Azərbaycan Tibb Universitetinin İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aynur Orucova 2007-ci ildə ATU-nun Stomatologiya fakültəsinə daxil olub, 2012-ci ildə bu fakültəni həkim ixtisası ilə bitirib. Bir müddət həkim stomatoloq kimi fəaliyyət göstərib.
2016-2019-cu illərdə Fransa Respublikası Strasburq Universitetinin Dental cərrahiyyə fakültəsində biomühəndislik üzrə magistr təhsilini davam etdirib. Bu dövr ərzində Strasburq Universiteti nəzdindəki Konservativ odontologiya və endodontiya klinikasında, Milli Sağlamlıq və Tibbi Tədqiqat Universitetinin nəzdindəki laboratoriyada və Elmi Tədqiqat Universitetinin nəzdindəki laboratoriyalarda çalışıb. A.Orucova bu müddətdə bir çox tədqiqatlara öz töhfəsini verib. Onun “Diş kanal doldurucularının fiziki və kimyəvi xüsusiyyətləri” mövzusundakı diplom işi Strasburq Universitetinin dental cərrahiyyə fakültəsində tədris proqramında istifadə olunur.
2019-2020-ci illərdə A.Orucova Strasburq Universitetinin Tibb fakültəsində “Tibb elmlərində təhsil metodikası üzrə mütəxəssis kimi magistr təhsilini bitirib. Azərbaycana qayıtdıqdan sonra ATU-nun nəzdində yaradılmış Universitetinin İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb.