Bildiyimiz kimi tibb geniş,bir-birindən maraqlı məqamları özündə birləşdirən bir sahədir. Bu baxımdan tibb təhsili verən ali məktəblərin də əsas hədəfi bu sahə üzrə peşəkar,savadlı kadrların hazırlanmasıdır.Tibb bacısı işi ixtisası Azərbaycanda daha əvvəllər sadəcə kollec təhsili ilə kifayətlənən bir ixtisas idi.Lakin 2020ci ildə ölkəmizin tibb tarixində bir yenilik oldu. ATU-nun rektoru professor Gəray Gəraybəyli tərəfindən “Tibb bacısı işi ixtisası ”üzrə bakalavr səviyyəsində ixtisasın açılması barədə təşəbbüs irəli sürüldü. Qardaş Türkiyə, Avstraliya,Yaponiya və s. dünyanın bir çox fərqli ölkələrində olduğu kimi, Azərbaycanda da Tibb bacısı işi ixtisası bakalavr pilləsində tədris edilməyə başladı.
İxtisas üzrə bakalavr təhsili kolleclərdən fərqli olaraq 4 ildir. Bakalavr təhsilindən sonra magistr, doktorantura pillələrində təhsil alaraq, elmi iş müdafiə edərək dosent, professor səviyyəsinə qədər yüksələ bilərsiniz. Fənlər öz ixtisası üzrə peşəkar olan müəllim kollektivi tərəfindən aparılır. Dərslər nəzəri və praktiki şəkildə tədris edilir. Baza təhsili ilə yanaşı peşə bacarıqlarının artırılması yönündə bir çox fənlər tədris olunur.Tədris zamanı ən son məlumatlar tələbələrə çatdırılır. Fənn spektri daha genişdir. Bu isə təhsilin dünya standartları ilə ayaqlaşmasında böyük rol oynayır. Həmçinin mübadilə proqramları vasitəsilə təhsilalanlar dünyanın bir çox aparıcı Tibb təhsili verən müəssisələrində təhsil almaq şansına sahib ola bilərlər. Azərbaycan Tibb Universiteti yaxın gələcəkdə magistr səviyyəsində Tibb bacısı işi ixtisası üzrə tədris prosesinə başlamağı planlaşdırır. Əsas hədəf gələcəkdə öz sahəsi üzrə kifayət qədər biliyə və praktiki baxımdan yetərli bacarıqlara sahib ixtisaslaşmış tibb bacılarının hazırlanmasıdır.