“İctimai fənlər” kafedrası 2013-cü ilin iyun ayında ATU-nun Böyük Elmi Şurasının qərarı ilə “İqtisadi nəzəriyyə və hüququn əsasları”, “Fəlsəfə”, “Azərbaycan tarixi” kafedralarının birləşməsi bazasında yaradılmışdır. Əvvəlki üç kafedranın tarixi fəaliyyətlərinə dair qısa tarixi icmal aşağıdakılardan ibarətdir.
1930-cu ildə “ÜİK (b) P tarixi” kursunu tədris edən kafedra təşkil edilmişdir.
1938-ci ildə “ÜİK (b) P MK-nin” “ÜİK (b)P tarixi” kursunun buraxılması ilə əlaqədar partiya təbliğatının qoyuluşu haqqında” qərarına əsasən keçmiş SSRİ-nin bütün ali məktəblərində “Marksizm-leninizmin əsasları” adlı vahid tədris kursunu əhatə edən kafedra yaradılmış və 1950/51-ci tədris ilində ADTİ-da “Siyasi iqtisad” kafedrası yaradılmışdır. 1963-cü ildə “Marksizm-leninizmin əsasları” fənnindən, “Marksizm-leninizm fəlsəfəsi” və “Sov. İKP tarixi” ixtisasları ayrılaraq yeni kafedralarda tədris edilməyə başlanmışdır.
“İqtisadiyyat və Hüququn əsasları” kafedrası. 1950/51-ci tədris ilindən etibarən ADTİ-da “Siyasi iqtisad” kafedrası yaradılmış və eyniadlı fənn (siyasi iqtisad fənni) həmin kafedrada tədris edilmişdir. Siyasi iqtisad kafedrasına müxtəlif illərdə kafedraya dos. S.Aydınbəyov (1953-1966), dos. P.Rufullayev (1967-1973) rəhbərlik etmişlə
1973-cü ildə kafedra müdiri vəzifəsinə Respublikanın əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev (1973-1988), (1999-2006) seçilmişdir. 1989-1992-ci illərdə “Siyasi iqtisad” kafedrasına dos.T.Nağıyev rəhbərlik etmişdir. 1992-ci ildə tarix və siyasi iqtisad kafedraları birləşdirilib “Tarix və iqtisadiyyat” kafedrası adlandırılmışdır. Birləşmiş kafedraya prof. Ə.Zeynalov rəhbərlik etmişdir.
1999-cu ilin sentyabrında ATU-nun Elmi Şurası Siyasi İqtisad kafedrasının “İqtisadiyyat və hüququn əsasları” kafedrası adı altında müstəqil kafedra kimi yenidən fəaliyyətə başlaması haqqında qərar qəbul etmiş və həmin vaxtdan etibarən “İqtisadiyyat və hüququn əsasları” kafedrasına yenidən AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, prof. Aqil Əlirza oğlu Əliyev rəhbərlik etməyə başlamışdır.
Prof. A.Ə.Əliyevin rəhbərliyi dövründə “Siyasi iqtisad” kafedrası Tibb İnstitutunun ən qabaqcıl kafedralarından birinə çevrilmişdir. Fənnin tədrisi Tibb İnstitutunun profilinə uyğunlaşdırılmışdır. 1978-ci ildə kafedrada prof. A.Ə.Əliyevin rəhbərliyi altında və bilavasitə iştirakı ilə yazılıb çap edilmiş “Səhiyyədə iqtisadiyyat, planlaşdırma, idarəetmə, maliyyələşdirmə və əməyin təşkili” adlı dərs vəsaiti uzun müddət tələbə, müəllim və praktik tibb işçilərinin stolüstü kitabına çevrilmişdir. A.Ə.Əliyev iqtisadiyyat üzrə fəlsəfə doktorluğu və iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, professor və əməkdar elmi xadim adlarına layiq görülmüş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Professor A.Ə.Əliyev 200-dən artıq elmi əsərin, o cümlədən, 18 monoqrafiya və kitabın müəllifi olmuşdur. Bu əsərlərin bir hissəsi Moskvada, Sankt-Peterburqda, Çexoslovakiyada çap edilmişdir. Onun son illərdə keçid dövrünün aktual iqtisadi problemlırinə dair 100-ə yaxın əsəri çapdan çıxmışdır. Bunların arasında irihəcmli monoqrafiyalardan “Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, “Səhiyyənin iqtisadiyyatı”, “İpək Yolu – bəşəriyyətin tərəqqi yoludur”, “Dünya iqtisadiyyatı: müasir dövrün problemləri”, “Sosial sferanın iqtisadi və metodoloji əsasları”, “Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri” adlı kitablar xüsusilə diqqətəlayiqdir. O, ali məktəblər üçün “İqtisadi nəzəriyyə” kursu üzrə 2 cildlik dərsliyin müəlliflərindən biridir. Professor A.Ə.Əliyevin məsləhətçiliyi altında 4 elmlər doktoru və 8 iqtisadiyyat üzrə fəlsəfə doktoru yetişdirilmişdir. O, çoxillik səmərəli elmi-pedaqoji fəaliyyətinə, elmi kadrlar hazırlanması sahəsindəki xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülmüş, dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. Görkəmli alim həm də Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü, Beynəlxalq Enerji-İnformasiya Akademiyasının akademiki, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü olmuşdur.
AMEA-nın müxbir üzvü, professor A.Ə.Əliyev dünyasını dəyişdikdən sonra 2006-cı ildən etibarən kafedra müdiri dosent Yavər Xanhüseyn oğlu Vəliyev olmuşdur.
Fəlsəfə kafedrası. Azərbaycan Dövlət Tibb İnstitutunun yarandığı ilk illərdə müxtəlif adlar altında fəaliyyət göstərən sosial-iqtisadi elmlər kafedrasında fəlsəfə fənni ictimai elmlər sırasında tədris olunmuşdur. 1938-ci ildə ÜİK(b) P MK-nin “Partiya təbliğatının qoyuluşu haqqında” qərarına əsasən keçmiş SSRİ-nin bütün ali məktəblərində “Marksizm-leninizmin əsasları” adlı vahid tədris kursuna keçilmişdir. Bu kursun tərkibində fəlsəfi biliklər də tədris olunmuşdur. Daha sonralar “Fəlsəfə” müstəqil kafedra kimi fəaliyyət göstərmişdir.
ADTİ-da Fəlsəfə kafedrası 1963-cü ildən müstəqil fəaliyyətə başlamışdır. Kafedranın yaradıcısı və ilk müdiri əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Adil Məşədi Yusif oğlu Nəcəfov (1925-1989) olmuşdur.
Kafedraya rəhbərlik etdiyi dövrdə professor A.Nəcəfovun qayğısı və məsləhəti sayəsində 3 doktorluq və onlarla namizədlik dissertasiyası müdafiə edilmişdir. Professor A.Nəcəfovun elmi – tədqiqatları əsasən milli mədəniyyət problemlərinə həsr edilmişdir. Onun 35-dən artıq monoqrafiya və məqaləsi çap edilmişdir. Professor A.M.Nəcəfov təbabətin fəlsəfi, etik və estetik problemləri ilə də məşğul olmuş, respublikanın tibb ictimaiyyətinin mənafeyi naminə yorulmadan çalışmışdır. Onlardan aşağıdakıları göstərmək olar: “Ölkəmizdə mədəniyyətlərin inkişafı və yaxınlaşmasında keçmiş irsin rolu” (Bakı, 1964); “Sosialist millətlərinin mədəniyyətlərinin yaxınlaşması” (Bakı, 1970); “İnkişaf etmış sosializm və mədəniyyət” (Bakı, 1978); “Ədəbiyyat və incəsənət mənəvi tərbiyənin qüdrətli vasitəsidir” (Bakı, 1978). O, “İncəsənət və səhhət” (Bakı 1979) və “Həkimlik sənətinin mənəvi əsasları” (Bakı, 1986) adlı kitablarında insan sağlamlığı, onun mühafizəsi problemləri və bu sahədə səhiyyə işçiləri qarşısında duran vəzifələri araşdırmışdır.
Professor A.Nəcəfovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Azərbaycan Respublikası əməkdar elm xadimi”, “Səhiyyə əlaçısı” kimi fəxri adlara layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.
Professor A.Nəcəfov 1963-cu ildən 1989-cu ilə qədər kafedraya rəhbərlik etmişdir. Onun vəfatından (1989-cu il) sonra kafedraya fəlsəfə elmləri doktoru professor Qurban Balı oğlu Bayramov (1935-1996) rəhbərlik etmişdir.
