Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, davamlı olaraq respublikamızda ali təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir, tədris müəssisələrinin maddi-texniki bazası modernləşdirilir, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilir. Təbii ki, bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsinə, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılmasına hədəflənmişdir.
Ölkədə ali təhsilin inkişafı istiqamətində Azərbaycan Tibb Universitetində də mühüm addımlar atılmışdır. Təhsilin normativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər daxilində görülən işlərdən biri də 2011-2012-cı tədris ilinin qış sessiyasından başlayaraq universitetdə tələbələrin biliklərinin qiymətləndirilməsi üçün keçirilən imtahanların kompüterlər vasitəsilə aparılmasıdır.
Azərbaycan Tibb Universitetinin İmtahan mərkəzi (əvvəki adı –Virtual test mərkəzi) universitetin 5-ci korpusun 2-ci mərtəbəsində yerləşməklə və həmin korpusun 1-ci və 2-ci mərtəbəsindəki zallarda bilavasitə sessiya imtahanlarının, buraxılış dövlət attestasiyasının, treninqlərin və digər zəruri tədbirlərin keçirilməsi məqsədilə quraşdırılmış kompüter avadanlığından istifadə etməklə funksional vəzifələrin icrasını həyata keçirir.
Mərkəzdə müasir dövrün qabaqcıl texnologiyalarından istifadə edilməklə xüsusi proqram-aparat vasitələrindən ibarət qapalı dövrələr (server infrastrukturası) yaradılmış, sistemin hər hansı xarici kibermüdaxiləyə qarşı intellektual müdafiəsi qurulmuşdur. Test bankının idarə edilməsi, bankdan testlərin seçilməsi və imtahanlar üçün formalaşdırılması prosesi elektronlaşdırılmışdır.
İmtahan mərkəzində imtahan materiallarının hazırlanması və ekspertizasından başlayaraq imtahan prosesinin idarə olunmasınadək olan bütün mərhələlərdə sistemin açıqlığı, eyni zamanda imtahanların obyektiv keçirilməsi və şəffaflığı təmin olunur. Həmçinin, imtahanlar zamanı, o cümlədən imtahan nəticələrinə görə yarana biləcək narazılıqların dərhal və əsaslı şəkildə araşdırılması üçün universitetdə yaradılmış apellyasiya komissiyasının işinə də tələb olunan səviyyədə köməklik göstərilir.