I İSTİQAMƏT: AZƏRBAYCAN RESPUBLİKASI ƏHALİSİNİN SAĞLAMLIĞININ MONİTORİNQİ, YAYILMIŞ XƏSTƏLİKLƏRİN EPİDEMIOLOGİYASININ, KLİNİK GEDİŞ XÜSUSİYYƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ, DİAQNOSTİKASININ VƏ MÜASİR MÜALİCƏ-PROFİLAKTİKA TƏDBİRLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
Problem: Respublikanın əmək qabiliyyətli əhalisində müxtəlif xəstəliklərin gedişinin xüsusiyyətləri və müalicə məsələləri
Mövzu: İrinli orta otit zamanı orqanizmdə baş verən immun pozulmalarının xüsusiyyətləri əsasında bu xəstəliklərin müalicəsinin effektivliyinin artırılması yolları (Otorinolarinqologiya kafedrası, elmi rəhbər – prof. Ə.M.Talışinski). İcra müddəti 2015-2017-ci illər.
Məqsəd: Xronik irinli orta otit və onların fəsadları olan xəstələrdə orqanizmin immun reaktivliyinin öyrənilməsi əsasında immunokorrektorların tətbiqi ilə müalicənin effektivliyinin artırılması.
Tədqiqatın obyekti: Kəskin və xronik irinli orta otiti olan xəstələr.
Nəticə: Məlum olmuşdur ki, xronik irinli orta otitin müxtəlif klinik formalarında orqanizmdə immun göstəricilərdəki dəyişikliklər müxtəlif olur. Kəskin irinli orta otit və xronik irinli mezotimpanit zamanı onlar az dəyişir. Xronik irinli epitimpanit olan xəstələrdə immunitetin T-amili sistemində çatışmazlıq baş verir, qanda IgA, IgM-in miqdarı artır, IgG azalır. Ümumi antiinfeksion mexanizmlərin defisiti iltihabi prosesin xronik formaya keçməsində immun rezistentliyin əhəmiyyətini göstərir.
Qulaqda sanasiyaedici operasiyanın tətbiqi 21 gün ərzində ilkin immun pozulmaları aradan qaldırmır.
Xronik irinli epitimpanit və kəllədaxili ağırlaşması olan xəstələrin qanında immunitetin T-halqasında və qeyri-spesifik müdafiə amillərində çatışmazlıq müşahidə olunur. Orta qulaq sekretində lizosim və sİgA-nın miqdarı, qanda isə İgG aşağı düşür, İgA və İgM artır.
Yerli və ümumi antiinfeksion müdafiə mexanizmlərin çatışmazlığı, orta qulaqda iltihabi prosesin xronik formaya keçməsində, otogen kəlləxarici və kəllədaxili ağırlaşmaların əmələ gəlməsində orqanizmin immun və qeyri-spesifik müdafiə amillərinin əhəmiyyətini göstərir.
Mövzu üzrə 3 elmi iş çap edilmişdir. Bu dövrdə cəmi 34 elmi iş çap edilmiş və 2 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur.
Mövzu: Bronxial astmanın inkişafında virus infeksiyasının rolunun təyini və xəstələrin etiotrop və immunomodulyator müalicəsi (Allerqologiya və immunologiya kafedrası, elmi rəhbər – prof. L.İ.Allahverdiyeva). İcra müddəti – 2013-2017-ci illər.
Məqsəd: Kəskin respirator virus infeksiyaları nəticəsində yaranmış və ya kəskinləşmiş bronxial astmanın inkişaf mexanizmlərinin, klinik xüsusiyyətlərinin araşdırılması və effektli etiopatogenetik müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması.
Tədqiqatın obyekti: Müxtəlif yaş qruplarında və ağırlıq dərəcələrində olan virusinduksiyalı bronxial astmalı xəstələr.
Nəticə: Aparılan müayinələrin nəticələri bronxial astma kəskinləşməsinin QRV, RSV və qrip viruslarla əlaqədar olduğunu göstərmişdi.
Anamnezində allergik xəstəlikləri olan şəxslərdə kəskin respirator virus infeksiyaları daha tez-tez və daha ağır baş verir.
Kəskin respirator virus infeksiyaları keçirmiş bronxial astmalı xəstələrdə xarici tənəffüs funksiyasının ciddi pozulması, qanda eozinofillərin və leykositlərin əhəmiyyətli artması, bronxial hiperreaktivliyin artması və uzun müddət (5-10 həftə) davam etməsi müşahidə olunur.
Yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyaları fonunda keçən atopik və infeksiyadanasılı bronxial astmanın immunoloji statusunda mühüm dəyişikliklərin olması təyin edilmiş və onlar dinamikada öyrənilmişdir.
İmmun sisteminin disfunksiyasının respirator virus infeksiyalarda aparıcı rol oynadığını nəzərə alaraq, müvafiq antiastmatik terapiyanın optimallaşdırılması təklif edilmişdir.
Mövzu üzrə 66 elmi iş çap edilmişdir (10 tezis və 53 məqalə, 2 tədris-metodik vəsaiti, 1 metodik vəsait). 1 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir.