun rəhbərlik etdiyi bioüzvi kimya kafedrası ilə, 1989 – 1995-ci illər ərzində isə prof. Z.Ş.Qarayevin rəhbərlik etdiyi ümumi kimya kafedrası ilə birləşdirilərək ümumi və toksikoloji kimya kafedrası adlandırılmışdır.
1995 – 2017-ci illərdə ümumi və toksikoloji kimya kafedrasının müdiri vəzifəsini professor Qayıbverdi Bəşir oğlu İskəndərov icra etmişdir. Prof. Q.B.İskəndərov Əczaçılıq fakültəsinin tələbələri üçün ilk dəfə “Toksikoloji kimya” (2012) dərsliyi, “Zəhərli üzvi maddələr və onların kimyəvi-toksikoloji analizi” (2008) və “Zəhərli metal birləşmələri və onların kimyəvi-toksikoloji analizi” (2006) adlı dərs vəsaitləri nəşr etdirmişdir. 20.09.2017-ci il tarıxındən kafedra müdiri vəzifəsinə bu kafedranın yetirməsi, professor Eldar Abdulla oğlu Qarayev seçilmiş və hazırda uğurla fəaliyyət göstərir.
2020-ci ilin sentyabr ayında ATU-nun Bioüzvi və biofiziki kimya kafedrası ləğv edildikdən sonra professor-müəllim heyətindən 5 nəfər və 3 texniki işçi fəaliyyətlərini Əczaçılıq toksikologiyası və kimya kafedrasında davam etdirir.
Hazırda kafedranın 29 əməkdaşı var. Bunlardan 3 professor, 7 dosent, 1 baş müəllim, 8 assistent və 3 baş laborant olmaqla öz pedaqoji və elmi fəaliyyətlərini davam etdirirlər.
Professor-müəllim və laborant heyəti