Metodik tövsiyələri tərtib edənlər:
Tədris-metodik Tibbi-profilaktika və Tədris şöbəsinin
innovasiyalar tibbi-biologiya müdiri,
şöbəsinin müdiri, fakultəsinin dekanı,
prof. A.İ.Qurbanov dos. A.M.Məmmədov dos. N.V.Qasımov
Redaktor:
Tədris işləri üzrə prorektor, ə.e.x., prof. S.C.Əliyev
Metodik tövsiyələr Azərbaycan Tibb Universitetinin Mərkəzi Metodik Komissiyasının qərarı ilə nəşr edilir
ÖN SÖZ
Məlum olduğu kimi, 2005-ci ilin may ayında Respublikamız Bolonya prosesinə qoşularaq ali təhsil müəsisələrində Avropa Kredit Transfer sisteminin tətbiqinə dair öhdəliklər götürmüşdür. Bu öhdəliklərin yerinə yetirilməsi məqsədilə ölkə Prezidenti Cənab İlham Əliyev 31 yanvar 2008-ci il tarixində “Azərbaycan Respublikasının ali təhsil müəsisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalamış və 22 may 2009-cu il tarixində Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya Bəyənnaməsinin prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması məqsədi ilə “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sisteminin islahatlar üzrə Dövlət Proqramı”nı təsdiqləmişdir. Bu proqramın icrasının əsas istiqamətlərindən biri də ali təhsildə keyfiyyətin təmin olunmasıdır. Eyni zamanda ali təhsildə keyfiyyətə təminat Avropa təhsil məkanına inteqrasiyada mühüm mərhələ olan Bolonya prosesinin də başlıca tələblərindəndir.
Keyfiyyətli ali təhsilin ən mühüm meyalarından biri də tələbələrin biliik və bacarığının obyektiv və ədalətli qiymətləndirilməsindən, eləcə də subyektiv təsirlərin aradan qaldırılmasından ibarətdir. İndiyədək tətbiq edilən qiymətləndirilmə üsulları – sorğu şəklində aparılan və yazılı imtahanlar heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir.
Qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə son illərdə dünyanın əksər ölkələrində daha geniş tətbiq edilən test üsulundan istifadə olunmasıdır. Belə ki, test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün tələbələr qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır.
Test üsulu ilə imtahanların aparılması, yəni tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, tətbiq edilən test tapşırıqlarının keyfiyyətindən bilavasitə asılıdır. Bir çox hallarda testlərin düzgün tərtib edilməməsi biliyin obyektiv qiymətləndirilməsini nəinki təmin edə bilmir, hətta çoxsaylı lüzumsuz apellyasiyalara səbəb olur.
Hesab edirəm ki, təqdim edilən “metodik tövsiyələr” test tapşirıqlarının hazırlanmasına və bu zaman meydana çıxa biləcək metodik çətinliklərin aradan qaldırılmasına kömək edəcəkdir.
Azərbaycan Tibb Universitetinin Rektoru A K A D E M İ K Ə.T.ƏMİRASLANOV
Test tapşırıqlarının əhəmiyyəti, üstünlükləri və müasir tədris sistemində rolu
Test (ingiliscə - sınaq, yoxlama) məhdud vaxt ərzində cavablandırılan və şəxsiyyətin bilik, bacarıq və vərdişlərini kəmiyyət və keyfiyyət baxımından qiymətləndirmək üçün tətbiq olunan standartlaşdırılmış tapşırıqlardır. Test tapşırıqları vasitəsilə öyrənilən bütöv bir fənni, yaxud ixtisas sahəsini əhatə etmək və qiymətləndirmək mümkündür.Bu, tələbənin nailiyyətlərinin şəffaf və obyektiv qiymətləndirilməsinin həyata keçirilməsini təmin edir.
