Hərbi Tibb Fakültəsinin Hərbi Cərrahiyyə kafedrası Azərbaycan Respublikasın Prezidenti H.Əliyevin 25 may 2000-ci il tarixli 425 saylı sərəncamı ilə yaradılmışdır və hal-hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının bazasında fəaliyyət göstərir.
Kafedranın ilk rəisi tibb elmləri doktoru Məcid Oruc oğlu Məsimov təyin edilmiş və 2008-ci ilə qədər kafedraya rəhbərlik etmişdir.
2008-2010-cu illərdə kafedraya tibb üzrə fəlsəfə doktoru Beslan Hüseynov, 2011-2013-cu illərdə tibb üzrə fəlsəfə doktoru Famil Babayev, 2014-2019-cu illərdə tibb üzrə fəlsəfə doktoru Niyazi İsayev, 2019-2022-ci illərdə Əli Əliyev, 2023-2024-cü illərdə isə Ramin Əliyev rəhbərlik etmışdir.
2024-cü ildən hal-hazıra kimi kafedraya Şahin Əliyev rəhbərlik edir.
Kafedrada kursantların diplomaqədərki dövrdə Hərbi cərrahiyyə üzrə həkim və feldşer hazırlığı həyata keçirilir. Hərbi Tibb Fakültəsinin Hərbi Həkim İşi İxtisası hazırlığı kurslarının kursantlarına Hərbi cərrahiyyə, Hərbi Feldşer hazırlığı kursunun kursantlarına isə Hərbi cərrahiyyə, Travmatologiya və Ümumi cərrahiyyə, Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrin sanitar təlimatçılarına “İlk yardım” fənnləri tədris olunur.
Kursantların istifadəsi üçün kafedrada tədris edilən fənlər üzrə dərs vəsaitləri, metodik işləmələr və təqdimatlar hazırlanmış və onların müasir tələblərə uyğun yenilənməsi diqqət mərkəzində saxlanılır.
Kafedranın tədris metodiki bazası müasir tələblərə cavab verən elektron avadanlıqlarla təchiz edilmişdir. Auditoriyalar tədris olunan fənnlər üzrə stendlər və tədris ləvazimatları ilə təmin olunmuşdur.
Elmi fəaliyyət kafedranın prioritet istiqamətlərindən biridir. 2000-2025-ci illər ərzində kafedra əməkdaşları və dissertantları tərəfindən 2 tibb elmləri doktorluğu, 7 tübb üzrə fəlsəfə doktorluğu dissertasiyası işi müdafiə olunmuşdur. Bu müddət ərzində kafedranın zabit-müəllim heyəti tərəfindən 4 ixtiranın və 11 səmərələşdirici təklifin müəlliflik şəhadətnaməsi alınmış, 300-dən çox elmi məqalə və tezis yazılmış, yerli və xarici jurnal və toplularda dərc olunmuşdur.
Kafedranın zabit-müəllim heyəti tərəfindən əldə edilmiş yeni elmi məlumatlar, problem mövzular üzrə yeniliklər araşdırılaraq ümumiləşdirilir və dövri olaraq gündəlik elmi-təcrübi və pedaqoji fəaliyyətdə tətbiq edilir.
Kafedranın zabit-müəllim heyətini əsas etibarilə Müdafiə Nazirliyinin qurumlarında xidmət etmiş zabitlər, o cümlədən I və II Qarabağ müharibəsində iştirak etmiş, səhra şəraitində cərrahi yardımın göstərilməsi və təşkilinin xüsusiyyətlərini bilən təcrübəli mütəxəssislər təşkil edir.
Kafedrada kursantlar arasında mənəvi-psixoloji və tərbiyəvi işlərin aparılmasına xüsusi diqqət yetirilir. Onlara milli və vətənpərvərlik ruhu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların mübarizə əzmi, mənəvi sərvətlərimizə qayğıkeş münasibət aşılanır. Tərbiyəvi işin əsas məqsədini isə yüksək ixtisaslı və mənəvi keyfiyyətlərə malik hərbi tibb kadrlarının hazırlanması təşkil edir. Kursantların qoşun təcrübəsi, hərbi tibb müəssisələri qoşun birləşmələri və hərbi hissələrə ezamiyyətləri zamanı hərbi təbabətin aktual məsələlərinə dair mühazirələr aparılır.
Kafedranın əməkdaşları Müdafiə Nazirliyinin BKH-ı ilə sıx əlaqələr saxlayır, onlarla metodik-təcrübi mübadilələr aparır, mütəxəssislərlə birlikdə ayrı-ayrı cərrahi patologiyalar üzrə müalicə profilaktik tədbirlərin hazırlanması, cərrahi əməliyyatların icrası, müxtəlif cərrahi məsələlər üzrə ekspert rəylərinin tərtibatında köməklik göstərirlər.
Kafedra rəisləri
1. 2000-2008-ci illər Məcid Məsimov
2. 2008-2010-cu illər Beslan Hüseynov
3. 2011-2013-cü illər Famil Babayev
4. 2014-2019-cu illər Niyazi İsayev
5. 2019-2022-ci illər Əli Əliyev
6. 2023-2024-cü illər Ramin Əliyev
7. 2024-cü ildən hal-hazıradək Şahin Əliyev