Fənnin məqsədi: Əczaçılıq təhsili sistemində fundamental kimya fənnlərindən biri kimi tələbələrdə kimyəvi analizin nəzəri əsasları haqqında bilik və təcrübi vərdişlər aşılamaqdır. Digər tərəfdən gələcəkdə ixtisas əczaçılıq fənnlərinin – əczaçılıq kimyası, toksikoloji kimya, farmakoqnoziya, əczaçılıq texnologiyası – tələbələr tərəfindən yaxşı mənimsənilməsində bünövrə yaratmaq və yardımçı olmaqdır.
Proqram: Əczaçılıq ixtisası üzrə bakalavr hazırlığı üçün “Analitik kimya” fənni üzrə tədris proqramı Azərbaycan Respublikası təhsil nazirliyi elmi-metodik şuranın “Kimya və kimya texnologiyası” bölməsinin 18 aprel 2005-ci il tarixli iclasının (protokol №14) qərarı ilə təsdiq edilmişdir. Tədris proqramı bir neçə bölmədən ibarətdir:
Analitik kimya fənni, vəzifələri.
Analiz və sintez. Kimyəvi analiz və təsnifatı. Vəsfi, miqdari, quruluş və sistem analizi. Nümunədən asılı təsnifat, tətbiq növləri. Vəsfi analiz, vəzifəsi təsnifatı. Quru reaksiyalar, təsnifatı. Sürtmə və pirokimyəvi reaksiyalar. Alovu boyama, rəngli incilər və metallik külçələrin alınma reaksiyaları. Fərdi və ardıcıl analiz.
Analitik reaksiyaların spesifikliyi və həssaslığı.
Elektrolit məhlullar nəzəriyyəsi, ion qüvvəsi və fəallıq, onlar arasında asılılıq.
Kütlələrin təsiri qanunu, əhəmiyyəti. Tarazlıq sabiti, növləri, əhəmiyyəti.
Turşu və əsasların protolitik nəzəriyyəsi. Digər yaxın nəzəriyyələr.
Suyun ion hasili. pH və pOH şkalası, turşuluq və əsaslıq sabitləri. Zəif və qüvvətli elektrolit məhlullarında pH-ın hesablanması.
Duzların hidrolizi. Hidroliz dərəcəsi və sabiti. Duz məhlullarında pH-ın hesablanması. Bufer sistemlər, təsir mexanizmi. Bufer tutumu, hesablanması. Bufer məhlullarda pH-ın hesablanması.
Həllolma hasili, həllolma və qarşılıqlı əlaqələri, hesablanma qaydaları. Müxtəlif amillərin təsiri.
Oksidləşmə-reduksiya reaksiyaları və kimyəvi analizdə əhəmiyyəti. Müxtəlif amillərin təsiri.
Kompleksəmələgəlmə və kimyəvi analizdə əhəmiyyəti. Sabitləri, təsir edən amillər.
Ekstraksiya və kimyəvi analizdə tətbiqi. Ekstraksiya parametrləri və riyazi ifadələri. Ekstraksiya növləri.
Vəsfi xromatoqrafiya üsulları, növləri, mahiyyəti, tətbiqi.
3. Analiz üsulları (klassik vəsfi və miqdari kimyəvi analiz).
Vəsfi analiz. Kationların təsnifatı. I, II, III, IV, V, VI qrup kationlarının fərdi və ardıcıl analizi. Anionlar və təsnifatı, xüsusi reaksiyaları.
Miqdari analiz, təsnifatı. Analizin nəticəsinin dəqiqliyi və riyazi qiymət-ləndirilməsi. Qravimetriya, təsnifatı, iş prinsipləri, tətbiqi. Maddələrin təyini.
Titrimetriya, təsnifatı, titrləmə üsulları. Titrli məhlullar, hazırlanma və standartlaşdırma. Turşu-əsasi titrləmə, mahiyyəti, təsnifatı, indikatorlar, titrləmə əyriləri, tətbiqi. Çökdürmə titrləmə, təsnifatı, mahiyyəti, indikatorlar, tətbiqi. Kompleksonometriya, mahiyyəti, növləri, indikatorlar, tətbiqi. Oksidləşmə-reduksiya titrləmə, təsnifatı, üsulların mahiyyəti, indikatorlar, titrləmə əyriləri, tətbiqi.
