“Təsdiq edirəm”
Azərbaycan Tibb Universitetinin
Mülki Müdafiə Rəhbəri-
Rektor _______________ prof. G.Ç.Gəraybəyli
“ 05 ” yanvar 2017-ci il.
MM qüvvələrinə cəlb olunmayan əməkdaşlar ilə keçiriləcək
3 saylı məşğələnin
PLAN-KONSPEKTİ
Mövzu: Zəhərləyici maddələr və güclü təsir edici zəhərləyici maddələrin və onların  insan orqanizminə təsiri. Güclü təsir edici zəhərləyici maddələrdən qorunma qaydaları. Fərdi mühafizə vasitələri.
Tədrisin məqsədi: Əhalinin müdafiəsi üçün həyata keçiriləcək tədbirlər haqqında dinləyicilərin biliklərini artırmaq
Keçirildiyi yeri:  Tədris sinfi
Vaxt: 2 saat.
Tədris sualları və təxmini vaxt bölgüsü:
Dinləyicilərin məşğələyə hazırlığının yoxlanılması - 5 dəq.
1- ci tədris sualı: Təsirinə görə zəhərləyici və GTZM-in xarakteristikası və məhvedici  konsentrasiyalar-20 dəqiqə
2-ci tədris sualı: Radiasiya, kimyəvi və tibbi mühafizə vasitələri, onların alınması, saxlanılması və əhaliyə paylanması qaydaları - 30 dəq;
3-cü tədris sualı: Zəhərlənmiş ərazinin aşkar olunması, bu haqda əhalinin xəbərdar edilməsi və radiasiya müdafiə rejimlərinin həyata keçirilməsi - 20 dəq;
4-cü tədris sualı: Radiasiya və kimyəvi nəzarətinin təşkili. Əhalinin sanitar  təmizliyindən keçirilməsi - 20dəq.
 Məşğələyə yekun vurulması 5 dəq.
Ədəbiyyat: 1) «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının  qanunu
                         2) H. Ocaqov. «Mülki Müdafiə»
Əyani vəsait:     Videoproyektor, stendlər və s.
1-ci tədris sualı: Təsirinə görə zəhərləyici və güclü təsiredici zəhərləyici maddələrin  xarakteristikası, yol verilən ən yüksək və məhvedici konsentrasiyalar 
        Sənayenin müxtəlif sahələrində kimyəvi maddələr və materiallar istehsalının həcmi gündən-günə artır.
        Belə bir şəraitdə bizi istehsalatda və məişətdə 100-dən çox güclü təsirli zəhərli maddə əhatə edir.
        Respublikamızın təsərrüfatının xeyli obyektlərində GTZM-dən ya bilavasitə istehsalat məqsədləri üçün, ya istehsalatla əlaqədar olan müxtəlif proseslərin təmin edilməsi üçün istifadə edilir.
       GTZM-in saxlandıqları tutarlardan və qablardan kənara axması-həm dinc dövrdə qəzalar nəticəsində, həm də müharibə vaxtı nüvə partlayışının zərbə dalğasından, adi basqın vasitələrinin birbaşa təsirindən və ya təxribatlar yolu ilə GTZM avadanlığının dağılması nəticəsində baş verə bilər.
       Beləliklə, düşmənin nüvə və ya adi silahla havadan zərbələri nəticəsində yaranan qəzalar zamanı kimyəvi obyektlərdə GTZM-in ətrafa yayılması (axması) mümkündür. Belə hallarda ikincili zədələnmə ocaqları yaranır.
  Kimyəvi təhlükəli obyektlərə aşağıdakı obyektlər aid edilə bilər:
- kimya, neft emalı, neft kimya sənayesinin və onlarla əlaqədar olan digər sənaye 
  sahələrinin müəssisələri;
- suyu təmizləmək (dezinfeksiya etmək) üçün xlordan istifadə edilən su kəməri və    
  sutəmizləmə qurğuları;
- soyuducu maddə kimi ammonyakdan istifadə olunan soyuducu qurğulara malik  
   müəssisələr, ərzaq ehtiyatlarını saxlayan idarələrin soyuducu qurğuları və bazaları;
- kənd təsərrüfatında işlədilən kimyəvi təsirli maddələr ehtiyatı saxlanılan anbarlar və        
   bazalar.
       Xalq təsərrüfatında ən çox işlədilən bəzi güclü təsirli – qəza təhlükəli kimyəvi maddələri nəzərdən keçirək.
       Ammonyak boğucu, kəskin naşatır iyli, rəhgsiz qazdır, dadı çox acıdır, havadan yüngüldür.
