“Təsdiq edirəm”
Azərbaycan Tibb Universitetinin
Mülki Müdafiə Rəhbəri-
Rektor _______________ prof. G.Ç.Gəraybəyli
“ 05 ” yanvar 2017-ci il.
MM qüvvələrinə cəlb olunmayan əməkdaşlar ilə keçiriləcək
7 saylı məşğələnin
PLAN-KONSPEKTİ
Mövzu: Ev heyvanlarının, ərzaq məhsullarının, yemlərin və suyun zəhərlənmədən mühafizə edilməsi qaydaları.
Tədrisin məqsədi: Dinləyicilərə radioaktiv, kimyəvi və bioloji zəhərlənmədən ev heyvanlarının, ərzaq məhsullarının, yemlərin və suyun mühafizə edilməsi qaydalarını çatdırmaq.
Keçirildiyi yer: Tədris sinfi
Vaxt:2 saat.
Tədris sualları və təxmini vaxt bölgüsü.
Dinləyicilərin məşğələyə hazırlığının yoxlanılması 5 dəq.
1-ci tədris sualı:”Ev heyvanlarının mühafizəsi haqqında” qanunun öyrənilməsi- 20 dəq.
2-ci tədris sualı: Anbarlarda saxlanılan ərzaq məhsullarının, yemlərin və suyun zəhərlənmədən mühafizə qaydaları -20 dəqiqə.
3-cü tədris sualı: Fərdi yeyinti məhsulları və su ehtiyatının mühafizə edilməsi- 20 dəq.
4-cü tədris sualı: Zəhərlənmədən sonra ərzaq məhsullarından, yemdən və sudan istifadə edilmə qaydaları- 20 dəqiqə.
Məşğələyə yekün vurulması - 5 dəq.
Ədəbiyyat: 1) “Ev heyvanlarının mühafizəsi haqqında” 354-IIIQ saylı qanun;
2) Zamanova S.: “Su və qida məhsullarının radioaktiv və zəhərli maddələrdən qorunması” metodik vəsaiti. İnternetdən.
1-ci tədris sualı: ”Ev heyvanlarının mühafizəsi haqqında”
31 may 2007-ci il tarixli 354-IIIQ nömrəli qanunun öyrənilməsi
354 IIIQ nömrəli 31 may 2007-ci il tarixli “Ev heyvanlarının mühafizəsi haqqında” qanunla “Ev heyvanlarının mühafizəsi haqqında” 1887-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanmış “Avropa Konvensiyası” təsdiq edilmişdir.
Bu Konvensiya 7 fəsil və 19 məddədən ibarətdir və mətn əlavə olunur (9 vərəq).
2-ci tədris sualı: Anbarlarda saxlanılan ərzaq məhsullarının, yemlərin və
suyun zəhərlənmədən mühafizə qaydaları
Zəhərlənmiş yeyinti məhsulları, yem və su adamların və heyvanların kütləvi zəhərlənmələri üçün mənbə ola bilər. Buna görə də göstərilənlərin kütləvi zəhərlənmə vasitələrindən mühafizəsinin təşkili-müvafiq xidmət dəstələrinin, yeyinti sənayesi müəssisələrinin ən mühüm vəzifəsidir. Ərzaq məhsullarının, suyun və yemin mühafizə edilməsi zəhərləndikdən sonra onları zərərsizləşdirməkdən asandır.
Ərzaq məhsullarının mühafizəsi, onların xarici mühitdən ayrılmasındadır. Yeyintinin mühafizə üsulları, onun həcmindən və saxlanma şəraitindən asılıdır.
Birinci dərəcəli mühafizə tədbirlərinə ərzaq və yem ehtiyatının seyrədilməsi, onların mümkün ola bilən nüvə basqını obyektlərindən uzaqda yerləşdirilməsi, ərzaq saxlamaq üçün yararlı olan zirzəmilərdən istifadə edilməsi və sığınacaqların, mühüm anbarların, soyuducuların və müxtəlif anbarların hazırlanması və avadanlıqla təchiz edilməsi, yanğın təhlükəsizliyinin gözlənilməsi, ərzaq məhsulları saxlanan rayonlarda radiasiya, kimyəvi və bakterioloji kəşfiyyat aparılması daxildir.