Prof.Q.B.Bayramov 1989-cu ildən 1996-cı ilə qədər kafedra müdiri olmuşdur. Ömrünün sonuna (1996-cı il) kimi kafedraya rəhbərlik edən professor Q.Bayramovun elmi axtarışları arasında millətlərlərarası münasibətlər həmişə önəmli olmuşdur. Qurban müəllim kafedraya rəhbərlik etdiyi illərdə tələbələrin elmi dünyagörüşünün formalaşmasına böyük əmək sərf etmişdir. O, çoxsaylı monoqrafiya və dərs vəsaitlərinin müəllifi olmuşdur: “Mədəniyyətdə millilik və beynəlmiləlçilik” (Bakı, 1974), “Sosialist millətinin mənəvi siması” (Bakı, 1975); “Mənəvi həyatda millilik və beynəlmiləlçilik” (Bakı, 1979); ”Milli və sinfi münasibətlərin qarşılıqlı əlaqəsi” (Bakı, 1981); “SSRİ-də milli münasibətlərin inkişafı” (Bakı, 1984); “İnsan və zaman” (Bakı, 1992); “İnsan, qəribədir həyatın sənin” (1996) ; “Fəlsəfənin əsasları” adlı dərs vəsaiti.
Fəlsəfə kafedrasına rəhbərlik etmış A.Nəcəfov və Q.Bayramov özlərinin təşkilatçılıq, xeyirxahlıq, elmi yaradıcılıq nailiyyətləri və əsl ziyalılıq xarakterləri ilə həmişə onları tanıyanların qəlbində özlərinə yer tapmışdır.
1996-2013-cü ildən Fəlsəfə kafedrasına rəhbərlik edən fəlsəfə elmləri doktoru professor Qoşqar Cəlal oğlu Əliyev kafedranın ənənələrini davam etdirir. O, gərgin əmək və zəhmət sayəsində 180-dan artıq elmi əsərin, o cümlədən 10 monoqrafiya, 5 dərslik və dərs vəsaitinin müəllifidir: “Politologiya” (Bakı, 1994, 208 s.); “Demokratiya və müasirlik” (Bakı, 1996, 232 s.); “Çağdaş demokratik proseslərin bəzi fəlsəfi problemləri” (Bakı, 1997, 129 s.); Kulturologiya” (Bakı, 1997, 96 s.); “Konfliktologiyaya giriş” (Bakı, 1998, 121 s.); “Heydər Əliyev və milli ləyaqət fəlsəfəsi” (Bakı, 1998, 149 s.); “Mədəniyyətşünaslıq” (Bakı, 1999, 202 s.); “H.Əliyev və milli mentalitet fəlsəfəsi” (Bakı, 2003, 246 s.); “Təbabət etikası” (Bakı, 2004, 246 s.); “Təbabət fəlsəfəsi” (Bakı, 2010).
Prof.Q.C.Əliyev 2013-cü ildən “İctimai fənlər” kafedrasının müdiri vəzifəsində çalışır.
Azərbaycan tarixi. Marksizm-leninizm əsasları kursundan ayrılmış “Sov.İKP tarixi” fənni müstəqil kafedra kimi 1963-cü ildən fəaliyyət göstərmişdir. Həmin dövrlərdə kafedraya Q.Q.Bağırov (1963-1966), V.M.Ağayev (1966-1969), E.İ.Məmmədov (1969-1975), İ.M.Məmmədov (1977-1978), Y.Q.Vorobyova (1979-1989), Ə.M. Zeynalov (1989-2009) rəhbərlik etmişlər.
2009-cu ildə Ə.Zeynalovun vəfatından sonra 2013-cü ilə qədər kafedra müdiri vəzifəsinə prof.Fəxrəddin Nəriman oğlu Məmmədov seçilmişdir.
F.Məmmədov 9 monoqrafiyanın “İnqilab barrikadalarında” (1983), “Gəncə” (1987, rus dilində) “Ulu Gəncə” (2000), “İstiqlal mücadiləmizin beşiyi” (2003), “Azərbaycanın Şimal Qapısı Xaçmaz” (2006), “Azərbaycan tarixi” (izahlı xronologiya) (2010), “Azərbaycan tarixi” (2011) dərsliyi, 200-ə qədər elmi işin müəllifi idi. O, eyni zamanda AMEA-nın Tarix İnstitutunun 2 cilddə nəşr etdirdiyi “Cümhuriyyət Ensiklopediyası”nın müəlliflərindən biri olmuşdur. Prof.F.Məmmədov “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
İctimai fənlər kafedrası. İctimai fənlər kafedrası 2013-cü ildə “İqtisadi nəzəriyyə və hüququn əsasları”, “Fəlsəfə” və “Azərbaycan tarixi” kafedralarının bazasında yaranmışdır. 2013-cü ildən kafedraya fəlsəfə elmləri doktoru, professor Qoşqar Cəlal oğlu Əliyev rəhbərlik edir.
