«TƏSDİQ EDİRƏM»
Azərbaycan Tibb Universitetinin rektoru
professor Gəray Gəraybəyli
29.12.2020
Azərbaycan Tibb Universiteti
Beynəlxalq əlaqələr şöbəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Tibb Universitetinin (bundan sonra – ATU) Beynəlxalq əlaqələr şöbəsi (bundan sonra – Şöbə) – Azərbaycan Tibb Universitetinin struktur bölməsidir.
1.2. Şöbənin işini Beynəlxalq əlaqələr üzrə prorektor əlaqələndirir (kurasiya edir) və onun fəaliyyətinə nəzarət edir.
1.3. Şöbənin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ hüquqi aktlara, ATU-nun Nizamnaməsinə, Elmi Şuranın qərarlarına, rektorun əmrlərinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
1.4. Şöbənin əsas məqsədi - təhsil proqramlarının, elmi-tədqiqat fəaliyyətlərinin keyfiyyətinin artırılması üçün ATU-nun beynəlxalq əməkdaşlıq proqramlarında iştirakını təşkil etmək və əlaqələndirməkdən ibarətdir.
1.5. Şöbə üzərinə düşən vəzifələri yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən ATU-nun müvafiq struktur bölmələri, habelə xarici ölkələrin elm və təhsil müəssisələri, tibb müəssisələri və beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.6. Şöbənin yenidən təşkili və ləğvi Elmi Şuranın qərarı əsasında rektorun əmri ilə həyata keçirilir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.1. ATU-nun beynəlxalq əlaqələr üzrə konsepsiyasının hazırlanması, beynəlxalq əlaqələr üzrə prorektora təqdim edilməsi və həyata keçirilməsinin təmin edilməsi;
2.2. ATU-nun beynəlxalq mühitə və beynəlxalq prioritetlərə inteqrasiyasının genişləndirilməsi imkanlarının araşdırılması;
2.3. ATU-nun beynəlxalq fəaliyyət istiqamətlərinə və prioritetlərinə uyğun olaraq müxtəlif ölkələrin müvafiq elm və təhsil müəssisələrinin müəyyən edilməsi və onlarla əlaqələrin qurulması istiqamətində işlərin aparılması;
2.4. ATU rəhbərliyinin, struktur bölmələrinin beynəlxalq yeniliklər və analitik məlumatlarla təmin edilməsi;
2.5. ATU-nun struktur bölmələrinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin əlaqələndirilməsi;
2.6. ATU-nun innovativ elmi-tədqiqat layihə və proqramlarının həyata keçirilməsinə imkan yaratmaq məqsədilə elmi qrant və proqramlar üzrə beynəlxalq müsabiqələrin müəyyən edilməsi;
2.7. ATU-nun beynəlxalq cəmiyyət, assosiasiya və təşkilatlarda üzvlüyünün təşkili;
2.8. ATU-da beynəlxalq konfrans, simpozium və seminarların təşkili və əlaqələndirilməsinin təmin edilməsi;
2.9. Əcnəbilərin ATU-da təhsil almağa cəlb edilməsi.
3. Şöbənin vəzifələri
3.1. Qlobal və milli prioritetlərə uyğun olaraq müxtəlif ölkələrin elm və təhsil müəssisələri, tibb müəssisələri və beynəlxalq təşkilatları ilə əməkdaşlığın inkişafı üçün təkliflər və fəaliyyət planları hazırlamaq;
3.2. ATU-da mühazirə oxumaq və təcrübə keçmək üçün xarici ölkələrdən olan professor, müəllim və tələbələrin qəbulunu təşkil etmək;
3.3. Mübadilə proqramları əsasında ATU-da əcnəbi tələbələrin təlim və təcrübə keçmələrini təşkil etmək;
3.4. Elm və təhsil sahəsində beynəlxalq konfranslar, konqreslər, simpoziumlar, layihələr və digər tədbirlər haqqında məlumat toplamaq;
3.5. ATU rəhbərliyinin müxtəlif ölkələrin dövlət rəsmiləri və diplomatik nümayəndəlikləri ilə görüşlərini və müzakirələrini təşkil etmək;
3.6. Azərbaycan Respublikasının dövlət orqanlarının beynəlxalq əlaqələrə cavabdeh olan struktur bölmələri ilə əməkdaşlıq etmək;
3.7. ATU-nun müxtəlif ölkələrin müvafiq elm və təhsil müəssisələri, tibb müəssisələri və beynəlxalq təşkilatları ilə əlaqələrinin qurulması üçün maraqlı tərəflərlə müzakirələr aparmaq;
3.8. Xarici tərəfdaşlarla danışıqlar aparmaq, əməkdaşlığa dair sənədlərin imzalanması və beynəlxalq tədbirlərdə iştirak üçün ATU rəhbərliyinin səfərlərini təşkil etmək;
3.9. Elm və təhsil müəssisələrinin, tibb müəssisələrinin rəhbərlərinin, habelə beynəlxalq təşkilatların rəhbərlərinin və nümayəndə heyətlərinin Azərbaycana səfərlərini və görüşlərini təşkil etmək;
