Azərbaycan Tibb Universitetinin nəzdində yaradılan «Aspirantura və klinik ordunatura» şöbəsinə dos. K.İ Mazitov, dos. F.A.Təhməzov, dos. Q.Hüseynov, dos. K. M.Axundov, prof. H.K. Muradov, dos. S.S. Cavadov, və prof. N.H.Sultanova rəhbərlik etmişdir. 2019-cu ildən hal-hazırki günə qədər «Doktorantura və dissertantura» şöbəsinə professor R.M.Məmmədov rəhbərlik edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-ci il tarixli qərarı ilə Azərbaycan Tibb Universitetinin keçmiş «Aspirantura və klinik ordunatura» şöbəsinin bazasında yeni yaradılmış «Doktorantura və dissertantura» şöbəsi öz iş fəaliyyətini uğurla davam etdirir. Azərbaycan Tibb Universitetinin «Doktorantura və dissertantura» şöbəsi elmi kadr hazırlığı üçün Universitetin vahid strukturudur. O, öz işini Azərbaycan Respublikasının 2016 – cu il 14 iyun tarixli «Elm haqqında Azərbaycan Respublikasının Qanununa», Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 №-li qərarı ilə təsdiq edilmiş «Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları»na, Universitetin Nizamnaməsinə, şöbənin əsasnaməsinə və illik fəaliyyət planına əsasən qurur.
Şöbə universitetin nəzdində olan bütün kafedraların doktorant və dissertantları ilə elmi – tədqiqat işlərinin, yüksək səviyyəli mütəxəssis hazırlığının aparılmasına, fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertant hazırlığına rəhbərlik edir. Müvafiq sahə üzrə doktorant və dissertantların təhsili sahəsində mühazirələrin, seminarların təşkil olunmasına dair maarifləndirmə işini hazırlayır.
Doktorantura və dissertantura şöbəsinin işinin əsas məqsədi yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini nəzərə almaqla, elmi-tədqiqat işlərinin aparılması istiqamətində doktorant və dissertantların peşəkar inkişafına dəstək olmaq, gəncləri elmi fəaliyyətə daha geniş miqyasda cəlb etməkdir.