ÜMUMİ KİMYA FƏNNİ ÜZRƏ “KURİKULUM”

Fənnin məqsədi: Ümumi və qeyri-üzvi kimyaelm, təhsil və istehsalatın bir çox sahələri üçün hazırlanan və ümumi dünya-görüşünün formalaşmasında fundamental əhəmiyyət kəsb edən fənndir. Ona görə də bu fənn ali təhsilin kimya istiqaməti ilə yanaşı digər təbiət elmləri, tibb və əczaçılıq, həmçinin bir sıra aparıcı ali məktəblərin müvafiq fakültələrində tədris olunur.

Ümumi və qeyri-üzvi kimyanın əsas məqsəd və vəzifələri-maddələrin kimyəvi tərkibi, quruluşu, fiziki və kimyəvi  xassələri arasındakı əlaqələri, kimyəvi proseslərin istiqamətini müəyyən edən kriteryaları, onların mexanizmini və sürətini, həmçinin bu proseslərə müxtəlif amillərin təsirini öyrənməkdir.

Proqram: Əczaçılıq ixtisası üzrə bakalavr hazırlığı üçün “Ümumi və qeyri-üzvi kimya” fənləri üzrə tədris proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi elmi-metodik Şuranın “Kimya və kimya texnologiya”  bölməsinin 18 aprel 2005-ci il tarixli iclasının proqramı aşağıdakı bölmələrdən  ibarətdir:

Giriş.

1. Kimya fənni, onun vəzifələri, Tibb və əczaçılıqda rolu. Termokimya. Məhlulların təbiəti haqqında klassik və müasir nəzəriyyələr. Su universal həlledici kimi. Elektrolitik dissosiasiya, dissosiasiya dərəcəsi və sabiti. Suyun ion hasili və pH reaksiya mühitinin göstəricisi kimi.

2. Atom maddi aləmin əsası kimi. Atomun planetar, yaxud nüvə modeli. Atomda elektronların energetik halının kvant ədədləri ilə xarakteristikası.

3. Dövrü qanun, onun inkişaf mərhələləri. Oksidləşmə-reduksiya reaksiyaları, onların tipləri və tərtib üsulları.

4. Kimyəvi rabitənin təbiəti haqqında klassik və müasir nəzəriyyələr. Kimyəvi rabitələrin növləri.

5. Kovalent rabitə və onun əmələgəlmə mexanizmi. Elektron buludlarının forması və onların qapanması: σ-, π-və δ-rabitələri. Atom orbitallarının hibridləşməsi və molekulların fəza quruluşu.

6. Kompleks birləşmələr (KB). Vernerin koordinasiya nəzəriyyəsi. Koordinasiyon rabitələrin təbiəti. Müasir kompleks əmələgəlmə nəzəriyyələri (VRM, MOM, KSN).

7. KB-nin təsnifatı, nomenklaturası və izomerliyi. KB-nin orqanizmdə rolu, xelat birləşmələr.

8. S-Elementləri, onların dövri sistemdə  mövqeyi. Orqanogen və biogen S-elementləri. I-II A qrup elementləri, onların əsas birləşmələrinin alınması və canlı orqanizmdə rolu. p-Elementləri, onların dövri sistemdə mövqeyi və ümumi xarakteristikası. III A qrup elementləri.

9. IV-V A qrup elementlərinin ümumi xarakteristikası, əsas birləşmələrinin alınması, xassələri və canlı orqanizmdə rolu.

10. VI və VIII A qrup elementlərinin ümumi xarakteristikası, əsas birləşmələrinin alınması və xassələri.

11. d-Elementləri, onların dövri sistemdə mövqeyi və ümumi xarakteristikası. III-V B qrup elementlərinin əsas birləşmələrinin alınması və xassələri.

12. VI və VII B qrup elementlərinin ümumi xarakteristikası, əsas birləşmələrinin alınması, xassələri və canlı orqanizmdə rolu.

