(Metodik təlimat)
BAKI – 2013
Metodik təlimatı tərtib edənlər:
Tədris-metodik                     Tibbi-profilaktika və                Tədris şöbəsinin
innovasiyalar                         tibbi-biologiya                        müdiri,
şöbəsinin müdiri,                  fakultəsinin dekanı,
əməkdar müəllim,                 əməkdar müəllim,                  əməkdar müəllim,
prof. A.İ.Qurbanov     dos. A.M.Məmmədov     dos. N.V.Qasımov

Redaktor:
Tədris işləri üzrə prorektor, ə.e.x., prof. S.C.Əliyev
Metodik təlimat Azərbaycan Tibb Universitetinin
Mərkəzi Metodik Komissiyasının  12 iyul 2013-cü  il tarixli qərarı ilə (protokol №4) nəşr edilir
Qeyd: Təlimat Ali təhsil müəssisələrində kredit sistemiilə tədrisin təşkili barədə nümünəvi “Əsasnamə”-nin, “Ali təhsil pilləsinin dövlət standartı və praqramı” haqqında (2010-cu il) və “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları” haqqında (2010-cu il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarının tələbləri nəzərə alınmaqla hazırlanmışdır.
Avropa Kredit Transfer sistemi üzrə təhsil alan tələbələrin biliyi çoxballı şkala üzrə qiymətləndirilir. Tələbə fənn üzrə maksimum 100 bal toplaya bilər. Bu balların 50-si tələbənin semestr ərzindəki fəaliyyətinə, 50-si isə imtahan nəticələrinə görə toplanır.
Semestr ərzində tələbənin fəaliyyətinə verilən 50 bal aşağıdakıları nəzərə almaqla müəyyənləşdirilir:
-         Dərsə davamiyyətə görə -10 bal
-         Sərbəst işlərə görə -10 bal
-         Gündəlik sorğuların (nəzəri biliklərin və bacarıqların) nəticələrinə görə - 30 bal
Dərsə davamiyyətə görə balların hesablanması
Dərsə davamiyyətə görə balların hesablanmasıfənnə ayrılan saatların miqdarı nəzərə alınmaqla aparılır. 1-ci cədvəldə fənnlərə ayrılan saatların sayını (30-120 saat) nəzərə almaqla dərsə davamiyyətə görə balların hesablanması qaydası göstərilmişdir.
Cədvəl 1
Kredit sistemi ilə təhsil alan tələbələrin fənn üzrə dərsə davamiyyətə görə balların hesablanması qaydası

Kreditlər

Saat

10 bal

9 bal

8% qədər

8 bal

8-16% qədər

7 bal

16-25% qədər

İmtahana buraxılmır

2

30 saat

0 saat

2 saata qədər

4 saata qədər

7 saata qədər

8 saat və çox

3

45 saat

0 saat

3 saata qədər

7 saata qədər

11 saata qədər

12 saat və çox

4

60 saat

0 saat

4 saata qədər

9 saata qədər

15 saata qədər

16 saat və çox

5

75 saat

0 saat

6 saata qədər

12 saata qədər

18 saata qədər

19 saat və çox

6

90 saat

0 saat

7 saata qədər

14 saata qədər

22 saata qədər

23 saat və çox

7

105 saat

0 saat

8 saata qədər

16 saata qədər

26 saata qədər

27 saat və çox

8

120 saat

0 saat

9 saata qədər

19 saata qədər

30 saata qədər

31 saat və çox

 Semestr ərzində tədris olunan bütün fənnlərə ayrılmış ümumi saatların 25%-dən çoxunu üzürsüz səbəbdən buraxan tələbə Universitetdən xaric olunur.

         Tələbə xəstələndikdə onun həkim-məsləhət komissiyasının qərarı ilə uzunmüddətli müalicəyə ehtiyacı olması təsdiq edildiyi təqdirdə ona akademik məzuniyyət verilir.