       Ammonyak yuxarı tənəffüs yollarına və gözlərə qıcıqlandırıcı təsir göstərir.
       Susuz, saf maye ammonyak dəridə ağır yanıqlar törədir. Ammonyakı zərərsizləşdirmək üçün 1/20 nisbətində sudan istifadə edilir.
       Xlor kəskin boğucu iyli, göyümtül-sarı qazdır. Havadan 2,5 dəfə ağırdır.
       Su təchizatı və kanalizasiya sistemlərinin təmizləyici qurğularında, içməli və tullantı suların təmizlənməsi və zərərsizləşdirilməsi üçün xlor işlədilir.
       Xlor yuxarı tənəffüs yollarına kəskin qıcıqlandırıcı təsir göstərir, yüksək konsentrasiyalarda təsir zamanı dərhal ağciyər şişi inkişaf edir.
       Xlorpikrin kənd təsərrüfatı zərərvericiləri ilə mübarizə və dezinfeksiya məqsədləri üçün, taxıl, un və digər ərzaq anbarlarının təmizlənməsi, habelə əleyhqazların sazlığının yoxlanılması üçün işlədilir.
       Saf xlorpikrin kəskin iyli, rəngsiz, yağlı mayedir.
       Xlorpikrin buxarları gözlərin selikli qişalarını, ağciyərləri güclü surətdə, yuxarı nəfəs yollarını azacıq qıcıqlandırır. Ümumi zəhərləyici təsirə də malikdir.
       Sianid turşusu rəngsiz, şəffaf mayedir.Acı badam iyinə bənzər bihuşedici iyi var.
       Sianid turşusunun buxarları ilə nəfəs alarkən, o, dəri səthindən sorulmaqla və qida yolları ilə birbaşa daxilə keçərək zəhərlənmələrə səbəb olur.
       Fosgen çürük ot iyi verən rəngsiz qazdır.
       Fosgen torpağı, texnikanı, avadanlığı zəhərləyə bilmir.
       Fosgen buxarları ilə nəfəs alarkən ağciyərlərin spesifik zəhərlənməsi baş verir. Bundan başqa o, gözlərə və selikli qişalara zəif qıcıqlandırıcı təsir göstərir, dəriyə təsir etmir.
      GTZM-dən mühafizə olunmaq üçün sənaye əleyhqazlarından və xüsusi respiratorlardan istifadə olunur.
      Kimyəvi cəhətdən təhlükəli obyektlərdə və belə obyektlər yerləşən yaşayış məntəqələrində fəhlə və qulluqçuların, habelə digər əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə yerinə yetirilməli işləri əsasən 2 qrupa ayırmaq olar:
- GTZM-dən mühafizə üçün əvvəlcədən görülən hazırlıq tədbirləri,
- GTZM-in kənara dağılması nəticəsində qəza baş verərkən onun nəticələrini aradan      
   aldırmaq tədbirləri.
       Əvvəlcədən görülən hazırlıq tədbirləri belə ilmalıdır: zəhərli maddə tutumlarının,
boru xətlərinin möhkəmliyini artırmaq, onların yerini dərinləşdirmək, ətrafda bənd, siqnalizasiya düzəltmək və s. kimi mühəndis-texniki tədbirlər; işçilər üçün mühafizə vasitələri (sənaye əleyqazı və respiratorları, təcridedici əleyhqazlar), habelə kimyəvi zəhərlənmə nəticəsində təhlükəli sahələrdən köçürülə biləcək əhali üçün mühafizə komplektləri ehtiyatları yaratmaq, hazır vəziyyətdə saxlamaq; həmçinin obyektin MM dəstələrini müvafiq avadanlıqla təchiz etmək və qəza nəticələrinin aradan qaldırılması işlərinə hazırlaşdırmaq, qəza barədə işçilərə, yaxınlıqdakı əhaliyə dərhal xəbər vermək üçün xəbərdarlıq sistemi yaratmaq, siqnallar müəyyən etmək; belə fövqəladə hallarda mühafizə və xilasetmə məqsədilə görülməli işləri əvvəlcədən planlaşdırmaq; ; zəhərli maddələrin aşkar olunması üçün müvafiq cihazları yararlı halda saxlamaq; fəaliyyət qaydalarını öyrətmək və s.
       Qəza nəticələrini aradan qaldırmaq üçün görülən işlər isə bunlardır: GTZM-dən zədələnmə təhlükəsi yarandığı barədə müəssisədə fəhlə və qulluqçulara, yaxınlıqda yaşayan əhaliyə dərhal məlumat vermək; zədələnmiş adamlara ilk yardım göstərmək.
