BAKI – 2016

Metodik tövsiyələri tərtib edənlər:
Tədris-metodik və innovasiya şöbəsinin müdiri,
əməkdar müəllim prof. A.İ.Qurbanov             
Beynəlxalq əlaqələr üzrə prorektor, dos. R.İ.Qabulova
Redaktor:
Tədris işləri üzrə prorektor, ə.e.x., prof. S.C.Əliyev
Metodik tövsiyələr
Azərbaycan Tibb Universitetinin Mərkəzi Metodik Komissiyasının
20 oktyabr 2016-cı il (protokol N1) qərarı ilə nəşr edilir

ÖN SÖZ
Müasir tibb təhsili nəzəri biliklərin təcrübi, yaxud klinik bacarıqlarla (peşə vərdişlərilə) birgə tədrisini və qiymətləndirilməsini tələb edir. Bu bacarıqların əksəriyyəti tələbələrdə peşə vərdişlərin formalaşması ilə müşayiət olunur, yəni tələbə müəyyən bir bacarığa malik olduqdan sonra onu peşə vərdişi səviyyəsinə qədər təkmilləşdirməlidir. Beləliklə, tələbələr təhsil müddətində təcrübi, yaxud klinik bacarıqlara da yiyələnməlidirlər. Nəzəri biliklərin təcrübi, yaxud klinik bacarıqlarla inteqrasiyası tibb sahəsində yüksək ixtisaslı mütəxəssisləin hazırlanması üçün müstəsna əhəmiyyət kəsb edir. Ona görə də, keyfiyyətli ali tibb təhsilinin ən mühüm meyalarından biri tələbələrin nəinki nəzəri biliklərinin, eləcə də onların əldə etdikləri bacarıqların obyektiv və ədalətli qiymətləndirilməsindən ibarətdir.
Bacarıqların qiymətləndirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı üsullardan biri də son illərdə dünyanın əksər ölkələrində geniş tətbiq edilən, Obyektiv Strukturlaşdırılmış Klinik (Praktik) İmtahan (OSKİ, yaxud OSPİ) adlandırılan imtahan üsuludur. Bu üsul tələbələrin klinik və təcrübi bacarıqlarını eyni sınaqla ədalətli qiymətləndirməyə imkan verir.
OSKİ Azərbaycan tibb təhsilində ilk dəfə tətbiq edilməyə başladığından onun təşkili və aparılması bir çox metodik problemlərin həllini tələb edir. Hesab edirəm ki, təqdim edilən bu vəsait OSKİ təşkili və və aparılmasında qarşıya çıxa biləcək metodik çətinliklərin aradan qaldırılmasına kömək edəcəkdir.
Azərbaycan Tibb Universitetinin Rektoru
PROFESSOR  G.Ç.GƏRAYBƏYLİ
Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ)
Objective Structured Clinical Examination (OSCE)
OSKI - diplomaqədərki və diplomdansonrakı tibb təhsilində klinik  təbabət sahəsindəki səriştəliliyi qiymətləndirməyin etibarlı standartlaşdırılmış üsulu olub, bütün dünyada geniş istifadə edilir. Ilk dəfə Harden və b. (1972) tərəfindən Şotlandiyanın Dundee universitetinin tibb fakultəsində tətbiq edilmiş, daha sonralar bütün dünyada geniş istifadə edilməyə başlanmışdır.  
OSKI zamanı tələbələrin intellektual, ünsiyyət və tətbiqi bacarıqları eyni, standartlaşdırılmış sınaq vasitəsilə qiymətləndirilir. Bunlar anamnez toplamaq, fiziki müayinə, laborator və instrumental məlumatları analiz etmək, sərbəst qərar vermə, əməli bacarıqlar, müalicənin planlaşdırılması, tibbi alətlərdən istifadə, xəstə ilə ünsiyyət bacarıqları kimi sahələri əhatə edir.
OSKI ilə qiymətləndirmə prinsipi ondan ibarətdir ki, imtahan verən tələbələr bir-birini əvəz etməklə, ardıcıllıqla müəyyən saylı məntəqələrdən keçərək, hər birində müəyyən zaman çərçivəsində bir konkret tapşırığı yerinə yetirirlər. Hər bir məntəqədə qiymətləndirmə meyarı əvvəlcədən müəyyənləşdirilir. OSKI həyata keçirilməsində ilk addım qiymətləndiriləcək bacarıqların müəyyənləşdirilməsidir. Nəzərə almaq lazımdır ki, OSKI biliyin yeganə qiymətləndirmə üsulu deyildir, məsələn, nəzəri biliyin qiymətləndirilməsi üçün test imtahanları tətbiq oluna bilər.
OSKİ üçün istifadə edilən tapşırıqlar təhsil proqramına uyğun, yəni əvvəlcədən tələbələrə öyrədilmiş olmalıdır. Bacarıqların qiymətləndirilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Klinik bacarıqların qiymətləndirilməsində xəstədən istifadə edilə bilər, simulyativ pasiyent (aktyor və ya xüsusi təlimləndirilmiş şəxs) isə ünsiyyət bacarıqlarının qiymətləndirilməsi zamanı məqsədəuyğun hesab olunur. Simulyativ pasiyentlər bəzi klinik əlamətləri  (məsələn, görmə sahəsinin məhdudlaşması, qarında lokal ağrılar və s.) simulyasiya edə bildiyindən, onlardan həm də klinik müayinələrin aparılması üçün istifadə etmək olar.
OSKİ aparılması üçün məntəqələr qismində ayrı-ayrı otaqlardan, yaxud səs izolyasiyalı arakəsmələr ilə təchiz edilmiş iri zallardan istifadə oluna bilər. Tələbələrin qeydiyyat üçün toplanması və imtahandan əvvəl məlumatlandırılması, eləcə də pasientlərin imtahan fasilələrində dincəlməsi üçün otaqlar tələb oluna bilər.

