Elmi istiqamət

Mövzu: Qlaukomanın və keratokonusun etiopatogenez, diaqnostika və müalicəsinə müasir yanaşmalar

İşin aktuallığı: Bütün dünyada 124 milyon insan zəif görmədən və ya korluqdan əziyyət çəkir. Zəif görmənin və korluğun əsas səbəbi qlaukoma və miopiyadır [1, 2, 3]. Qlaukoma dünyada korluğa səbəb olan ikinci xəstəlikdir. Görmədən məhrum olanların 5,0 milyonu qlaukomanın payına düşür. İlk mərhələlərdə inkişaf etmiş ölkələrdə 50% [1],  zəif inkişaf  etmiş ölkələrdə 90% insan öz xəstəliyindən  xəbərsiz olur. Gözdən əlilliyin səbəbi kimi qlaukoma 28%, miopiya 19% təşkil edir. Asiya populyasiyanda miopiyalı xəstələrin artımı xüsusilə  müşahidə olunur (84%), onlardan 16%-də birnicili açıq  bucaqlı qlaukoma aşkarlanıb. Miopiyada qlaukoma riski zəif dərəcədə 2, 3 dəfə, orta dərəcədə  3-5,5 dəfə [4], yüksək dərəcədə 6,3-14,4 dəfə çoxdur [5].

 Miopik refraksiya qlaukomanın inkişafı riskinin aparıcı faktorlarındandır. Qlaukoma ilə miopiyanın birlikdə olması qlaukomanın ilkin diaqnozunu olduqca çətinləşdirir və onun kliniki gedişini ağırlaşdırır [6].

Beləliklə, yüksək dərəcəli miopiyalı (YDM) xəstələrin cərrahi müalicəsinin optimallaşdırılması oftalmologiyanın aktual problemi olaraq qalır.

Keratokonus – buynuz qişanın nazilməsi, konusabənzər qabarması və biokim­yə­vi xüsusiyyətlərinin zəifləməsi ilə gedən distrofik xəstəlikdir.

Keratokonus, əsasən, yeniyetmə və cavan yaşlarda meydana çıxır, görmə itili­yi­nin proqressivləşən azalması ilə müşayiət olunur və xəstələrin iş qabiliyyətinə ma­­lik olan yaşlarda əlilliyinə aparıb çıxarır.

Keratokonusun rastgəlmə tezliyi müxtəlif müəlliflərə görə 0,01 – 0,4% arasın­da dəyişir. Bu göstəricinin belə diapazonda dəyişməsi xəstəliyin ilkin diaqnos­ti­kasının çətinliyi ilə əlaqədardır [7]. Rastgəlmə tezliyi coğrafi amillərdən asılıdır, cənubda dağlıq ərazilərdə, sosial cəhətdən əlverişsiz şəraitlərdə daha çox rast gəlinir [8].

Rastgəlmə tezliyinin artmasını ekoloji çirklənmə ilə, xüsusilə də radiasion çirklənmə ilə də əlaqələndirirlər [9].

Bəzi alimlərin fikrincə, keratokonusun əmələ gəlməsinə orqanizmin immun statusunda baş verən dəyişikliklər səbəb olur. Belə ki, keratokonuslu xəstələrin yarısından çoxunda autoimmun xəstəliklərə rast gəlinir [10].

Problemin aktuallığı görmə orqanının zədələnməsi nəticəsində erkən əlilliyin əmələ gəlməsinə bağlıdır [11].

Elmi tədqiqatçılar eksperimentdə keratokonus modelinin yaradılmasına nadir hallarda müraciət etməlıəri də bu məsələnin aktuallığını artırır.

Beləliklə, keratokonusun müxtəlif müalicə üsullarının effektivliyini qiymət­ləndirmək üçün keratokonusun praktik əhəmiyyətə malik olan eksperimental modelinin yaradılmasına ehtiyac duyulur ki, hazırki işin əsas vəzifəsi də budur.

Işin məqsədi: Tədqiqatın məqsədi müasir müayinə üsullarından istifadə edərək qlaukomaın etiopatogenezinin aydınlaşdırılması, diaqnostikasının asanlaşdırılması, optimal müalicə üsulunun seçilməsi və keratokonus zamanı buynuz qişada baş verən dəyişikliklərin öyrənilməsi və onların aradan qaldırılması yollarının tapılması üçün  keratokonusun eksperimental modelinin yaradılmasıdır.

Vəzifələr: Bu məqsədin həyata keçirilməsi üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

  1. Qlaukomanın etiopatogenezinə təsir edən amillərin tədqiqi
  2. Qlaukomalı xəstələrdə əməliyyatönü dövrdə görmə orqanın morfofunksional vəziyyətini daha dəqiq şəkildə əks etdirən diaqnostik alqoritm təklif edilməsi.
  3. Yüksək miopiyalı qlaukomalı xəstələrdə nonpenetran (dəlib keçməyən) intraskleral kapsuloplastika ilə fakik və afakik İOL  implantasyasına göstərişlərin işlənib hazırlanması effektliliyinin öyrənilməsi.
  4. Keratokonus modelində buynuz qişanın xüsusiyyətlərinin öyrənilməsi
  5. Keratokonus zamanı buynuz qişanın biomikroskopik tədqiqi
  6. Klinik praktikaya tətbiq etməzdən əvvəl yeni müalicə üsullarının model üzərində öyrənilməsi.

