Əczaçılıq kimyası kafedrasının fəaliyyəti haqqında
Süleymanov T.A., İsgəndərov V.H., Məmmədov F.İ.
Azərbaycan Tibb Universiteti, Əczaçılıq kimyası kafedrası
Azərbaycanda əczaçılıq kimyası elminin inkişafı əczaçılıq kimyası kafedrasının yaranması və inkişafı ilə sıx bağlıdır. Əczaçılıq kimyası kafedrasının yaranması 1938-ci ilin sonunda Azərbaycan Dövlət Əczaçılıq İnstitutunun təşkili ilə əlaqədardır və bu kafedra institutun ilk kafedralarından biri olmuşdur. 1941-ci il sentyabr ayının l-dən Əczaçılıq İnstitutu Azərbaycan Dövlət Tibb İnstitutunun tərkibinə fakültə kimi daxil edildikdən sonra əczaçılıq kimyası kafedrası ATİ-nin müstəqil kafedrası kimi fəaliyyət göstərmişdir.
Kafedranın təşkilatçısı və ilk müdiri əczaçılıq magistri, professor İsaak Konstantinoviç QolDberq (1882-1957) olmuşdur. O, 1938-ci ildən 1957-ci ilə qədər kafedraya rəhbərlik etmişdir.
Prof. İ.K. Qolberq əməkdaşları ilə birlikdə neft məhsullarından tibbi məqsədlərlə istifadə edilən vazelin yağının alınması və Azərbaycanın bəzi dərman bitkilərinin kimyəvi tərkibinin və farmakoloji xassələrinin öyrənilməsinə həsr edilmiş bir sıra maraqlı elmi-tədqiqat işləri aparmışdır. İ.K.Qolberqin rəhbərliyi altında kafedra əməkdaşlarından 3 nəfər (G.A.Paşayeva, F.M.Əhmədova, H.M.Əliyev) namizədlik dissertasiyası müdafiə etmişdir.
1959-1965-ci illərdə kafedraya kimya üzrə fəlsəfə doktoru, dosent Slambek Xangireyeviç Dzotsoti, 1965-ci ildən 2013-cü ilin may ayına qədər professor Hafiz Məmmədrəhim oğlu Əliyev rəhbərlik etmişdir.
Prof. H. Əliyev 300-ə yaxın elmi əsərin, o cümlədən 5 dərslik və dərs vəsaitlərinin, 3 monoqrafiyanın, metodik tövsiyələrin, 20 ixtira və patentin müəllifidir. Onun rəhbərliyi ilə 3 doktorluq və 22 fəlsəfə doktorluğu dissertasiya işləri müdafiə olunmuşdur.
Prof. H.M.Əliyevin təşəbbüsü ilə 2001-ci ildə əczaçılıq sahəsində ilk və yeganə müstəqil elmi-praktik mətbu orqan olan “Azərbaycan Əczaçılıq Jurnalı (“2007-ci ildən Azərbayan Əczaçılıq və Farmakoterapiya Jurnalı”) yaradılmışdır.Jurnal, 2016-cı ildə “Elsevier” nəşriyyatı tərəfindən “Scopus” mükafatına layiq görülmüş və impact faktorlu nəşrlər siyahısına daxil edilmişdir.
2013-cü ilin may ayından kafedraya professor Tahir Abbasəli oğlu Süleymanov rəhbərlik edir.
Prof.T.A.Süleymanov 200-ə qədər elmi əsərin, o cümlədən 5 dərslik və 3 dərs vəsaitinin, monoqrafiyaların, metodik tövsiyələrin, 9 patentin və 1 səmərələşdirici təklifin müəllifidir. 2012-2017-ci illər ərzində ATU-nun əczaçılıq fakultəsinin dekanı vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə 3 nəfər əczaçılıq üzrə fəlsəfə doktorluğu dissertasiya işi müdafiə olunmuş, 5 nəfər isə dissertasiya işi üzərində çalışır.
Kafedranın fəaliyyəti əsasən aşağıdakı istiqamətləri əhatə edir:
Qeyd olunmalıdır ki, kafedranın əsas fəaliiyətinin yüksək ixtisaslı əczaçı kadrların hazırlanması olmasına baxmayaraq, elmi işlər daim diqqət mərkəzində olmuşdur.