Anbarlarda saxlanan yeyinti məhsullarını əsasən radioaktiv toz ilə, duman, buxar və damcı maye şəklində zəhərləyici (GTZ) maddələrlə, habelə bakterioloji aerozollarla zəhərlənmədən qoruyurlar. Odur ki, anbarların damları axmamalı, yan divarları isə kip olmalıdır. Pəncərələrin çoxunu kərpiclə tikir, az hissəsini lövhə ilə kip bərkidirlər. Qapılarına rezinləşdirilmiş parça, polietilen pərdə, yaxud digər qalın material çəkirlər. Düşmən hücümü təhlükəsində bütün anbarlar hermetikləşdirilir. Bunun üçün işin gedişinə mane olmayacaq bütün qapı və pəncərələr suvanır, qalan pəncərə çərçivələri sıxılır, şüşələrin kənarına boya yaxılır, çərçivələrə kağız yapışdırılır, anbarların qapılarına sıx material çəkilir, giriş yerlərində tambur düzəldilir. Anbarlardakı ventilyasiya qurğuları da hermetikləşdirilir.
Yeyinti məhsullarını və yemi qəfəslərdə saxlayırlar. Qalaq şəklində yığılmış məhsulun üstünü brezentlə örtürlər. Yeyinti məhsullarını və dənli yemi açıq yerlərdə saxladıqda üzərini polietilən pərdə, yaxud 20-25 sm qalınlığında ot və ya saman qatı ilə örtürlər.
Ərzağı daşımaq üçün xüsusi nəqliyyatlardan: divarları və damları saz olan, pəncərə lükları kip bağlanan avtorefrejatorlardan, sisternlərdən, izotermik vaqonlardan istifadə edirlər. Ümumi təyinatlı avtomobil nəqliyyatından istifadə etdikdə yeyinti məhsullarını və yemi konteyneyrlərə, yeşiklərə, qalın parçadan tikilmiş kisələrə doldurulmuş halda maşınlara yığmaq məqsədəuyğundur. Bunlar olmadıqda isə ərzağın üstünü brezentlə diqqətlə örtüb, kəndir ilə bağlamaq lazımdır.
Taranın da böyük əhəmiyyəti vardır. Kip metal və şüşə taralar yükü etibarlı mühafizə edir. Konsentrantları, suxarını, peçenye, qənd, çay və digər məhsulları ikiqat kağıza bükməklə radioaktiv maddələrlə zəhərlənmədən tamamilə qorumaq olur. Bağlamaları polietilen və digər pərdələrlə, sellofan, folqa, rezinləşdirilmiş parça ilə sarıdıqda, yaxud bir neçə qat kağıza bükdükdə onların mühafizə qabiliyyətləri daha yüksək olur. Belə bağlamalarda yeyinti məhsulları zəhərləyici maddələrlə zəhərlənmədən yaxşı mühafizə olunur. Yeyinti məhsulunu bükdükdən sonra saz taralara qabladıqda daha yaxşı mühafizə olunur. Qalın taxta və faner yeşiklər yeyinti məhsullarını damcı-maye şəklində zəhərləyici maddələrin təsirindən bir neçə saat ərzində qoruyur. Kip bağlanmış yeşiklərə zəhərləyici maddə buxarı məhdud dərəcədə daxil ola bilər. Ən etibarlı tara- qalın kartondan hazırlanmış kip qutular, turşuya qoyulmuş tərəvəz, duzlaşmış ət, balıq və s. saxlanan taxta çəlləklər, habelə bitki yağları üçün olan dəmir çəlləklər hesab edilir. Parçadan tikilmiş kisələr yeyinti məhsullarını zəhərlənmədən tam mühafizə etmir. Taxılı, yarmanı, unu ikiqat parçadan, yaxud kağız və qoruyucu pərdə qatı ilə kombinəli şəkildə tikilmiş kisələrə qabladıqda mühafizə qabiliyyətləri yüksək olur.
Kisələri, yeşikləri və digər bağlamaları üst-üstə elə kip yığmaq lazımdər ki, aralarındakı boşluqlardan qalaqların içərisinə radioaktiv və zəhərləyici maddələr daxil ola bilməsin. Yeyinti məhsullarının üstünü brezentlə örtdükdə, brezentlə məhsulun arasına qalınlığı 10 sm-ə qədər olan ağac tirciklər qoyurlar.
Yağ zəhərləyici maddələrin çoxunu yaxşı həll etdiyi üçün bitki yağlarını ağzı yaxşı bağlanan metal taralarda (bidonlarda, çəlləklərdə), bərk yağları isə içəridən perqament kağızı çəkilmiş kip taxta taralarda saxlayırlar.
Suyun qorunması ərzağın qorunması kimi çətindir. Su kəməri olan şəhərlərdə hermetik qapalı borularda saxlanılmaqla zəhərlənmədən qorunur. Lakin, su yığım yerlərindən kəmərə axanda zəhərlənə bilər. Buna görə də nasos stansiyalarında suyun zəhərsizləşdirilməsi üçün qurğular vardır.