Sərbəst işlərə görə görə balların hesablanması

Sərbəst işlər tələbələrdə auditoriyadan kənar, müstəqil öyrənmə qabiliyyətini inkişaf etdirmək məqsədi ilə tətbiq edilir. Tibb Universiteti tələbələri semestr ərzində 10 sərbəst iş hazırlamalıdırlar. Hər bir sərbəst iş bir balla qiymətləndirilir, beləliklə, sərbəst işlərə görə balların maksimum miqdarı 10-dur. Sərbəst işlərin siyahısı fənnin proqramına uyğun olaraq kafedralarda hazırlanır və semestrin ilk həftəsində hər bir tələbəyə verilir. Hər bir sərbəst iş tələbə tərəfindən 1-2 səhifəlik yazılı formada hazırlanır. Sərbəst işi hazırlayan tələbə əvvəlcə ona verilmiş mövzunu öyrəndikdən (mənimsədikdən) sonra həmin mövzu üzrə informasiyanı sərbəst şərh etməklə işi yazır. Mənbəyindən asılı olmayaraq işi yazarkən köçürmə hallarına yol verilmir! Sərbəst iş tələbənin istəyindən asılı olaraq əlyazması, eləcə də kompyuter mətnləri şəklində ola bilər. Əlyazmalar aydın oxunan xəttlə yazılmalıdır! Sərbəst işlər adətən dərsdən kənar vaxtlarda məşğələ müəllimləri tərəfindən qəbul edilir, onların yazılı variantları müvafiq kafedralarda bir semestr saxlanılır. Sərbəst işlərin qəbulu tələbələrin digər müvəffəqiyyət göstəricilərindən (məsələn, gündəlik sorğuların, yaxud kollokvimların qiymətləri və s.) asılı olmadan aparılmalıdır. Sərbəst işlərin qəbulu semestr ərzində həyata keçirilir və bir qayda olaraq 14-cü həftədə tamamlanır (orta hesabla həftədə 1 iş qəbul edilir)! Sərbəst işləri qəbul edən müəllim hər bir sərbəst işin mövzusu üzrə tələbənin biliyini yoxlayaraq qəbul edir. Mövzu üzrə sorğunun aparılması sərbəst işlərin tələbənin məhz özü tərəfindən yerinə yetirilməsini və mözunu mənimsəməsini sübut edir, əks halda müvafiq iş qəbul edilmir.

Tələbənin nəzəri biliyinin cari qiymətləndirilməsi
Semestr ərzində tələbənin nəzəri biliyi praktik, yaxud seminar məşğələlərdə tələbədən ən azı üç dəfə sorğu əsasında 10 ballı şkala üzrə (maksimum 10 balla) qiymətləndirilir. Məsələn, tələbə gündəlik sorğulardan 6, 7 və 8 bal almışsa, onda onun orta qiyməti 7 balla qiymətləndirilir. Bu ədədi üçə vurmaqla  semestr ərzində məşğələlərdə sorğular nəticəsində tələbənin topladığı yekun bal – 21 alınır. Semestr ərzində kollokviumlarda alınan qiymətlər cari sorğu qiyməti kimi hesab edilir. Gündəlik sorğuların nəticəsi müəllimin jurnalında düzəlişlərə yol verilmədən qeyd edilməlidir. Bu zaman həm müəllimin jurnalında, həm də qrup jurnalında ayrı-ayrı fənlər üçün ayrılmış müvafiq səhifələrdə hər dərs günü üçün dərsdə iştirak etməyən tələbələrə həmin saata “q/b”, sorğulara cavab verənlərə müvafiq “bal”, dərsdə iştirak edən, lakin qiymət alamayanlara isə “i/e”(iştirak etdi) yazılmalıdır. Beləliklə, tələbələrin adlarının qarşısında boş xana saxlanılmamalıdır. Bunların əsasında isə sonda tələbənin konkret fənn üzrə semestr ərzində topladığı balın yekun miqdarı göstərilməlidir. Tələbənin semestr ərzində topladığı yekun bal tələbənin biliyini obyektiv əks etdirməlidir. Bunun üçün məsuliyyət məşgələ müəlliminin üzərinə düşür.
Təcrübi və klinik bacarıqların tədrisi və qiymətləndirilməsi
Həkimlik fəaliyyəti nəzəri biliklərin təcrübi, yaxud  klinik bacarıqlar (peşə vərdişləri) ilə birgə tədrisini və qiymətləndirilməsini tələb edir. Bu bacarıqların əksəriyyəti tələbələrdə peşə vərdişlərin formalaşması ilə müşayiət olunur, yəni tələbə müəyyən bir bacarığa malik olduqdan sonra onu peşə vərdişi səviyyəsinə qədər təkmilləşdirməlidir.  Beləliklə, tələbələr təhsil müddətində təcrübi, yaxud  klinik bacarıqlar (peşə vərdişləri) də əldə etməlidirlər. Nəzəri biliklərin təcrübi, yaxud klinik bacarıqlarla inteqrasiyası müasir tibb təhsilində Miller piramidası kimi təsvir edilir.