      Qəzanın nəticələri aradan qaldırıldığı və təhlükəli sovuşduğu barədə xəbər verilməyincə yaşayış yerlərinə qayıtmaq, və ya kipləşdirilmiş bunalarsan çıxmaq olmaz.
2-ci tədris sualı: Radiasiya, kimyəvi və tibbi mühafizə vasitələri, onların
alınması, saxlanılması və əhaliyə paylanması qaydaları
       Mülki Müdafiə tədbirlərinin həyata keçirilməsində mülki müdfiə əmlakının qabaqcadan, dinc dövründə zəruri sayda toplanılması böyük əhəmiyyət kəsb edir.
       Əsas mülki müdafə əmlakı aşağıdakılardan ibarətdir:
-         radiasiya-kimya əmlakı;
-         tibb əmlakı;
-         mühəndis əmlakı;
-         rabitə əmlakı;
-         yanğına qarşı əmlak.
       Uzun müddətli saxlanılan mülki müdafə  əmlakına radiasiya-kimya vasitələri də daxildir.
-         Fərdi mühafizə vasitələri .
-         Radiasiya, kimya kəşfiyyatı və dozimetrik nəzarət cihazları.
-         Xüsusi təmizləmə cihazları .
-         Müdafiə qurğularından havanın təmizlənməsi və regenerasiya vasitələri.
-         Fərdi kimyəvi paket və rabitə vasitələri.
-         Fərdi tibbi vasitələri.
(məşğələnin rəhbəri FMV təyinatını dinləyicilərdən soruşur, sonra sxemdən istifadə edərək FMV təsnifatını izah edib və göstərir).
1.     Radiasiya-kimya mühafizə vasitələri:
a) Fərdi mühafizə vasitələri (yaşlılar üçün)
-         Süzücü əleyhqazlar – QP-5, QP-5m,QP-7, QP-7V,МСА,МП-5у,ЗМ-6800
-         Uşaqlar üçün 1.5-7 yaşadək – PDFD; 7-17 yaşadək – PDF-Ş.
-         Uşaq mühafizə kamerası – KZD-4,KZD-6.
-         İzoləedici (təcridedici) əleyhazlar – İP-4, İP-5.
-         Sənaye əleyhqazları – qutuların növləri – A, V, Q, E, KD, SO.
-         Respirator – R-2, R-2D.
-         Sadə mühafizə vasitələri – PTM-1 (toza qarşı maska), pambıq-tənzif sarğı və başqaları.
2.     Dərinin mühafizə vasitələri:
-         OZK (ümumqoşun mühafizə komplekti),TZP-PNN,FOO-1.
-         Yüngül mühafizə kostyumu – L-1, ZFO,A,B,S,D səviyəli mühafizə geyimləri.
-         Süzücü mühafizə geyimi.
3.     Tibbi mühafizə vasitələri:
-         İPP-8 (fərdi kimya paketi – FKP).
-         Fərdi tibbi apteçka – Aİ-2
-         Fərdi sarğı paketi.
       Radiasiya və kimya mühafizə vasitələri təsərrüfat obyektlərinin öz vəsaiti hesabına alınır. Təsərrüfat obyektləri öz işçilərini FMV ilə təmin edirlər. mülki müdafə əmlakına çəkilən xərclər müəssisənin – obyektin ümumi maliyyə planına daxil edilir.
        Obyektlərdə iki növ FMV-nin ehtiyyatı saxlanılır:
-         obyektin ehtiyatı;
-         tədris məqsədli vasitələr.
       İstehsalatda işləməyən əhalini fərdi mühafizə vasitələrilə təmin etmək üçün müvafiq rayonun (şəhərin) icra hakimiyyəti orqanının «ehtiyatı» yaradılır. Fərdi mühafizə vasitələrinin müvafiq şəraitdə təlimata əsasən saxlanılması rəhbər işçilərin əsas vəzifələrindən biridir.
       Təlimata uyğun olaraq, fərdi mühafizə vasitələri qızdırılmayan quru binalarda  zavodda qablaşdırılmış yeşiklərdə saxlnılır, istifadə olunmazsa açılması qəti qadağandır.
       Fərdi mühafizə vasitələri, dozimetrik nəzarət cihazlarını,qoşun kimya  kəşfiyyat cihazlarını və başqalarını  mülki müdafiənin kimya-radiometriya laboratoriyasında sınaqdan keçirirlər. Əgər onlar müdafiə qabliyyətini hansı səbəbdənsə itiriblərsə, akt tərtib olunur, obyektin mülki müdafə  rəhbəri tərəfindən təsdiq edilir və mütləq mülki müdafiə idarəsi ilə razılaşdırıldıqdan sonra, obyektin hesabından silinir.