14 mətəqəli OSKİ qurğusunun sxemi

OSKİ məntəqələri əvvəlcədən hazırlanmalı, ləvazimatlarla təchiz edilməli və qiymətləndirmə üçün sınaqdan keçirilməlidir. Bir məntəqədə adətən bir bacarıq qiymətləndirilir. Hər bir OSKİ məntəqəsində aşağıdakı şərtlərin gözlənilməsi vacibdir:

    hər bir məntəqədə bacarıqların yerinə yetirilməsi üçün avadanlığın olması;
    hər bir məntəqədə lazım olan avadanlıqların siyahısının olması;
    imtahandan bir gün öncə məntəqələrdəkı avadanlıqların siyahı üzrə yoxlanılması;
    imtahan verənlər üçün hər bir məntəqədə yerinə yetiriləcək tapşırıqlar haqda dəqiq təlimatın olması;
    hər bir məntəqədə qiymətlənirilən bacarıqların bütün mərhələlərini əks etdirən rəhbərliklərin olmasi;
    məntəqədə “real”, yaxud simulyativ xəstə varsa, onun yaşı, cinsi, milliyyəti kimi məlumalatlar;
    simulyativ xəstələr üçün dəqiq ssenarinin və qiymətləndirmə vərəqəsinin olması;
    hər bir məntəqə üçün müəyyənləşdirilmiş dəqiq zaman intervalının olması. İdeal halda tələbələrin OSKİ məntəqələrində tapşırıqları yerinə yetirmə zamanı elektron taymerlərlə tənzimlənir, lakin  bu məqsədlə uca səsli zəngdən də istifadə oluna bilər. Tələbələrin növbəti məntəqələrə vaxtında keçmələri üçün imtahan götürənlərin və tələbələrin bu zəngi eşidə bilmələri vacibdir. OSKİ məntəqələrində tapşırıqların yerinə yetirilməsi üçün ayrılmış müddət 3-20 dəq. arasında olur və tapşırıqların xarakterindən, çətinliyindən və icra müddətindən asılı olaraq dəyişə bilər;
    OSKİ məntəqələrinin iri işarələrlərlə nömrələnməsi. Bu, tələbələrə və pasientlərə imtahan şəraitində lazım olan məkanı çətinlik çəkməmədən tapmaq üçün vacibdir;
    Hər 40 dəqiqəlik tapşırıq blokları arasında bir istirahət məntəqəsinin olması;

Simulyativ xəstələr:

