“TƏBİB” İDMAN KLUBU
Bədən tərbiyəsi və idman, həkimin ikinci peşəsidir!
Bədən tərbiyəsi və idman 1931-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun əmək gigiyenası kafedrasının nəzdində “kurs” kimi yaradılmışdır. Bu kurs 1933-cü ildə müstəqil “Bədən tərbiyəsi və həkim nəzarəti” kafedrasına çevrilmiş, 1940-cı ildə institutun hərbi kafedrası ilə birləşdirilmişdir. Həmin illərdə tələbələrin ümumi fiziki hazırlığı ilə bərabər onların Vətənpərvərlik ruhunda hazırlanmasına daha çox diqqət ayrılmışdır. 1941-1945-ci illərdə müharibə ilə əlaqədar olaraq idman klubu hərbi kafedranın nəzdində olduğuna görə, kafedranın tədris planında tələbələrin fiziki hazırlığı ilə yanaşı xüsusi hərbi hazırlıq proqramına üstünlük verilmişdir. 1946-1952-ci illərdə kafedra əməkdaşlarının əksəriyyəti həkim olduğundan təlim-tədris planları əsasən tələbələrin müalicə bədən tərbiyəsi yönümündə hazırlanmışdır. 1952-1969-cu illərdə kafedrada idman klubunun yaradılması ilə əlaqədar idman işləri xeyli fəallaşmış və tələbələr idmanın müxtəlif növləri üzrə yarışlarda iştirak etmişdir.
1969-cu ildə kafedra iki müstəqil kafedraya bölünmüşdür:
1. “Bədən tərbiyəsi və idman” kafedrası;
2. “Həkim nəzarəti və müalicə bədən tərbiyəsi” kafedrası.
2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 46-11-5870/17 nömrəli məktubuna əsasən ATU-nun “Bədən tərbiyəsi və idman” kafedrası ləğv edilərək, “Təbib” idman klubu yaradılmışdır.
Kafedraya rəhbərlik etmişlər:
1931–1950-ci illərdə dosent S.Q.Əliyev;
1951–1954-cü illərdə professor P.V.Blişenko, B.B.Muradov, A.İ.Buqayev;
1954–1969-cu illərdə dosent K.M.Axundov;
1969–2021-ci illərdə professor K.Ə.Keberlinski.
2021-ci ilin mart ayından “Təbib” idman klubuna idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Qələndər Asdan oğlu Aslanov rəhbərlik edir. “Təbib” İdman Klubunun əməkdaşları idman fəaliyyəti ilə yanaşı elmi-metodiki işlərlə də məşğul olurlar. Beləki, 2023-2024-cü tədris ilində klubun sədri pedaqogika üzrə fəlsəfə doktoru Q.Aslanov, klubun şahmat üzrə məşqçi-müəllimi dosent K.Bacarani-Qasımova və Azərbaycan İdman Akademiyasının dosenti Ə.Qasımovla birlikdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Olimpiya hərəkatının fəlsəfəsi və idarəetmə siyasəti” adlı tədris-metodiki vəsait hazırlayıb çapdan çıxarmışlar. Kafedranın və klubun fəaliyyəti dövründə bədən tərbiyəsi və idmanın insan həyatındakı roluna dair 3 tədris vəsaiti, 1 tədris-metodiki vəsait, 500-ə yaxın elmi məqalələr, tezislər, 20-dən çox monoqrafiya yazılmışdır.
“Təbib” idman klubunun məşqçi-müəllimləri tədris ili ərzində “İdman psixologiyası”, “Fizioterapiya və tibbi reabilitasiya” sahələri və idman növləri üzrə keçirilən müxtəlif yerli və beynəlxalq elmi konfrans və konqreslərdə iştirak edir, eləcədə “Sağlamlıq” jurnalına və digər elmi xəbərlər jurnallarına çap olunması üçün məqalələr verirlər.
Klubun məşqçi-müəllimləri hər tədris ilinin sentyabr ayında I kurs tələbələrinin sənəd qəbulunda iştirak edir, tələbələrlə idmanın insan orqanizminə müsbət təsiri haqqında maarifləndirici söhbətlər aparır, eləcədə asudə vaxtlarını səmərəli keçirmək və zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün həvəsi olan tələbələri idman bölmələrinə cəlb edirlər.
Tərbiyəvi işlə əlaqədar olaraq klubda tələbələrin məşğul olduğu idman bölmələrində onların davranışlarına məşqçi-müəllimlər tərəfindən nəzarət olunur, bədən tərbiyəsi dərslərinə və təlim məşğələlərinə müntəzəm gəlmələrinə və həmişə idman formasında olmalarına diqqət ayrılır. Daimi olaraq nizam-intizam qaydaları, təlim-tərbiyə, tələbə etikası, Vətənpərvərlik mövzusunda və fiziki tərbiyənin sağlamlaşdırıcı və inkişafetdirici əhəmiyyəti barədə söhbətlər aparılır.Hazırda klubun məşqçi-müəllimləri Hərbi Tibb Fakültəsinin I kurs tələbələrinə və Tibb Məktəbinin kursantlarına bədən tərbiyəsi fənnini tədris edir, eləcədə hər məşqçi-müəllim öz ixtisası üzrə idman bölmələri yaradıb, fəaliyyətlərini davam etdirirlər.
