Rusiyanın ən qədim tibb təhsili ocağı olan İ.M.Seçenov adına Birinci Moskva Tibb Universiteti və Azərbaycan Tibb Universiteti arasında əlaqələr uzun illərdir ki, mövcuddur. 2012-ci tədris ilində bu əlaqələr növbəti mərhələyə qədəm qoymuş, yeni keyfiyyət almışdır. Universitetlərin rektorları, akademik Ə.T.Əmiraslanov və RTEA-nın müxbir üzvü, professor P.V.Qlıboçko arasında imzalanmış ikitərəfli əməkdaşlıq haqda saziş müxtəlif istiqamətlərdə əlaqələrin qurulması və inkişaf etdirilməsini nəzərdə tutmuşdur. Həmin Əməkdaşlıq çərçivəsində bu ilin iyul ayında ATU-nun tələbələri MTU-nun klinikalarında , eyni zamanda MTU-nun 8 nəfər tələbəsi ATU-nun Tədris Terapevtik Klinikasının Nevrologiya, Endokrinologiya, Terapiya və Poliklinik şöbələrində, Onkoloji klinikada və Toksikologiya Mərkəzində yay istehsalat təcrübəsi keçmişlər. Qeyd etmək lazımdır ki, rusiyalı tələbələr ilk ğündən qayğı və diqqətlə əhatə olunmuş, asudə vaxtlarında azərbaycanlı yaşıdları ilə Bakının tarixi və görməli yerlərini gəzmişlər.
İyulun 27-də ATU-nun TTK-da İ.M.Seçenov adına MTU-nun tələbləri ilə görüş keçirilmişdir. Görüşdə Klinikanın direktoru professor S.Musayev, ümumi işlər üzrə prorektor N.Xəlilov, beynəlxalq əlaqələr şöbəsinin müdiri R.Qabulova iştirak etmişlər. Görüşü giriş sözü ilə açan prof. S.Musayev Rusiyanın ən mötəbər təhsil ocaqlarından biri olan MTU və ATU arasında əlaqələrin hələ Sovet dönəmində güclü olduğunu vurğulamış, yüzlərlə azərbaycanlı alim, həkim və tədqiqatçının Rusiyanın bu və digər mötəbər universitet və elmi mərkəzlərində təhsil aldığını, ordinatura, aspirantura, doktorantura keçərək yüksək ixtisaslı kadr kimi yetişdirildiyini söyləmişdir.
Rusiyalı tələbələr prezentasiya ilə çıxı etmiş, universitetləri haqda ümumi məlumat vermiş, daha sonra yay təcrübələri, Bakı və azərbaycanlılar haqda öz təəssuratlarını bölüşmüşlər. Bakıda keçirdikləri vaxt ərzində əsil azərbaycanlı qonaqpərvərliyinin şahidi olduqlarını bildirmiş, təcrübə keçdikləri Tədris Terapevtik klinikanın hər cür müasir avadanlıqla təchiz olunması ilə yanaşı, burada çalışan həkimlərin və təmasda olduqları digər klinikaların əməkdaşlarının yüksək professional və şəxsi keyfiyyətlərindən danışmışlar. Rusiyalı tələbələr bir daha ATU-nun rəhbərliyinə, müəllim-tələbə kollektivinə öz minnətdarlıqlarını bildirmiş, Azərbaycan və azərbaycanlılar haqda şəxsi fikirlərinin formalaşmasında bu təcrübənin əvəzedilməz bir vasitə olduğunu vurğulamışlar.
ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent R.Qabulova çıxış edərək Universitetimizin Rusiya universitetləri ilə yeni başlamış tələbə mübadiləsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyini və universitetlərası əlaqələrin gələcəkdə genişləndiriləcəyinə ümid etdiyini bildirmişdir.
Görüşün sonunda Seçenov adına MTU-nin tələbələrinə xatirə olaraq Tibb Universitetin haqda kitablar təqdim olunmuş və onlar sertifikatla təltif olunmuşlar.