4. İnstrumental analiz üsulları.
Təsnifatı. Optiki üsullar. Molekulyar-absorbsion üsullar. Buger-Lambert-Ber qanunu. Kolorimetriya, fotokolorimetriya, spektrofotometriya, flyuorimetriya.
Elektrokimyəvi üsullar, təsnifatı. Potensiometriya və titrləmə, kondukto-metriya və titrləmə, kulonometriya, polyaroqrafiya, miqdari xromatoqrafiya üsulları.
5. Təqvim-mövzu planı.
Tədris (mövzu) planı: Azərbaycan Tibb Universitetinin rektoru, akademik Ə.T. Əmiraslanov tərəfindən təsdiq edilmiş tədris planına əsasən kredit sistemi üzrə tədris aparılan əczaçılıq ixtisası üzrə analitik kimya məcburi və ardıcıl fənn kimi 2 semestr ərzində (III və IV semestrlər) tədris olunur; III semestrdə 90 saat (18 saat mühazirə 72 saat məşğələ), IV semestrdə 75 saat (14 saat mühazirə, 61 saat məşğələ) dərs keçilməsi nəzərdə tutulur. Hər iki semestr üzrə tədris müddəti 15 həftədir.
Fənn üzrə mühazirə və məşğələ dərslərinin təqvim-mövzu planı tərtib olunmuş, fənn müəllimlərinə paylanmış, bir nüsxəsi isə kafedranın sənədləri siyahısında saxlanılır.
Metodik təminatı: Analitik kimya fənni kimya ixtisaslı ali məktəblərin hamısında tədris olunduğu üçün müvafiq dərsliklərdən, praktikumlardan, metodik vasitələr-dən istifadə edilir. Məs: Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, 1997, 286 səh; Qurbanov Ə.H., İbrahimov H.İ. Vəsfi analiz, Bakı, 2000, 185 səh; Əliyeva R.Ə., Çıraqov F.M., Hüseynov F.E. Analitik kimyadan praktikum, Bakı, 2004. 512 səh.
Bəzi hallarda rus dilində nəşr edilmiş dərsliklərdən istifadə edilir.
Bunlarla yanaşı əczaçılıq ixtisasının spesifikliyini nəzərə alaraq analitik kimyadan kafedra əməkdaşları aşağıdakı dərs vəsaitlərini nəşr etdirmişlər:
1. İskəndərov Q.B., Məmmədəliyeva F.M., Cəbrayılova N.Ə. Kationların vəsfi analizi Bakı, 2003, 98 səh.
2. İskəndərov Q.B., Cəbrayılova N.Ə., Məmmədəliyeva F.M. Kimyəvi miqdari analiz, Bakı, 2005, 95 səh.
Kafedra əməkdaşları göstərilən dərs vəsaitlərini daha da təkmilləşdirmək və yeniləşdirmək sahəsində fəaliyyətlərini davam etdirirlər.
Texniki təchizat: Mühazirə aparılangeniş auditoriyada rəhbərlik tərəfindən verilmiş proyektor quraşdırılmış və bu mühazirələrin həm mühazirəçi tərəfindən oxunmasının səmərəliliyini artırır, həm də tələbələr tərəfindən yerindəcə materialın yaxşı mənimsənilməsinə zəmin yaradır. Bunun üçün kafedrada mühazirələrin və bəzi məşğələ dərslərinin əvvəlcədən elektron versiyaları hazırlanmış, müvafiq slayd şəklinə salınmış və tədris prosesində geniş istifadə olunur.
Klassik kimyəvi analiz üsullarını yerinə yetirmək üçün lazım gələn ləvazımatlar –
kimyəvi birləşmələr, reaktivlər, həlledicilər, şüşə qab-qacaq, ölçü qabları və s. kafedrada vardır. Çox təəssüf ki, instrumental analiz üçün lazım olan nəinki mürəkkəb bahalı cihazlar, hətta sadə quruluşlu cihazlar: kolorimetr; fotokolorimetr, spektrofotometr, flyuorimetr, xromatoqraf yoxdur.
