V.B.Şadlinskinin apardığı elmi-tədqiqat işləri morfologiya elminin bir çox sahələrini əhatə edir. Belə ki, onun tərəfindən ontogenezin müxtəlif mərhələlərində insanın periferik sinir sisteminin ayrı-ayrı şöbələrinin topoqrafo-anatomik xüsusiyyətləri, periferik sinirlərin mieloarxitektonikası və mielogenezinin qanunauy-ğunluqları öyrənilmiş, normada və zobogen təsirlər zamanı qalxanabənzər vəzin morfo-funksional xüsusiyyətləri tədqiq edilmişdir. Eyni zamanda o, qalxanabənzər vəzin morfo-funksional vahidinin tireomorfokompleksdən ibarət olduğunu müəyyənləşdirmişdir. V.B.Şadlinski diri insanda bəzi orqanların anatomo-topoqrafik xüsusiyyətlərinin qiymətləndirilməsində rentgenkontrast tədqiqat metodlarından istifadə edilməsinin mümkünlüyünü də sübuta yetirmişdir. Bunlarla yanaşı, V.B.Şadlinski və onun tələbələri tərəfindən həzm, tənəffüs, sidik-cinsiyyət sistemi orqanlarının divarlarında yerləşən kiçik ekzokrin vəzilərinin və limfoid aparatının morfo-funksional anatomiyası normada və bəzi balneoloji təsirlərdən sonra eksperimentdə öyrənilmiş, müxtəlif rejimli fiziki yükün təsirindən sonra skelet və ürək əzələsi toxumasında baş verən morfo-funksional dəyişikliklər tədqiq edilmişdir. Əldə olunan nəticələrin müddəaları səhiyyə praktikasına tətbiq edilmişdir.
Aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə Amerika Birləşmiş Ştatlarında, Rusiya Federasiyasında, Türkiyədə, İsraildə, Almaniyada, Macarıstanda, Bolqarıstanda və b. ölkələrdə keçirilmiş elmi konfranslarda V.B.Şadlinski tərəfindən məruzələr edilmiş, onun çıxışlarının mətnləri həmin ölkələrin elmi məcmuələrində çap olunmuşdur.
V.B.Şadlinski 16 monoqrafiyanın, 175 elmi məqalənin, 138 tezisin, 22 publisistik məqalənin, 26 tədris vəsaitinin, 30 dərsliyin, orijinal anatomik atlasın, nəzəri və klinik anatomiyanın eponomik terminləri, oftalmologiya terminləri lüğətlərinin və anatomik terminologiyanın müəllifidir. Iki monoqrafiya Rusiya Federasiyasında, orijinal anatomik atlas isə Türkiyədə çap olunmuşdur. Məqalələrdən 12-si Amerika Birləşmiş Ştatlarının, 26-sı Rusiya Federasiyasının, 4-ü Almaniyanın, 8-i Türkiyənin, 1-i İsrailin, 1-i Macarıstanın, 1-i Bolqarıstanın, 2-si Ukraynanın, 19-u Gürcüstanın nüfuzlu elmi jurnallarında dərc olunmuşdur. V.B.Şadlinski 6 elmlər doktoru, 10 tibb üzrə fəlsəfə doktoru yetişdirmişdir. Bu gün də V.B.Şadlinski elmi fəaliyyətini davam etdirir. Belə ki, onun rəhbərliyi altında 1 nəfərin elmlər doktoru, 3 nəfərin isə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün apardıqları dissertasiya işləri yekunlaşmaq üzrədir.