Test - aparılma məqsədlərindən asılı olaraq standartlaşdırılmış bir vasitə olub, müəyyən standart üzrə tələbənin nailiyyətlərinin ölçülməsini həyata keçirir.
Testdən ilk dəfə 1864-cü ildə Böyük Britaniyada şagirdlərin biliyinin yoxlanması üçün istifadə edilmişdir. XX əsrin əvvəllərində psixoloji və pedaqoji istiqamətli testlərdən istifadə olunmağa başlanmış, standartlaşdırılmış pedaqoji testlər ilk dəfə amerikalı psixoloq E.Torndayk tərəfindən tərtib edilmişdir.
Test üsulunun üstünlükləri:
test qiymətləndirmənin daha keyfiyyətli, obyektiv və daha ədalətli üsulu olub, bütün tələbələr qarşısında həm yoxlama, həm də qiymətləndirmə zamanı bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır;
test mühüm anlayışların, tədris materialının mənimsənilmə səviyyəsini təyin edir;
testlər imtahan verənləri bütün mövzular üzrə yoxlamağa imkan verdiyi halda, yazılı və şifahi imtahanlar ən çoxu 3-5 mövzunu əhatə edə bilir;
testlər daha dəqiq qiymətləndirməyə imkan verir, belə ki, məsələn, 25 sualdan ibarət test biliyi 50 ballı şkala ilə qiymətləndirə bildiyi halda, şifahi imtahanlarda bu adətən 5 ballı şkala ilə ölçülür;
testlər bütün tələbələr qarşısında eyni şərt qoyur, nəticələr eyni meyarlarla qiymətləndirilir. Tələbənin yoxlama işi digər tələbələrin işi ilə deyil, standartla müqayisə əsasında qiymətləndirilir;
NEAB (Northen Examinationes and Assesment Board) - İngiltərədə yekun attestasiyası keçirən assosiasiyanın məlumatına görə, test üsulu ilə keçirilən imtahanlar apellyasiyaların sayını 3 dəfəyə qədər azaldır.
Test üsulunun çatışmazlıqları:
keyfiyyətli testlərin hazırlanması uzun, çox zəhmət tələb edən prosesdir;
obyektiv və ədalətli qiymətləndirmək üçün test tapşırıqlarının məxfiliyinin qorunması üçün xüsusi tədbirlər tələb olunur. Testlərdən təkrar istifadə etdikdə onlarda dəyişikliklər etmək məqsədəuyğundur.
testlərdə təsadüfülük elementləri mövcuddur. Məsələn, ən sadə suala cavab verə bilməyən tələbə təsadüfən ən çətin suala cavab verə bilər. Bu, həm təsadüf nəticəsində, həm də mexaniki (düşünmədən) ola bilər ki, bunu da nəticələrin analizində nəzərə almaq lazım gəlir.
Test tapşırıqlarının növləri
İstifadə edilən testlərin çoxsaylı təsnifatları arasında daha populyar olan təsnifata əsasən test tapşırıqları iki qrupa ayrılır:
Qapalı tipli test tapşırıqları. Bu tapşırıqlarda hər bir şərtdən sonra hazır cavab variantları olur ki, onlardan biri, yaxud bir neçəsi düzgün variant olur.
Qapalı tipli test tapşırıqları bir neçə cür olur:
çoxseçimli test tapşırıqları - imtahan verən düzgün variant kimi hazır cavab variantlarından birini, yaxud bir neçəsini seçməlidir.
alternativ seçim - imtahan verən “hə”, yaxud “yox” cavabı verməlidir.
Acıq tipli test tapşırıqları. Bu tapşırıqlarda hər bir suala söz, ifadə, cümlə, işarə, formula və s. yazılmaqla tələbə özü cavab verir.