Kafedranın elmi-tədqiqat sahəsində fəaliyyəti əsasən iki istiqamətdə aparılır. Birinci istiqamət - dərman maddələrinin tədqiq olunması üçün yeni, həssas və səciyyəvi üsulların yaradılması, həmçinin mövcud üsulların təkmilləşdirilməsinə aiddir. İkinci istiqamət - təbii mənşəli və sintetik birləşmələr olan bioloji fəal maddələrin tədqiqidir. Bu tədqiqatların bir hissəsi təbii maddələrin farmakokimyasma aid olub, bitki və heyvan mənşəli xammalın öyrənilməsinə həsr edilmişdir.
Birinci istiqamət üzrə tədqiqatlar kafedrada aşağıdakı əməkdaşlar və dissertantlar tərəfindən yerinə yetirilmişdir: L.İ. Mustafayeva, F.M. Əhmədova, N.Ə. Babayev, A.F. Ələkbərov, G.A.Paşayeva, A.O. Onov, A.S. Beysenbəyov, A.T. Ohanesyan, L.X. Axundov, V. H. İskəndərov, B.M. Hüseynov, F.R. Kərimova, A.Z. Abbasova, C.Y.Yusifova, E.A.Qarayev, M.M.Mustafayeva, M.S. Bünyətzadə, M.M. Nağıyeva, F.İ. Məmmədov, K.A. Ağamirzəyeva, E.Z. Balayeva, Ç.Y. Şükürov, R.T. Şükürov.
1941-1945-ci illərdə kafedra əməkdaşları tərəfindən bəzi yerli bitki xammalının idxal olunan xammalı əvəzetmə imkanları öyrənilmişdir. 1957-1958-ci illərdə respublika üçün yeni olan istiqamətdə - əczaçılıq analizi sahəsində ilk tədqiqatlara başlanılmışdır. Belə ki, arsenin üzvi birləşmələrindən olan osarsol və aminarson preparatlarının miqdari təyini üçün təklif olunmuş üsul İttifaq miqyasında yoxlanıldıqdan sonra SSRİ Dövlət Farmakopeyasına (DF, IX, s. 559) daxil edilmişdir.
Dərman maddələrinin tədqiqində yeni, həssas analiz üsullarının işlənilib hazırlanması istiqamətində işlər H.M.Əliyev tərəfindən uğurla inkişaf etdirilmişdir. Sonrakı illərdə bu istiqamət və əczaçılıq analizi sahəsindəki işlər nəinki bizim və keçmiş SSRİ-nin digər respublikalarında (Rusiya Federasiyası, Ukrayna, Türkmənistan) öz tətbiqini tapmış, həmçinin keçmiş İttifaq miqyasında və xarici ölkələrdə nəşr olunmuş əczaçılıq kimyası üzrə dərslik və dərs vəsaitlərinə (Melentyeva Q.A., Belikov V.Q., Maksyutina N.P. və b.) daxil edilmişdir. «B» qrupu vitaminlərinin müxtəlif dərman formalarında təyini üsulları Londonda nəşr olunmuş «Vitaminlərin dərman preparatlarında təyini» adlı rəhbərliyə (M.V.Hashı- mi, London, 1973) daxil edilmiş, eləcə də «Hazır dərman formalarında piridoksinin təyini üsulu» gündəlik analiz üçün tövsiyə olunmuşdur (V.Nirmalchander, N.Balasubramanian. Analyst, 1988, London).
Göstərilən dövrdə kafedrada potensiometriya, fotometriya, polyarimetriya, refraktometriya və spektrofotometriya kimi üsulların dərmanların analizində tətbiq edilməsi istiqamətində elmi-tədqiqat işləri aparılmışdır.
Belə ki, prof. H.Əliyev və əməkdaşları tərəfindən tiamin, riboflavin, nikotinamid, piridoksin-hidroxlorid kimi preparatların fotokolorimetriya üsulu ilə təyini, eləcə də B6 vitaminin spektrofotometriya üsulu ilə təyini üçün yeni xromogen reaksiya təklif edilmişdir. Nikotinamidin çoxsaylı multivitaminli preparatlarda təyininə aid polimetin boyasının əmələgəlmə reaksiyasına əsaslanan üsul keçmiş SSRİ Dövlət Farmakopeyasının XI nəşrinə daxil edilmişdir. Bəzi dərman maddələrinin (oksimetilpiridin vitaminləri, oksifenilalkilaminlər, teofillidin, imidazol törəmələri və s.) azotörəmələrinin kompleksəmələgətirmə xassələrinin tədqiqi nəticəsində əczaçılıq analizi üçün müvafiq üsullar təklif edilmişdir. Sink, mis, qurğuşun, gümüş, civə və s. maddələrin əczaçılıq preparatlarında və müxtəlif obyektlərdə merkuriondan istifadə olunmaqla kompleksonometriya, fotometriya və xromatoqrafiya ilə analiz üsulları işlənilib hazırlanmışdır [1].