       Bütün əhalini fövqəladə hallar zamanı fərdi mühafizə vasitələri ilə təmin etmək üçün paylama məntəqələrindən istifadə olunur.
       Paylama məntəqəsinin iki variantı təklif olunur.
İstehsal obyektlərində işləyən əhali üçün:
-       paylama məntəqəsinin rəisi – 1 nəfər
-       fərdi mühafizə vasitələrinin boşalta manqası – 4 nəfər;
-       üzlüklərin seçilməsi manqası 2 nəfər;
-       fərdi mühafizə vasitələrinin paylanması manqası – 8 nəfər;
-       fərdi mühafizə vasitələrinin istifadə üçün hazırlanması manqası – 6 nəfər;
-       fərdi mühafizə vasitələrinin texniki yoxlanışı manqası – 3 nəfər.
       Cəmi: şəxsi heyət – 24 nəfər.
Manqaların təchizatı:
1-ci manqa – fərdi mühafizə vasitələrinin anbardan alınması üçün qaimə, əmlak və qurğuların gətirilməsi üçün nəqliyyat.
2-ci manqa – əleyhqazların (respiratorların) ölçüsünü müəyyən etmək üçün cədvəl;
-       santimetrlə qeyd edilmiş lentlər, xətkeş, ölçünü müəyyənləşdirmək üçün şablonlar;
-       fərdi mühafizə vasitələrinin ölçüsünü göstərən talonlar.
3-ci manqa – fərdi mühafizə vasitələrini vermək üçün cədvəl;
-       ölçülərə bölünmüş əleyhqazlar (respiratorlar);
-       ölçünü göstərən vərəqə.
4-ci manqa – pambıq, tənzif, tamponlar;
-       qapaqlı indikatorlar;
-       distilə edilmiş su (spirt) ;
-       istifadə edilmiş tamponları atmaq üçün qab.
5-ci manqa – əleyhqazların hermetikliyini yoxlamaq üçün çadır (zirzəmi);
-       tədris məqsədli xlorpikrin;
-       tibbi yardım vasitələri;
-       çiləyici qurğu.
       Məntəqənin imkanı: 1 iş saatı ərzində 180-200 nəfəri FMV-lə tə’min etmək gücündə olmalıdır.
       Mənzil istismarı sahəsinin paylama məntəqəsi:
məntəqənin rəisi – 1 nəfər.
üzlükləri seçən manqa – 4 nəfər.
yük boşaldan manqa – 4 nəfər.
fərdi mühafizə vasitələrini paylayan manqa – 8 nəfər.
fərdi mühafizə vasitələrini istifadə üçün hazırlayan manqa – 16 nəfər.
       Cəmi: şəxsi heyət – 33 nəfər.

       Manqaların təchizatı obyektlərdə olduğu kimidir.
3-cü tədris sualı: Zəhərlənmiş ərazinin aşkar olunması, bu haqda
əhalinin xəbərdar edilməsi və radiasiya müdafiə rejimlərinin
həyata keçirilməsi  (50)
       Müasir silahların düşmən tərəfindən tətbiqi nəticəsində əhali, texnika, FMV, ərzaq, su və s. radioaktiv, kimyəvi və bakterioloji zəhərlənməyə məruz qala bilər. Belə zəhərlənmə əhalinin böyük itkisinə səbəb ola bilər.
       Bundan əlavə kimyəvi təhlükəli və sənaye obyektlərində güclü təsirli zəhərli maddələrin müxtəlif səbəblərdən dağılması böyük ərazini zəhərlənməsinə şərait yaradar və yenə də əhalinin və bütün canlıların itkisi ilə nətəcələnə bilər.
       İtkilərin qarşısını almaq üçün obyektlərdə radiasiya və kimya müdafiəsi  təşkil olunur.
       Müdafiənin əsas məqsədi:
       Radioaktiv, kimyəvi və bakterioloji maddələrin orqanizmə təsirinin qarşısını almaq və yaxud onları məhdudlaşdırmaq və bununla da insan itkisisini maksimum azaltmaq, ərzağı, suyu, maddi sərvətləri və s. zəhərlənmədən qorumaqdan ibarətdir.
       Radiasiya, kimya müdafiəsinin əsas vəzifələri:
Radioaktiv, kimyəvi və bakterioloji zəhərlənməni vaxtında aşkar etmək və bu haqda əhalini xəbərdar etmək.
Adamları, k/t heyvanlarını, suyu, otu və başqa maddisərvətləri müdafiə etmək.
zəhərlənmənin nəticələrini aradan qaldırmaq, adamların iş və həyat fəaliyyətini bərpa etmək.