Miller piramidası
Miller piramidası mükəmməl və təhlükəsiz həkimlik fəaliyyəti üçün mənimsənilmiş nəzəri biliklərin simulyant bacarıqlarla (“göstərir”, yaxud “nümayiş etdirir”) və sonda isə peşə vərdişləri (“bacarır”) ilə tamamlanmasını nəzərdə tutur.
Müəyyən bir fənnə aid olan bacarıqların öyrədilməsi və qiymətləndirilməsi gündəlik təcrübi dərslərdə fənn müəllimləri tərəfindən aparılır, jurnalda bu məqsədlə ayrılmış xüsusi səhifədə qeyd edilir.  Cari qiymətləndirmə üçün hər bir fakultənin tələbələri üçün hər bir kafedrada təməl və klinik fənnlərindən bacarıqların siyahısı hazırlanmalıdır. Bu zaman auditoriyada öyrədilən (öyrədilməsi real olan), qiymətləndirilə bilən (tələbə bu bacarığı nümayiş etdirmək imkanına malik olmalıdır), minimum və zəruri 10 bacarıq siyahısı hazırlanır və təsdiq edilir  Göstərilən siyahını hazırlayarkən auditoriyada hər bir bacarığın öyrədilməsinin mümkünlüyü, yəni tələbənin bu bacarığı nümayiş etdirmək imkanına malik olması və eləcə də bunları həyata keçirmək üçün auditoriyada müvafiq şəraitin (cihaz və avadanlıqların, mulyajların, mankenlərin və s.) olmasına diqqət yetirmək lazımdır. Dıgər tərəfdən bu siyahıya daxil edilən hər bir bacarıq gələcək peşə fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb etməlidir, yəni onun zəruriliyi (vacibliyi) də nəzərə alınmalıdır. Bacarıqların yerinə yetirilməsinə dair rəhbərliklərin hazırlanması məqsədəuyğundur.
Hər bir bacarığın sərbəst yerinə yetirilməsi bir balla qiymətləndirilir, beləliklə, bacarıqlara görə tələbələrə verilən balların maksimum miqdarı 10-dur. Bacarıqları qiymətləndirərkən tələbənin hər bir bacarığı sərbəst şəkildə necə yerinə yetirməsinə diqqət verilir, bu zaman müəllim heç bir müdaxilə aparmır, sadəcə, yerinə yetirmədən sonra geribildirim (feedback) tələb oluna bilər. Feedback müəyyən bir bacarığın necə yerinə yetirilməsi haqqında tələbələri məlumatlandırır, onun müntəzəm aparılması isə bacarığın düzgün yerinə yetirilməsini stimullaşdırır.
Mənimsənilmiş (qiymətləndirilmiş) bacarıqların qeydiyyatını və uçotunu aparmaq üçün dərs aparan müəllimin və qrupun jurnalında xüsusi səhifə ayırmaqla bacarıqlar və onlara verilən bal qeyd edilməlidir. Bu variantda seminar (məşğələ), laborator, klinik dərslər zamanı sorğulara ayrılan 30 baldan 10 bal bacarıqların, 20 bal isə nəzəri biliklərin qiymətləndirilməsinə ayrılır. Yəni laborator və klinik dərslərdə 10 bal zəruri bacarıqların (bacarıqlar blokunun), 20 bal isə nəzəri biliklərin qiymətləndirilməsinə verilir. Biliklərə verilən 20 bal isə yuxarıda göstərilən qaydada hesablanır. Məsələn, tələbə gündəlik sorğulardan 6, 7 və 8 bal almışsa, onda onun orta qiyməti 7 balla qiymətləndirilir. Bu ədədi ikiyə  vurmaqla  semestr ərzində məşğələlərdə sorğular nəticəsində tələbənin nəzəri bikillərdən topladığı yekun bal – 14 alınır (bu halda tələbə bacarıqlardan 10 bal toplayarsa onun sorğulardan topladığı ümumi qiymət 24 bal olacaqdır).
Beləliklə, bacarıqların qiymətləndirilməsi də nəzərə alındıqda, semestr ərzində tələbənin tədris fəaliyyətinə verilən 50 bal aşağıdakı kimi müəyyənləşdirilir:
-  Dərsə davamiyyətə görə -10 bal
-  Sərbəst işlərə görə -10 bal
-  Bacarıqlara görə -10 bal
-  Nəzəri biliklərdən gündəlik sorğuların nəticələrinə görə - 20 bal.
Eyni qaydada qiymətləndirmə məzunların Dövlət Attestasiyası (İmtahanları) zamanı da tətbiq edilə bilər. Məzun Dövlət Attestasiyası keçirilən fənndən maksimum 100 bal toplaya bilər. Bu balların 50-si məzunun nəzəri biliyinə,  50-si isə bacarıqların yerinə yetirilməsinə görə toplanır. Məzunun nəzəri biliyi test üsulu ilə (semestr imtahanlarının tələblərinə müvafiq olaraq) qiymətləndirilir. OSCE (Obyektiv strukturlaşdırılmış Klinik İmtahan) adlandırılan bacarıq imtahanları bunun üçün müəyyənləşdirilmiş xüsusi Mərkəzdə, Dövlət Attestasiya Komissiyasının qərarına əsasən müəyyənləşdirilmiş bacarıqların yerinə yetirilməsi ilə aparılır (birinci mərhələdə bacarıqlar, ikinci mərhələdə isə nəzəri biliklər imtahanı keçirilir). Tibbi-profilaktika fakultəsinin məzunları Dövlət Attestasiyası (İmtahanı) zamanı eyni qayda ilə OSPE (Obyektiv strukturlaşdırılmış Praktik İmtahan) adlandırılan bacarıq imtahanları verirlər.