Əczaçılıq analizi sahəsində tədqiqatların bir hissəsi də nitritometriya üçün səmərəli və həssas daxili indikatorların (fenotiazin törəmələri – aminazin, diprazin, fenolon və dimetil sarısı) təklif olunmasına, Bakı Endokrin Preparatları zavodunun istehsal etdiyi heparin, insulin, şüşəvari cism və b. preparatların keyfiyyətinə, həmçinin istehsal mərhələlərinə nəzarət üsullarının yaradılmasına həsr olunmuşdur.
Son illərdə (2015-2017) Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən Qrant layihəsi (layihənin həmrəhbəri prof.T.A.Süleymanov) çərçivəsində kafedrada müasir elmi-tədqiqat laboratoriyasının qurulması əczaçılıq analizinin müasir üsullarını tətbiq etməyə imkan yaratmışdır.
Yüksək effektli maye xromatoqrafiyanın tətbiqi ilə bir sıra preparatların keyfiyyətinə nəzarət məqsədilə yeni üsullar işlənilib hazırlanmışdır. “Fagolin” məlhəmi, “Kalinol plus” və “Beybimiks” şərbətləri və “flüordezoksiqlükoza” preparatlarının (18F-FDG) analizi aparılmışdır.
“Fagolin” preparatında əsas təsiredici komponentlər fıstıq meyvəsinin yağı və dekspantenoldur. Hal-hazıra qədər preparatının keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədilə yalnız yağ turşularının təyini üçün qaz-maye xromatoqrafiya üsulundan istifadə olunurdu ki, bu da qənaətbəxş deyildir. Buna görə də “Fagolin” preparatının yüksək effektli maye xromatoqrafiya ilə miqdarı təyini üsulu işlənib hazırlanmış və validasiya göstəricilərinin qiymətləndirilməsi aparılmışdır.
“Fagolin” preparatında dekspantenolun miqdarının yüksək effektli maye xromatoqrafiya üsulu ilə təyin edilməsi üsuluna dair patent alınmışdır [2].
“Kalinol plus” preparatının tərkibində əsas təsiredici komponentlər kalium-bromid və kəklikotu ekstarktıdır. Hal-hazıra qədər “Kalinol plus” preparatının keyfiyyətinə nəzarəti həyata keçirmək məqsədilə yalnız kalium bromidə aid eynilik və miqdarı təyini üzrə analizlər aparılır ki, bu da qənaətbəxş deyildir. Buna görə də preparatının yüksək effektli maye xromatoqrafiya ilə miqdarı təyini üsulu işlənib hazırlanmış və validasiya göstəricilərinin qiymətləndirilməsi aparılmışdır [9].
Tədqiq edilən üsul yüksək effektivliyi və spesifikliyi ilə xarakterizə olunur.
Radioaktiv dərman vasitəsi olan “flüordezoksiqulükoza” (FDG) preparatının keyfiyyətinin təyini üsulu işlənilib hazırlanmışdır. Aparılmış analizlər və alınmış nəticələrə əsasən YEMX metodu Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti şöbəsində istehsal edilən 18F-FDG-nin keyfiyyətinə nəzarəti həyata keçirməyə imkan verir[4].
İkinci istiqamət
Təbii mənbələrdən bioloji fəal maddələrin alınması və tədqiqi istiqamətində aparılan işlər təqdirə layiqdir. Belə ki, respublika florasından tərkibində bioloji fəal maddələr olan yeni xammal mənbələrinin müəyyən olunması istiqamətində aparılan işlər, xüsusilə müstəqil ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir [5].
Təbii birləşmələrin farmakokimyəvi tədqiqi istiqamətində Salvia L., Phlomis L., Medicago L., Veronica L., Vicia L., Fraxinus L., Sephalaria, Scabiosa., cinslərinə aid bitki növləri kafedra əməkdaşları prof. H.M.Əliyev, prof. İ.S.Mövsümov, prof. T.A.Süleymanov, dos. N.Ə. Babayev, dos. C.Y.Yusifova və dissertantlar S.E. Əliyeva, A.S. Şükürova, E.H. Kərimli, N.H. Paşayeva, A.S. Qəribli tərəfindən tədqiq olunmuşdur.
