“Təsdiq edirəm”

Azərbaycan Tibb Universitetinin rektoru    professor

                                                                                                                          Gəray Gəraybəyli

                                                                        “___”  ________ 20__-ci il                                   

 

 

Azərbaycan Tibb Universitetinin

Kadrlar şöbəsi haqqında

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar.

 

1.1.Kadrlar şöbəsi (bundan sonra “Şöbə” adlandırılacaq) Azərbaycan Tibb Universitetinin (bundan sonra “Universitet” adlandırılacaq) struktur bölməsidir.

1.2.Şöbə inzibati və təsərrüfat işləri üzrə prorektorun tabeliyində fəaliyyət göstərir;

1.3.Şöbə universitetin Elmi Şurasının qərarı ilə və rektorun əmri ilə yaradılır,yenidən təşkil edilir və ləğv olunur;

1.4.Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının müvafiq qanunlarını və normativ-hüquqi aktlarını, Universitetinin Nizamnaməsini, universitetin rektorunun əmrlərini və bu Əsasnaməni rəhbər tutur;

1.5.Şöbə öz funksiyalarını həyata keçirmək üçün müvafiq ştamp və möhürə malikdir.

 

2. Şöbənin əsas məqəsdi.

 

2.1.Şöbənin fəaliyyətinin əsas məqsədi universitetin kadr siyasətinə müvafiq olaraq universiteti vaxtında vəzifəyə uyğun, layiqli və peşəkar kadrlarla təmin etmək;

2.2.Əməkdaşların karyera pilləsində irəliləmələri üçün, peşə hazırlığı səviyyələri, nəzəri bilikləri və işgüzar keyfiyyətləri barədə rəhbərliyin məlumatlandırılmasını təmin etmək;

2.3.Kadrlarla iş sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənmək, ümumiləş-dirmək və tətbiq etmək və idarəçilik prosesini təkmilləşdirmək.

 

3. Şöbənin funksiyaları.

 

3.1.Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rektorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, müsabiqədə iştirakları və işdən azad edilmələrinin vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsi;

3.2. Rektorun dərkənarı əsasında daxil olan sənədlərin (ərizə, təqdimat, məktub və s.) qeydiyyata alınması və həmin sənədlərin məzmununa görə rəsmiləşdirilməsi (Kadr, ümumi və ezamiyyət  əmrləri);

3.3.Əmək kitabçalarının qəbulu, saxlanılması, qeydiyyatı və işdən çıxan işçilərə təqdim edilməsi, həmçinin əmək kitabçalarında vaxtlı-vaxtında müvafiq qeydlərin (yazılar) aparılması;

3.4.Universitetin əməkdaşlarının şəxsi işlərinin və kadr-uçot formalarının aparılması;

3.5.Universitetin əməkdaşlarının əmək müqavilələrinin hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və onların qeydiyyatının aparılması;

3.6.Əmək müqaviləsinin bağlanılması, əlavə və dəyişikliklərin aparılması, həmçinin xitam verilməsi haqqında əmrlərin elektron hökumət portalda (e-gov) işlənməsi;

3.7.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya Sisteminin Elektron Səhiyyə portalına əməkdaşların daxil edilməsi və vahid registrdən məlumatların əldə edilməsi;

3.8.İnformasiya sistemlərində kadrların sayı, keyfiyyət tərkibi, onların inkişaf və hərəkətlərini əks etdirən məlumatları və kütləvi əməliyyatları sistem üzərində aparılması.

3.9.Əmək məzuniyyətinə çıxma cədvəlinin hazırlanması, təsdiq edilmiş cədvələ uyğun olaraq əməkdaşlara növbəti və əlavə məzuniyyətlərin verilməsinin sənədləşdirilməsi;

3.10.Pensiyaya dair müvafiq sənədlərin hazırlanması;

3.11.Məktubların hazırlanması, nümunəvi blanklarda çıxarılıb müvafiq ünvanlara poçtla və ya elektron formada göndərilməsi;

3.12.Şöbəyə daxil və xaric olan sənədlərin, uşağa qulluq etmək üçün sosial məzuniyyətdə olan əməkdaşların və əmək qabiliyyətinin olmaması vərəqələrinin (ƏQOV) qeydiyyatının aparılması;

3.13.Universitetdə hər tədris ilinin əvvəlində cari ildə səlahiyyət müddəti bitəcək seçkili vəzifələrin seçki qrafikinin hazırlanması;

3.14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan universitetin əməkdaşlarının təkmilləşdirilməsi üçün ixtisasartırma kurslarında iştirak etmələrinə və sertifikasiyadan keçməklərinə nəzarət;

3.15.Müvafiq sənədlər üçün əmək stajının hesablanması;

3.16.İşçilərin əmək fəaliyyətlərinə dair arayışların, işçi vəsiqələrinin və buraxılış vərəqələrinin verilməsi;

3.19.İşçilərin motivasiyası və intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə sənədləşmə işlərinin aparılması;

3.20.Müəyyən olunmuş müddət bitdikdən sonra sənədlərin (şəxsi işlər, şəxsi kartlar, əmrlər və s.) arxivə təhvil verilməsi;

3.21.Universitetdə çalışan işçilərin hərəkətləri haqqında rüblük və illik rəsmi məlumatların və statistik hesabatların hazırlanması.

3.22.Universitetdə bütün mövcud vəzifələr üzrə vəzifə təlimatları işlənib hazırlanmasını təşkil edilməsi;

3.23.Tarifikasiya komissiyasınlın işində iştirak etmək;

3.24.Müvafiq əməkdaşların peşakarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə attestasiya olunması üçün

 komissiyanın işində iştirak etmək;

3.25.İşə qəbul zamanı əməkdaşları Universitetin Daxili İntizam Qaydaları, kollektiv müqavilələrlə tanış etmək;

3.26.Şöbə bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsi prosesində universitetin digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

4. Şöbənin fəaliyyətinin təşkili.

 

4.1.Şöbənin strukturu və ştat vahidləri Universitetin rektoru tərəfindən təsdiq edilir;

4.2.Şöbəyə universitetin rektoru tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri öz fəaliyyətini universitetin rektoru tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir;

4.3.Şöbədə işçilər arasında vəzifə bölgüsü şöbə müdiri tərəfindən vəzifə təlimatları əsasında aparılır;

4.4.Şöbə əməkdaşlarının vəzifə və məsuliyyətləri onların vəzifə təlimatları ilə müəyyən edilir.

4.5. Mövcud Əsasnamədə nəzərdə tutulmuş şöbənin funksiyalarının vaxtında yerinə yetirilməsinə görə tam məsuliyyət Kadrlar şöbəsi müdirinin üzərinə düşür;

4.6. Şöbənin müdiri şöbə üzərinə düşən tapşırıq və funksiyaların yerinə yetirilməsi üzrə şöbənin fəaliyyətinin təşkili, sənədlərin operativ, keyfiyyətli hazırlanması,yerinə yetirilməsi, qüvvədə olan qayda və təlimatlara uyğun müvafiq kargüzarlıq işinin aparılması, şöbə əməkdaşları tərəfindən “Universitetin Daxili İntizam Qaydaları”na riayət edilməsi və şöbədə olan əmlakın qorunmasının təmini, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə görə şəxsi məsuliyyət daşıyır.

 

İnzibati və təsərrüfat işləri üzrə

prorektor                                                                                       T.R.Əhmədov

Kadrlar şöbəsinin mediri                                                           R.İ.Aslanova

Hüquqşünas                                                                                 K.F.Məmmədova