Su kəməri olmayan yaşayış məntəqələrində yerli su təchizat mənbələrinin, artezian quyularının, buruq quyularının, şaxta quyularının, rezervuarların və fərdi su ehtiyatlarının qorunmasına xüsusi diqqət yetirilir.
Suyu ağzı hermetik bağlanan artezian quyuları daha yaxşı qoruyur.
Kənd yerlərində yayılmış şaxta quyularında suyu qorumaq üçün qapağı sıx bağlanan çatı dayağı düzəldirlər. Bu çatı dayağı üzərində talvar və yaxud bağlı budka düzəldirlər. Onun dövrəsində 1,5-2 m radiusda 20 sm palçıq qatı salırlar, palçığın üstünü isə 15 sm qumla və yaxud asfaltla örtürlər. Yağış suyunun axıdılması üçün quyunun ətrafında nov qazırlar.
İri müəssisələrdə su ehtiyatı nasoslar qoyulmuş xüsusi rezervuarlarda saxlanılır. Təhlükə zamanı onlar hermetikləşdirilir və qorunur.
Ev şəraitində fərdi su ehtiyatını butılkalarda, qrafinlərdə və bidonlarda saxlayırlar. Bundan başqa vannaları və başqa tutumları su ilə doldurub müşəmbə ilə örtürlər. Bu suyu təsərrüfat işlərində və dezaktivasiya üçün işlətmək olar.
Kənd yerlərində yeyinti məhsulları və yem (xüsusilə mühafizə edilməyən) radioaktiv dumanın hərəkəti, eləcədə zəhərləyici maddələr, bakterioloji aerozol buxarlarının yayılması nəticəsində, habelə zəhərlənmiş həşarat və gəmiricilərin vasitəsilə zəhərlənə bilər. Buna görə də FH təhlükəsi olduqda yeyinti məhsullarını (taxılı, tərəvəzi) və yemi əl altında olan vasitələrlə örtülür, yaxud talvarlar düzəldir, taxılı, tərəvəzi, yemi onların altına yığıb üstlərini örtürlər.
Yeyinti məhsulları ehtiyat saxlanan anbarlar aerozolları, radioaktiv və zəhərləyici maddələri keçirmirsə, orada saxlanan ərzaq və yemin mühafizəsi tələb edilmir. Tarla, yaxud xırmandakı dənli yemi mümkün olduqda tez daşıyır, mümkün olmadıqda isə quru saman döşəkçələr, küləş qatı ilə örtüb üstünə tirlər qoyurlar. FH təhlükəsi zamanı taya şəklində yığılmış ot və samanın üstünü yem üçün olmayan küləş, budaq, döşəkcə, qamış yaxud digər materiallarla örtürlər. Ot tayasının səthinə xırda samanla gil qarışığından hazırlanmış məhlul çəkdikdə ot yaxşı mühafizə olunur. Heyvandarlıq binalarının yaxınlığında yerləşən ot tayalarını xüsusi diqqətlə qoruyurlar.
Durğun sulu nohurların, göllərin, və hovuzların zəhərlənməsi çox təhlükəlidir.
3-cü tədris sualı: Fərdi yeyinti məhsulları və su
ehtiyatının mühafizə edilməsi.
Ev şəraitində ərzağı soyuducuda, bufetdə və mətbəx şkafında saxlamaq olar. Ev şəraitində fərdi yeyinti məhsulları ehtiyatını mühafizə etmək üçün qutulardan, yeşiklərdən və digər kip bağlanan qablardan, ev anbarlarından istifadə edirlər.
Kərə yağını, marqarini, çörəyi, əti və balığı şüşə bankalarda, yaxud kip bağlanan yeşiklərdə, sellofana, mumlanmış kağıza, perqament, yaxud adi qalın kağıza bükülmüş halda saxlayırlar. Maye məhsulları və içməli suyu ağzı qapaq və ya tıxacla kip bağlanan metal, yaxud şüşə qablarda, bidonlarda, termoslarda, butulkalarda, çayniklərdə, qrafinlərdə saxlayırlar. Hər bir ailənin konservləşdirilmiş minimum məhsul ehtiyatı olması məsləhət görülür.
Uşaq yeməkləri üçün polietilen və qutulara qablaşdırılmış müxtəlif hazır qatışıq və quru süddən istifadə edilir. Maye ərzaqlar termoslarda, butılkalarda və flyaqalarda yaxşı qalır.