    Simulyativ xəstələr kimi xüsusi təlim keçmiş şəxslərdən istifadə etmək məqsədəuyğundur;
    Tədris prosesində xəstələrlə ünsiyyət bacarıqlarının öyrənilməsi zamanı müxtəlif yaşlardan, cinslərdən və milliyyətlərdən olan şəxslərdən istifadə etmək mümkündür;
    Simulyativ pasientlər tələbələrə xəstələrdə olan oxşar şikayətləri təqdim etməyi bacarmalıdırlar. Onlara oynayacaqları rollarının ssenariləri qabaqcadan təqdim olunmalı və onlar ünsiyyət bacarıqlarını öyrədən müəllimlərin nəzarəti ilə müvafiq standartlar hazırlamalıdırlar.

 “Real” xəstələr:

    “Real” xəstələrdən adətən ümumi xroniki simptomların aşkar edilməsinin qiymətləndirilməsi məqsədilə istifadə edilir.
    Xəstələr heç də həmişə eyni anamnez vermirlər. Onlar yorula, hətta bəzi simptomları unuda da bilərlər, buna baxmayaraq, OSKİ-də “real” xəstələrin istifadəsi obyektiv qiymətləndirmə üçün çox mühümdür.
    Hər bir xəstə ən yaxşı halda maksimum 10 tələbə müayinəsindən keçə bilər, sonra onlar dincəlmələri üçün əvəz olunmalıdırlar.
OSKİ-nin  aparılma qaydası:
    OSKİ  aparılarkən köməkçilərdən istifadə edilir. Onlar tələbələri, imtahan götürənləri, simulyativ pasientləri və xəstələri istiqamətləndirməklə, onların lazımi yerlərdə vaxtında olmasını təmin edirlər.
    İmtahan verən tələbələrlə və müəllimlərlə qisa praktik təlim keçirilir, müəllimlərə qiymətləndirmə vərəqələrini doldurmaq qaydaları izah edilir.
    Imtahan vaxtının və qrafikinin əvvəlcədən müəyyənlşdirilməsi və imtahan götürənlərin orada iştirakının təmini mərkəzləşdirilmiş koordinasiyanın olmasını tələb edir.

Tələbələr:
    İmtahan başlamazdan bir neçə dəqiqə əvvəl hər bir tələbə ona verilən qiymətləndirmə vərəqini (əlavə 1) götürərək öz məlumatlarını (a.s.a, qrup nomrəsi və s.) müvafiq yerlərdə qeyd edir.
    İmtahan başlandıqda bir tələbə qiymətləndirmə vərəqi ilə təlimatçının əmri (yaxud, zəng səsi) ilə 1-ci məntəqəyə daxil olur. Burada müvafiq bacarığı yerinə yetirir, müəllim tələbəni mövcud rəhbərlik əsasında qiymətləndirdikdən sonra o, növbəti - 2-ci məntəqəyə keçir. Bu zaman növbəti tələbə 1-ci məntəqəyə daxil olur və s.
    Tələbə bacarığı yerinə yetirdikdən və qiymətləndirildikdən sonra  növbəti məntəqəyə ancaq qiymətləndirmə vərəqini götürdükdən sonra, təlimatçının əmri (yaxud, zəng səsi) ilə keçə bilər.
    Tələbə bir məntəqədə ancaq müəyyənləşdirilmiş vaxt ərzində qala bilər.
    Bacarığı icra etmək üçün onun vaxtı çatmasa belə, təlimatçının əmrini (yaxud, zəng səsini) eşitdikdə o, növbəti məntəqəyə keçməlidir. Bacarığı icra etdikdən sonra əlavə vaxt qalarsa, o, təlimatçının əmrini (yaxud, zəng səsini) gözləməlidir.
    Beləliklə, imtahan verən tələbə bütün məntəqələr boyu, bir qayda olaraq ardıcıl dövr edir.
    Sonuncu məntəqədən çıxan tələbə qiymətləndirmə vərəqini təhvil verdikdən sonra getməlidir.