Kafedranın professoru İsrafil Soltan oğlu Mövsümov 40 ilə yaxın müddət ərzində respublika florasından olan bitki növlərinin farmakokimyəvi tədqiqi ilə məşğul olur. Prof. Mövsümov İ.S. tərəfindən əsasən Dipsacaceae fəsiləsinə aid olan Cephalaria və Seabioza cinsinə aid növlər tədqiq edilmişdir. Belə ki, Cephalaria cinsinə aid C. gigantea, C. grosshemii, C. procera, C. velutina, C. transsylvanica, C. tchihatchewii növləri, Scabioza cinsinə aid S. caucasica, S. micrantha, S. bipinnata, S. argentea, S. hyrcanica, S. columbaria, S. georgica növləri fitokimyəvi öyrənilmişdir. Nəticədə, 100-dən çox fərdi maddə, o cümlədən apigenin, sversiayaponin, qiqantozid A (kversetinin biozidi), lüteolin, kversetin, sinarozid, kversimertrin, hiperozid, palyustrozid flavonoidləri, triterpen turşuları: hederagenin, oleanol turşusu, velutinozidlər, həmçinin də β-sitosterin, gensianin alkaloidi və s. maddələr identifikasiya olunmuşdur. [10;11;12]. Qeyd edilən maddələrin bəziləri (β-sitosterin, ursol turşusu, kversetin və s.) çaytikanı yağı və alma meyvələrinin emalı nəticəsində yaranan sənaye tullantılarından da alınmışdır. Respublikada becərilən Olea europea meyvələrindən alınan zeytun yağına dair keçmiş SSRİ farmakopeya məqaləsinin həmmüəllifidir. Corylus avellana L. – adı fındıq yarpaqlarından mirisetin, kversetin, kempferol, afzelin, kversitrin flavonoidləri alınmış, yarpaqların spirtli ekstraktı əsasında damar möhkəmləndirici vasitə olan “Venocoryl” məlhəmi və hepatoprotektor təsirə malik “Corylexin” tabletləri kimi yeni dərman vasitələri hazırlanmışdır [7; 15].
Umumiyyətlə aparılan tədqiqatların nəticələrinə dair prof. Mövsümov İ.S. tərəfindən Respublikada və xaricdə çap edilən nüfuzlu jurnallarda 120-dən artıq elmi iş dərc etdirilmiş və 30 patent (ixtira) alınmışdur. Onun elmi məsləhətçiliyi ilə 1 elmlər doktorluğu dissertasiya işi müdafiə olunmuş, 1iş isə müdafiə ərəfəsindədir.
Tədqiqatlar sayəsində heparin istehsalı zamanı əmələ gələn tullantılardan beta-heparin və uzunmüddətli təsirə malik olan heparin almaq üsulları təklif edilmişdir.
Son illər ərzində prof. T.A. Süleymanovun rəhbərliyi ilə kafedrada aparılan aşağıdakı işləri göstərmək olar.
Şərq fıstığı yağı əsasında yeni dərman vasitəsi olan “Fagolin” məlhəmi işlənilib hazırlanmış, AR Səhiyyə Nazirliyində yeni dərman vasitəsi kimi qeydiyyata alınmış və hal hazırda reparativ prosesləri stimullaşdırıcı vasitə kimi tibb təcrübəsində istifadə olunur.
Aparılan tədqiqat işlərinin nəticələrinə əsasən Azərbaycan florasında yayılan və Salvia L- adaçayı cinsinə daxil olan 11 növ bitkinin farmakoqnostik tədqiqi nəticəsində kifayət qədər xammal ehtiyatı və tərkibində bioloji fəal maddələr kompleksi olan, yeni dərman vasitəsi yaradılması baxımından perspektivli hesab edilən və ölkəmizə xaricdən gətirilən S.offisinalis növünü əvəz edə bilən növlər seçilmişdir: bunlara qırçınlı adaçayı S.verticilata L. və vəzicikli adaçayı - S.glutinosa L. aiddir.
