“Gigiyena” ixtisası üzrə doktorantura və dissertanturaya qəbul proqramı


I Ümumi gigiyena
1. Giriş
Gigiyena - ətraf mühit və insan sağlamlığı arasında qarşılıqlı əlaqələrin qanunauyğunluqlarını və profilaktik təbabətin nəzəri elmi əsaslarını işləyib hazırlayan elm kimi. Ətraf mühitlə orqanizm arasında qarşılıqlı əlaqə və vəhdət profilaktik təbabətin əsasıdır. Ətraf mühit anlayışı, onun əsas tərkib hissələri. Ətraf mühitin (yaşayış və istehsalat mühiti) insan sağlamlığına təsir qanunauyğunluqları.
         Gigiyenanın bir elm kimi məzmunu, müayinə obyektləri, məqsədi, vəzifələri, əsas müayinə üsulları. Ətraf mühitin sağlamlıq üçün risk amilləri. Gigiyena elmin ümumilikdə, o cümlədən Azərbaycanda inkişafı və tarixi  mərhələləri.
         Sanitariya nəzarəti xidmətinin mahiyyəti. Sanitariya nəzarəti xidməti orqanları, onların hüquq və vəzifələri, iş üsulları. Sanitariya nəzarətinin formaları, mahiyyəti, hüquqi əsasları. Sanitariya nəzarəti sahəsində dövlət və sanitariya qanunvericilik aktları. Ətraf mühit amillərinin gigiyenik normalaşdırılmasının elmi əsasları və prinsipləri, əsas gigiyenik normalar.
2. Atmosfer havasının (hava mühitinin) gigiyenası 
Atmosfer havası əsas ətraf mühit obyekti kimi, onun əhali sağlamlığına, məişətinin və əmək şəraitinin sanitariya vəziyyətinə təsiri: biogen və abiogen təsirlər. Atmosfer havasının fiziki amillərinin gigiyenik cəhətdən səciyyələndirilməsi: havanın temperaturu, rütubəti, cərəyanı, barometrik təzyiqi, onların insan orqanizminə təsiri. Mikroiqlim göstəriciləri, atmosfer havasının elektrik vəziyyəti, elektromaqnit sahələri və şüaları, oqranizmə təsir xüsusiyyətləri, mənbələri.
Günəş radiasiyası, bioloji təsir qanunauyğunluqları və gigiyenik əhəmiyyəti. Günəş radiasiyasının spektral tərkibinin gigiyenik səciyyələndirilməsi. Günəş şüalarının abiogen təsirlərinin profilaktikası. Ultrabənövşəyi şüa çatışmazlığının profilaktikası.
Hava, iqlim və mikroiqlim anlayışları, mahiyyəti və gigiyenik cəhətdən səciyyələndirilməsi.
Hava mühitini gigiyenik cəhətdən səciyyələndirən əsas kimyəvi göstəricilər: havanın təbii qaz tərkibi və antropogen çirklənmə göstəriciləri. Havanın qaz tərkibinin oqranizmə və sağlamlığa təsiri: oksigenin parsial təzyiqinin dəyişmələrinin orqanizmə təsiri. Havada karbon qazının orqanizmə təsiri.    
Atmosfer havasının zərərli qazlarla və mexaniki qarışıqlarla çirklənməsinin tibbi, gigiyenik və ekoloji nəticələri.
Atmosfer havasının mikroorqanizmlərlə çirklənməsinin gigiyenik-epidemioloji cəhətdən səciyyələndirilməsi

3. Su gigiyenası 
Su biosfer obyekti və insan orqanizminin struktur elementi kimi. Onun fizioloji, gigiyenik və epidemioloji əhəmiyyəti. Bir sıra yoluxucu, qeyri-yoluxucu və endemik xəstəliklərin inkişafında və yayılmasında suyun rolu.
İçməli və təsərrüfat-məişət əhəmiyyətli suların keyfiyyətini səciyyələndirən əsas fiziki-orqanoleptik, kimyəvi və bakterioloji göstəricilər, onların müayinə üsulları və normalaşdırılması. Suyun keyfiyyətinin dövlət standartları (DST-lər).
Su vasitəsilə yayılan əsas yoluxucu və parazitar xəstəliklər, onların profilaktikasının əsas prinsipləri.
İçməli və təsərrüfat-məişət əhəmiyyətli suların keyfiyyəti üzərində sanitariya nəzarətinin təşkili. Suyun keyfiyyətinin sanitariya-laboratoriya müayinələrinin aparılması qaydaları.

4. Torpaq gigiyenası 
Torpaq ətraf mühit obyekti kimi. Onun gigiyenik və epidemioloji əhəmiyyəti. Əhalinin sağlamlıq və xəstələnmə göstəricilərinə, yaşayış-məişət, əmək şəraitinin sanitariya vəziyyətinə torpağın təsiri.
Torpağın mexaniki quruluşu və fiziki xassələrinin gigiyenik cəhətdən səciyyələndirilməsi. Torpağın mexaniki quruluşu və fiziki xassələri ilə səbəb-nəticə əlaqəsi olan xəstəliklər, onların profilaktikası.
Torpağın kimyəvi tərkibinin gigiyenik cəhətdən səciyyələndirilməsi. Biogeokimyəvi əyalətlər və geokimyəvi ehdemiyalar haqqında təlimlər.
Bir sıra yoluxucu və parazitar xəstəliklərin inkişafında və yayılmasında torpağın rolu. Torpağın sanitariya vəziyyəti üzərində sanitariya-laboratoriya və yerli müayinələrin təşkili və həyata keçirilməsində sanitariya nəzarəti xidmətinin vəzifələri.
5. Sosial mühit amillərinin əhali sağlamlğına təsirinin gigiyenik cəhətdən qiymətləndirilməsi 

Yaşayış-mənzil şəraitinin sanitariya vəziyyətinin əhali sağlamlığına təsiri. Mənzil-məişət şəraiti ilə “səbəb-nəticə” asılılığı olan pozuntular və xəstəliklərin inkişaf xüsusiyyətləri, profilaktikası.
İstehsalat mühitinin əlverişsiz amillərinin təsiri və peşə fəaliyyəti ilə “səbəb-nəticə” asılılığı olan xəstəliklərin inkişafının ümumi və əsas xüsusiyyətləri, profilaktik tədbirlərin elmi əsaslandırılması və ümumi prinsipləri. Əmək şəraitinin sağlamlaşdırılması və peşə xəstəliklərinin profilaktikası sahəsində həkim-profilaktikin və sanitariya nəzarəti xidməti orqanlarının fəaliyyəti.
Əhalinin qidalanması sağlamlığın formalaşmasına təsir edən sosial amil kimi, onun fizioloji-gigiyenik əsasları. Almentar xəstəliklərin inkişafının ümumi qanunauyğunluqları və xüsusiyyətləri, profilaktikasının elmi-nəzəri əsasları. Qidalanma gigiyenası sahəsində sanitariya nəzarəsinin təşkilinin ümumi prinsipləri.
Böyüməkdə olan nəslin fiziki inkişaf və sağlamlıq göstəriciləri, sosial mühit ilə əhali sağlamlığı arasında qarşılıqlı əlaqənin əsas göstəricisi kimi.
Uşaq və yeniyetmələrin fiziki inkişafı və sağlamlıq qrupları, müayinə üsulları. Təlim-tərbiyə və təhsil amillərinin uşaq və yeniyetmələrin sağlamlığına təsirinin müayinə üsulları.