Qiymətləndirilən bacarıqların siyahısı:
payız semestri üçün:
1.Rəngə görə maddələri fərqləndirmək (Cu+2, Co+2, Ni+2, Fe+2, Fe+3 və Cr+3);
2. Qurğuşunun qızılı-parlaq rəngli çöküntüsünü (PbI2) almaq;
3. Ag+ və Pb+2 qarışığını ayırmaq;
4. Ba+2 kationlarını Ca+2 və Sr+2 kationlarından fərqləndirmək və ayırmaq:
5. Maddələri (FeCl3 və AlCl3) hidroksid birləşmələri əsasında fərqləndirmək:
6. Fe+3 kationlarını 5 nümunənin birində aşkar etmək:
7. Sulfidləri almaq və rəngə görə müəyyən etmək (CdS, MnS, ZnS, Bi2S3, Fe2S3):
8. Co+2-ni Fe+3 iştirakında NH4SCN ilə aşkar etmək:
9. Asetat ionlarını aşkar etmək:
10. Yodid ionlarını aşkar etmək.
yaz semestri üçün:
1. Titrant məhlulunun hazırlanma bacarığı.
2. Məhlul qatılıqlarının ifadəsi və keçidi.
3. Müxtəlif analiz üsullarının nəticələrini hesablamaq.
4. Fe+2 kationlarının müxtəlif analiz üsulları ilə təyini.
5. Həm oksidləşdirici, həm də reduksiyaedici maddələrin eyni bir üsulla təyini.
6. H2O2-nin müxtəlif üsullarla təyini.
7. NaOH və Na2CO3; Na2CO3 və NaHCO3 qarışıqlarının analizi.
8. Xloridlərin Folqard üsulu ilə təyini.
9. Fe+3 və Al+3 kationları qarışığının kompleksonometriya ilə təyini.
10. Dərman preparatlarının (salisil turşusu, novokain, streptosid və s.) analizi.
İstehsalat praktikası: nəzərdə tutulmur.
Qiymətləndirmə standartları: Fənn üzrə toplamaq üçün lazım gələn 100 balın toplanması aşağıda göstərilənlər əsasında aparılır:
50 bal – imtahana qədər, tədris prosesinin göstəricilərinə görə. O cümlədən:
10 bal – dərsə davamiyyət
10 bal – sərbəst işlər
10 bal – bacarıqlar
20 bal – məşğələ və seminar dərslər.
Semestr ərzində 3 dəfə kollokvium keçirilir. Kollokviumda iştirak etmədikdə jurnalda O (sıfır) bal qeyd olunur. 50 bal – imtahanda toplanır. İmtahan test üsulu ilə virtual test mərkəzində keçirilir.
İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır. İmtahanda və imtahana qədər toplanan ballar cəmləşir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A – “Əla” – 91 – 100 bal
B – “çox yaxşı” – 81 – 90 bal
C – “yaxşı” – 71 – 80 bal
D – “kafi” – 61 – 70 bal
E – “Qənaətbəxş” – 51– 60 bal
F – “Qeyri – kafi” – 51 baldan aşağı
Tələbəyə və onun hazırlıq səviyyəsinə verilən tələblər: Tələbə ilk növbədə yuxarıda təqdim edilən bacarıqları tam mənimsəməli və lazım gəldikdə nümayiş etdirməlidir. Maddənin analitik xassəsini nəzərə almaqla tələbə müvafiq analiz üsulu seçmək üçün möhkəm nəzəri biliyə malik olmalı, maddəni aşkar etmək, eynilik və miqdarını müəyyən etmək üçün qəti addım atmağa malik olmalıdır. Bunun üçün tələbə ionların vacib analitik reaksiyalarını bilməli və yerinə yetirməyi bacarmalıdır. Miqdari kimyəvi analiz üzrə qravimetriya və titrimetriya analiz üsullarının nəzəri əsaslarını yaxşı bilməli, titrli məhlul hazırlamaq və standartlaşdırmağı, lazım gəldikdə təcrübədə tətbiq edilməsini bacarmalıdır. Bir sözlə tələbə kimyaçı-analitik səviyyəsində fəaliyyət göstərmək üçün lazım gələn biliklərə və vərdişlərə nail olmalıdır.