13. VIII B qrup elementlərinin ümumi xarakteristikası. Fe, Co və Ni. Dəmir və kobalt əsaslı bioloji komplekslər.

14. I-II B qrup elementlərinin ümumi xarakteristikası, əsas birləşmələrinin alınması və xassələri.

Tədris planı: Azərbaycan Tibb Universitetinin rektoru, akademik Ə.T. Əmiraslanov tərəfindən təsdiq edilmiş tədris planına əsasən kredit sistemi üzrə tədris aparılan əczaçılıq ixtisası üzrə ümumi və qeyri-üzvi kimya məcburi və ardıcıl fənn kimi iki semestr ərzində (I və II semestrlər) tədris olunur; I semestr 75 saat (14 saat mühazirə, 61 saat məşğələ), II semestr 60 saat (14 saat mühazirə, 46 saat məşğələ) dərs keçilməsi nəzərdə tutulur. Hər iki semestr üzrə 15 həftə nəzərdə tutulur.

Metodik təsnifatı: Azərbaycanda və digər ölkələrdə tədris olunan dərsliklərdən və vəsaitlərdən istifadə olunur:

1. Z.Ş. Qarayev “Qeyri-üzvi kimya” Bakı-1983.

2. Ə.B. Əliyev, Y.N. Həsənov, S.İ. Sadıqzadə “Ümumi və qeyri-üzvi kimya”   Bakı-1987.

3. N.S. Axmetov “Неорганическая химия” Москва -1975.

4. Ф.А. Коттон, Д.Уиликинсон «Основы неорганической химии» -М.:       Мир-1979.

5. E.L. Əhmədov “Kompleks birləşmələr” Bakı -2014.

6. E.L. Əhmədov “Bioqeyri-üzvi kimya” Bakı-2010.

7. E.L. Əhmədov “d-Elementlər kimyası” Bakı-2014.

Texniki təchizat: Mühazirə auditoryasında ümumi və qeyri-üzvi kimya laboratoriyasında proektor quraşdırılmış, mühazirə və məşğələ dərslərinin elektron versiyası hazırlanmış və slayd şəklinə salınmışdır ki, bu da mühazirələrin həm məzurəçi tərəfindən oxunmasının səmərililiyini artırır, həm də tələbələr tərəfindən yaxşı mənimsənilməsinə zəmin yaradır.

Qiymətləndirilən bacarıqların siyahısı: nəzərdə tutulmur.

İstehsalat praktikası: nəzərdə tutulmur.

Qiymətləndirmə standartları: Fənn üzrə toplamaq üçün lazım gələn 100 balın toplanması aşağıda göstərilənlər əsasında aparılır.

50 bal – imtahana qədər, tədris prosesinin göstəricilərinə görə. O cümlədən:

10 bal – dərsə davamiyyət.

10 bal – sərbəst işlər.

30 bal – məşğələ və seminar dərslər.

Semestr ərzində üç dəfə yoxlama işləri və test tapşırıqları həyata keçirilir və buna müvafiq olaraq tələbələr qiymətləndirilir. 50- bal isə imtahanda toplanır. İmtahan test üsulu ilə virtual test mərkəzində keçirilir. İmtahanda və imtahana qədər toplanan ballar cəmləşir və yekun qiymət aşağıdakı kimi qiymətləndirilir.

A – “Əla”  - 91 – 100 bal.

B – “Çox yaxşı” - 81 – 90 bal.

D – “Yaxşı” -71 – 80 bal.

E – “Kafi” -61 – 70 bal.

F – “Qənaətbəxş” -51 – 60 bal.

C – “Qeyri-kafi” – 51-dən aşağı. 

Tələbə və onun hazırlıq səviyyəsinə verilən tələblər:

Tələbə ilk növbədə ümumi və qeyri-üzvi kimyaya aid ədəbiyyatdan sərbəst istifadə etmək bacarığına malik olmalı, məhlulların və atomun quruluşu haqqında klassik  və müasir nəzəriyyələrin əsaslarını bilməli, energetik səviyyələrdə elektronların paylanma ardıcıllığını müəyyən edən qanunların mahiyyətini mənimsəməli, atom orbitallarının hibridləşmə şərtlərini və molekulların fəza quruluşunu təyin edən faktorları bilməli, kimyəvi rabitələrin təbiəti haqqında klassik və müasir nəzəriyyələrin müsbət və mənfi cəhətlərini bilməli, elementlərin elektron konfiqurasiyasına   əsasən aparılan təsnifatın incəliklərini mənimsəməli, kompleks birləşmələr haqqındakı  nəzəriyyələri, onların nomenklaturasını və izomerliyin yaranma səbəblərini dərk etmək bacarığına malik olmalıdır.