       Bu üç vəzifələri yerinə yetirmək üçün aşağıdakı tədbirlərin görülməsi zəruridir:
-      radiasiya və kimya şəraitinin vaxtında aşkar edilməsi;
-      radiasiya müdafiə rejimlərinin həyata keçirilməsi;
-      FMV-nin alınması, saxlanılması və dəyişdirilməsi;
-      işçilərinin, əhalinin FMV-lə təmin olunması;
-      dozimetrik və kimya nəzarətinin təşkili;
-      işçilərin güclü təsirli zəhərli maddələrdən müdafiəsi.
-      Əhalinin müdafiəsi üçün radiasiya və kimya şəraitinin müəyyən edilməsi bütün qərargahların, laboratoriyaların, dəstə komandirlərinin, xidmətlərin əsas vəzifələrindən biridir.
       Onun üçün obyektlərin zəhərlənmə səviyyəsini, ehtimal olunan dozaların və onların işçilərinin iş qabiliyyətinə təsiri ehtimal olunan radiasiya və kimya itkisinin hesabına texnika və avadanlığın zəhərlənmə dərəcəsini və nəhayət zəhərlənmiş zonalarda əhalinin müdafiəsi üçün düzgün fəaliyyət qaydalarını müəyyənləşdirmək lazımdır.
       Radiasiya, kimya və bakterioloji şəraiti qiymətləndirmək üçün mülki müdfiə sistemində kəşfiyyat növlərinin hamısından istifadə olunur. Radiasiya və kimya zəhərlənmə şəraitinin qiymətləndirməsinin əsas məqsədlərindən biri də radiasiya müdafiə rejiminin düzgün təşkil edilməsidir.
       Burada əsas məqsəd nədən ibarətdir?
       Radiasiya müdafiə rejimlərinin yerinə yetirilməsi tələfatın qarşısını alır və yaxud onu maksimum azaldır, habelə fövqəladə hadisələr zamanı (nüvə və kimyəvi silah tətbiq olunan vaxt) nəzərdə tutulmuş aşağıdakı dozalardan artıq şüalanmaya yol verilmir:
          4 gün ərzində birdəfəlik şüalanma – 50 rentgen.
          1 ayda – 100 rentgen.
          3 ayda – 200 rentgen.
          1 ildə – 300 rentgen.
       Müdafiə rejimləri üç növə bölünür:
Əhalinin daldalanacaqlarda və evlərdə qalması.
Əhalinin daldalanacaqlarda qalması.
Əhalinin evlərdə qalarkən neçə saatdan sonra açıq havaya çıxması.
Radioaktiv zəhərlənmə səviyyəsi daimi deyil. Misal üçün partlayışdan:
7 saat sonra – 10 dəfə.
1 gündən sonra – 45 dəfə.
2 gündən sonra – 100 dəfə.
2 həftədən sonra isə – 100 dəfə azalır.
       Radiasiya və kimya müşahidə postları bütün obyektlərdə yaradılır və təhlükə yaranarkən bilavasitə fəaliyyətə başlayırlar. Onların əsas vəzifələri radioaktiv və kimyəvi zəhərlənmələri vaxtında aşkar etmək, müşahidə sahəsinə, vəziyyətin dəyişməsinə fasiləsiz nəzarət etmək və qərargaha müntəzəm surətdə məlumat verməkdir.
       Postun heyəti  rəis və iki müşahidəçidən ibarətdir. Onlar müşahidəni vizual üsulla, habelə radiasiya və kimya-kəşfiyyatı cihazları vasitəsi ilə aparırlar.
RKMP-u aşağıdakı avadanlıqla təchiz olunur:
-       radiasiya və kimya kəşfiyyatı cihazları;
-       fərdi mühafizə vasitələri;
-       rabitə və xəbərdarlıq vasitələri;
-       kompas;
-       saat;
-       müşahidə jurnalı və s.
       Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ) – ətraf mühitin radioaktiv, kimyəvi, güclü təsirli və bakterial maddələrlə zəhərlənməsinə müşahidə və laboratoriya nəzarəti etməkdən və müdafiə tədbirləri görülməsi üçün müvafiq dövlət orqanlarına məlumat verməkdən ötrü nəzərdə tutulmuşdur.
       Müşahidə laborotoriya nəzarəti şöbəsinə əsasən bu təşkilatlar cəlb edilir:
-       Səhiyyə Nazirliyinin sanitar-epidemiologiya mərkəzləri;
-       K/t  Nazirliyinin baytarlıq laboratoriyaları, baytar nəzarəti postları və bitki müdafiəsi;
-       Dövlət meteorologiya komitəsinin radiometriya laboratoriyası və qrupları;
-       Daxili İşlər Nazirliyi şəhər və rayon polis şöbələrinin struktur bölmələri;
       Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi üçün konkret şəraitdən asılı olaraq 3 iş rejimi müəyyən edilmişdir:
-      gündəlik;
-      yüksək hazırlıq;
-      fövqəladə iş rejimi.
