ATU-nun Mətbuat xidməti şöbəsinin əsas vəzifəsi nüfuzlu tədris və elm ocağı olan Azərbaycan Tibb Universitetinin fəaliyyəti ilə bağlı Kütləvi İnformasiya Vasitələri (KİV) ilə əlaqələrin qurulması, təbliğat və təşviqatın aparılması, ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini təmin etməkdən ibarətdir. Mətbuat xidməti, həmçinin, universitetdə keçirilən müxtəlif növ tədbir və konfranslar barədə məlumatlar hazırlayır, önəmli toplantıların, eləcə də bu ali təhsil və elm ocağının fəaliyyətinin KİV-lərdə işıqlandırılmasını təmin edir, bununla əlaqədar press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlayır. Universitet rəhbərliyinin və digər vəzifəli şəxslərinin KİV-lərdə çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkil edir, əlaqələndirir.

         Bu xidmətin rəhbərliyi eyni zamanda universitet kafedraları əməkdaşlarının, klinika həkimlərinin ictimaiyyətlə əlaqələrini, təbliğat-təşviqat və maarifləndirmə işlərini təşkil edir, əlaqələndirir və həyata keçirir, universitetdə aparılan islahatlar, kəşf və ixtiralar, klinikalarda icra olunan  maraqlı layihələr, klinika həkimlərinin unikal əməliyyatları, kafedra və laboratoriyaların fəaliyyəti ilə bağlı davamlı olaraq məqalələrlə çıxışlar edir.

         Mətbuat xidməti rəhbəri və bu xidmətin təmsilçiləri ATU-nun rəsmi internet saytı, eləcə də sosial şəbəkələrdəki səhifələri üçün məlumatların hazırlanması prosesində iştirak edir, hazırlanmış məlumatları həmin sayt və səhifələrdə yerləşdirir, aidiyyəti strukturların bu sahədəki fəaliyyətini əlaqələndirir, ATU-nun rəsmi Facebook səhifəsində canlı yayınlar təşkil edir, universitetin fəaliyyəti ilə bağlı KİV-lərdə yayımlanan materialların gündəlik monitorinqinin aparılmasını və bu barədə universitet rəhbərliyinə məlumat verilməsini təmin edir.

         Mətbuat xidməti rəhbəri ATU-ya daxil olmuş informasiya sorğularına müvafiq strukturların iştirakı ilə qanunvericiliklə müəyyən olunmuş müddətdə baxılmasında iştirak edir. Onun vəzifələrinə ATU-nun nəzdindəki “Təbib” qəzeti ilə koordinasiyanı təşkil etmək də daxildir.

         Mətbuat xidməti, həmçinin, universitet daxilində məlumat mübadiləsinin icrasına, informasiyanın ötürülməsində koordinasiya işlərinə nəzarət edir. Ümumilikdə, şöbə ilboyu ATU-nun təbliğat-təşviqat, maarifləndirmə və sosial informasiya sahəsində fəaliyyətinin, eləcə də bu sahədə onun konsepsiyasının formalaşdırılmasını müəyyənləşdirir və həyata keçirir.

         Azərbaycan Tibb Universitetində ilk dəfə 2005-ci ildə Elmi şuranın qərarına əsasən Mətbuat xidməti təşkil edilib və onun əsası qoyulub. Bu sahəyə 2005-2013-cü illərdə ictimai əsaslarla İnsan anatomiyası kafedrasının professoru, rektorun müşaviri Mübariz Allahverdiyev rəhbərlik edib. 2013-cü ildən indiyə qədər ATU-nun Mətbuat xidməti strukturuna tam ştatla Günel Aslanova rəhbərlik edir və o, hazırda da fəaliyyətini davam etdirir. Qeyd edək ki, ATU-da fotoqrafçı-videooperator vəzifəsini Kənan Zülfüqarov icra edir.

         ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanovadır.