Hesabat dövründə Onkologiya kafedrasında 1 mövzu üzrə elmi-tədqiqat işi davam etdirilmişdir:
Mövzü: Klinik, morfoloji, molekulyar-genetik və laborator müayinələrin əsasında və immuno-target terapiya tətbiq etməklə bədxassəli şişlərin müalicəsinin optimallaşdırılması
Bu mövzu üzrə 2022-ci hesabat ilində 4 işin 6 mərhələsi üzrə tədqiqatlar aparılmışdır.
İş 2: Uşaqlıq boynu bədxassəli şişlərində immunoterapiyanın hədəfi olan PD-L1 molekulasının ekspressiyalarının və COX-2-nin təyini
Məsul icraçı: Dos. N.İ. Mehdiyeva
Mərhələ 3: Uşaqlıq boynu bədxassəli şişlərində immunoterapiyanın aparılması müddətinin və proqnozun müəyyən edilməsi üçün PD-L1 biomarkerinin tədqiqi
İcraçılar: Dokt. İ.F. Soltanova, Baş lab. N.B. Əhmədzadə
Тədqiqatın məqsədi. Uşaqlıq boynu bədxassəli şişlərində immunoterapiyanın aparılması müddətinin və proqnozun müəyyən edilməsi üçün PD-L1 biomarkerinin tədqiqi.
Material və metodlar. Tədqiqat kontengenti 105 xəstədən ibarət olmuşdur. Onlardan 70 nəfər uşaqlıq boynu xərçəngi, 35 nəfər isə müxtəlif ağırlıq dərəcəsi olan displaziyalı xəstələr olmuşdur. Xəstələrin ambulator kartları, xəstəlik tarixləri, klinik, laborator, USM, MRT, patomorfoloji və immunohistokimyəvi müayinələrinin nəticələri təhlil ediləcək, alınmış məlumatlar riyazi-statistik üsullarla işlənəcəkdir. Uşaqlıq boynu displaziyaları 3 qrupa bolünmüşdür: zəif (CIN I – 7 xəstə),orta (CIN II – 13 xəstə), ağır (CIN III – 15 xəstə) dərəcəli olmaqla.Uşaqlıq boynu xərçənginin PD-L1 ekspressiyasından asılı olaraq: PD-L1-pozitiv və PD-L1-neqativ qrupları arasında klinik, morfoloji və proqnostik təhlil aparılmışdır.
Alınan nəticələr və yenilik. PDL-1 markeri həm müxtəlif dərəcəli displaziyalar zamanı, həm də uşaqlıq boynunun xərçəngi zamanı böyük arxiv və cari materialda tədqiq edilib. Bu markerin şişin mərhələsi və müxtəliif histotipləri ilə korrelyasiyası qiymətləndirilib, eləcə də uşaqlıq boynunun müxtəlif dərəcəli displaziyaları zamanı PDL-1 səviyyəsi tədqiq olunub.
Tətbiq sahəsi. İşin nəticələri ATU-nun Onkoloji klinikasında klinisistlərin və patomorfoloqların praktiki fəaliyyətlərində istifadə olunur.
Mühüm elmi nəticə. PDL-1 ekspressiya dərəcəsinin müəyyən edilməsi uşaqlıq boynu xərçənginin müxtəlif histotiplərinin və müxtəlif ağırlıq dərəcəsi olan displaziyaların diaqnostikasında, müalicəsində və proqnozlaşdırılmasında ilk növbədə immunoterapiyanın seçilməsində mühüm rolu vardır. PDL-1 ekspressiyasının uşaqlıq boynu xərçənginin müəyyən kliniki-morfoloji parametrlərlə uzlaşması adekvat müalicə planının qurulmasına yardım edərək, PDL-1 immun nəzarət nöqtələri inhibitorlarının istifadə imkanlarını artırır. PDL-1 pozitiv status zamanı residivlərin və metastazların yaranma riskini statistik əhəmiyyətli artırır və bu xəstələrin residivsiz , metastazsız və ümumi yaşama göstəricilərini statistik əhəmiyyətli azaldır. Tədqiqatın nəticələri uşaqlıq boynu xərçənginin vaxtında profilaktikası məqsədilə uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin diaqnostikasında istifadə oluna bilər. PDL-1 tədqiqinin uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəliklərində diaqnostik alqoritminə daxil edilməsi diaqnostikanın detallaşdırılmasında, müalicə taktikasının seçimində və aparılan terapiyanın effektivliyinin artırılmasında faydalı ola bilər.
