1-2 noyabr 2018-ci il tarixində Azərbaycan Tibb Universitetində Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri əməkdar elm xadimi, professor Amaliya Əyyubova və Tələbə Elmi Cəmiyyətinin sədri t.ü.e.d., dosent Müşfiq Həsənovun təşkilatçılığı ilə gənc alimlərin, rezidentlərin və tibb tələbələrinin “V Beynəlxalq Tİbb Konqresi” keçirildi. Öncəliklə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyularaq xatirəsi anıldı. Sonra ATU-nun rektoru və qonaqlar poster bölməsində olan məruzələrə baxış keçirdilər. Giriş sözü ilə ATU-nun rektoru prof.Gəray Gəraybəyli çıxış etdi. Rektor öz çıxışında rəhbərlik etdiyi bu ali elm və təhsil ocağında təbabətin müxtəlif bölmələri üzrə mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini dedi. O, bu konqresin təşkilinin artıq ənənə halı aldığını qeyd etdi və konqresin işini açıq elan edərək tələbələrə uğurlar arzuladı. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni, sonra ATU-nun Himni səsləndirildi.
Təbrik üçün kürsüyə Türkiyə Endoskopik Laparoskopik Cərrahlar Dərnəyinin rəhbəri və qurucusu, Fransa Leon Universitetinin professoru Cavit Avcı dəvət olundu. O, konqres iştirakçılarını təbrik etdi və İstanbul Universiteti Tibb fakültəsi adından Azərbaycan Tibb Universitetinin rektoru prof.G.Gəraybəyliyə plaket hədiyyə verdi. Özbəkistanın Daşkənd Pediatriya İnstitutunun nümayəndəsi Sardorxoca Sızdıkxocayev çıxış ederək konqresin işinə uğurlar diləyib. O, prof.G.Gəraybəyliyə təmsil etdiyi ali təhsil ocağı adından Özbəkistan milli geyimini və hədiyyələri təqdim etmişdir. Rəsmi açılışdan sonra Asəf Zeynallı adına uşaq musiqi məktəbinin tələbələri və ATU-nun “Şəfa” özfəaliyyət qrupu musiqili proqramla çıxış etdilər.
Beşinci dəfədir keçirilən konqresdə Türkiyə, Rusiya, Almaniya, İran, Özbəkistan, Pakistandan olan həkimlər, gənc alim və tələblər iştirak etmişdirlər. Konqresə 200-ə qədər elmi məqalə və tezislər daxil olmuşdur. Ümumilikdə, 749 iştirakçı “V Beynəlxalq Tibb Konqresi” üçün rəsmi qeydiyyatdan keçmişdir. Konqresdə 602 nəfər iştirak etmiş, bunlardan 295 nəfər həkim və rezident, 270 nəfər tələbə, 37 nəfəri xarici ölkə universitetlərində təhsil alan professorlar, tələbələr və həkimlər idi. Eyni zamanda ölkəmizin müxtəlif mərkəzi xəstəxanalarında çalışan, Naxçıvan MR Dövlət Universiteti Tibb fakültəsinin əməkdaşları, Şirvan Diaqnostik Mərkəzinin əməkdaşları, Şəki, Qusar, Quba, Ağdam, Ağdaş, Bərdə rayon mərkəzi xəstəxanalarında çalışan həkimlər də konqresə qatılmışdırlar.
V Beynəlxalq Tİbb Konqresi dünyanın bir çox ölkələrindən olan professor, həkim və tibb tələbələrini bir araya gətirdi. Konqres iş planına uyğun olaraq cərrahiyyə, pediatriya, stomatologiya, onkologiya, psixiatriya, ginikologiya, oftolmologiya, endokrinologiya, nevrologiya, epidemiologiya, hematologiya, kardiologiya, mikrobiologiya, histologiya, biokimya, əczaçılıq, genetika, tibbi statistika və poster bölməsi üzrə işini davam etdirdi.
Konqresdə iştirak etmək üçün dünyanın 20-dən çox universitetinə rəsmi dəvət göndərilmişdir. V Beynəlxalq Tİbb Konqresində qardaş respublika olan Türkiyə İstanbul Universiteti Tibb fakültəsi, Qazi Universiteti 2 elmi məqalə ilə, Rusiyadan Dağıstan Dövlət Tibb Universiteti, Tümen Dövlət Tibb Universiteti 29 elmi məqalə ilə, İrandan Məşhəd Tibb Elimləri Universiteti, İslam Azad Universiteti, Tehran Tibb Elimləri Universitetləri 7 məqalə ilə, Erlangen-Nürnbergin Fridrix-Aleksander Universiteti 1 məqalə ilə, Pakistan Karaçı Universiteti 1, Özbəkistandan Daşkənd Pediatrik Tibb İnstitutundan 5, Daşkənd Tıbb Akedemiyası 7, Buxara Tibb Universiteti 1 elmi məqalə ilə, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialından 19 məqalə ilə professor, həkim və tibb tələbəsi qatılmışdır. Ümumilikdə 44 həkim və tibb tələbəsi təbabətin aktual problemlərinə həsr olunmuş məruzələri ilə konqresdə çıxış etmişdir. İlk dəfədir ki, Beynəlxalq konqres Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olundu. Aktiv iştirakçılara 21, passiv iştirakçılara 16 bal verildi.
Konqresdə prof. Dr.Cavit Avcı, t.ü.e.d., dos. Müşviq Həsənov, prof. Dr.Rasim Gençosmanoğlu, prof. Dr.Aydın Alper, prof. Dr.Levent Avtanın rəhbərliyi ilə laparoskopik kolorektal cərrahiyəyə aid kurs keçirildi. Kursda 30 nəfər həkim, rezident və tələbə iştirak etmişdir.
Konqresin bağlanışı təntənəli surətdə ATU-nun akt zalında keçirilmişdir. ATU-nun t.ü.e.d.;dos.M.Həsənov çıxış ederek “V Beynəlxalq Tibb Konqresində” iştirak eden bütün iştirakçıları təbrik etdi və universitetin rektoru prof.G.Gəraybəylinin adından onlara uğurlar arzuladı. Sonda ATU-nun “Şəfa” özfəaliyyət qrupunun çıxışı ilə konqres öz işini başa çatdırmışdır..