Təcili Tibb Kafedrasının təşkilinə hazırlıq işlərinə 2021-ci ilin dekabrında Böyük Elmi Şuranın qərarı ilə
başlanılıb. Kafedranın yaradılmasında əsas məqsəd ölkədə təcili yardım üzrə peşəkar mütəxəssislərin yetişdirilməsi və bu prosesin davamlı olmasını təmin etməkdir. Kafedranın yaranmasında Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin böyük xidməti olub. Belə ki, həmin nümayəndəliyin Azərbaycanda həyata keçirdiyi layihələrin istiqamətlərindən biri də təcili tibbi yardım sisteminin təkmilləşdirilməsi idi. Həm layihə çərçivəsində, həm də kafedranın yaradılmasına hazırlıq mərhələsində kafedrada çalışacaq müəllimlər seçildi və Türkiyənin aparıcı universitetində ilyarım ərzində hər dəfə 1 ay olmaqla, üç dəfə nəzəri və praktik təlim keçdilər. Bu sahədə böyük təcrübəsi olan Türkiyənin aparıcı mütəxəssisləri kafedranın yaradılmasına konsultativ yardım göstərdilər. Eyni zamanda türkiyəli professorlar Azərbaycana gələrək, öz təcrübələrini Təcili tibb kafedrasında işləyəcək müəllimlərlə bölüşdülər.
Bununla yanaşı, ÜST-nin ekspertləri ATU-nun müəllimləri ilə birgə kafedranın dərs proqramının hazırlanması üzrə müvafiq iş aparıb, ABŞ-nin təcili yardım sisteminə uyğun kurrikulum və təcrübə, habelə tədris metodologiyası onlarla bölüşülüb. Hazırda kafedra tərəfindən tədris olunan "Təcili tibb" fənni Müalicə -profilaktika fakultəsinin IV kurs tələbələrinə keçirilir. Növbəti tədris ilindən Hərbi-tibb fakultəsi və Tibb bacılığı proqramının tələbələri, daha sonra isə VI kurs tələbələrinə Təcili tibb fənninin tədris olunması nəzərdə tutulur.