(+99412) 597-38-98

Farmakoqnoziya fənni üzrə proqram

İxtisas fənnindən doktoranturaya qəbul imtahanının keçirilməsi üçün
(3400.02 - əczaçılıq kimyası, farmakoqnoziya)

                                                   Bakı – 2017
Farmakoqnoziya fənni üzrə proqram
Farmakoqnoziya fənni üzrə proqram “Əczaçılıq kimyası, farmakoqnoziya” ixtisası üzrə doktoranturaya qəbul imtahanının keçirilməsi üçün nəzərdə tutulmuşdur. Proqramın tərtib olunmasında kafedranın çoxillik iş təcrübəsi nəzərə alınmışdır.
Farmakoqnoziya üzrə proqram Azərbaycan Tibb Universitetinin farmakoqnoziya və botanika kafedrasının müdiri professor C.İ.İsayev və professor-məsləhətçi Y.B.Kərimov tərəfindən hazırlanmışdır.

                                       Qısa izahat
Farmakoqnoziya ali əczaçılıq təhsili üçün nəzərdə tutulmuş ixtisas fənnlərindən biridir, əczaçı-bakalavların, ikinci təhsil pilləsi üzrə əczaçı-magistrların və “Əczaçılıq kimyası, farmakoqnoziya” ixtisası üzrə doktorantların hazırlanmasında mühüm yer tutur. Farmakoqnoziya fənninin məqsədi doktorantlara dərman bitkilərini və onların müvafiq xammallarını tanımaq; dərman bitki xammalını toplayan zaman xammala qarışa biləcək qarışıqları fərqləndirməyi bacarmaq; farmakoqnostik analiz üsullarını mənimsəmək və onlardan istifadə etməklə bütöv, xırdalanmış, poroşok şəklində olan bitki xammallarını, eləcə də ofisinal bitki yığıntılarının tərkibində ayrı-ayrı bitki xammalını təyin etmək; analitik-normativ sənədlərdə göstərilən qaydada xammalın tərkibindəki əsas bioloji fəal maddələrə aid keyfiyyət reaksiyaları aparmaq; onların miqdari təyinatlarını həyata keçirmək, eləcə də müxtəlif qrup bioloji fəal maddələri fərdi şəkildə almaq, farmakopeya üsullarına əsasən bitki xammalının tərkibində nəmliyi, külü və ekstraktiv maddələri təyin etmək; dərman bitki xammalının qəbulu və standartlaşdırılması qaydalarını mənimsəmək kimi peşəkar vərdişləri formalaşdırmaqdır.
Farmakoqnoziyadan tədris proqramına dərman bitkilərinin xammal bazaları, bu bazalardan düzgün və səmərəli istifadə edilməsi və s. kimi problemlər daxil edilmişdir. Əsas diqqət farmakoqnostik analiz üsullarına (xüsusən dərman bitki xammalının fitokimyəvi analizinə), dərman bitkilərinin diaqnostik əlamətlərinə, heyvan mənşəli xammallara, qidaya bioloji əlavələrə, dərman bitkilərinin ehtiyatşünaslığına və fitoterapiyaya edilmişdir.
Doktorant farmakoqnoziya və botanika kafedrasında olduğu müddətdə ayrı-ayrı dərman bitkilərini və xammalları özəl diaqnostik əlamətlərinə görə fərqləndirməyi bacarmalı, dərman bitkilərinin təyinedici cədvəlləri ilə müstəqil işləməyi öyrənməli, dərman bitkilərinin ehtiyatşünaslıq qaydalarını mükəmməl mənimsəməli, heyvan mənşəli xammalları tanımalı, müxtəlif məqsədlərlə istifadə edilən qidaya bioloji fəal əlavələrin hazırlanmasında istifadə olunan dərman bitkiləri haqqında məlumatlı olmalı, həmçinin ayrı-ayrı qrup bioloji fəal maddələrin müstəqil şəkildə fitokimyəvi analizini həyata keçirməyi mənimsəməlidir.