İşin nəzərdə tutulan elmi yeniliyi: Yüksək miopiyalı qlaukomalı xəstələrdə əməliyyatönü dövrdə görmə orqanının funksional və morfoloji dəyişikliklərinin kompleks şəkildə qiymətləndirilməsi, əməliyyata göstərişin dəqiqləşdirilməsi; əməliyyat riskinin proqnozlaşdırılmasına yönəlmiş diaqnostik tədbirlər sisteminin işlənib hazırlanması; yüksək miopiyalı qlaukomalı xəstələrdə mahiyyətcə fərqli, kombinə olunmuş, iki cərrahi yöntəmin tətbiqinin müqayisəli təhlilinin aparılması; keratokonusun müalicəsinin yeni üsullarının işlənib hazırlanması üçün şəraitin yaradılması, keratokonusun müalicəsində istifadə olunan müxtəlif üsulların effektivliyinə nəzarətin mümkün olması.

İşin praktik əhəmiyyəti: Qlaukomalı xəstələrdə əməliyyatönü dövrdə görmə orqanının funksional və morfoloji dəyişikliklərinin kompleks şəkildə qiymətləndirilməsi daha təhlükəsiz müalicə üsullarının seçiminə köməklik göstərəcəkdir.

Keratokonusun patogenez və müalicə üsullarının eksperimental model üzərində öyrənilməsi eksperimental əsaslandırılmış üsulların klinik praktikada istifadə olunması yol açacaqdır.

İşin material və metodları: Klinik tədqiqatlar ATU-nun Tədris-Cərrahiyyə klinikasında və oftalmologiya kafedrasının daha iki bazasında (Milli Oftalmologiya Mərkəzi, “Aristokrat” tibb klinikası), eksperimental tədqiqatlar isə ATU-nun Mərkəzi Elmi-tədqiqat laboratoriyasında aparılacaqdır.

Yüksək miopiyalı qlaukomalı təxminən 50-60 xəstənin 70-80 gözündə aparılmış nonpenetran intraskleral kapsuloplastika ilə FAKO+İOL və ön kamera mənfi İOL implantasiyası əməliyyatlarının kombinə variantları tədqiq olunacaqdır. 50 dovşan gözündə keratokonus modeli yaradılacaqdır.

Tədqiqatlar zamanı vizometriya, biomikroskopiya, qonioskopiya, oftalmoskopiya, perimetriya, tonometriya, elektron tonoqrafiya, A/B-scan – ultrasəs müayinəsi, OCT müayinəsi, keratotopoqrafiya, histomorfoloji müayinələr aparılacaqdır.

Gözlənilən nəticələr: Aparılan tədqiqatlar  qlaukoma və keratokonusun etiopatogenezi haqda elmi təsəvvürlərin genişləndirilməsi, bu xəstəliklərin ilkin mərhələlərdə aşkar edilməsi, erkən diaqnostika üsullarından istifadə edərək klinik əlamətlərin olmadığı dövrdə diaqnozun təsdiqlənməsi, görmə funksiyalarının stabilləşməsi üçün xəstəliklərin inkişaf mərhələsinə uyğun müalicə taktikasının seçilməsinə çərait yaradacaq.

 

ƏDƏBİYYAT

1. Данные Всемирной организации здравоохранения www.who.int/blind­ness/causes/priority/en/ 20.05.2014.

2. Либман Е.С. Структура инвалидности и слепоты РФ // Материалы 8 Всероссийского съезда офтальмологов. 2005, стр. 15-18.

3. Рыбакова Е.Г., Гуревич К.Г., Черепахина М.А. Качество жизни при миопии // Российская педиатрическая офтальмология. 2011, № 1, стр. 53-56.

4. Должич Р.Р. Анатомо-топографические и клинико-функциональные параметры при различном клиническом течении глаукомы у пациентов с приобретенной близорукостью. // Глаукома, №2, 2004, стр 9-14.

5.  Mitchell P., Hourihan F., Sandbach J. et al. The relationship between glaucoma and myopia: the Blue Mountains Eye Study // Ophthalmology, 1999, Vol. 106,  № 10, P. 2010-2015.

6. Братко О. В. Клиническая оценка биомеханических особенностей фиброзной оболочки глаза у больных глаукомой в сочетании с миопической рефракцией. Автореф. Дисс. канд. мед. наук. Самара, 2010, 26 сс.

7. Горскова Е.Н., Клиника, патогенетические варианты течения, диагностика и роль медикаментозных средств в лечении кератоконуса. Автореф. Дисс. д-ра мед. наук, Москва, 1998.

8. Kennedy R, Bourne WM, Dyer JA. A 48 years clinical and epidemiology study of keratoconus. Am J Ophthalmol 1986, №10, Р. 267-273.

9. Anne E. Hughes, Declan T. Bradley et al. Mutation Altering the miR-184 seed Region Causes familial keratoconus with cataract. The American Journal of Human Genetics. 2011, № 89 (5), P. 628-633.

10. Owens H, Gamble G. A profile of keratoconus in New Zealand. Cornea, 2003, № 22, P. 122-125.

11. Rabinowitz Y.S. Keratoconus: update and new advances (Major review). Survey of Ophthalmology, 1998, № 42(4), P. 297- 319.