       Gündəlik iş rejimi – həm ekoloji, həm texnogen, həm də epidemik cəhətdən normal adi iş şəraitini əhatə elir. Bu rejimdə respublikanın Müdafiə, Səhiyyə, K/t, DİN-nin, Dövlət hidrometrologiya komitəsinin bölmələrinin qüvvələri ilə ətraf mühitdə, kimya radiasiya, epidemiya, epizootiya və epifitetiya müşahidəsi və laboratoriya nəzarəti aparılır.
       Yüksək hazırlıq rejimində – texnogen, epidemik şəraiti kəskin surətdə pisləşdikdə, həmçinin fövqəladə hadisələr zamanı təhlükə potensiallı obyektlərdə müşahidə və nəzarət gücləndirilir və şəbəkənin xüsusi iş rejiminə keçirilməsinə hazırlıq görülür.
       Fövqəladə rejimdə – isə gündəlik rejimdə fəaliyyət göstərən qüvvələrdən əlavə həmçinin: mənzil təsərrüfatı, ticarət, təhsil, taxıl məhsulları və s. laboratoriya nəzarəti aparırlar.
4-cü tədris sualı: Radiasiya və kimyəvi nəzarətin təşkili.
Əhalinin sanitar təmizliyindən keçirilməsi  
       Dozimetrik nəzarət- şüalanma və radioaktiv  çirklənmə dərəcəsinə
      nəzarətdən ibarətdir.
       Şüalanmaya nəzarətin məqsədi – zəhərlənmiş ərazidə işləyərkən və dezaktivasiya vaxtı adamların məruz qaldığı şüalanma dozasını ölçmək və şüalanmadan zədələnmənin qarşısını alan tədbirlərdir.
       Şüalanmaya nəzarət fərdi surətdə (adamların hər birinə dozimetr  verməklə) və ya qruplar üzrə (eyni yerdə və şəraitdə işləyən bir qrup adama bir dozimetr verməklə) təşkil edilə bilər.
       Qruplar üzrə nəzarət zamanı dozimetrin göstərdiyi şüalanma dozası qrupun hər üzvünə şamil edilir.
       Radioaktiv çirklənmə dərəcəsinə nəzarətin məqsədi – adamların, texnikanın, ərzağın, suyun və s. zəhərlənmə dərəcəsini ölçməkdən və alınan nəticələrdən asılı olaraq adamların-sanitariya təmizliyindən, heyvanların-baytarlıq təmizliyindən keçirilməyinin zəruri olub-olmadığını, ərzaq məhsullarından istifadə etmə mümkünlüyünü müəyyənləşdirməkdən ibarətdir.
       Kimyəvi nəzarətin məqsədi:
       FMV-nin, paltarın, texnikanın, nəqliyyatın, müxtəlif qurğuların, ərzağın, suyun, yemin və s. obyektlərin zəhərləyici və güclü təsirli zəhərli maddələrlə zəhərlənmələrini, onlara tam deqazasiya keçirilməsinin vacibliyini və keyfiyyətini fərdi mühafizə vasitələrindən istifadə edib- etməmələrini və nəhayət düşmən tərəfindən yeni tipli zəhərləyici maddələrin tətbiq edilməsini müəyyənləşdirməlidir.
       Kimyəvi nəzarət qoşun kimya  kəşfiyyat  və drager cihazlrı ilə keçirilir. Bu cihaz zəhərləyici maddələrin və bəzi GTZM-nin havada mövcudluğunu, habelə texnikanın, nəqliyyatın, ərzağın və s. zəhərlənmə dərəcəsini müəyyən edir
       Bakterioloji zəhərlənməyə nəzarət:
       Düşmənin bakterioloji silah tətbiq etməsi faktı müəyyən edildikdə, insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayıldıqda mülki müdfiə rəhbərlərinin göstərişi ilə həmin rayonda karantin və yaxud observasiya elan olunur.
       Bakterioloji zəhərlənmə ocağı aşkar edildikdə bütün mülki müdfiə rəhbərləri bu haqda əhalini xəbərdar edir. Həmin rayonun, ərazinin zəhərlənmə nəticələrini aradan qaldırmaq üçün tibb işçilərinin göstərişi ilə zəruri kompleks tədbirlərinin həyata keçirilməsi üçün daimi nəzarət aparırlar.