İlk dəfə olaraq S.verticillata L. əsasında tərkibi kompleks birləşmələrdən ibarət yeni dərman vasitəsi - "Salvident" məhlulu hazırlanıb və onun analgetik təsirinə görə metamizol-natriumdan geri qalmadığı, pişikotu ekstraktından isə 6,3% üstün təsirə malik olduğu aşkar edilibdir. İlk dəfə olaraq - "Salvident" məhluluna və qırçınlı adaçayı xammalına aid müvəqqəti Farmakopeya məqalələri hazırlanıb, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Farmakologiya və Farmakopeya komissiyasında təsdiq edilibdir.
Corylus avellana L. – adı fındıq yarpaqlarından mirisetin, kversetin, kempferol, afzelin, kversitrin flavonoidləri alınmış, yarpaqların spirtli ekstraktı əsasında damar möhkəmləndirici vasitə olan “Venocoryl” məlhəmi və hepatoprotektor təsirə malik “Corylexin” tabletləri kimi yeni dərman vasitələri hazırlanmışdır [6]. İlk dəfə olaraq, S.verticillata L. və S.glutinosa L. otundan alınmış diterpen birləşmələri məcmusunun sitotoksiki və şiş əleyhinə təsirə malik olduğu aşkar edilibdir ki, bu da gələcəkdə xammaldan səmərəli istifadə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədqiqatlar nəticəsində ilk dəfə olaraq Azərbaycan florasında yayılmış Phlomis pungens Willd.(Lamiaceae) növünün otundan iridoid birləşməsi olan lamiid, feniletanoid qlikozidləri olan leykoseptozid B və forsitozid B maddələri alınmış və spektroskopik üsullarla (NMR, 1H, 13C, COSY, HSQC və HMBC) identifikasiya edilmişdir.
Bu növlərin xammalarının oksidarçın turşuları və flavonoid tərkibinin tədqiqi nəticəsində xlorogen və neo-xlorogen turşları, kversetin-qlükuronid, verbaskozid, lüteolin-qlükuronid, lüteolin-7-O-[2’’-O-(4’’’-O-asetil-α-L-ramnopiranozil)]-β-D-qlükuronopiranozid və apigenin-diqlükozid maddələri alınmışdır [3;13].
Tikanlı odotu bitkinin yerüstü hissəsindən alınmış 80%-li spirtli çıxarış əsasında “Flomexin” tabletləri hazırlanmışdır ki, o da antioksidant və iltihab əleyhinə təsir göstərir.
Tikanlı odotundan alınmış flavonoid məcmusunun antioksidant təsirə, eləcə də Tikanlı odotu ekstraktının alloksan modelli diabetdə hipoqlikemik təsirə malik olduğu aşkar edilmişdir .
Xammala və ilk dəfə təklif olunan “Flomexin” tabletlərinə aid Farmakopeya Məqaləsi hazırlanmış və Səhiyyə Nazirliyinin «Farmakologiya və Farmakopeya» Komissiyasında təsdiq edilmişdir.
Medicago L.- Qarayonca cinsinə aid Azərbaycan florasından olan növlər tədqiq edilmişdir.
M. falcata L. növünün xammalından kversetin, kempferol, kempferitrin, kempferol-7-O-α-L-ramnopiranozil-3-O-β-D-glükopiranozid, apigenin və lüteolin maddələri alınmış və müasir spektroskopik üsulların köməyilə identifikasiya edilmişdir.
Veronica cinsinə aid Azərbaycan florasında yayılan V. crystagalli və V. albanica növləri xammalından veronikozid, verprozid, katalpozid, 6-0-n-hidroksibenzoil skutellozid, katalpol, 6-0-
Aparılan tədqiqatlar nəticəsində V. crista-galli və V. albanica bitkiləri xammalının müxtəlif ekstraktları və fraksiyalarının müxtəlif qatılıqlarda yüksək antioksidant təsir göstərdiyi məlum olmuşdur.
Fraxinus excelsior L. yarpaqlarından flavonoid cəmi alınıb və 4 maddə identifikasiya edilibdir. Flavonoid cəminin rutin (89,73%), hirsutrin (4,47%), nikotiflorin (5,53%) və astraqalin (0,27%) maddələrindən ibarət olduğu müəyyən edilibdir.
Tədqiq edilən növlərin xammalından alınmış flavonoid cəmi əsasında ilk dəfə yeni dərman vasitəsi “Fraxetin” tabletləri hazırlanıb, substansiya və tabletlərin 300 mq/kq dozalarda antioksidant fəallığa malik olduğu aşkar edilibdir. F. excelsior L. yarpaqları və yeni dərman vasitəsi olan “Fraxetin” tabletlərinə dair müvəqqəti Farmakopeya məqalələri hazırlanıb və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya şurası tərəfindən təsdiq edilibdir.