İş 3: Yumurtalıq törəmələrinin diferensiasiyasında HE-4 və CA-125 biomarkerlərinin rolu, ROMA indeksı
Məsul icraçı: Prof. A.Y. Qazıyev
Mərhələ 2: Yumurtalıqların bədxəssəli şişləri zamanı əməliyyatdan sonrakı dövrdə HE-4 və CA-125 biomarkerlərinin proqnostik dəyərinin təyini
İcraçılar: Baş lab. L.Q. Əliyeva, T.E. Əliyev
Tədqiqatın məqsədi. Yumurtalıqların bəxaasəli şişləri zamanı əməliyyatdan sonrakı dövrdə HE-4 və CA-125 biomarkerlərinin proqnostik əhəmiyyətinin qiymətləndirilməsi
Material və metodlar. 2021-2023 illərdə ATU-nun Onkoloji klinikasında yumurtalıqların bədxassəli şişlərinə görə müayinə və müalicə olunuş 30 xəstədə əməliyyatdan sonrakı dövrdə HE-4 və CA-125 onkomarkerləri təyin edilmişdir. Xəstələrdə total histeroektomiya, bilateral sapinqooforoektomiya və çanaq limfodiseksiyası həyata kecirilmişdir. Xəstələrdən alınan bioloji materialların laborator müayinələri aparılmış, yumurtalıqların bədxassəli şişləri olan xəstələrdə əməliyyatdan sonra müvafiq şiş onkomarkerlərinin səviyyəsi təyin edilmiş, eləcə də əməliyyatdan sonrakı dövrlərdə radioloji və patohistoloji müayinələrin aparılmışdır.
Alınan nəticələr və yenilik. Tədqiq olunan xəstələrdə yumurtalıqların bədxassəli şişləri zamanı əməliyyatdan sonra HE-4 və CA-125 onkomarkerlərinin kəmiyyət göstəriciləri təyin olunaraq əməliyyatdan əvvəlki göstəricilərlə müqayisəli təhlili aparılmışdır. Yumurtalıq bədxassəli şişləri zamanı pasiyentlərin qan materiallarında CA-125 onkomarkeri səviyyəsi <19 BV/ml və 100-499 BV/ml intervalında dəyişmişdir. HE-4 onkomarkerinin səviyyələri isə 100-499 BV/ml və >1000 BV/ml intervallarında dəyişmişdir. İş üzrə tədqiqatın növbəti mərhələsində əməliyyatdan sonrakı dövr üçün şişin kimyəvi terapiyaya cavabının müəyyən edilməsi məqsədilə HE-4 və CA-125 onkomarkerlərinin birgə təyini və qiymətləndirilməsi aparılacaqdır. Həmçinin göstərilən onkomarkerlərin səviyyəsinin xəstəliyin müalicə taktiksından asılı olaraq müalicə taktikasından asılı olaraq müalicənin müxtəlif mərhələlərində dəyişməsinin öyrənilməsi istiqamətində tədqiqatlar davam etdirilir. Bu mərhələ üzrə 1 məqalə çapa təqdim edilmişdir.
Tətbiq sahəsi. ATU-nun Onkoloji klinikasında klinisistlərin və həkim-laborantların gündəlik praktik fəaliyyətində istifadə olunur.
Mühüm elmi nəticələr. Yumurtalıqların bədxəssəli şişləri zamanı əməliyyatdan sonrakı dövrdə HE-4 və CA-125 biomarkerlərinin proqnostik dəyərinin təyini və qiymətləndirilməsi residivlərin erkən diaqnostikası, eləcə də şişlərin kimyəvi terapiyaya cavabının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir.
İş 4: Süd vəzisi xərçəngində morfoloji, immunohistokimyəvi və molekulyar-genetik biomarkerlərin təyin edilməsi əsasında immuno-target terapiyanın tətbiqi
Məsul icraçılar: Dos. N.İ. Mehdiyeva, Dos. E.R. Hüseynov, Dos. T.S. Quliyeva
Mərhələ 2. Süd vəzisi xərçəngində morfoloji, immunohistokimyəvi və molekulyar-genetik markerlərə uyğun seçilmiş monoklonal antikorların tədqiqi və istifadə edilməsi
İcraçılar: Dos. C.B. Camalov, Ass. İ.U. Cəfərova
Tədqiqatın məqsədi. Süd vəzi xərçəngində müasir monoklonal antikorların tədqiqi və ilkin nəticələrin qiymətləndirilməsi.
