Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında Əsasnamə"sinə uyğun olaraq Azərbaycan Tibb Universiteti üzrə imtahanların təşkili, imtahan nəticələrinin qiymətləndirilməsi mexanizmi aşağıdakı kimi müəyyən edilmişdir:
- hər bir variantda tələbəyə 50 (əvvəlki proqramla), yeni tətbiq olunan proqram üzrə 25 sual təqdim olunur,
- hər bir fənn üzrə imtahan üçün tələbəyə 60 (əvvəlki proqramla), yeni tətbiq olunan proqram üzrə 50 dəqiqə vaxt verilir,
- hər bir doğru cavab 1 (bir) (əvvəlki proqramla), yeni tətbiq olunan proqram üzrə 2 (iki) balla qiymətləndirilir,
- doğru olmayan bir cavab -0,16 balla, cavabsız suallar isə 0 (sıfır) balla qiymətləndirilir (əvvəlki proqramla),
- yeni tətbiq olunan proqram üzrə isə doğru olmayan, eləcə də cavabsız suallar 0 (sıfır) balla qiymətləndirilir,
- tələbənin imtahan nəticəsi kompüter tərəfindən hesablanarkən alınmış yekun nəticə, ən yaxın tam ədədə qədər yuvarlaqlaşdırılmaqla götürülür (yəni 16,5≈17,0).
2. Tələbələrin imtahanlarda iştirakı, universitetdaxili tələblər və qaydalar
Nəzərə almaq lazımdır ki, imtahan prosesi imtahan zallarında quraşdırılmış müşahidə kameraları vasitəsilə daim izlənilir və prosesin videoyazılışı aparılır. Müşahidə prosesində və ya imtahandan sonra videoyazılara baxış zamanı tələbənin imtahan qaydalarını ciddi pozma halı müəyyən edilərsə və araşdırma ilə bu hal öz təsdiqini taparsa, onun imtahan nəticəsi universitetin rəhbərliyi tərəfindən ləğv edilir.
Bundan əlavə, imtahan verən şəxslər aşağıdakı qaydalara ciddi riayət etməlidirlər:
- tələbələr imtahana gələrkən özləri ilə tələbə biletini, qiymət kitabçasını və fərdi şifrəsini (kodunu) gətirməlidirlər, əks təqdirdə qeyd olunan sənədlər və ya şifrəsi olmayan tələbələr imtahan zallarına buraxılmırlar,
- tələbənin imtahan zalına özü ilə hər hansı bir informasiya daşıyıcısı (kitab, dəftər, konspekt, mobil telefon, qulaqcıq, digər elektron informasiya daşıyıcısı və s.) gətirməsi qadağandır. İmtahan prosesində tələbənin əlavə informasiya vasitələrindən istifadə etdiyi müəyyənləşərsə, tələbə imtahandan çıxarılır və müvafiq akt tərtib edilməklə onun nəticəsinin ləğv edilməsi barədə vəsatət qaldırılır,
- imtahan zalına daxil olan tələbənin Nəzarət qrupunun nümayəndəsinin göstərişi ilə hər hansı bir kompüterin arxasında əyləşməsi təmin olunur və tələbə verilən vaxt ərzində imtahanı bitirənədək həmin kompüterin arxasında oturur,
- imtahan zamanı tələbənin özbaşına yerini dəyişməsi qadağandır. Əgər bu hal baş verərsə, tələbə imtahandan dərhal kənarlaşdırılmaqla fakültə rəhbərliyinə məlumat verilir. Zəruri hallarda tələbə yerini yalnız səlahiyyətli şəxslərin icazəsi ilə dəyişə bilər,
- tələbələr imtahana qədər imtahan sisteminin istifadə qaydaları ilə tanış olmalıdır. Bu məqsədlə tələbələr üçün əlavə olaraq treninqlər təşkil olunur,
- imtahan prosesində digər tələbələrlə söhbət etmək, məsləhətləşmək, onların monitorlarına baxmaq qadağandır. Bu barədə tələbəyə ilkin xəbərdarlıq edilir, bu hal təkrarlandıqda aidiyyəti fakültə rəhbərliyinə məlumat verilməklə və barəsində müvafiq akt tərtib edilməklə həmin tələbə imtahandan çıxarılır.
- imtahan prosesində meydana çıxan hər hansı problemlə əlaqədar Nəzarət qrupunun nəzarətçisinə müraciət olunmalıdır,
- həmçinin, tələbənin kompüteri söndürməyə, server şəbəkəsindən ayırmağa ixtiyarı yoxdur. Tələbə kompüterin proqram təminatının korlanmasına səbəb olarsa və ya texniki vəziyyətinə zərər yetirərsə, imtahan zalından çıxarılır. Həmin tələbənin imtahanın nəticəsinin ləğv edilməsi və dəymiş maddi ziyannın təqsirkar tələbə tərəfindən bərpası istiqamətində müvafiq tədbirlərin görülməsi üçün barəsində akt tərtib edilir,
- habelə başqa tələbənin şifrəsi ilə imtahan verməyə cəhd edilərsə, bu tələbənin imtahan nəticələri ləğv edilir, günahkar şəxsin universitet tələbələri sırasından xaricolunması məsələsi qaldırılır, barəsində lazimı tədbirlər görülür,
- imtahan zalından müəyyən səbəblərə görə xaric edilmiş və ya imtahanın nəticələrindən narazı olan tələbələr həmin gün ərzində universitetin Apellyasiya komissiyasına müraciət edə bilərlər.