3.10. ATU-nun tərəfdaş təşkilatlarının elmi əməkdaşlığına dair sənədləri hazırlamaq və onların həyata keçirilməsində və yenilənməsində fəal iştirak etmək;
3.11. İmzalanmış əməkdaşlıq sənədlərinə uyğun olaraq birgə layihələri elan etmək, layihə təkliflərini toplamaq və qiymətləndirmək, həyata keçirilən layihələrin icrasına nəzarəti təmin etmək;
3.12. ATU əməkdaşlarının beynəlxalq proqram və layihələrdə iştirakı üçün beynəlxalq fondları və qrantları müəyyən etmək;
3.13. ATU əməkdaşlarının beynəlxalq qrant proqramlarında iştirakı ilə bağlı məlumatların yayılmasını təşkil etmək;
3.14. ATU əməkdaşlarının, tələbələrinin, rezidentlərinin, bakalavr və doktorantlarının beynəlxalq təcrübələrdə, yay məktəblərində və elmi-tədqiqat işlərində iştirakının təşkilinə köməklik etmək;
3.15. Xarici ölkələrin elm və təhsil müəssisələri ilə birgə tədbirlərin, sərgilərin və görüşlərin təşkilində iştirak etmək;
3.16. ATU-nun beynəlxalq elmi cəmiyyətlərə və assosiasiyalara üzvlüyü haqqında sənədlərin hazırlanmasında iştirak etmək;
3.17. Beynəlxalq təşkilatların və assosiasiyaların (birliklər və s.) tədbirlərində və iclaslarında iştirak etmək;
3.18. ATU-nun beynəlxalq əlaqələr üzrə struktur bölmələri ilə müntəzəm əlaqə saxlamaq, onların fəaliyyətini tənzimləmək;
3.19. ATU-nun təşkil etdiyi beynəlxalq tədbirlərdə müxtəlif ölkələrdən olan alim və mütəxəssislərin iştirakının təşkilinə köməklik göstərmək;
3.20. ATU-nun struktur bölmələrinin, elmi müəssisə və təşkilatlarının əməkdaşlarının xarici ezamiyyətləri ilə bağlı sənədlərin hazırlanmasını təmin etmək;
3.21. Beynəlxalq əlaqələrin qurulması və həyata keçirilməsində ATU əməkdaşlarına məsləhət vermək və onlara köməklik göstərmək;
3.22. ATU-nun xarici əlaqələrinin inkişafı ilə bağlı mətbuata materiallar hazırlamaq;
3.23. Tələbə və müəllimlər üçün müxtəlif mövzularda dərslərin keçirilməsi üçün xarici mütəxəssislərin cəlb edilməsinə köməklik göstərmək;
3.24. Gələn tələbələrin təhsil fəaliyyətinin, məişət şəraitinin və sosial həyatının idarə edilməsini təşkil etmək;
3.25. Universitet əməkdaşlarının xaricdə keçirilən kurslarda, konfranslarda və digər tədbirlərdə iştirakının qeydiyyatını təşkil etmək;
3.26. international.amu.edu.az veb portalını idarə etmək;
3.27. ATU-nun struktur bölmələrində seçilmiş beynəlxalq əlaqələr üzrə koordinatorların işini təşkil etmək, görüşlər keçirmək, hesabatlar hazırlamaq və beynəlxalq əlaqələr üzrə prorektora təqdim etmək;
3.28. ATU-nun beynəlxalq reytinqlərdə və beynəlxalq akkreditasiyada mövqelərinin yaxşılaşdırılmasında fəal iştirak etmək;
3.29. Dövlət Proqramları üzrə müvafiq tapşırıqların icrasını təmin etmək.
4. Şöbənin hüquqları
4.1. Şöbə öz vəzifələrini yerinə yetirərkən aşağıdakı hüquqlara malikdir:
4.1.1. Mövcud qanunvericiliyə uyğun olaraq ATU-nun xarici tərəfdaşlarla əməkdaşlığına dair sənədləri hazırlamaq;
4.1.2. ATU-nun struktur bölmələrindən beynəlxalq əlaqələrə dair lazımi məlumat və sənədləri toplamaq;
4.1.3. Müxtəlif ölkələrin təhsil müəssisələrinin beynəlxalq əlaqələr şöbələri ilə öz səlahiyyətləri daxilində danışıqlar aparmaq, əməkdaşlıq haqqında sənədlər hazırlamaq və beynəlxalq tədbirlərdə və görüşlərdə ATU-nu təmsil etmək;
4.1.4. Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə tövsiyə və təkliflər hazırlamaq;
4.1.5. ATU-nun müvafiq struktur bölmələrinin mütəxəssislərini beynəlxalq əlaqələrin qurulmasına cəlb etmək;
4.1.6. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət növlərinə uyğun olaraq qanunla nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbəyə Beynəlxalq əlaqələr üzrə prorektorun təqdimatı ilə rektor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.
5.2. Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Şöbə müdirinin ATU-nun rektoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini və şöbənin mübadilə proqramları üzrə koordinatoru vardır.