Açıq tipli test tapşırıqları iki cür olur:
sərbəst şərh - imtahan verən cavabı sərbəst şəkildə şərh edir, bu zaman ona heç bir məhdudiyyət qoyulmur;
tamamlama - imtahan verən tapşırığın şərtindəki məhdudiyyətləri nəzərə almaqla cavab verir (məsələn, cümləni tamamlama);
Testlərin çətinlik səviyyəsi. Testlər bir-birindən çətinliyinə görə fərqlənməklə 3 səviyyə üzrə - asan, orta və çətin səviyyələrdə tərtib edilir. Tələbə asan və orta səviyyəli testlərə tədris materialını yada salmaqla (hafizəyə əsaslanaraq) cavab verir. Çətin səviyyəli testlərə cavab vermək üçün əldə etdiyi biliklərdən situasiyaya uyğun istifadə edir, müəyyən məntiqi təfəkkür əməliyyatlarını yerinə yetirir.
Test tapşırıqlarının tərtibi qaydaları
İmtahan üçüntest tapşırıqlarınin tipinin seçilməsi hər şeydən öncə imtahanın məqsədindən, mənimsənilməsi zəruri olan materialın xarakterindən, imtahan verənlərin yaş xüsusiyyətlərindən asılıdır. Maliyyə, kadr və resurs təchizatı, həmçinin test tapşırıqlarını hazırlayanların vaxt ehtiyatları da əhəmiyyətə malikdir.
Qapalı tipli çoxseçimli test tapşırıqlarından daha çox istifadə edilir. Çoxseçimli test tapşırıqlarından istifadə olunması nəticələrin avtomatlaşdırılmış vasitələrin tətbiqi ilə qiymətləndirilməsinə şərait yaradır. Belə test tapşırıqları da digərləri kimi sual (şərt) və cavab hissələrdən ibarət olur. Bu zaman hər bir suala 5 hazır cavab variantları əlavə edilir. Cavab variantları A), B), C), D) və E) bəndləri ilə göstərilir. İmtahan verən tələbə düzgün variant kimi hazır cavab variantlarından ancaq birini seçməlidir. Testi tərtib edərkən düzgün variant A) bəndində yerləşdirilir. Aşağıda çoxseçimli test tapşırığının modeli göstərilmişdir.
Testin şərti:
A) düzgün cavab
B) səhv cavab
C) səhv cavab
D) səhv cavab
E) səhv cavab
Test tapşırıqlarını tərtibi üçün müəyyən qaydalara əməl etmək lazımdır:
test tapşırıqları mövcud tədris proqramı əsasında tərtib edilməlidir;
sualın hazırlanmasına düzgün cavabdan başlamaq lazımdır, belə olduqda tez-tez rastlaşılan problemlərlə qarşılaşma ehtimalı minimuma enir;
testi tərtib edərkən onu ən hazırlıqlı tələbənin səhv cavab vermə ehtimalı nöqteyi nəzərindən analiz etmək tövsiyə olunur;
testin sualı fənnin standart tələblərinə cavab verməli, müəyyən bir bitkin fikri ifadə etməlidir;
test tapşırıqlarının şərti dolaşdırıcı olmamalı, onlar tələbələrin biliyinin qiymətləndirilməsinə xidmət etməlidir;
test tapşırıqlarına diskussiya doğuran, eləcə də boyük hesablamalar tələb edən sual və cavabları daxil etmək məqsədəuyğun deyil;
test tapşırıqları tapmaca xarakterli olmamalıdır, tapşırığin şərti kimi “neçə”, “nə qədər” və s. kimi yaddaş tələb edən cavab variantları daxil etmək məqsədəuyğun deyil. Belə hallar tələbənin bilik və vərdişlərini deyil, onların yaddaşı, yaxud digər fərdi xüsusiyyətlərini qiymətləndirməyə xidmət edir.