Material və metodlar. Hesabat ilində tədqiqata cəlb edilmiş 124 xəstədən müxtəlif cərrahi metodlarla alınmış (şişdən bilavasitə tru-cut kəsici iynə bioptatları, metastatik plevral effuziyadan alınmış mayenin sentrifuqalaşdırılması və cərrahi müdaxilə sonrası mikro- və makropreparatların, konsentratlaşdırılmış patoloji mayenin morfoloji, immunohistokimyəvi və molekulyar-genetik müayinələrinin nəticələrinə əsasən müvafiq monoklonal antikorların tətbiqi nəticələri qiymətləndirilmişdir. Müalicə protokollarının müəyyənləşdirilməsi zamanı monoklonal antikorların istifadəsi nəticələri süd vəzisi xərçəngində morfoloji tədqiqatların, xüsusilə də müasir immuno-histokimyəvi müayinələrin və molekulyar-genetik tədqiqatların nəticələri nəzərə alınmaqla tədqiq edilmişdir.
Alınan nəticələr və yenilik. Morfoloji olaraq təsdiq edilmiş süd vəzisi xərçəngində onkogenlərin, reseptor quruluşun və tumor supressor genlərin tezliyi müəyyən edilərkən daha yüksək tezliklə müşahidə edilən genlərdən olan HER-2neu genlərinin tezliyi 27% olmuş və qeyd edilən xəstələrdə müvafiq qrupdan olan bir neçə müxtəlif (infuzion olaraq - trastuzumab, trastuzumab-emtansin, pertuzumab: və per os olaraq lapatinib) monoklonal antikorların müalicəvi effektivlikləri qiymətləndirilmiş və ayrı-ayrılıqda fərqli somatik statuslu HER-2neu pozitiv xəstə qruplarında müvafiq preparatlarla müalicənin effektivliyi qiymətləndirilmişdir.
Hər hansı yanaşı xəstəliklər (ÜİX, nevroloji patologiyalar və s.) səbəbindən infuzion mülaicənin mümkün olmadığı hallarda, xüsusən baş beyin metastazları olan süd vəzisi xərçəngi xəstələrində per os qəbul edilən HER-2neu reseptoru və EGFR blokatoru monoklonal antikor olan lapatinib (Tykerb və ya Tyverb adları altında) preparatının digər per os kimyəvi dərman preparatı (capecitabine) ilə müvafiq kombinasiyası nəticələrinin öyrənilməsi davam etdirilmişdir.
Tətbiq sahəsi. Qəbul edilmiş müalicə protokollarının modifikasiyası süd vəzisi xərçənginin kompleks (kimyəvi dərman və immuno-target) müalicəsi planlaşdırılarkən daha effektiv neoadyuvant, adyuvant və qurtarıcı müalicə sxemlərinin müəyyənləşdirilməsinə imkan yaradır.
Mühüm elmi nəticələr. Süd vəzisi xərçəngi zamanı yeni immuno-target prepatlarla monoterapiya və klassik süd vəzisi xərçənginin müalicəsi protokolları ilə kombinasiyası daha effektiv və maddi cəhətdən sərfəli mono- və kombinəolunmuş müalicə sxemlərinin işlənib hazırlanmasında əhəmiyyətli rol oynayır.
Mərhələ 3. Süd vəzisi xərçəngində morfoloji, immunohistokimyəvi və molekulyar-genetik markerlərə uyğun seçilmiş xərçəngəleyhinə vaksinlərin, sitokinlərin, nəzarət məntəqəsi inhibitorlarının tədqiqi və istifadə edilməsi
İcraçılar: Baş lab. S.Y. Qaraisayeva, Ass. İ.A. Səfərova
Tədqiqatın məqsədi. Süd vəzi xərçənginin müalicəsində nəzarət məntəqəsinin blokatorlarının, sitokinlərin tədqiqi və ilkin nəticələrin qiymətləndirilməsi.
Material və metodlar. Hesabat ilində tədqiqata cəlb edilmiş 24 xəstədən tru-cut kəsici iynə bioptatları və cərrahi müdaxilə sonrası mikro- və makropreparatların, morfoloji, immunohistokimyəvi və molekulyar-genetik müayinələrinin nəticələrinə əsasən müvafiq nəzarət məntəqəsinin blokatorlarının, sitokinlərin (PD-1 inhibitorları olaraq - pembrolizumab, nivolumab və PD-L1inhibitorları olaraq atezolizumab, durvalumab) tətbiqi nəticələri qiymətləndirilmişdir. Müalicə protokollarının müəyyənləşdirilməsi zamanı nəzarət məntəqəsinin blokatorlarının, sitokinlərin istifadəsi nəticələri süd vəzisi xərçəngində morfoloji tədqiqatların, xüsusən də müasir immuno-histokimyəvi müayinələrin və molekulyar-genetik tədqiqatların nəticələri nəzərə alınmaqla tədqiq edilmişdir.
