Məhərrəmbəyli İsrail Şəmşəd oğlu 1963-cü ildə noyabr ayının 4-də Tovuz rayonunun Düz Qırıxlı kəndində anadan olmuşdur. 1971-1981-ci illərdə Düz Qırıxlı kənd orta məktəbini bitirib. 1981-1983-cü illərdə Sovet İttifaqının tərkibində ordu sıralarında qulluq etmişdir. 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olunmuş, 1992-ci ildə I Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il Universitetin Elmi Şurasının qərarı ilə Anesteziologiya-reanimatologiya kafedrasında baş laborant vəzifəsinə saxlanılmışdır. 1995-ci ildə həmin kafedranın assistenti, 2008-ci ildən hal-hazıra kimi isə dosent vəzifəsində çalışır. 2000-ci ildə «Yayılmış irinli peritonitli xəstələrdə immun sistemin göstəricilərinin proqnostik əhəmiyyəti və korreksiyası» mövzusunda dissertasiya işini yerinə yetirərək tibb elmləri namizədi elmi dərəcəsi almışdır. 2007-ci ildə «Ağır dərəcəli müştərək kəllə-beyin travmalarının neyroreanimasion dövündə bronx-ağciyər ağırlaşmalarının müalicə və profilaktikası» mövzusunda doktorluq işim təsdiq edilmiş, hal-hazırda yekunlaşmaq üzrədir. 80-ə yaxın elmi işin, 2 metodik vəsaitin müəllifi, Reanimatologiya dərsliyinin həmmüəllifidir. 2011-2016-cı illərdə I Müalicə-profilaktika fakültəsinin Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışmışdır, 2016-cı ilin dekabr ayından II Müalicə-profilaktika fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.
Ailəliyədir, iki övladı var.