Əczaçılıq üzrə fəlsəfə doktoru dissertasiyalarının əsas istiqaməti Azərbaycan florasından olan yabanı dərman bitkilərinin öyrənilməsidir. Daha dəqiq, elmi tədqiqatlara həm ofisinal dərman bitkiləri, həm onlara genetik baxımdan yaxın olan bitki növləri, həm də azərbaycan xalq təbabətində istifadə edilən dərman bitkiləri cəlb olunmalıdır. Azərbaycan florasından olan ofisinal dərman bitkiləri onların praktikada istifadə imkanlarını araşdırmaq məqsədilə digər ölkələrdə bitən və ya artıq tibb praktikaında istifadə olunan növlərlə müqayisəli aspektdə öyrənilir. Xalq təbabətində olan bitkilərin, eləcə də genetik baxımdan ofisinal dərman bitkilərinə yaxın olan bitkilərin öyrənilməsində məqsəd onların ofisinal dərman bitkilərini əvəz etmək imkanlrını tədqiq etməkdir.
Farmakoqnoziya fənninin öyrənilməsi üçün aşağıdakı mövzular nəzərdə tutulmuşdur.
1. Farmakoqnoziya bir elm və tədriss fənni kimi. Əsas anlayışlar; dərman bitkisi, dərman bitki xammalı, heyvan mənşəli xammal, bioloji fəal maddələr. Əczaçının praktik fəaliyyətində farmakoqnoziyanın mövqeyi. Dərman bitki xammalının farmakoqnostik tədqiqi üsulları. Dərman bitkilərinin kimyəvi tərkibi. Dərman bitkilərinin bioloji fəal maddələri və müşaiyətedici maddələr. İlk və ikinci metobolitlərin biosintez yolları ontogenez prosesində ekoloji amillərin təsirilə dərman bitkilərinin kimyəvi tərkibinin dəyişməsi. Dərman bitkilərinin təsnifatının sistemləri: kimyəvi, morfoloji, botaniki və farmakoloji.
2. Azərbaycanın bitki sərvətlərinin əczaçılıq istehsalında istifadə olunma perspektivi. Respublikanın bitki örtüyü və onun müasir dövrdə istifadə olunma vəziyyəti. Yeni dərman bitki xammalları növlərinin, bioloji fəal maddələrin (fərdi və ya məcmu şəkildə olan) və onların standartlaşdırılması və hüquqi əsasda qeydiyyata alınması.
3.Terpenoidlərin təsnifatı, fiziki-kimyəvi xassələri, bitki aləmində yayilması;  dərman bitki xammalından alınması və identifikasiya üsulları.
Efir yağlarının təsnifatı, fizkiki-kimyəvi xassələri. Monotsiklik monoterpenlər, atsiklik monoterpenlər, bitsiklik monoterpenlər, seskviterpenlər, aromatik efir yağları. Efir yağlarının bitki aləmində yayılması. Bitkilərin müxtəlif orqanlarında lokalizə olunması. Toplanma dinamikası. Efir yağlarının alınma üsulları. Efir yağlarının bitkilərdə toplanmasına müxtəlif faktorların təsiri. Efir yağlarının bitkilərin həyatında rolu. Tərkibində efir yağları olan dərman bitki xammallarının toplanmasının özəllikləri. Efir yağlarının tibbdə istifadə yolları.
Efir yağlarının analizi. Efir yağlarının eynilik təyini. Efir yağlarının kimyəvi və fiziki-kimyəvi göstəricilərinin müəyyən edilməsi. Efir yağlarının müxtəlif üsullarla miqdari təyini. Efir yağlarının qaz-maye xromatoqrafiyası vasitəsilə tərkibinin müəyyən edilməsi.
Tərkibində efir yağı olan dərman bitkiləri: qızılgül, keşniş, lavanda, bədrənc, limon, nanə, adaçayı, evkalipt, zirə, dağ tərxunu, pişikotu, ardıc, kafur ağacı, ağ şam, gəcəvər, öküzotu, ladankolu, tozağacı, çobanyastığı, boymadərən, cirə, razyana, kəklikotu, qaraqınıq.  
İridoidlər, təsnifatı, fiziki-kimyəvi xassələri. Bitki aləmində yayılması. Tibbdə istifadə perspektivləri.
Tərkibində iridoidlər olan dərman bitkiləri: qızılçətir, acıqovuq, mayasarmaşığı.