II Kommunal gigiyena
Yaşayış məskənlərində ətraf mühit amillərinin əhali sağlamlığına təsir xüsusiyyətləri.
İri sənaye şəhərlərində atmosfer havasının sanitariya vəziyyəti və onun əhali sağlamlığına təsiri. Əhali arasında spesifik və qeyri-spesifik xəstəliklərin inkişafı və yayılmasına şəhər havasının təsiri. Toksiki dumanlar yaşayış məskənlərində atmosfer havasını çirkləndirən mənbələr, onların gigiyenik səciyyələndirilməsi. Atmosfer havasının vəziyyəti üzərində sanitariya nəzarətinin təşkili. Sanitariya mühafizə tədbirlərinin elmi və hüququ əsasları.
Yaşayış məskənlərinin su təchizatı mənbələri və sistemlərinin gigiyenik qiymətləndirilməsi. Su təchizatı mənbələrində və sistemlərində suyun keyfiyyəti üzərində sanitariya nəzarətinin təşkili: alət ölçmələrinin və laboratoriya müayinələrinin təşkilinin ümumi əsasları. Suyun keyfiyyətinin yaxşılaşdırılması üzərində sanitariya nəzarətinin təşkili. Əhalinin su işlətmə normalarının gigiyenik əsaslandırılması.
Yaşayış məskənlərində torpağın çirklənməsi üzərində sanitariya nəzarətinin təşkilinin ümumi əsasları.
Torpağın əsas çirklənmə mənbələri, tullantıların gigiyenik səciyyələndirilməsi. Torpağın öz-özünə təmizlənməsi.
Yaşayış yerlərinin sanitariya təmizlənməsi, tullantıların uzaqlaşdırılması və zərərsizləşdirilməsi üzərində sanitariya nəzarətinin təşkilinin ümumi əsasları və prinsipləri.
Yaşayış məskənlərinin səmərəli planlaşdırılmasının gigiyenik əsasları. Şəhər ərazisinin əsas funksional zonaları. Yaşayış zonasının yerləşməsinə və planlaşdırılmasına dair gigiyenik tələblər. Əsas tikinti sistemlərinin gigiyenik xususiyyətləri.
Yaşayış və ictimai binaların, əhaliyə xidmət obyektlərinin tikintisinə, yerləşdirilməsinə, konstruksiyalarına və tikinti materiallarına dair gigiyenik tələblər. Əhalinin mənzil-məişət şəraiti üzərində sanitariya nəzarəti.
Mənzillərin planlaşdırılmasına, daxili quruluşüna, sanitariya-texniki təchizatına dair gigiyenik tələblər: isidilmə, ventilyasiya və işıqlanma rejimi üzərində sanitariya nəzarəti.
Kənd yaşayış yerlərində ətraf mühitin xüsusiyyətləri, planlaşdırılması funksional zonaları.
Müalicə-profilaktika müəssisələrinin yerləşdirilməsi. Xəstəxanaların tikinti sistemləri, onların gigiyenik səciyyələndirilməsi. Xəstəxanaların daxili planlaşdırılması, sanitariya-gigiyenik rejimin xüsusiyyətləri.
Məişət-kommunal obyektlərinin yerləşməsinin, planlaşdırılmasının və istismarının gigiyenik aspektləri.

III. Qidalanma gigiyenası 
İnsanın fiziki inkişafında və sağlamlığının qorunmasında qidalanmanın əhəmiyyəti. Əhalinin sağlamlıq vəziyyətinin formalaşmasına təsir edən sosial-gigiyenik amillər arasında qidalanmanın mövqeyi. Qidalanma gigiyenasının bir elm kimi məzmunu, məqsədi, vəzifələri, müayinə üsulları, müasir problemləri. Qidalanmanın təsnifatı. Səmərəli, profilaktik, müalicə qidalanmaları.
Onların əsas xüsusiyyətləri tətbiq şəraitləri. Dietologiya – qidalanma gigiyenasının bir sahəsi kimi.
İnsanın enerji şərfi və qida payının energetik dəyəri. Sutkalıq qida payının əsas tərkib elementləri – zülallar, yağlar, karbohidratlar, vitamin və mineral maddələr. Qida əlavələri haqqında anlayış.
Müxtəlif mənşəli qida məhsullarının qida və bioloji dəyəri.
Bitki mənşəli qida məhsulları – dənli, paxlalı bitkilər, meyvə və tərəvəzlərin gigiyenik cəhətdən səciyyələndirilməsi.
Heyvani mənşəli yeyinti məhsulları: ət və ət məhsulları (balıq, quş əti), yumurta, süd və süd məhsullarının gigiyenik qiymətləndirilməsi.
Ayrı-ayrı əhali qruplarının qidalanmasının təşkilinin gigiyenik əsasları. Uşaqların, məktəblilərin, əmək qabiliyyətli əhali qruplarının qidalanması, ahıl və qocaların, müxtəlif peşə qrupları və idmançıların qıdalanmasının təşkilinin gigiyenik xüsusiyyətləri. Ekstremal şəraitlərdə qidalanmanın təşkili. Kənd təsərrüfatında istifadə olunan mineral gübrələrin, pestisidlərin qalıq miqdarlarının yeyinti məhsullarının keyfiyyətinə təsiri.
Qida zəhərlənmələri, təsnifatı, profilaktikasına dair əsas tədbirlər. Yeyinti sənaye müəssisələri, ərzaq məhsullarının ticarəti, istehsalı, becərilməsi, saxlanması, daşınması və realizasiyası üzərində sanitariya nəzarətinin təşkili. Yeyinti sənayesi, ticarət və ictimai iaşə obyektlərində çalışan işçilərin sağlamlıq vəziyyəti və şəxsi gigiyenası üzərində tibbi-sanitariya nəzarətinin təşkili.

IV. Əmək gigiyenası 
Əmək gigiyenası gigiyena elminin əsas tərkib hissələrindən biri kimi. Onun məzmunu, məqsədi, vəzifələri, müayinə obyektləri. Bir elm kimi əmək gigiyenasının müasir problemləri. İstehsalat mühiti amillərinin təsiri ilə işçilərin sağlamlığının pozulması arasında “səbəb-nəticə” əlaqələrinin qanunauyğunluqları. İstehsalat-peşə zərərləri və peşə xəstəlikləri.
Ümumi əmək gigiyenasının əsas sahələri. Xüsusi əmək gigiyenasının əsas müayinə obyektləri: ayrı-ayrı istehsalat və təsərrüfat sahələrində əməyin gigiyenik xüsusiyyətləri: qara və əlvan metallurgiya, maşınqayırma, neftçıxarma, neft emalı, neft-kimya, yüngül sənaye sahələrində əmək gigiyenası.
İstehsalat mühitinin əlverişsiz fiziki amilləri – səs-küy, vibrasiya, şüalanmalar, elektromaqnit sahələri və dalğaları, onlarla səbəb-nəticə asılılığı olan peşə xəstəliklərinin inkişaf xüsusiyyətləri və profilaktikası.
İş yerlərinin təşkilinin gigiyenik məsələləri: bədənin məcburi vəziyyəti və üzvlərin həddən artıq gərginliyi ilə səbəb-nəticə əlaqəli peşə xəstəlikləri, profilaktikası. İstehsalat travmatizmi, səbəbləri, profilaktikası.
İstehsalatın əlverişsiz kimyəvi amillərinin gigiyenik-toksikoloji cəhətdən səciyyələndirilməsi: sənaye zəhərləri və peşə zəhərlənmələri haqqında anlayış.
Ayrı-ayrı sənaye zəhərləri (ağır metallar, üzvi və qeyri-üzvi birləşmələr) ilə səbəb-nəticə asılılığı olan peşə zəhərlənmələri, profilaktik tədbirlər.
İstehsalat tozları, nano hissəciklər və nano texnologiyalar, onların gigiyenik aspektləri. Toz mənşəli spesifik və qeyri-spesifik patologiyalar və profilaktik tədbirlər.
İstehsalatın əlverişsiz bioloji amillərinin mövcudluğu ilə səciyyənən əsas istehsalat sahələri və müəssisələrdə əmək gigiyenası. Müalicə-profilaktika müəssisələrində müxtəlif ixtisaslı tibb işçilərinin əməyinin gigiyenik xüsusiyyətləri.
Kənd təsərrüfatında əmək gigiyenası. Tarlaçılıq, əkinçilik, heyvandarlıq, quşçuluq sahələrində əməyin gigiyenik xüsusiyyətləri. Mineral gübrə və pestisidlərlə əlaqəli işlər zamanı əmək gigiyenası və təhlükəsizlik tədbirləri.
Tikinti və inşaat işlərində əmək gigiyenası və təhlükəsizlik məsələləri.
Əmək gigiyenası və sənaye sanitariyası sahəsində xəbərdaredici və cari sanitariya nəzarətinin təşkilinin ümumi prinsipləri. Bu istiqamətdə əmək təbabəti üzrə həkim-mütəxəssislərin əsas vəzifələri.
Peşə xəstəlikləri və zəhərlənmələrinin profilaktikasına dair əsas tədbirlər.
Zərərli və təhlükəli istehsalat sahələrində işləyənlərə müalicə-profilaktika xidmətinin xüsusiyyətləri: işçilərin profilaktik tibbi müayinələri
 