uzun sual və qısa cavab variantlarına üstünlük vermək məqsədəuyğundur. Əks halda cavabların oxunmasına daha çox vaxt sərf edilir;
testin əsas hissəsində inkar formalardan kifayət qədər az istifadə edilməlidir, belə olduqda cavab variantlarında inkar formalardan istifadə edilməməlidir;
testin şərti sual formasında deyil, mümkün qədər təsdiq formasında, qısa, aydın, birmənalı, təkrarsız olmalı, anlaşılmayan sözlərdən və ifadələrdən istifadə edilməməlidir. Test tapşırıqlarının şərtində “böyük”, “kiçik”, “az”, “çox”, “bəzən”, “tez-tez”, “həmişə”, “heç vaxt” kimi ifadələrdən mümkün qədər az istifadə edilməlidir. Onlar bir tərəfdən qeyri-müəyyənlik yaradaraq subyektiv qəbul edilə bilər, bu isə səhv cavablandırmaya səbəb olur, digər tərəfdən isə cavabların birmənalı olması şərtini poza bilər;
abbreviaturaların (qısaldılmış terminlərin) istifadəsi məhdudlaşdırılmalıdır. Məsələn, mərkəzi sinir sistemi əvəzinə MSS yazmaq məqsədəuyğun deyil;
bütün cavab variantları testin əsas hissəsi ilə qrammatik olaraq uzlaşmalı, bəzi hallarda testin əsas hissəsi cavablarla sanki bir cümlə təşkil etməlidir. Bütün hallarda qısa, sadə cümlələrdən istifadə etmək məqsədəuyğundur;
test tapşırıqlarının cavablarından ancaq biri doğru olmalı, düzgün və düzgün olmayan cavablar (distraktorlar) öz quruluşuna, sözlərin sayına görə təqribən eyni olmalıdır. Distraktorlar mətiqi cəhətdən əsaslandırılmalı və doğru cavaba yaxın olmalıdır, düzgünəbənzər distraktorlardan istifadə etmək məqsədəuyğundur;
cavab variantları biri birinə çox oxşadıqca düzgün cavabı tapmaq bir o qədər çətinləşir və tələbənin dərk etmək qabiliyyətini müəyyənləşdirmək asanlaşır;
cavab variantları arasında dəqiq fərqlərin olmasına diqqət yetirmək lazımdır, belə olmadıqda müxtəlif düzgün cavab variantları mövcud ola bilər;
eyni bir testdə cavab variantlarını təkrar etmək olmaz;
“göstərilənlərdən hər biri”, yaxud “göstərilənlərdən heç biri” kimi cavab variantlarından düzgün istifadə edilməlidir. Məsələn, düzgün cavab varianı “göstərilənlərdən hər biri” olduqda imtahan verən istənilən variantı seçsə belə test tapşırığına düzgün cavab vermiş olur, yəni testin birmənalı olması prinsipi pozulmuşdur. Ona görə də “göstərilənlərdən hər biri” ifadəsinin düzgün cavab variantı olması yolverilməzdir;
test tapşırıqları formula, şəkil və qrafiklərdən ifadə etməklə də tərtib oluna bilər.