4. Alkaloidlər təsnifatı, fiziki-kimyəvi xassələri, bitki aləmində yayılması və analiz üsulları.
Alkaloidlərin təsnifatı, fiziki-kimyəvi xassələri, bitkilərdə lokalizə olunması, ontogenez prosesi nəticəsində toplanma dinamikası, onların bitki xammalında toplanmasına xarici faktorların təsiri, bitkilərin həyatında bioloji rolu, alkaloidli bitki xammallarınının toplanmasının özəllikləri və tibb praktikasında istifadə yolları. oidlər.
Pirrolidin, pirrolizidin, xinolizidin, piperidin, xinolin, izoxinolin, indol, imidazol, xinazolin və purin törəməli alkaloidlər. Steroid alkaloidlər.
Tərkibində alkaloidlər olan dərman bitkilərinin analizi. Alkaloidli dərman bitki xammallarının keyfiyyətini reqlamentləşdirən Dövlət Farmakopeyası və digər analitik-normativ sənədlər əsasında eynilinin təyini.
Dərman bitki xammalından alkaloidlərin alınması: bitki xammalından alkaloidlərin çıxarılması; alınmış çıxarışın təmizlənməsi; alkaloidlər məcmuyunun fərdi maddələrə bölünməsi; alınmış fərdi alkaloidlərin təmizlənməsi. Alkaloidlərin eynilik təyini və identifikasiysı. Alkaloidlərin xromatoqrafik analizi. Spektral analiz. Dərman bitki xammalında alkaloidlərin miqdari təyinat üsulları.
Tərkibində alkaloidlər olan dərman bitkiləri: sferofiza, istiot, acılıqotu, itboğan, xaçgülü, öldürgən, xanımotu, batbat, dəlibəng, skopoliya, koka, sofora, termopsis, suzanbağı, kinəağacı, toppuztikan, xaşxaş, qaraqaytaran, zirinc, üzərlik, dəmrovotu, stefaniya, passiflora, çovdar mahmızı, rauvolfiya, çəhrayı qıfotu, çin çayı, qəvhə, quşüzümü, asırqal, kəpənəkçiçək.
5.Ürək qlikozidləri, təsnifatı, fiziki-kimyəvi xassələri, bitki aləmində yayilması və analiz üsulları.
Ürək qlikozidlərinin bioloji aktivliyinin özəllikləri, aqlikonun və şəkər qalıqlarının quruluşu. Təsnifatı, fiziki-kimyəvi xassələri. Ürək qlikozidlərinin bitkilərdə biogenezi, bitki aləmində yayılması. Tərkibində ürək qlikozidləri olan dərman bitki xammallarının toplanmasının özəllikləri. Ürək qlikozidli dərman bitki xammallarının bioloji üsulla standartlaşdırılması.
Tərkibində ürək qlikzoidləri olan dərman bitki xammallarının analizi. Ürək qlikozidli dərman bitki xammallarının keyfiyyətini reqlamentləşdirən Dövlət Farmakopeyası və digər analitik-normativ sənədlər əsasında eynilinin təyini. Dərman bitki xammalından ürək qlikozidlərinin alınması, bitki xammalından çıxarılması, alınmış çıxarışın təmizlənməsi, kristallaşdırlması və ürək qlikozidlərinin fərdi maddələrə bölünməsi. Ürək qlikozidlərinin eynilik təyini: steroid nüvəyə, doymamış lakton halqasına və dezoksişəkərlərə aid reaksiyalar. Ürək qlikzoidlərinin xromatoqrafik analizi. Ürək qlikozdlərinin kimyəvi quruluşunun müxtəlif fiziki-kimyəvi analiz üsulları (UB-, İQ-, NMR-spektroskopiyası və s.) ilə müəyyən edilməsi. Dərman bitki xammalında ürək qlikozidlərinin müxtəlif üsullarla (xromatoqrafiyadan istifadə etməklə fotometrik, potensiometrik, polyaroqrafiya, flüorimetriya və s.)  miqdari təyinat üsulları. Ürək qlikozidlərinin qaz-maye xromatoqrafiyası.