       Onlar birinci növbədə təcili profilaktika, dezinfeksiya, təcridetmə, hospitallaşdırma və s. tədbirlərinə fikir verirlər.
       Karantin o vaxt ləğv olunur ki, axırıncı kəs müalicə olunub və bir inqubasiya (müalicə vaxtı) dövrü keçib.
       Əhalinin sanitar təmizliyindən keçirilməsi.
       Müasir qırğın silahları tətbiq olunduqda və yaxud fövqəladə hadisələr zamanı (güclü təsirli zəhərli maddələrin yayılması nəticəsində) adamlar, onların paltarları, fərdi mühafizə vasitələri, texnika, avadanlıq, ərazi və s. zəhərlənməyə məruz qala bilər.
       Zəhərlənmiş əşyalar, nəinki əhali üçün zəhərlənmə mənbəyi ola bilər, həmçinin qarşıda duran tədbirlərin yerinə yetirilməsinə ciddi maneələr törədə bilər.
       Mövcud olan zəhərlənməni aradan qaldırmaq və yaxud onların konsentrasiyaları maksimum azaltmaq məqsədilə dezaktivasiya, dezinfeksiya, dezinseksiya və deratizasiya keçirilməlidir.
-       Radioaktiv maddələrin müxtəlif obyektlərdən təmizlənməsinə dezaktivasiya deyilir.
-       Xəstəlik törədən mikrobların məhv edilməsinə və onların toksinlərinin dağıdılmasına dezinfeksiya deyilir.
-       Zəhərləyici maddələrin təmizlənməsi və yaxud onların neytrallaşdırılmasına deqazasiya deyilir.
-       Xəstəlik törədən həşəratların məhv edilməsinə dezinseksiya deyilir.
-       Xəstəlik yayan gəmiricilərin məhv edilməsinə deratizasiya deyilir.
       Bunların hamısı xüsusi təmizlik adlanır.
       Xüsusi təmizlik öz növbəsində əhalinin qismən və tam sanitariya təmizliyinə bölünür.
       Qismən sanitariya təmizliyi yaranmış vəziyyətdən asılı olaraq zəhərlənmə ocaqlarında, adamların özləri tərəfindən bir neçə dəfə və zəhərlənmə ocaqlarından çıxdıqdan sonra keçirilir.
       Qismən sanitariya təmizliyi keçirərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir.
A) Zəhərlənmə ocaqlarında:
-       üst paltarı; dəri mühafizə geyimləri və ayaqqabını şotka və yaxud süpürgə ilə təmizləməli;
-       islanmış dəsmal (tampon) ilə əlin açıq yerlərini və əleyhqazın üz hissəsini silməli.
B) Zəhərlənmə ocaqlarından çıxdıqdan sonra:
-       ehtiyatla üst paltarı və dəri mühafizə vasitələrini çıxarmalı (əleyhqaz çıxarılmır);
-       arxası küləyə qarşı durub üst paltarı çırpmaq və təmizləmək;
-       çıxarılmış paltarı kəndirin üzərinə asıb şotka və yaxud süpürgə ilə radioaktiv tozu süpürməli, əleyhqazın çantasını təmizləməli və islanmış əski ilə silməli;
-       əleyhqazı çıxarıb əlləri, üzü, gözləri yaş dəsmalla silməli, ağız, burun boşluğunu təmiz su ilə yaxalamalı.
V) Kimyəvi maddələr və bakterioloji vasitələrlə zəhərlənmə zamanı:
-       fərdi kimyəvi paketi (İPP-8) açmalı, əski (tampon) hazırlamalı;
-       dərini açıq yerlərini, əleyhqazın üz hissəsini, paltarın yaxalarını və əl dəyən yerləri silməli (bunu bir neçə dəfə təkrar etmək lazımdır).
Q) Bakterioloji vasitələrlə zəhərləndikdə:
-       paltarı süpürgə ilə təmizləməli və yaxud çırpmalı;
-       fərdi kimyəvi paketlə əleyhqazın üz hissəsini, boyun nahiyəsini və əlləri silməli.
     Eyni vaxtda radioaktiv, kimyəvi və bakterioloji zədələnməyə məruz qaldıqda, birinci növbədə kimyəvi, sonra isə radioaktiv və bakterioloji zəhərlənmənin qarşısını almaq lazımdır.
    Tam sanitariya təmizlənməsi– bədənin hər yerinin radioaktiv, zəhərləyici maddələrdən və bakterial vasitələrdən təmizlənməsinə deyilir.