1969-1983-cü illərdə institutun ayrıca idman bazası olmamasına baxmayaraq, tələbələr ali məktəblər arasında keçirilən spartakiadalarda müntəzəm olaraq çıxış edirdilər. 1984-cü ildə institutun öz idman kompleksinin istifadəyə verilməsi, institutda kütləvi-idman işlərinin inkişafına böyük təkan vermişdir. Hazırda universitetin idman kompleksinin 10 ixtisaslaşmış idman zalı, bir yüngül atletika maneji və 25 metrlik üzgüçülük hovuzu vardır. Beləliklə, 1969-cu ildən 2021-ci ilədək ATU-nun Bədən tərbiyəsi və idman kafedrası və “Təbib” idman klubu professor Kamal Keberlinskinin rəhbərliyi ilə bir çox nailiyyətlər əldə etmiş və mükafatlar qazanmışdır.
1993-cü ildən indiyədək ATU-nun tələbələrdən ibarət yığma komandası Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin tələbələri arasında müxtəlif idman növləri üzrə Respublika Universiada və çempionatlarında uğurla iştirak edərək komanda hesabında 26 dəfə birincilik əldə etmiş və Super Kubokun sahibi olmuşdur.
“Təbib” İdman klubu Bakı Şəhər Gənclər və İdman İdarəsi və ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə birgə ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında 2022 və 2024-cü ildə “Zəfər festivalı” adlı idman yarışları keçirib. Həmin yarışlarda 22 ali təhsil müəssisəsindən 600-dən çox tələbə və əməkdaş iştirak etmişdir. Keçirilən hər iki festivalda ATU komandası ümumi xal hesabında birinci olmuşdur.
Hər il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının dənizkənarı bulvarında “Bakı Marafonu “Küləyə qalib gəl” şüarı altında beynəlxalq yarışlar keçirilir. Bu yarışlarda ATU-nu 100-dən çox tələbə təmsil edir. Tələbələrimiz dözümlülük nümayiş etdirərək, 21 kilometr məsafəni sona qədər qaçaraq, 2022-ci ildə 29 medal, 2023-cü ildə 33 medal, 2024-cü ildə 57 medal qazanıb. Marafonda medallar qazanan yerli tələbələrimizlə yanaşı, əcnəbi tələbələrimiz də çoxluq təşkil edir. Onlardan Türkiyə, Tükmənistan, İordaniya, Nigeriya, Hindistan, İran, Suriya, İraq, Zambiya, Uqanda, Pakistan, Fələstin vətəndaşları olan tələbələrimizi misal göstərmək olar.
“Təbib” idman klubu idman yarışlarından başqa mədəni-kütləvi tədbirlər, yubileylər, idman veteranları ilə görüşlər, Şəhid məzunlarımızın anım günləri, psixoloji seminarlar, narkomaniyaya qarşı mübarizə kimi çoxsaylı tədbirlərə ev sahibliyi edir. Bununla yanaşı məşqçi-müəllimlər universitetin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Hal-hazırda “Təbib” idman klubunda ali ixtisas təhsilli yüksək idman dərəcəsinə malik 11 məşqçi-müəllim çalışır. Onlardan 1 nəfər professor, 1 nəfər dosent, 2 nəfər pedaqogika üzrə fəlsəfə doktoru, 1 nəfər Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, 1 nəfər Tərəqqi medalı, 3 nəfər Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 4 nəfər Respublikanın Əməkdar məşqçisi, 6 nəfər idman ustası, 3 nəfər beynəlxalq dərəcəli hakim adlarına layiq görülmüş kadrlardır. Beynəlxalq dərəcəli hakim olan məşqçi-müəllimlərimiz il ərzində idman federasiyalarının beynəlxalq yarışlarında, Avropa və dünya çempionatlarında hakimlik edirlər.
Tədris ili ərzində ATU-nun professor-müəllim heyəti və digər əməkdaşları asudə vaxtlarının səmərəli keçirilməsi və sağlamlıqlarının qorunması məqsədilə idmanla məşğul olmaları üçün idman klubuna müraciət edirlər. Müraciət əsasında onların sağlıq durumları sorğulandıqdan sonra istəklərinə uyğun idman bölmələrinə yönəldilir və klubun məşqçi-müəllimləri tərəfindən həmin əmədaşlara ödənişsiz xidmət göstərilir.
“Təbib” idman klubunun fəaliyyətinin əsas məqsədi ATU-nun idman-texniki bazalarını tam və səmərəli istifadə etməklə, gələcək həkimlərin hərbi Vətənpərvərlik ruhunda tərbiyə olunması, idmanla aktiv məşğul olanların həyat və sağlamlıqlarının qorunması, fiziki hazırlıqlarının inkişafı və təkmilləşdirilməsi, idmanın ayrı-ayrı növləri üzrə idman ustalıqlarının artırılması, mənəvi, əxlaqi və mübariz keyfiyyətlərə yiyələnməsi və hərtərəfli inkişaf etmiş kadrların hazırlanmasına yardım göstərməkdir.