Tərkibində ürək qlikoizdləri olan dərman bitkiləri: üskükotu növləri, inciçiçəyi, strofant, sarılıqotu, xoruzgülü, kəndir, güyəmə, şaxtagülü, oleandr
6. Flavonoidlər, təsnifatı, fiziki-kimyəvi xassələri, bitki aləmində yayılması, dərman bitki xammalının tədarük xüsusiyyətləri, analizi.
Flavonoidlərin fiziki-kimyəvi xassələri. Təsnifatı. O- və C-qlikozidlər, onların bitki aləmində yayılması. Bitkilərin müxtəlif orqanlarında lokalizə olunması. Toplanma dinamikası. Flavonoidlərin bitkilərdə toplanmasına müxtəlif faktorların təsiri. Flavonoidlərin bitkilərin həyatında rolu. Tərkibində flavonoidlər olan dərman bitki xammallarının toplanmasının özəllikləri. Flavonoidlərin tibbdə istifadə yolları.
Təkibində flavonoidlər olan dərman bitki xammallarının analizi. Dövlət Farmakopeyası və digər analitik-normativ sənədlər əsasında flavonoidlərin eyniliyinin təyini. Dərman bitki xammalında flavonoidlərin eynilik təyini üsulları. Dərman bitki xammalından flavonoidlərin çıxarılması, alınmış çıxarışların təmizlənməsi, flavonoidlər məcmuyunun fərdi maddələrə bölünməsi və alınmış fərdi flavonoidlərin təmizlənməsi. Flavonoidlərin xromatoqrafiyası (kağız üzərində xromatoqrafiya, Nazik təbəqə üzərində xromatoqrafiya və s.), UB-, İQ-, kütlə- və Proton Maqnit Rezonansı-spektrləri. Dərman bitki xammalında flavonoidlərin müxtəlif fiziki-kimyəvi üsullarla (spektrofotometrik, densitometrik, Yüksək Effektli Maye Xromatoqrafiyası və s.) miqdari təyinat üsulları. Flavonoidlərin hidrolizi (Kiliaini qarışığı, müxtəlif turşularla və s.), qlikozid mənşəli birləşmələrin tərkibində olan monosaxaridlərin (şəkərlərin) xromatoqrafik üsulla təyini.
Tərkibində flavonoidlər olan dərman bitkiləri: bənövşə, yemişan növləri, göyçiçək, yapon soforası, şirquyruğu, erva, alaqanqal, başlıqotu, cökə, yatıqqanqal, paxlakolu, ödotu, qurucaotu, subibəri, qırxbuğum, quşbuğdası, qinkqo, dəliçətənə.
7. Antrasen törəmələrinin karbon skeletinin quruluşuna görə təsnifatı, fiziki-kimyəvi xassələri, bitkilərdə lokalizə olunması, ontogenez prosesi nəticəsində toplanma dinamikası, onların bitki xammalında toplanmasına xarici faktorların təsiri, bitkilərin həyatında bioloji rolu, antrasen törəməli bitki xammallarınının toplanmasının özəllikləri. Antrasen törəmələrinin tibb praktikasında istifadəsi.
Tərkibində antrasen törəmələri olan dərman bitki xammallarının analizi. Dövlət Farmakopeyası və digər analitik-normativ sənədlər əsasında antrasen törəməli dərman bitki xammallarının eyniliyinin təyini. Dərman bitki xammalında antrasen törəmələrinin eynilik təyini üsulları. Dərman bitki xammalından antrasen törəmələrinin çıxarılması, alınmış çıxarışların təmizlənməsi, antrasen törəmələri məcmuyunun fərdi maddələrə bölünməsi. Alınmış fərdi maddələrin təmizlənməsi. Antrasen törəmələrinin müxtəlif fiziki-kimyəvi üsullarla: UB-, İQ-, kütlə- və Nüvə Maqnit Rezonansı-spektrləri və s. ilə identifikasiyası. Antrasen törəmələrinin kağız üzərində xromatoqrafiyası, nazik təbəqə üzərində xromatoqrafiyası və s. Dərman bitki xammalında antrasen törəmələrinin müxtəlif fiziki-kimyəvi üsullarla (spektrofotometrik, fotokolorometrik və s.) miqdari təyinat üsulları. Sərbəst oksiantraxinonlar məcmuyunun təyini. Antrasen törəmələrinin hidrolizi (Kiliaini qarışığı, müxtəlif turşularla və s.), qlikozid mənşəli birləşmələrin tərkibində olan monosaxaridlərin xromatoqrafik üsulla təyini.