Beləliklə, kefedrada bu istiqamətdə aparılan elmi tədqiqatlar nəticəsində. bitki mənşəli 200-dən artıq fərdi maddə alınmış və identifikasiya edilmişdir.
Hal-hazırda müxtəlif bioloji və yaxud farmakoloji fəallığa malik olan birləşmələrin məqsədyönlü sintezinə üstünlük verilir. Bu baxımdan antifunqal fəallığa malik yeni birləşmələrin sintezi aktuallıq kəsb edir.
Bu səbəblə əlaqədar olaraq tərkibində piperazin halqası olan ditiokarbamat törəmələri sintez edilmişdir.
Nəticədə ditiokarbomat törəməsi olan 15 yeni maddə sintez edilmişdir. Ilk dəfə sintez olunan 2-((4-morfolinfenil)amino)-2-oksoetil 4-(4-metilbenzil) piperazin-1-karboditioat maddəsi CAS (Chemical Abstracts Service, USA) tərəfindən yeni maddə kimi (RN: 2055204-10-7)9 qeydiyyata alınmışdır [14].
Yeni sintez olunmuş 2-((4-(4-metilpiperazin-1-il)fenil)amino)-2-oksoetil 4-etilpiperazin-1- karboditioat (A5) maddəsi ən aktiv fungisid təsirli olmaqla antifunqal preparat kimi təklif edilmişdir.
Aparılan elmi tədqiqat işlərinin nəticələrinə dair 1000-dən artıq elmi iş dərc edilmiş, o cümlədən 50-dən artıq Patent (ixtira) alınmış və 5 monoqrafiya çap edilmişdir.
Göstərilən hər iki istiqamət üzrə elmi tədqiqat işləri müvəffəqiyyətlə davam etdirilir.
Ədəbiyyat
II. Tədris və tədris-metodiki işlər
Kafedrada dərslər azərbaycan, ingilis və rus dillərində aparılır. Azərbaycan dilində əczaçılıq kimyasından uzun müddət ərzində (1955-ci ilə qədər) kafedrada dərs aparnış, tələbkar və dərin biliyə malik, səmimi insan, tələbələrin hüsn-rəğbətini qazanmış Yusif Sultanovun, fənnin tədris olunma xüsusiyyətlərinin aşılanmasında xidmətləri xüsusi olaraq qeyd olunmalıdır. İxtisasına görə üzvi kimyaçı olduğu üçün ona bu fənnin tədrisi tapşırılarkən (40-cı illərin əvvəllərində), ilk növbədə bu elmin səciyyəvi cəhətlərini mənimsəməyi zəruri hesab etmiş və öz xahişi ilə Moskva Əczaçılıq İnstitutunun əczaçılıq kimyası kafedrasında təcrübə keçmişdi. 1955-ci ildən M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasıdna çalışır, respublikanın əməkdar müəllimidir.
Əczaçılıq kimyasının uzun illər ərzində tədirisində ilk milli kadrlarımızdan olan mərhum dosent Gülçiçək xanım Paşayevanın, dosent Firuzə xanım Əhmədovanın, dosent Arif Ələkbərovun, dosent Nizami Babayevin, dosent Müzəffər Mustafayevin, dosent Lətafət və hazırda bu sahədə müvəffəqiyyətlə çalışan prof. İsrafil Mövsümov, dosent Vaqif İsgəndərov, dosent Cəmilə Yusifovanın, baş müəllim Fual Məmmədov, baş müəllim Mahruh Nağıyevanın təqdirəlayiq xidmətləri vardır. Laboratoriya məşğələlərinin lazımi ləvazimatla təchizində və səmərəli keçməsində, uzun müddət kafedrada çalışmış provizor Fevziya xanım Səlidcanovanın xidməti də qeyd olunmalıdır.
Qeyd etmək lazımdır ki, uzun illər ərzində əczaçılıq kimyası üzrə azərbaycan dilində nəzəri kursa, həmçinin laboratoriya məşğələlərinə adi dərslik və ya dərs vəsaiti olmamışdır. İlk dəfə olaraq belə dərsliyin 1979-cu ildə I hissəsi, 1982-ci ildə II hissəsi, 1996-cı ildə isə laboratoriya məşğələlərinə aid rəhbərlik “Maarif” nəşriyyatı tərəfindən SSRİ Səhiyyə Nazirliyi və Azərbaycan SSR Səhiyyə Nazirliyinin qrifləri ilə nəşr olundu. 2018-2019-cu illərdə Əczaçılıq kimyası üzrə 2 hissədən ibarət yeni dərslik, eləcə də iki hissədən ibarət yeni dərs vəsaitləri nəşr olunmuşdur.