Test tapşırıqları qabiliyyət göstəricilərinə görə müxtəlif ola bilər:
Terminoloji test tapşırıqları adından göründüyü kimi terminlərlə əlaqədar tapşırıqlardır. Bu tapşırıqlar adətən iki cür tərtib edilir. Birinci halda hər hansı bir terminin mənası soruşula bilər, digər halda isə tapşırığın şərti termini izah edir, cavablar isə müxtəlif terminlərdən ibarət olur. Məsələn,
Apoptoz:
A) hüceyrələrin proqramlaşdırılmış ölümüdür
B) hüceyrələrin fasiləsiz ölümüdür
C) hüceyrələrin fasiləsiz çoxalmasıdır
D) hüceyrələrin şiş transformasiyasıdır
E) hüceyrələrin bölünmə qabiliyyətidir
Faktlara əsaslanan test tapşırıqları – müəyyən mövcud faktlara əsaslanır. Məsələn,
Arterial təzyiqin səviyyəsini müəyyənləşdirən depressor amildir:
A) kallikrein-kinin sistemi
B) renin-angiotenzin sistemi
C) simpatoadrenal sistem
D) qlukokortikoidlər
E) aldesteron-vazopressin sistemi
Ümumiləşdirici test tapşırıqları – bir fənnə, yaxud elm sahəsinə aid obyektin, hadisənin ayrı-ayrı xüsusiyyətlərini eyni bir tapşırıqla qiymətləndirməyə imkan verir. Məsələn,
1.Hipovitaminoz; 2.Hipervitaminoz; 3.Avitaminoz; 4.Polivitaminoz;
Orqanizmdə vitamin çatışmazlığı ilə əlaqədar olan patologiyalardır:
A) 1, 3
B) 1, 2
C) 2, 3
D) 3, 4
E) 2, 4
Uyğunluğu müəyyənləşdirən test tapşırıqları - imtahan verənə iki siyahıda verilmiş elementlər arasında uyğunluğu müəyyənləşdirmək təklif edilir. Bu tapşırıqlar müxtəlif cür tərtib edilə bilər. Məsələn,
Uyğunluğu müəyyən edin:
Xəstəlik |
Törədici |
1 – qazlı qanqrena |
a – Shigella dysenteria |
2 - kolit |
b – Streptococcus pyogenes |
3 - Laym xəstəliyi |
c – Clostridium perfringens |
4 - qızıl yel |
d – Borrelia burgdorferi |
A) 1–c; 2–a; 3–d; 4–b;
B) 1–c; 2–b; 3–c; 4–d;
C) 1–a; 2–c; 3–d; 4–b;
D) 1–d; 2–a; 3–c; 4–b;
E) 1–d; 2–a; 3–c; 4–b;
Digər halda imtahan verənə məlum elementlərə müfafiq olan naməlum elementləri müəyyənləşdirmək təklif edilir. Məsələn,
X, Y və Z törədicilərini müəyyən edin:
Xəstəlik |
Törədici |
Skarlatina |
X |
Qarın yatalağı |
Y |
Göy öskürək |
Z |
A) X-Streptococcus pyogenes; Y-Salmonella Typhi; Z-Bordetella pertussis
B) X-Streptococcus pyogenes; Y-Yersinia pestis; Z- Bordetella pertussis
C) X-Bordetella pertussis; Y- Salmonella Typhi; Z-Candida albicans
D) X-Candida albicans; Y-Salmonella Typhi; Z-Bordetella pertussis
E) X-Streptococcus pyogenes; Y-Salmonella Typhi; Z-Yersinia pestis
Ardıcıllığı müəyyənləşdirən test tapşırıqları - imtahan verən siyahıdakı elementləri müəyyən ardıcıllıqla yerləşdirməlidir. Məsələn,
İnfeksion xəstəliyin dövrlərinin düzgün ardıcıllığını göstərin:
A) inkubasiya, prodromal, klinik təzahür, rekonvalessensiya
B) prodromal, inkubasiya, klinik təzahür, rekonvalessensiya
C) inkubasiya, rekonvalessensiya, prodromal, klinik təzahür
D) rekonvalessensiya, inkubasiya, klinik təzahür, prodromal
E) inkubasiya, rekonvalessensiya, klinik təzahür, prodromal
İzahedici test tapşırıqları – müəyyən mövcud obyektin, hadisənin və s., yaxud onların mexanizmlərinin izahı ilə əlaqədardır. Məsələn,
Papillomavirusların kanserogen təsirinin mexanizmidir:
A) şiş supressiyaedici p53 və Rb genlərinin inaktivləşdirilməsi
B) şiş supressiyaedici p53 və Rb genlərinin aktivləşdirilməsi
C) şiş supressiyaedici p53 geninin Rb genini aktivləşdirməsi
D) epidermisin ayrı-ayrı qatlarında reproduksiya qabiliyyəti
E) şiş supressiyaedici p53 geninin Rb genini inaktivləşdirməsi
Hesablama tələb edən test tapşırıqları – bu tapşırıqların həlli müəyyən hesablama tələb edir. Məsələn,
Bakterioloji müayinədə sidik nümunəsi bərk qidalı mühitə tutumu 0,02 ml olan ilgəklə inokulyasiya edilmişdir. İnkubasiyadan sonra 20 koloniya inkişaf etdiyi təqdirdə bakteriuriyanin dərəcəsini müəyyən edin:
A) 103
B) 104
C) 105
D) 102
E) 10
Proqnostik (öncəgörmə) test tapşırıqları – müəyyən hadisənin sonluğu haqqında nəticə çıxarmağa imkan verən qabiliyyəti yoxlamaq üçün tərtib edilir. Məsələn,
Su çiçəyi keçirmiş uşaqda törədici virusun persistensiyası nəticəsində yetkin yaşlarinda hansı xəstəliyin baş verməsi mümkündür?