V. Uşaq və yeniyetmələr gigiyenası. Şəxsi gigiyena 
Uşaq və yeniyetmələr gigiyenası, gigiyena elminin mühüm bir sahəsi kimi, onun məzmunu, məqsədi, vəzifələri, əsas problemləri. Böyüməkdə olan nəslin fiziki inkişafının təmin olunmasında, ətraf mühitin uşaq və yeniyetmə orqznizminə təsir qanunauyğunluqlarının öyrənilməsində onun rolu.
Uşaq və yeniyetmə orqanizminin fiziki inkişafının yaş dövrlərinin gigiyenik xüsusiyyətlərinin səciyyələndirilməsi. Uşaqlar arasında saqlamlıq qrupları. Akselerasiya probleminə müasir yanaşmalar.
Təlim-tərbiyə və təhsil proseslərinin uşaq və yeniyetmələrin sağlamlıq və xəstələnmə göstəricilərinə təsiri “Məktəb xəstəlikləri” problemi.
Məktəbəqədər tərbiyə, ümumitəhsil, peşə təhsili müəssisələrində təlim-tərbiyə və tədris prosesinin təşkili üzərində sanitariya nəzarəti.
Məktəbəqədər tərbiyə və ümumtəhsil müəssisələrinin yerləşməsi, tikintisi, planlaşdırılması və istismarına dair gigiyenik tələblər və sanitariya nəzarətinin təşkili. Xüsusi təyinatlı təlim-tərbiyə və təhsil müəssisələrində (körpələr və uşaq evləri, internat-məktəblər və s.) işin təşkilinə sanitariya nəzarəti.
Uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi sahəsində gigiyenist mütəxəssislərin və həkim-profilaktikin əsas vəzifələri.
Uşaq və yeniyetmələr gigiyenası sahəsində sanitariya nəzarətinin hüquqi, elmi və təşkilatı əsasları.
Şəxsi gigiyenanın fərdi və ictimai sağlamlığın mühafizəsində rolu, əsas elementləri. Bədənə, dəriyə, ağız boşluğuna, saçlara qulluğun fizioloji-gigiyenik əsasları. Paltar və ayaqqabı gigiyenası şəxsi gigiyenanın tərkib hissəsi kimi.
Sağlamlığın formalaşmasında, sağlam həyat tərzinin və səmərəli gün rejiminin formalaşmasında bədənin möhkəmləndirilməsinin əhəmiyyəti, sağlam və qeyri-sağlam həyat tərzi. Bədənin möhkəmləndirilməsi üçün təbii amillərdən istifadə olunmasına dair gigiyenik tələblər.    
Şəxsi gigiyena tələblərinin yerinə yetirilməsi, sağlam həyat tərzinin təbliği,  fərdi və ictimai sağlamlığın, ətraf mühitin mühafizəsində sanitariya maarifinin – gigiyenik maarifləndirmə və tərbiyənin əhəmiyyəti və əsas istiqamətləri.

VI. Radiasiya gigiyenası 
Radiasiya gigiyenası gigiyena elminin ən yeni sahələrindən biri kimi. Onun məzmunu, məqsədi, vəzifələri, müayinə obyektləri və üsulları, müasir aktual problemləri. Radioaktivlik və onu səciyyələndirən əsas xüsusiyyətlər. İonlaşdırıcı şüaların növləri, bioloji təsir xüsusiyyətləri. Radiasiya gigiyenasında nüvə fizikası elementləri. Radiasiya gigiyenasında istifadə olunan anlayışlar, terminlər və ölçü vahidləri.
İonlaşdırıcı şüaların təsiri ilə səbəb-nəticə asılılığı olan effektlər və patologiyalar: stoxastik və qeyri-stoxastik effektlər.
İonlaşdırıcı şüa mənbələrinin təsnifatı, onlarla işlərdə əmək gigiyenası və təhlükəsizlik tədbirləri. Ətraf mühitin radiasiya fonu, növləri, formalaşdıran amillər. Ətraf mühitin radioaktiv çirklənməsi və əhalinin şüalanması.
Radiometrik və dozimetrik müayinə üsulları. Dezaktivasiyanın mahiyyəti və üsulları. Radiasiya təhlükəsizliyi normaları.
Ətraf və istehsalat mühitlərinin radioaktiv çirklənmədən və əhalinin şüalanmadan mühafizə tədbirləri və əsas prinsipləri.
Ətraf mühitin radioaktiv çirklənməsi, dezaktivasiya tədbirlərin effektivliyi,  insanların şüalanması üzərində sanitariya-radiometrik və sanitariya-dozimetrik nəzarətin təşkili.