Müəllimlər:
    Imtahan götürən müəllimlər məntəqələrdə elə yerləşdiriliməlidirlər ki, onlar imtahanlarda öz vəzifələrini yerinə yetirə bilsinlər;
    Hər bir məntəqədə adətən bir imtahan götürən müəllim olur. Müəllim qiymətləndirəcəyi bacarığın bütün mərhələlərini və onlara verilən müvafiq balları əks etdirən rəhbərliklə (əlavə 2) təmin edilməlidir;
    Müəllim tələbənin bacarığı yerinə yetirməsinə müdaxilə etməməlidir, ancaq lazım gəldikdə onun hansı bacarığı yerinə yetirməli olduğunu xatırlada bilər;
    Müəllim tələbənin bacarığını müvafiq rəhbərlik əsasında qiymətləndirməlidir;
    Bacarıq qiyməti tələbənin təqdim etdiyi (özü ilə gətirdiyi) qiymətləndirmə vərəqində düzəlişə yol vermədən yazılmalı və imzalanmalıdır;
    Müəllim qiymət yazarkən tələbənin növbəti məntəqəyə keçməsini ləngitməməlidir.

OSKİ nəticələrinin yekunlaşdırılması:
    Qiymətləndirmə vərəqələri diqqətlə toplanılmalıdır. Belə ki, itmiş vərəqələr tələbələrin qiymətləndirilməsinə çətinlik yarada bilər;
Simulyativ pasientlərin və xəstələrin evə çatdırılması, onlara müvafiq əmək haqqının verilməsi, onların gələcək iştirakının təmini üçün vacibdir.

Əlavə 1
Daxili xəstəliklərdən Obyektiv Strukturlaşdırılmış Klinik İmtahana (OSKİ) dair
QİYMƏTLƏNDİRMƏ VƏRƏQƏSİ

Qrup N________ Tələbə____________________________      OSKİ tarixi______20___

Bacarıqlar:     

 

Qiymət

(max 10 bal)

Müəllim

1. Ürəyin auskultasiyası

 

 

2. Təməl həyat dəstəyi (ürəyin qapalı massajı və ağızdan-ağıza tənəffüs)

 

 

3. Rentgenoqram təhlili

 

 

4. EKQ təhlili

 

 

5. Reseptin yazılması

 

 

Yekun (max 50 bal)

 

 

Əlavə 2

“Yuxarı ətrafda qanaxmanin müvəqqəti dayandırılması” bacarığını icra etmək üçün 

RƏHBƏRLIK (nümunə)[2]

[1] Qiymətləndirmə vərəqəsində hər bir bacarığın yerinə yetirilməsi üçün verilən maksimum qiymət OSKİ üçün tətbiq edilən bacarıqların sayından asılı olaraq dəyişilir. Məsələn, 5 bacarıq yoxlanıldığı təqdirdə hər bir bacarıq maksimum 10 balla, 10 bacarıq yoxlanıldığı təqdirdə isə maksimum 5 balla və s. qiymətləndirilir.

Manipulasiyanın mərhələsi

Qiymət

1.

Ətrafı bir qədər qaldırmaq

1

2.

Turnanı yaradan proksimal və mümkün  qədər ona yaxın, parça (paltar) üzərində qoymaq

3

3.

Bərabər dartılmanı təmin etməklə 2-3 tur qoymaq. Bu zaman, turlar bir birilərin üzərində yerləşdirilməməlidir. Düzgün qoyulduğu təqdirdə qanaxma dayanmalı, periferik nəbz itməlidir

2

4.

Turnanın altında onun qoyulmasının dəqiq vaxtıni əks etdirən kağız parçası yerləşdirilməlidir. Bədənin turna qoyulan hissəsi daimi görünməlidir

2

5.

Turnanı tədricən boşaldaraq çıxarmalı. Qabaqcadan ağrıkəsicilər yeridilməlidir (sözlə deməli).

2

Yekun

10

Rəhbərlikdəki bacarıqların qiymətləndirilməsi üçün ballar OSKİ-də tətbiq edilən bacarıqların sayından asılı olaraq dəyişilir. Məsələn, 5 bacarıq yoxlanıldığı təqdirdə yekun 10 balla, 10 bacarıq yoxlanıldığı təqdirdə isə 5 balla və s. qiymətləndirilir.

 

OSKİ aparıması və məntəqələrin imtahan zalında yerləşdirilməsi