A) zoster
B) yarımkəskin ensefalit
C) Berkitt limfoması
D) təbii çiçək
E) Q-qızdırması
Fəaliyyət (situasiya) test tapşırıqları– müəyyən sahədə çalışan, yaxud çalışacaq mütəxəssislərin fəaliyyəti ilə əlaqədar olan qabiliyyəti yoxlamaq üçün tərtib edilir. Belə test tapşırıqlarında müəyyən vəziyyət (situasiya) təsvir edilir, testin şərtində isə imtahan verənin nə edəcəyi soruşulur. Məsələn,
35 yaşlı kişi qarının yuxarı nahiyyəsində 3 həftə davam edən ağrı şikayətlərilə həkimə müraciət etmişdir. Ezofaqoqastrodudenoskopiya aktiv duodenit əlamətləri aşkar etmişdir. Duodenal biopsiya materialı ilə ureaza sınağı müsbətdir. Xəstəliyə səbəb olan mikroorqanizmi müəyyən edin:
A) Helicobacter pylori
B) Clostridium difficile
C) Campylobacter jejuni
D) Proteus vulgaris
E) Salmonella Typhi
Fəaliyyət testlərinin hazırlanması xeyli əmək və vaxt tələb edir, müəllimdən xüsusi yaradıcılıq tələb edir. Tapşırığın stili, məzmunu tələbənin anlam səviyyəsinə uyğun gəlməklə, eyni zamanda reallığı və həqiqəti əks etdirməli, müasir fəaliyyətlə uzlaşmalı, mənalı və stimulverici olmalı, onlarda müəyyən bacarıqların formalaşmasına, yaradıcı (klinik) təfəkkürün inkişafına xidmət etməlidir.
Test tapşırıqlarının tərtibi üçün hər bir kafedrada test hazırlayan Komissiyaların yaradılması məqsədəuyğundur. Bu Komissiyalara kifayət qədər pedaqoji təcrübəyə malik, tələbələrin biliyinin qiymətləndirilməsində səriştəsi olan müəllimlərin daxil edilməsi məsləhət görülür. Eyni zamanda hazırlanacaq testlərin rus və ingilis dillərinə tərcümə edilməsi də nəzərə alınmalıdır. Test tapşırıqlarının hər üç dildə anoloji olması tövsiyə edilir. Məsələn, test tapşırıqları ilkin olaraq azərbaycan dilində tərtib edilərsə, onlar olduğu kimi rus və ingilis dillərinə, yaxud test tapşırıqları ilkin olaraq rus dilində tərtib edilərsə, onlar olduğu kimi azərbaycan və ingilis dillərinə tərcümə olumalıdır. Bu zaman test tapşırıqlarının nömrələnmə ardıcıllığı dəyişmir.