Alınan nəticələr və yenilik. Morfoloji olaraq təsdiq edilmiş süd vəzisi xərçəngində müvafiq preparatların müalicəvi effektivliyi qiymətləndirilmişdir.
Xüsusən, immunohistokoimyəvi olaraq üçlü neqativ (triple negative) süd vəzisi xərçəngi xəstələrinin müalicəsində standart kimyəvi dərman müalicəsi ilə PD-1 və PD-L1 inhibitoru preparatlarının kombinasiyası nəticələri digər standart müalicə alan xəstə qrupları ilə müqayisəli şəkildə tədqiq edilmiş və öyrənilmişdir.
Tətbiq sahəsi. Süd vəzisi xərçənginin kompleks (kimyəvi dərman və immunoterapiya) müalicəsi zamanı qəbul edilmiş müalicə protokollarının modifikasiyası və müalicə planlanmasında daha effektiv neoadyuvant, adyuvant, qurtarıcı müalicə sxemlərinin müəyyənləşdirilməsinə imkan yaradır.
Mühüm elmi nəticələr. Nəzarət məntəqəsi blokatorlarının klassik süd vəzisi xərçənginin müalicəsi protokolları ilə kombinasiyada tətbiqi daha effektiv və maddi cəhətdən sərfəli mono- və kombinə olunmuş müalicə sxemlərinin məyyənləşdirilməsində rol oynayır.
İş 5. Ağciyərin qeyri-xırdahüceyrəli xərçənginin morfoloji və immunohistokimyəvi tədqiqi əsasında immuno-target terapiyanın tətbiqi
Məsul icraçılar: Dos. E.R. Hüseynov, Dos. C.B. Camalov
Mərhələ 2. Ağciyərin qeyri-xırdahüceyrəli xərçənginin morfoloji və immunohistokimyəvi tədqiqi ilə alınmış nəticələr əsasında immuno-target preparatların tətbiqi
İcraçı: Baş lab. S.Y. Qaraisayeva
Tədqiqatın məqsədi. Ağciyərin qeyri-xırdahüceyrəli xərçənginin morfoloji altqruplarının müalicəsində immuno-target preparatların rolunun müəyyənləşdirilməsi.
Material və metodlar. Daha öncədən kompleks morfoloji (immunohistokimyəvi, molekulyar –genetik) müayinələrlə qeyri-xırdahüceyrəli ağciyər xərçəngində müxtəlif genlər tərəfindən yaradılan və tənzimlənən molekulyar mexanizmlər (PD-1, PD-L1, TP53, KRAS, EGFR, NF1, BRAF, MET, PİC3CA, RB1) araşdırılmış və ekspressiya tezlikləri müəyyən edilmiş, müxtəlif qrup xəstələrdə immuno-target preparatlarla (pembrolizumab, nivolumab, atezolizumab, vemurafenib, durvalumab) müalicə nəticələri qiymətləndirilmişdir.
Alınan nəticələr və yenilik. Ağciyər qeyri-xırdahüceyrəli xərçəngində kompleks morfoloji tədqiqatlara əsasən planlaşdırılmış immuno-target müalicə zamanı PD-1 blokatroları (pembrolizumab, nivolumab) və PD-L1 blokatrou (atezolizumab) ilə müalicənin klassik müalicə metodları ilə kombinasiyalı şəkildə tətbiqi xəstələrdə residivsiz yaşama müddətini uzatmaqla yanaşı ümumi yaşama müddətinə də müsbət təsir göstərmişdir.
Tətbiq sahəsi: Ağciyərin qeyri-xırdahüceyrəli xərçənginin kompleks kimyəvi dərman və immuno-target müalicəsi müəyyənləşdirilərkən həm neoadyuvant, həm də adyuvant müalicə üsullarının təyini, eləcə də irəliləmiş mərhələlərdə olan ağciyər xərçəngi halları nəzərə alınmaqla xəstələrin yaşama müddətini artırmaq üçün müvafiq müalicə sxemlərinin seçilməsi morfoloj, immunohistokimyəvi və molekulyar-genetik müayinələrin kompleks şəkildə tədqiqini zəruriləşdirir və klniki və proqnostik əhəmiyyətini artırır.