Tərkibində antrasen törəmələri olan dərman bitkiləri: əvəlik, boyaqotu, işlədici murdarça, kövrək murdarça, əzvay, rəvənd, səna, dazı.
8. Aşı maddələrinin təsnifatı, onların fiziki-kimyəvi xassələri Bitki aləmində yayılması. Bitkilərdə toplanma yerləri. Bitkilərin həyatında bioloji rolu, tərkibində aşı maddələri olan bitki xammallarınının toplanmasının özəllikləri. Aşı maddələrinin bitkilərdə toplanmasına müxtəlif faktorların təsiri. Aşı maddələrinin tibb praktikasında istifadəsi.
Aşı maddələri ilə zəngin olan dərman bitki xammallarının analizi. Dövlət Farmakopeyası və digər analitik-normativ sənədlər əsasında tərkibində aşı maddələri olan bitki xammalının eyniliyinin təyini. Dərman bitki xammalında aşı maddələrinin eynilik təyini üsulları. Hidroliz olunan aşı maddələrini kondensləşmiş aşı maddələrindən fərqləndirən eynilik reaksiyaları.  Dərman bitki xammalından aşı maddələrinin təcrid edilməsi, çıxarışların təmizlənməsi, alınmış maddələr məcmuyunun fərdi maddələrə bölünməsi və təmizlənməsi. Aşı maddələrinin xromatoqrafiyası (kağız üzərində xromatoqrafiya, nazik təbəqə üzərində xromatoqrafiya və s.). Aşı maddələrinin UB-, İQ- və Proton Maqnit Rezonansı-spektrləri. Aşı maddələrinin fermentativ və qələvi ilə hidroliz üsulları. Dərman bitki xammalında aşı maddələrinin fotokolorometrik, qravimetrik, titrimetrik və s. üsularla miqdari təyini.
Tərkibində aşı maddələri olan dərman bitkiləri: türk fırı, çin fırı, sumaq, palıd, sarağan, qızılağac, nar, qaytarma, qurdpəncəsi, qaragilə, sincanotu, badan.
9. Liqnanlar, təsnifatı, fiziki-kimyəvi xassələri, bitki aləmində yayılması və tibbdə istifadəsi.
Tərkibində liqnanlar olan dərman bitkiləri: çin cır limonu, eleuterokokk, podofil.
10.Qlikozidlər haqqında ümumi məlumat. Onların təsnifatı, bitki aləmində yayilması,  analizi.
Fenolqlikozidlər. Onların fiziki-kimyəvi xassələri, bitki xammalından alınma üsulları, təmizlənməsi, fərdi maddələrə bölünməsi və identifikasiyası. Onlara aid eynilik reaksiyaları və miqdari təyini.
Tərkibində fenollar və fenolqlikozidlər olan dərman bitkiləri: ayıqulağı, mərcangilə, ənginar, exinaseya, ayıdöşəyi, rodiola.
11. Saponinlər (steroid və triterpen), onların təsnifatı, fiziki və kimyəvi xarakteristikası, alınma üsulları, identifikasiyası və istifadəsi.
Saponinlərin xarakteristikası, təsnifatı və fiziki-kimyəvi xassələri.
Steroid saponinlərin kimyəvi quruluşu və xassələri, biogenezi və bitki aləmində yayılması.
Triterpen saponinlərin kimyəvi quruluşu və xassələri, biogenezi və bitki aləmində yayılması.
Dərman bitki xammalından saponinlərin çıxarılması, saponin məcmuyunun alınması, alınmış məcmunun ballast maddələrdən təmizlənməsi, ayrı-ayrı fərdi maddələrə bölünməsi və identifikasiyası. Saponinlərin şəkər qalıqlarının quruluşu (onların sayı, aqlikona birləşmə qaydaları və s.). Saponinlərin quruluşunun elementar analizi. Saponinlərin molekul kütləsinin təyini, onların UB-, İQ- və PMR-spektroskipiyası. Saponinlərin xromatoqrafik analizi. Dərman bitki xammalında saponinlərin miqdari təyini (hemolitik indeksin təyini, qravimetrik, fotokalorimetrik, fotometrik, spektrofotometrik və s.).
