ÜZVİ KİMYA FƏNNİ ÜZRƏ “KURİKULUM”

Fənnin məqsədi: Əczaçılıq təhsil sistemində mühüm fənnlərdən biri kimi tələbələrdə üzvi reaksiyaların nəzəri əsaslarını, üzvi birləşmələrin kimyəvi xüsusiyyətləri ilə onların quruluşu arasındakı qarşılıqlı əlaqənin qanunauyğunluqlarını, kimyəvi və fiziki-kimyəvi üsullarla üzvi birləşmələrin təyini və quruluşunu müəyyən etmək üçün səmərəli üsullar seçə bilməsini aşılamaqdır. Bununla yanaşı, əczaçılıq kimyası, bioloji-kimya və digər ixtisas fənnlərinin mənimsənilməsində yardımçı olmaq, əczaçıların formalaşması üçün zəmin yaratmaqdır.

Proqram: Əczaçılıq ixtisası üzrə bakalavr hazırlığı üçün “Üzvi kimya” fənni üzrə tədris proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi elmi-metodik şuranın “kimya və kimya texnologiyası” bölməsinin 18 aprel 2005-ci il tarixli iclasının (protokol №14) qərarı ilə təsdiq edilmişdir. Tədris proqramı aşağıdakı bölmələrdən ibarətdir:

Giriş.

1. Üzvi birləşmələrin mövzusu, təsnifatı və quruluşu. Üzvi birləşmələrdə kimyəvi rabitələr. Elektron effektləri. Üzvi reaksiyaların mexanizmi. Üzvi birləşmələrin fəza quruluşu.

2. Üzvi birləşmələrin tədqiqat üsulları. Ayırma və saflaşdırma üsulları. (ekstraksiya, yenidən kristallaşdırma, xromatoqrafiya). Quruluşu təyin etmək üçün müasir fiziki-kimyəvi üsullar. Elektron və infraqırmızı spektroskopiya. Nüvə-maqnit rezonansı spektroskopiyası.

3. Monofunksional üzvi birləşmələrin əsas sinifləri. Karbohidrogenlər. Karbohidrogenlərin halogenli törəmələri. Spirtlər və fenollar. Aminlər. Aldehid və ketonlar. Üzvi turşular.

4. Hetero-funksional üzvi birləşmələr. Aminspirtlər və aminfenollar. Oksiturşular. Oksoturşular.

5. Heterotsiklik birləşmələr. Beşüzvlü bir və iki heteroatomlu heterotsiklik birləşmələr. Kondensləşmiş heterotsiklik birləşmələr. Alkaloidlər. Heterotsiklik birləşmələrin əczaçılıqda rolu.

6. Bioloji polimerlər. Peptidlər və zülallar. Karbohidratlar. Nuklein turşuları.

7. Hidroliz  olunan lipidlər. Terpenlər və steroidlər.

8. Təqvim mövzu planı.

Tədris planı: Azərbaycan Tibb Universitetinin rektoru, akademik Ə.T. Əmiraslanov tərəfindən təsdiq edilmiş tədris planına əsasən kredit sistemi üzrə tədris aparılan əczaçılıq ixtisası üzrə üzvi kimya məcburi və ardıcıl fənn kimi iki semestr ərzində (III və IV semestrlər) tədris olunur; III semestrdə 75 saat (14 saat mühazirə, 61 saat məşğələ), IV semestrdə 75 saat (14 saat mühazirə, 61 saat məşğələ) dərs keçilməsi nəzərdə tutulur. Hər iki semestr üzrə 15 həftə nəzərdə tutulur.

Metodik təsnifatı: Azərbaycanda və digər başqa ölkələrdə tədris olunan dərsliklərdən, metodik-vasitələrdən istifadə olunur:

1. F.P. Həsənov “Üzvi kimya praktikumu” Bakı-1993.

2. Faiq Həsənov “Bioüzvi kimya”, Bakı-2015.

3. S.F. Qarayev “Üzvi kimya” Bakı-2004.

4. Q.B. İskəndərov., N.Ş. Rəsulov “Alkaloidlər və izoprepoidlər”, Bakı-1999.

5. N.Ş. Rəsulov., Ü.Ə. Həsənova “Üzvi birləşmələrin adlandırılması və fəza quruluşu” Bakı-2000.

6. N.Ş. Rəsulov., Ü.Ə. Həsənova “Oksobirləşmələr”  Bakı-2005.

7. А.М. Аптеменко “Органическая химия” Moсква -2002.

Texniki təchizat: Mühazirə auditoriyasında və üzvi kimya laboratoriyasında proyektor quraşdırılmış, mahazirə və məşğələ dərslərinin elektron versiyası hazırlanmış, slayd şəklinə salınmışdır ki, bu da mühazirələrin həm məruzəçi tərəfindən oxunmasının səmərəliyini artırır, həmdə tələbələr tərəfindən yaxşı mənimsənilməsinə zəmin yaradır.

Qiymətləndirilən bacarıqların siyahısı: nəzərdə tutulmur.

İstehsalat praktikası: nəzərdə tutulmur.

Qiymətləndirmə standartları: Fənn üzrə toplamaq üçün lazım gələn 100 balın toplanması aşağıda göstərilənlər əsasında aparılır.

50 bal – imtahana qədər, tədris prosesinin göstəricilərinə görə. O cümlədən:

10 bal – dərsə davamiyyət.

10 bal – sərbəst işlər.

30 bal – məşğələ və seminar dərslər.

Semestr ərzində üç dəfə yoxlama işləri və test tapşırıqları həyata keçirilir və buna müvafiq olaraq tələbələr qiymətləndirilir. 50- bal isə imtahanda toplanır. İmtahan test üsulu ilə virtual test mərkəzində keçirilir. İmtahanda və imtahana qədər toplanan ballar cəmləşir və yekun qiymət aşağıdakı kimi qiymətləndirilir.

A – “Əla”  - 91 – 100 bal.

B – “Çox yaxşı” - 81 – 90 bal.

D – “Yaxşı” -71 – 80 bal.

E – “Kafi” -61 – 70 bal.

F – “Qənaətbəxş” -51 – 60 bal.

C – “Qeyri-kafi” – 51-dən aşağı.  

Tələbə və onun hazırlıq səviyyəsinə verilən tələblər:

Tələbə ilk növbədə üzvi kimyaya aid ədəbiyyatdan sərbəst istifadə etmək bacarığına malik olmalı, üzvi birləşmələrin izomerliyi və adlandırılmasını mənimsəmək nəticəsində birləşmələrin adlarına görə kimyəvi disturları tərtib etməli, üzvi birləşmələrdəki funksional qruplara əsasən təsnifatını aparmalıdır. Bununla yanaşı, kimyəvi və fiziki-kimyəvi üsullarla üzvi birləşmələrin təyini və quruluşunu müəyyən etmək üçün səmərəli üsullar seçməyi və üzvi sintezdə optimal variantı  seçə bilməyi, hesablama aparmaq və hesabat tərtib etməklə bəsit tədris-tədqiqat təcrübələri aparmağı bacarmalıdır.