4-cü tədris sualı: Radioaktiv, kimyəvi və bioloji zəhərlənmədən, sonra
yeyinti məhsullarından, yemdən və sudan
istifadə edilmə qaydaları.
RM, GTZM və BV zəhərlənmiş rayonda yerləşən yeyinti məhsulları, su və yemin zəhərləndiyi şübhə doğurur. Əgər bunlar kip bağlanan qablarda saxlanmayıbsa və zəhərlnəmə əlamətləri görünürsə, belə məhsullardan tədqiq edilmədən istifadə etmək olmaz.
Zəhərləndiyi şübhə edilən yeyinti məhsullarından və sudan zərərsizləşdirilərkən sonra istifadə edilməsinə tibb xidməti, yemin və çiy heyvanı məhsulların istifadə edilməsinə isə baytarlıq xidməti icazə verir.
Yeyinti məhsullarının, yemin və suyun əsas zərərsizləşdirilməsi üsulları – dezaktivasiya, deqazasiya və dezinfeksiyadır.
Yeyinti məhsullarını və yemi dezaktivasiya etməzdən əvvəl onların radioaktiv maddələrlə zəhərlənmə dərəcəsini müəyyənləşdirirlər. Əgər zəhərlənmə yolverilən normadan artıqdırsa, onda yeyinti məhsulunu və yemi dezaktivasiya, yaxud öz-özünə dezaktivasiya edirlər. Zəhərlənmə yolverilən normadan aşağıda olduqda isə onları dəqiq dozimetrik yoxlamadan keçirdikdən sonra istifadə etmək olar.
Birinci növbədə daha qiymətli, eləcə də asanlıqla dezaktivasiya edilən məhsulları dezaktivasiyadan keçirirlər. İri bazalarda və anbarlarda yerləşən zəhərlənmiş, gec xarab olan məhhsul ehtiyatını öz-özünə dezaktivasiya olunmaq üçün saxlayırlar.
Dezaktivasiya etdikdə adətən, əvvəlcə taranı, sonra isə məhsulu təmizləyirlər. İçərisində məhsul olan taranın səthini (tarasız olduqda məhsulun özünü) axar su ilə dəfələrlə yumaqla dezaktivasiya edirlər. Yeyinti məhsulunu zəhərlənmiş taradan (kisədən, sandıqdan, yeşikdən, çəlləkdən) götürüb, təmizinə də qoymaq olar. İçərisində yarma, qənd və digər səpələnən məhsullar olan zərərlənmiş taranı (kisəni) radioaktiv toz əmələ gəlməsinin qarşısını almaq üçün əvvəlcə su ilə isladırlar. Un ilə dolu kisələri əvvəlcə su ilə yuyur, quruduqdan sonra unu təmiz kisələrə boşaldırlar. Zəhərlənmiş undan yoğrulmuş xəmirin üst qatını məhv edirlər. Maye məhsulları 3-5 gün ərzində çökdürür, sonra çökdürülmüş hissəni sifon vasitəsilə təmiz qaba axıdırlar.
Zəhərlənmiş ət məhsullarını (mal, qoyun və donuz ətini) bişirdikdə 1-ci 20-25 dəqiqədə radioaktivliyin təxminən 50%-i ətin suyuna keçir. Sonrakı qaynama praktik olaraq effekt vermir.
Südü emal etdikdə radioaktiv izotroplar emal məhsuluna qeyri-bərabər keçir. Südün daha tam təmizlənməsi üçün süd zavodlarından quraşdırılan xüsusi iondəyişən süzgəclərdən istifadə edillər.
Zəhərlənmiş ərazidə yetişdirilmiş kartofu təmizlədikdə onun radioaktivliyi 2 dəfə azalır. Şəkər çuğundurunu işləyib emal etdikdə radioaktiv maddələrin əsas hissəsi çuğundur puçalının içərisində qalır. Qənd isə praktik olaraq həmin maddələrdən azad olur.
Miqdarından, sığınacaqların növündən, zəhərlənmə xarakteri və dərəcəsindən asılı olaraq yemi də dezaktivasiya edir, yaxud öz-özünə dezaktivasiya olunmaq üçün saxlayırlar.
Suyu müxtəlif üsullarla dezaktivasiya edirlər: çökdürməklə, süzməklə və distillə etməklə. Təbii ionitləri – gili, permutiti, qaratorpağı – su ilə dolu qaba tökür və yaxşıca qarışdıraraq çökməsini gözləyirlər. Çökdükdən sonra üst təmiz su qatı 50-70% və daha artıq stronsium – 90 və digər radioaktiv izotroplardan təmizlənmiş olur.