Dərsliklərlə yanaşı bir çox tədris-metodiki vəsaitlər də tərtib olunmuşdur. Ümumiyyətlə kafedra əməkdaşları tərəfindən 2000-ci ilə qədər 20-dən artıq dərslik, dərs vəsaitləri, tədris-metodiki vəsaitlər və monoqrafiyalar nəşr olunuş və tələbələrin istifadəsində verilmişdir [1]. Son illərdə nəşr olunmuş dərslik və dərs vəsaitləri aşağıda göstərilmişdir:
Kafedrada yerinə yetirilmiş bəzi elmi tədqiqatların, xüsusən əczaçılıq analizində aid işlərin nəticələri tədris prosesinə daixl edilmişdir. Bunlara misal olaraq “Fagolin” məlhəmində dekspantenolun, “Kalinol plus” şərbətində timolun miqdarını yüksək effektli maye xromatoqrafiyası üsulu ilə təyini üsullarını, yeni ditiokarbomat törəmələrinin sintezi üzrə alınmış nəticələri, müxtəlif bitki xammallarında flavonoidlərin spektrofotometriya üsulu ilə miqdari analizini və s. göstərmək olar. Diplom və kurs işlərinin, tələbə elmi cəmiyyəti üzrə mövzuların yerinə yetirilməsində bu nəticələrdən istifadə olunur.
Tədrisin ayrılmaz hissəsi olan istehsalat təcrübəsi son kurslarda tədris proqramlarına uyğun olaraq şəraiti olan Səhiyyə Nazirliyi “Dərman vasitələrinin analitik ekspertiza mərkəzinin nəzarət-analitik laboratoriyasında, Toksikoloi-referans laboratoriyasınd, “Azərfarm MMC” əczaçılıq zavodunun analitik laboratoriyasında keçirilir.
SSRİ mövcud olduğu dövrdə tədris prosesi İttifaq miqyasında tövsiyə olunmuş plan və proqram əsasında yerinə yetirilirdi. Respublikamız müstəqillik əldə etdikdən sonra Ali Təhsil haqqında Qanuna müvafiq olaraq əczaçı-bakalavr və əzcaçı-magistr hazırlığını nəzərdə tutan yeni tədris proqramları tərtib olunmuşdur. Bu proqramın hazırlanmasında tədris sahəsində kafedranın çoxillik iş təcrübəsi, həmçinin digər ölkələrin xüsusilə Türkiyə Cumhuriyyəti Universitetlərinin bu sahədə təcrübəsi nəzərə alınmışdır.
III. Səhiyyə təşkilatlarına kömək.
Kafedra təşkil olunan dövrdən İttifaqın və Respublikanın səhiyyə təşkilatlarına xeyli kömək göstərilmişdir. Belə ki, 1939-1942-ci illərdə kafedra (prof. İ.K.Qolberq) SSRİ Xalq Səhiyyə Komissarlığı nəzdində olan Farmakopeya Komitəsinin işində iştirak etmişdir.
1941-1945-ci illərdə müharibə dğövrü ilə əlaqədar olaraq yerli xammaldan bəzi dərman preparatlarının alınması və keyfiyyətinin yoxlanılması sahəsində Baş Apteklər İdarəsinə, Bakı Ət Kombinatı nəzdində orqanopreparatların istehsalının yaranması ilə əlaqədar, Quba şəhərində (1943) yerləşən sanitar-epidemioloji stansiyaya malyariya xəstəliklərinin müayinəsi üçün laborator yoxlamaları mənimsəməkdə kömək göstərmişdir. Sonrakı illərdə də kafedra əczaçılıq sənayesi müəssisələrinə, Bakı Apteklər İdarəsinə, xüsusən onun nəzarət0analitik laboratoriyasına əməli kömək etmişdir.
SSRİ Dövlət farmakopeyasının X nəşrinin buraxılması ilə əlaqədar Azərbaycan SSR Səhiyyə nazirinin əmrinə müvafiq olaraq nəzarət-analitik laboratoriyasının əczaçı-kimyaçıları üçün farmakopeyaya daxil edilmiş yeni analiz üsullarını mənimsəmək məqsədilə seminarlar təşkil edilmişdir.