Hər bir fənn üzrə tədris proqramına uyğun test bankının yaradılması məqsədəuyğundur. Belə olduqda test tapşırıqlarından istənilən məqsədlərlə istifadə olunması asanlaşır. Məsələn, test tapşırıqlarından istifadə etməklə dərs ili (yaxud, semestr) ərzində tələbələrin mənimsəmə dinamikasını izləmək, tədrisin keyfiyyəti barədə operativ informasiyalar toplamaq və nəticələri çox az vaxt ərzində təhlil etmək mümkündür. Digər tərəfdən, semestr ərzində tələbələrlə test tapşırıqlarından istifadə etməklə ən azı bir dəfə sorğu keçirilməsi məqsədəuyğundur. Bu zaman həm tələbələrin cari mənimsəməsi qiymətləndirilir, həm də əsas imtahanlarda rastlaşacaqları test tapşırıqları barəsində onlarda təsəvvür formalaşır.
Test tapşırıqlarının ekspertizası
Testlərin ekspertizası onların tərtibi prosesində mütləq şərtlərdəndir. Testlər tərtib edildikdən sonra onların obyektivliyini və düzgünlüyünü yoxlamaq lazımdır. Test tapşırıqlarının eksperti təcrübəli mütəxəssis-müəllimlər ola bilər. Test tapşırığını hazırlayan müəllim həmin tapşırığın eksperti ola bilməz!
Ekspertizanın ən sadə variantı ekspertlərə hazırlanmış testləri aşağıdakı meyarlar üzrə qiymətləndirməyi təklif etməkdir:
- birmənalı olması (birmənalıdır, qismən birmənalıdır, birmənalı deyil);
- variantların yararlılığı (uyğundur, qismən uyğundur, uyğun deyil);
Sonrakı mərhələdə test tapşırıqlarının ekspertizası kafedra metodik komissiyalarında aparılır. Kafedra metodik komissiyaları test tapşırıqlarının məzmununun ekspertizası zamanı aşağıdakıları qiymətləndirir:
Tələblər |
Ekspertiza rəyi müsbət olduqda |
Ekspertiza rəyi mənfi olduqda |
Proqrama və tədris standartlarına uyğunluq |
+ |
Test tapşırığı qəbul edilmir |
Tapşırığın həllinə sərf edilən vaxt |
+ |
Ekspertin fikrincə tapşırığın həllinə sərf edilən vaxt göstərilir |
Tapşırığın çətinliyi (tapşırığı həll edə biləcək tələbələrin güman edilən faizi) |
+ |
Tapşırığın çətinliyi barəsində ekspertin rəyi göstərilir |
Cavabın düzgünlüyü |
+ |
Ekspertin rəyi ilə test tapşırığı qəbul edilmir, yaxud düzgün cavab yazılır |
Məzmununun ekspertizası ilə yanaşı test tapşırıqlarının texniki ekspertizası da aparılır. Burada test tapşırıqlarının mətnindəki qrammatik və stilistik səhvlər, mətnin formatı, şəkillərin, qrafiklərin və cədvəllərin tərtibatı və s. qiymətləndirilir, lazım gəldikdə korreksiya edilir.
Testlərin ekspertizasının son mərhələsi onların kafedra iclaslarında müzakirəsidir.
Test tapşıriqlarında daha çox rast gəlinən səhvlər aşağıdakılardır:
Test üsulu ilə imtahanların aparılması qaydaları
Çoxseçimli test tapşırıqlarından istifadə etməklə imtahanların texniki qurğu ilə (xüsusi proqram təminatına malik kompyuterlərlə) aparılması və nəticələrin avtomatik qiymətləndirilməsi mümkündür. Bu məqsədlə Azərbaycan Tibb Universitetində Virtual Test Mərkəzi fəaliyyət göstərməyə başlamışdır.
Hazırlanmış test tapşırıqları müvafiq qaydada ekspertizadan keçdikdən sonra Virtual Test Mərkəzinə təqdim edilir. Virtual Test Mərkəzinə təqdim etmək üçün testlər aşağıdakı texniki tələblərə müvafiq olmalıdır:
Virtual Test Mərkəzində təqdim edilimiş test tapşırıqları düzgün cavab variantının yeri dəyişdirilməklə xüsusi işləmələrdən keçirilir və fənn daxilində hər bir bölmənin təmsil olunması şərtilə imtahan testləri formalaşdırılır.