    Tam sanitariya təmizlənməsi hamamlarda,  təmiz su hövzələrində və yaxud da xüsusi düzəldilmiş yuyunma məntəqəsində keçirilir. Hökmən alt paltarını dəyişirlər. Radioaktiv zəhərlənmə zamanı tam təmizlənmə, qismən təmizlənmədən sonra bədənin zəhərlənmə dərəcəsi təhlükəsiz normadan artıq (təhlükəsiz norma 50 mr/saat-dır) olarsa keçirilir.
    Yuyunma məntəqəsində və ya meydançasında adətən üç şöbə olur: soyunma, yuyunma və geyinmə. Lazımi hallarda paltar zərərsizləşdirmə şöbəsi də düzəldilə bilər. Soyunma şöbəsində təmiz skamyalar qoyulmalıdır. Zəhərli paltarlar rezinli parçadan olan kisələrə yığılmalıdır. Sənədlər və qiymətli əşyalar xüsusi yerdə saxlanmalıdır.
       Geyinmə şöbəsində skamyalar, təmiz paltar qoyulan yer olmalıdır.
    Yuyunma məntəqəsində xidmət edən heyət zəhərli paltarları, ayaqqabları və mühafizə paltarlarını zəhərsizləşdirmə şöbəsinə aparıb orada təmizləməli, sonra geyinmə şöbəsinə gətirməlidirlər. Sanitariya təmizlənməsinə göndərilən şəxslər soyunma məntəqəsində tibbi müayinədən keçməli gözlərin, ağız-burun selikli qişalarını 2%-li çay sodası məhlulu ilə təmizləməlidirlər.
    Yuyunma məntəqəsində ardıcıllıqla əlləri, üzü, başı və bütün bədəni iki dəfə sabunlayıb və isti su ilə yuyurlar. Yuyunma 10-15 dəq. davam etməlidir. Yuyunduqdan sonra bədənin radioaktiv tozdan tam təmizlənməsini dozimetrik cihazla yoxlamaq lazımdır. Əgər bədənə qalmış zəhərlənmə normadan artıq olarsa, yuyunma təkrar edilməlidir.
   Lazım olduqda əhali sanitariya təmizlənməsini öz evlərində də təşkil edə bilərlər.
      
     Əhalinin güclü təsirli maddələrdən müdafiəsinin təşkili.
     Təbii fəlakətlər, istehsalat qəzaları baş verərkən GTZM ətrafa dağılaraq, obyektlərdə və yaşayış məntəqələrində zəhərlənmə zonaları yarada bilər.
     GTZM insana əsasən tənəffüs  orqanları vasitəsilə keçərək tə’sir göstərir, burun, boğazın, selikli qişasını, gözləri, bədənin dərisini zədələyir.
     Əhalinin müdafiəsi hələ dinc dövrdə hazırlanmış plan əsasında həyata keçirilir. Planda aşağıdakı tədbirlər nəzərdə tutulur:
-    əhalinin müdafiə qurğularında gizlədilməsi və yaxud onların təhlükəli sahələrdən çıxarılması;
-    işçiləri sənaye əleyhqazları və tənəffüs üzvlərini müdafiə edən başqa müdafiə vasitələri ilə təmin edilməsi;
-    xilasetmə işlərinin təşkili və zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi;
-    sanitariya təmizliyinin əhali arasında keçirilməsi.
       Respublikamızda ən çox aşağdakı GTZM-dən istifadə olunur: ammonyak, sulfid, xlor, xlorpikrin və s.
       Ammonyakdan zəhərlənmənin ilk əlamətləri: ürəyin sürətlə döyünməsi, nəbzin pozulması, öskürək, gözlərdə sancı, tənəffüsün çətinləşməsi.
       İlk tibbi yardım: təmiz havaya çıxarmalı, onun tam sakitliyini təmin etməli, gözlərini və dəri örtüyünün açıq yerlərini təmiz su ilə yumalı.
       Mühafizə vasitələri: sənaye əleyhqazları.
       Xlorla zəhərlənmənin əlamətləri: döş qəfəsində kəskin ağrı, quru öskürək, qusma, baş gicəllənməsi, təngnəfəslik, gözlərdən yaş axması, çoxlu bəlğəm ifrazı.
       İlk tibbi yardım: təmiz havaya çıxarmalı, onun tam sakitliyini təmin etməli, bədənini isitməli, oksigen inqalyasiyası etməli və hospitallaşdırmalı.
       Nəticə: yuxarıda qeyd olunan bütün tədbirlər vaxtında və bacarıqla tam şəkildə həyata keçirilərsə, əhali arasında baş verə bələcək itki maksimum azalar, onların əmək qabiliyyəti bərpa olunar və beləliklə də yaranmış vəziyyətin nəticələrini aradan qaldırmaq olar.