SSRİ Səhiyyə Nazirliyi Farmakopeya Komitəsinin göstərişi ilə kafedra tərəfindən Vazelin və Vazelin yağı, Zeytun yağı farmakopeya məqalələrinin layihəsi hazırlanmışdır.
20 ilə yaxın bir müddətdə (1967-1988-ci illər) kafedra “15.00.02-əczaçılıq kimyası və farmakoqnoziya”ixtisası üzrə SSRİ Ali Attestasiya Komissiyasının bu sahədə ölkə üzrə 4 aparıcı müəssisəsindən biri olmuş və 30-a yaxın dissertasiya (doktorluq və namziədlik) işlərinə rəy verilmişdir.
1970-1990-cı illərdə prof. H.M. Əliyev SSRİ Tibb Elmləri Akademiyasının “Əczaçılıq kimyası” bölməsində üzv kimi fəaliyyət göstərmiş, SSRİ Səhiyyə Nazirliyinin “Əczaçılıq” üzrə Mərkəzi tədris-metodik komissiyasının da üzvü, kafedra isə bu komissiyanın dayaq bazası olmuşdur (ölkə üzrə 3 belə kafedra var idi). Nazirliyin əmrinə əsasən 1987-ci il aprelin 21-23-də bu Komissiyanın “Əczaçılıq kimyası və toksikoloji kimya” bölməsinin iclası Bakıda N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq kimyası kafedrası bazasında keçirilmişdir. Azərbaycan SSR Ali Soveti Səhiyyə və sosial təminat üzrə Daimi Komissiyasının tapşırığı ilə respublikada dərman bitkilərinin becərilməsi, tədarükü və tədqiqinə aid arayış hazırlanmış (H.M.Əliyev, İ.A. Dəmirov) və 1982-ci il mart ayının 23-də bu Komissiyanın təşkil etdiyi xüsusi müşavirədə müzakirə olunub bəyənilmiş, müvafiq təşkilatlara (Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Baş Apteklər İdarəsi) tövsiyyələt verilmişdir.
Kafedra 1970-80-90-cı illərdə Respublika Elmlər Akademiyasının “Dərman bitkiləri” problemi üzrə Elmi Şuranın 1970-2020-ci illərdə respublika əczaçıları Elmi cəmiyyətinin (hazırda Azərbaycan Əczaçıları Assosiasiyası) fəaliyyətində, əczaçı mütəxəssislərin attestasiyasında, Azərbaycan əczaçılarının I, II qurultayları və V konqresinin təşkili, keçirilməsi və materiallarının nəşr olunmasında, Azərbaycan Respublikası Milli Məclisi “Əczaçılıq fəaliyyəti haqqında”, eləcə də “Dərman vasitələri haqqında” Qanunlarının işçi qrup tərəfindən hazırlanması və müzakirəsində 1996 və 2006-cı illər fəal iştirak etmişdir.
Dövlət Elmi və Texnika Komitəsinin keçirdiyi müsabiqə əsasında 26 noyabr 1996-cı il 30 saylı əmrə müvafiq olaraq “Azərbaycan Respublikasında əczaçılıq sənayesinin inkişafı konsepsiyası” hazırlayan müvəqqəti işçi kollektiv (sədr prof. H.M.Əliyev) yaradılmışdı. Konsepsiya hazırlanıb Komitəyə təqdim olunmuş (iyun 1997-ci il) və bəyənilmişdir.
Konsepsiyada Azərbaycan Respublikasında əczaçılıq sənayesinin və əlaqədar sahələrin mövcud vəziyyəti təhlil olunmuş, böhran vəziyyətindən çıxış yolları və inkişafı üçün elmi cəhətdən əsaslandırılmış
Prof. Tahir Süleymanov 2010-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Tibb və Əczaçılıq” üzrə Ekspert Şurasının üzvü, 2014-cü ildən isə elmi katibi kimi fəaliyyət göstərir. Prof. T. Süleymanov Səhiyyə Nazirliyinin “Farmakologiya və Farmakopeya” komissiyasının üzvü kimi 2010-cu ildən fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyaları Komissiyası fəaliyyətə başladığı dövrdən kafedra əməkdaşları onun işində yaxından iştirak edir. Beləki, komissiya fəaliyyətə başladığı dövrdə prof. Hafiz Əliyev ekspert kimi çalışmışdır.