Steroid  saponinlər, onların təsnifatı, fiziki və kimyəvi xarakteristikası, alınma üsulları, identifikasiyası və istifadəsi.
Steroid saponinlərə aid eynilik reaksiyaları (Liberman-Burxard reaksiyası, Sanye, Salkovskiy reaksiyaları, əsasi qurğuşun-asetatla reaksiya, xolesterinin 1%-li spirtli məhlulu ilə reaksiya, 3-xlorlu-sürmənin 1 %-li spirtli məhlulu ilə reaksiya və sonradan xromatorqamın müxtəlif reaktivlərlə (sirkə andidridi və sulfat turşusu qarışığı və s.) işlənməsi.
Triterpen saponinlər, onların təsnifatı, fiziki və kimyəvi xarakteristikası, alınma üsulları, identifikasiyası və istifadəsi.
Triterpen saponinlərə aid eynilik reaksiyaları.
Tərkibində saponinlər olan dərman bitkiləri: yukka, aqava, exinopanaks, böyrəkçayı, daşsarmaşığı, biyan, göyümçiçək, jenşen, araliya.
12.Kumarinlər və xromonlar, onların təsnifatı, xüsusiyyətləri, alınması, kimyəvi öyrənilməsi, tibbdə istifadəsi.
Kumarinlərin fiziki-kimyəvi xassələri. Bitki aləmində yayılması. Bitkilərin müxtəlif orqanlarında lokalizə olunması. Kumarinlərin biosintezi, bitkilərin həyatında bioloji rolu. Tərkibində kumarinlər olan dərman bitki xammallarının toplanmasının özəllikləri. Kumarinlərin istifadə yolları.
Kumarinlər, onların təsnifatı, xüsusiyyətləri, alınması, kimyəvi öyrənilməsi, tibbdə istifadəsi.
Tərkibində kumarinlər olan dərman bitki xammalarının analizi. Kumarinli dərman bitki xammalının Dövlət Farmakopeyası və digər analitik-normativ sənədlər əsasında eyniliyinin təyini. Dərman bitki xammalında kumarinlərin eynilik təyini. Bitki xammalından kumarinlərin alınması, alınmış çıxarışın təmizlənməsi və kumarinlər məcmuyunun bölünməsi. Kumarinlərin xromatoqrafik analizi. Kumarinlərin identifikasiyası və miqdari təyini üsulları.
Xromonlar, onların təsnifatı, xüsusiyyətləri, alınması, kimyəvi öyrənilməsi, tibbdə istifadəsi.
Dərman bitki xammalında xromonların analizi.
Tərkibində kumarinlər və xromonlar olan dərman bitkiləri: xəşəmbül, atşabalıdı, psoraleya, iri dişqurtlayan, cırhavuc, yerköküyəbənzər dişqurtlayan.
13. Lipidlər, onların təsnifatı, xüsusiyyətləri, alınması, kimyəvi öyrənilməsi, tibbdə istifadəsi.
Tərkibində lipidlər olan dərman bitkiləri: zeytun, badam, şaftalı, yerfındığı,  gənəgərçək, günəbaxan, kakao, küncüt.
14. Vitaminlər, təsnifatı, xüsusiyyətləri, tibbdə istifadəsi.
Tərkibində vitaminlər olan dərman bitkiləri: itburnu, kələm,gülümbahar, quşarmudu, yerkökü, çaytikanı, gicitkən, qarğıdalı, quşəppəyi, başınağacı, qarağat.
15. Karbohidratlar, onların təsnifatı, xüsusiyyətləri, alınması, kimyəvi öyrənilməsi, tibbdə istifadəsi.
Tərkibində karbohidratlar olan dərman bitkiləri: gülxətmi, maniok, ərik, traqakant, iri bağayarpağı, birə bağayarpağı, ögeyana, səhləb, heyva, sığırquyruğu, laminariya, pambıq, əncir.
16. Fermentlər, təsnifatı, xüsusiyyətləri və tibbdə istifadəsi.
Tərkibində fermentlər olan dərman bitkiləri: papaya, ananas, kivi, dəməş çörəkotu.