“Fəlsəfənin nəzəri əsasları: problemlər, anlayışlar, prinsiplər” (diaqram və cədvəllərdə), (Bakı, 2015); “Sağlam düşüncəyə çağırış” (Bakı, 2017); “Tarix fəlsəfəsi” (Bakı, 2019); “Təbabət etikası” (Bakı, 2021, 246 s.) və s.
Prof.Q.Əliyevin bu illər ərzində yazdığı dərs vəsaitləri tələbələrin elmi dünyagörüşünün və mənəvi keyfiyyətlərinin formalaşmasında, milli-ləyaqət və vətənpərvərlik hisslərinin inkişafında mühüm rol oynayan əsərlərdir. Professor Q.C.Əliyevin “Heydər Əliyev və milli ləyaqət fəlsəfəsi” adlı əsərində milli ləyaqətin qorunub saxlanılmasının strategiya və metodologiyası problemləri sahəsində görülən tədbirlərin təhlili verilmiş və bu sahədəki xidmətlər araşdırılmışdır. Əsərdə müəllif bu problemlərdən irəli gələn vəzifələrin həllində Ulu Öndərimiz Heydər Əliyevin yeritdiyi müdrik daxili siyasətin xüsusi əhəmiyyətini qeyd edir.
Professor Q.C.Əliyevin “Heydər Əliyev və milli mentalitet fəlsəfəsi” əsərlərində H.Əliyevin sosial fəlsəfəsinin və xalqın mentalitetinin formalaşmasının elmi – metodoloji prinsipləri açıqlanır, xalqın mentalitetinin qaynaqları, tarixi yaddaş, vətən amalı, azərbaycançılıq ideyası, milli həmrəylik və siyasi mentalitet kimi az tədqiq olunan problemlər şərh olunur.
Kafedra müdiri, professor Q.C.Əliyevin bilavasitə rəhbərliyi ilə 6 nəfər əməkdaş f.ü.f.d. dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmışdir.
Professor Q.C.Əliyev 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
Hal-hazırda kafedranın fəaliyyətinin əsas hədəfləri tədris edilən fənlər üzrə tədris-metodiki işin yüksək elmi səviyyədə təşkili və aparılması; kafedranın profili və elmi proqramlar üzrə elmi tədqiqatların həyata keçirilməsi; müasir tələblərə cavab verən elmi-pedaqoji və elmi kadrların hazırlanması, beynəlxalq əlaqələrin inkişafıdır.
Son illərdə İctimai fənlər kafedrası Azərbaycan Tibb Universitetində humanitar və sosial elmlərin inteqrasiyası baxımından mühüm elmi-mərkəz kimi formalaşmışdır. Kafedrada fəlsəfə, Azərbaycan tarixi, səhiyyənin iqtisadiyyatı, səhiyyənin maliyyələşdirilməsi, multikulturalizm və digər ictimai fənlərin tədrisi müasir təhsil standartlarına uyğun şəkildə həyata keçirilir. Tədris prosesində interaktiv metodlardan, müasir pedaqoji texnologiyalardan və elmi-tədqiqat nəticələrindən geniş istifadə olunur.
Kafedranın professor-müəllim heyəti respublika və beynəlxalq səviyyəli elmi konfranslarda, simpoziumlarda və layihələrdə fəal iştirak edir, nüfuzlu elmi jurnallarda məqalələrlə çıxış edir. Bu fəaliyyətlər kafedranın elmi potensialının gücləndirilməsinə və beynəlxalq akademik əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
İctimai fənlər kafedrası gələcək fəaliyyətində də milli-mənəvi dəyərlərin qorunması, tələbələrdə tənqidi və analitik düşüncənin formalaşdırılması, eləcə də səhiyyə sahəsində çalışan mütəxəssislərin sosial-humanitar hazırlığının yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər aparmağı qarşısına məqsəd qoymuşdur.