Qida allergenlərinin səbəb olduğu anafilaksiya zamanı ölüm faizi digərlərindən daha yüksəkdir
Dünya Allergiya və İmmunopatologiya Təşkilatı Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə iyunun 13-dən 19-dək “Dünya allergiya ilə mübarizə həftəsi”nin keçirilməsini tövsiyə edib. Builki “həftə”nin mövzusu anafilaksiyadır.
Bu barədə məlumat verən Azərbaycan Allerqologiya, İmmunologiya və İmmunoreabilitasiya Elmi Cəmiyyətinin prezidenti Əməkdar elm xadimi, professor Amaliya Əyyubova bildirib ki, məqsəd əhalinin, tibb işçilərinin, eləcə də allergik xəstəliklərdən əziyyət çəkən insanların bu sindromla yaxından tanış olmaları və belə vəziyyətə düşən insanlara ilk yardımı göstərə bilmələridir.
Professor qeyd edib ki, anafilaksiya – insan həyatı üçün təhlükəli olan, antigen təbiətli maddələrə qarşı orqanizmin sistem hiperhəssaslıq reaksiyasıdır. O, ağır allergik reaksiya olub, orqanizmin bir çox orqan və sistemlərini (tənəffüs, qan-damar, dəri və selikli qişalar və s.) zədələyə, hətta ölümlə nəticələnə bilər.
Bütün növ allergenlər anafilaksiya törədə bilər. Ancaq daha çox qida allergenləri anafilaksiyaya səbəb olur. Ədəbiyyat məlumatlarına görə, 170-dən artıq qida allergeni bu cür reaksiya törədə bilər. Nəzəri baxımdan hər hansı bir qida allergik reaksiyaya səbəb ola bilər. Lakin alimlər göstərir ki, allergiyaya ən çox səbəb olan bu 8 qida məhsuludur: inək südü, yumurta, fıstıq, soya, buğda, qoz, balıq və bal. Bəzən qidanın özü deyil, onun tərkibində olan qeyri-qida maddələri, boyalar (anutrient ksenobiotik) buna səbəb olur. Həşərat dişləməsi ilə müqayisədə qida mənşəli anafilaksiya zamanı ölüm faizi 6-7 % çoxdur.
Klinik təsnifatına görə, anafilaksiya ağırlığından asılı olaraq, 4 dərəcəyə bölünür: Birinci dərəcə anafilaksiyada prosesə bir sistem qoşulur. İkinci dərəcə anafilaksiyada prosesə birdən artıq sistem qoşulur, bu formada həyati təhlükə yaranır. Üçüncü dərəcə anafilaksiyada prosesə bir neçə sistem qoşulur, həyati təhlükə artır. Dördüncü dərəcə anafilaksiya həyat üçün çox təhlükəlidir, letallıqla nəticələnə bilər.
Anafilaksiyanın müalicəsində ilk yardım çox vacibdir. Hər bir həkim, hətta xəstə yaxınları vaxtında, adekvat davranaraq, xəstəni bu vəziyyətdən çıxarmağı bacarmalıdır.
Bütün kliniki tövsiyələrdə anafilaksiyanın müalicəsində təxirəsalınmaz yardım məqsədilə adrenalindən istifadə etmək məsləhətdir. Eyni zamanda antihistamin preparatlar və ehtiyac olarsa, simptomatik preparatlardan istifadə etmək olar.
Qida mənşəli anafilaksiya zamanı vacib addımlardan biri qida rasionundan allergenləri xaric etməkdir. İnək südü zülallarına qarşı allergiyası olan erkən yaşlı uşaqlara hidroliz olunmuş müalicəvi süd qarışıqlarının verilməsi tövsiyə edilir. Südə qarşı allergiya uşaq böyüdükcə azalır. Yumurtaya qarşı allergiya altı yaşdan sonra azalır. Qlütenə qarşı allergiya – seliakiya ömür boyu qalır. Fıstıq, qoz, balıq, dəniz məhsullarına qarşı allergiya uzun müddət davam edir.
Profilaktik məqsədlə rasiondan çıxarılmış qidaları 2 ildən sonra tədricən, az porsiya ilə təkrar qidalanmaya əlavə etmək olar.
Qida anafilaksiyasını uzun illər nəzarətdə saxlamaq üçün allergenspesifik immun terapiyasından istifadə etməyi məsləhət görən A.Əyyubova vurğulayıb ki, bütün yeməkxana, kafe, restoran, fast food və s. ictimai obyektlər qida allergiyası anafilaksiya haqda məlumatlı olmalıdır və yerində ilkin yardım göstərilməsi təmin edilməlidir. Çünki burada vaxt faktoru böyük rol oynayır.
Uşaq bağçaları və məktəblərdə allergiyadan əziyyət çəkən uşaqları təyin edib, onları xüsusi nəzarət altında saxlamaq bu müəssisələrin tibb işçilərinin borcudur. Belə uşaqların qidalanmasına, müəyyən dərmanların, peyvəndlərin istifadəsinə ciddi nəzarət olunmalıdır. Bu müəssisələrdə anafilaksiya ilə mübarizə üçün bütün dərmanlar olmalı, tibbi personal adrenalindən istifadə qaydasını bilməlidir.