Test üsulu ilə imtahanlardan əvvəl qiymətləndirmə üçün müəyyən edilmiş standart (düzgün cavabın neçə balla qiymətləndirilməsi, eləcə də səhv cavabların imtahan nəticələrinə necə təsir etməsi) tələbələrə bildirilir.
Beləliklə, çoxseçimli testlərdən istifadə olunmaqla tələbələrin biliyinin texniki qurğu ilə qiymətləndirilməsi nəticəsində yoxlayan subyektin rolu minimuma endirilir, yəni test imtahanlarının nəticələri onların kim tərəfindən keçirilməsindən asılı olmur. Ona görə də test imtahanlarının fənn müəllimləri və ya xüsusi mütəxəssislər tərəfindən aparılmasına ehtiyac duyulmur.
Azərbaycan Tibb Universitetində tədris edilən fənlər üzrə
test bankına (toplusuna) olan tələblər
Test üsulu ilə qiymətləndirmə zamanı fənn proqramlarının mənimsənilmə keyfiyyətini və etibarlıqlıq dərəcəsini yüksəltmək, tələbələrin imtahanlara hazırlaşmasının səmərəsini artırmaq, eləcə də fənn proqramını tam əhatə etmək üçün test bankının yaradılması məqsədəuyğundur. Test tapşırıqları səriştəli və bu sahədə təcrübəyə malik olan müəllimlər tərəfindən hazırlanmalıdır.
Hər bir fənn üzrə test bankının tərtibi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
1. Test bankı fənnin mövcud proqramına uyğun olaraq təməl, klinik və ixtisas fənnləri üzrə bir tədris kredit vahidi üçün 250-300, digər fənnlər üçün 100-150 tapşırıq olmaqla hazırlanır.
2. Fənnin mövcud tədris proqramı oxşar fəsilləri birləşdirməklə 5-10 bölməyə ayrılır və bu bölmələr ardıcıl nömrələnir. Test tapşırıqları hər bir bölmə daxilində ayrıca nömrələnir və bir-birindən çətinliyinə görə fərqlənən 3 səviyyə üzrə - asan, orta və çətin səviyyələrdə tərtib edilir. Test tapşırıqlarının ümumi sayının təqribən 35%-nin sadə, 35%-nin orta və 30%-nin çətin olması məqsədəuyğundur. Bundan əlavə, mümkün qədər qabiliyyət göstəricilərinə görə müxtəlif olan testlər tərtib olunmalıdır.
3. Hazırlanacaq testlərin rus və ingilis dillərinə tərcümə edilməsi nəzərə alınmalıdır. Test tapşırıqlarının hər üç dildə anoloji olmalıdır. Məsələn, test tapşırıqları ilkin olaraq Azərbaycan dilində tərtib edilərsə, onlar olduğu kimi rus və ingilis dillərinə tərcümə olunmalıdır. Bu zaman test tapşırıqlarının nömrələnmə ardıcıllığı dəyişmir.
4. Hazırlanmış test bankı kafedra iclasında müzakirə edilir, Tədris-metodik innovasiyalar şöbəsində texniki ekspertizadan sonra Universitetin Mərkəzi Metodik Komissiyasında müzakirə edilir. Düzgün cavabı A) bəndində yerləşdirilmiş elektron variantı Virtual Test Mərkəzinə təqdim edilir. Test bankındakı tapşırıqlarda düzgün cavabların yerini dəyişib, açar əlavə etməklə nəşr edilir və tələbələrin istifadəsinə verilir (test bankı imtahan sessiyasına ən geci 1 ay qalmış universitetin saytında yerləşdirilir)