Mühüm elmi nəticələr. Digər onkoloji xəstəliklərlə müqayisədə nisbətən daha çox rast gəlmə tezliyinə və yüksək ölüm göstəriciləri ilə pis proqnoza malik olan ağciyərin qeyri-xırdahüceyrəli xərçənginin müasir immuno-target preperatlarla müalicəsi göstərilən patologiyanın kompleks morfoloji, immuno-target və molekulyar-genetik tədqiqatların nəticəsinə əsaslanan daha effektiv və maddi cəhətdən sərfəli immuno-target prepartların seçilməsində və kombinəedilmiş müalicə sxemlərinin işlənib hazırlanmasında əhəmiyyətli rol oynayır.
Mərhələ 3. Ağciyərin qeyri-xırdahüceyrəli xərçəngində immuno-target preparatlarla müalicənin ilkin nəticələri
İcraçı: Baş lab. N.R. Əlizadə, Baş lab. S.A. İmanova
Tədqiqatın məqsədi. Ağciyərin qeyri-xırdahüceyrəli xərçənginin immuno-target preparatlarla müalicəsi nəticələrinin qiymətləndirilməsi.
Material və metodlar. Qeyri-xırdahüceyrəli ağciyər xərçəngi diaqnozu qoyulmuş və hesabat ilində tədqiqata cəlb edilmiş xəstələrdə immunohistokimyəvi tədqiqatlara əsasən müxtəlif genlər tərəfindən yaradılan və tənzimlənən molekulyar mexanizmlər (PD-1, PD-L1, TP53, KRAS, EGFR, NF1, BRAF, MET, PİC3CA, RB1) araşdırılmış və ekspressiyası tezlikləri müəyyən edilmiş müxtəlif qrup 56 xəstədə immuno-target preparatlarla (pembrolizumab, nivolumab, atezolizumab, vemurafenib, durvalumab, osimertinib, crizotinib, dabrofenib, necitumumab) müalicənin ilkin nəticələri qiymətləndirilmişdir. EGFR mutasiyası olan 26 xəstədə erlotinib ilə (o cümlədən, T790M gen mutasiyaları aşkar edilmiş 3 xəstədə osimertinib ilə), ALK və ROS-1 mutasiyaları aşkar edilmiş 3 xəstədə Crizotinib ilə, BRAF mutasiyası aşkar edilmiş 3 xəstədə Dabrofenib ilə, PD-1 və PD-L1mutasiyası müşahidə edilmiş 4 xəstədən 3-də Nivolumab, 1-də pembrolizumab ilə müalicə nəticələri öyrənilərək klassik müalicə metodları ilə müalicə almış müvafiq kontrol xəstə qrupları ilə müqayisəli halda tədqiq edilərək müalicənin yaxın və uzaq nəticələri təhlil edilmişdir.
Alınan nəticələr və yenilik. Ağciyərin qeyri-xırdahüceyrəli xərçəngində kompleks morfoloji tədqiqatlara əsasən planlaşdırılmış immuno-target müalicə zamanı erlotinib (Tarceva) preparatı həm metastatik, həm neoadyuvant, həm də qurtarıcı müalicədə müsbət qənaətbəxş nəticələr göstərmişdir. Xüsusilə metastatik xəstələrdə yaşama müddətini statistik əhəmiyyətli şəkildə artırmışdır. PD-1 blokatroları (pembrolizumab, nivolumab) ilə müalicənin klassik müalicə metodları ilə kombinasiyada tətbiqi xəstələrdə residivsiz yaşama müddətini uzatmaqla yanaşı, ümumi yaşama müddətinə də müsbət təsir göstərmişdir.
Tətbiq sahəsi: Ağciyərin qeyri-xırdahüceyrəli xərçəngi zamanı kompleks kimyəvi dərman və immuno-target müalicəsi planlaşdırılarkən həm neoadyuvant, həm adyuvant müalicə üsullarının təyini, eləcə də irəliləmiş mərhələlərdə olan ağciyər xərçəngi halları nəzərə alınmaqla xəstələrin yaşama müddətini artırmaq üçün müvafiq müalicə sxemlərinin seçilməsi morfoloji, immunohistokimyəvi və molekulyar-genetik müayinələrin kompleks şəkildə tədqiqini zəruriləşdirir və genetik müayinələrə əsaslanan immuno-target müalicə bir çox hallarda ümumi yaşama müddətini artırmaqla bəzən yeganə mümükün müalicə metodu kimi qiymətləndirilir.
Mühüm elmi nəticələr. Onkoloji xəstəliklər arasında yüksək rastgəlmə tezliyinə və yüksək ölüm göstəriciləri ilə pis proqnoza malik olan ağciyərin qeyri-xırdahüceyrəli xərçənginin müasir immuno-target preperatlarla müalicəsi müalicənin yaxın və uzaq nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və kombinəedilmiş müalicə sxemlərinin işlənib hazırlanmasında əhəmiyyətli rol oynayır.