17.Heyvan mənşəli xammallar. İlan zəhəri.
Arı məhsulları: bal, vərəmum, mum, ana arının südü, arı zəhəri.
Zəli, zəli ilə müalicə.
Heyvan mənşəli yağlar: balıq yağı
Spermaset
Lanolin
Panta.
Süngər.
18. Mineral mənşəli xammallar. Naftalan nefti. Mumiya.
19. Farmakoqnostik analiz üsulları.
Makroskopik analiz. Mikroskopik analiz. Fitokimyavi analiz. Bioloji analiz. Əmtəəçilik analizi.
20. Dərman bitki xammalının ehtiyatının təyini. Bitki xammalından səmərli istifadə qaydaları. Mühafizə tədbirləri.
21. Qidaya bioloji fəal əlavələr. QBFƏ-in hazırlanmasında istifadə olunan dərman bitkiləri: darçın, sarıkök, zəncəfil, zəfəran, mixək, hil.

                                 Ədəbiyyat siyahısı
Кərimov Y.B, Süleymanov T.A,, İsayev C.İ., Xəlilov C.S, Farmakoqnoziya, Bakı, 2010, 741 s.
Süleymanov T.A., Kərimov Y.B., İsayev C.İ. Farmakoqnoziya praktikomu, 2017, 675 s.
Дамиров И.А. Лекарственные растения Азербайджана, 1988, 320 c.
Государственная Фармакопея Российской Федерации. М., XII издание, часть 1, 2008, 1150 с. 
Государственная Фармакопея СССР XI изд., Вып. 2, Общие методы анализа. Лекарственное растительное сырье. МЗ СССР, Москва, 1989, 400 с.
Замятина Н.Г. Лераственные растения. Энциклопедия природы России. Москва, «АБФ», 1998, 496 с.
Кобзар А.Д. Фармакогнозия в медицине: 1. Клиническая фармакогнозия.
 Ковальев В.М., Павлий О.Н., Исакова Т.И. Фармакогнозия с основами биохимии растений. Харьков, 2000, 704 с.
Корсун В.М., Корсун Е.В. Энциклопедия фитотерапии. Травы жизни профессора Корсуна. М., «Центрполиграф», 2007, 443 с.
Куркин В.А. Фармакогнозия: учебник для студентов фармацевтических вузов. Издание 2-е. Самара, 2007, 1239 с.
Лекарственное растения Государстенной фармакопеи /Под ред. И.А.Самылиной, В.А.Северцова. Москва, «АНМИ», 2003, 534 с.  
Лесиовская Е.Е., Пастушенков Л.В. Фармакотерапия с основами фитотерапии: учебное пособие, 2-е издание. М., «ГЭОТАР-МЕД», 2003, 592 с.
Машковский М.Д. Лекарственные средства. М., 2008, 1455 с.
Муравьева Д.А., Самылина И.А., Яковлев Г.П. Фармакогнозия. 5-е издание. Москва, «Медицина», 2007, 656 с.
Фармакогнозия. Лекарственное сырье растительного и животного происхождения. Под редакции Г.П. Яковлева. Санкт-Петербург, «СпецЛит», 2010, 863 с.
Bruneten I. Pharmacognosie (Phytochemie Plant medicinalis). Paris: Technique and documentation,1999, 1120 p.     
Encyclopedie des  Plantes Medicinales. Laronse, Milan, 1997, 798 p.
European Pharmacopoeia. 4th ed., Strasbourg: Council of Europe, 2002, 2416 p.
Michael Heinrich, Joanna Barnes Fundamentals of pharmacognosy and phytotherapy, 2nd edition, Churchie Livingstone, 2012, 336 p.
Newall C.A., Anderson L.A., Phillipson Y.D. Herbal medicines. A Guide for Health-care Professional. London, 1996, 692 p.
Noemi Toth, Atilla Hunyadi et al. Pharmacognosy practice Debrecen, Szeged, 2015, 212 p.
Trease and Evans. Pharmacognosy. London, Philadelphia, Toronto, Sydney, Tokyo: WB Saunders, 16 th edition. 2009,616 p.          
WHO monographs on medicinal plants commonly used in the Newly Independent States (NIS). Wold Health Organization. Geneva, 2010, 441 p.