Yusuf Vüqar oğlu Xəlil, 21 sentyabr 2001 tarixində Bakıda anadan olmuşdur. Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyi qızıl medal və qızıl attestatla bitirərək, 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə 695 bal və Prezident təqaüdü ilə daxil olmuşdur. 2022-ci ildə II Müalicə-Profilaktika Fakültəsinə tələbə dekanı seçilmişdir.
Tələbə dekanı kimi elmi şuralarda, iclaslarda, konfranslarda, həmçinin tələbə qəbulu və dövlət imtahanında tələbələri təmsil edir, eyni zamanda tələbələr, tələbə təşkilatları və fakültə rəhbərləri ilə birlikdə tədris-tərbiyə, sosial və elmi istiqamətlərdə işlərin aparılması, elmi konfransların, tədbirlərin təşkili və tələbələrin konfranslara cəlb olunması, tələbələrin tədrisdə, ictimai işlərdə yaranan problemlərinin fakültə rəhbərliyi ilə birlikdə həlli və s. ilə məşğul olur.
2019-cu ildən etibarən fakültə Tələbə Elmi Cəmiyyətinin üzvüdür, bu müddət ərzində həm TEC konfranslarının təşkilində iştirak etmiş, eyni zamanda müxtəlif fakültələrin konfranslarında 3 elmi işlə çıxış etmiş və 2 dəfə I yerə layiq görülmüşdür.
Azərbaycan Tibb Univesitetinin Tədris-Terapevtik, Tədris-Cərrahiyyə Klinikalarının müxtəlif şöbələrində, eyni zamanda Ankara Ünivesitesi Tıp Fakültesi, Pulmonologiya şöbəsində təcrübə keçmişdir. Hal-hazırda Nərimanov Tibb Mərkəzi, Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində işləyir.
2023-cü ildə ÜST-ün təşkil etdiyi, Danimarkada keçirilən “Force of the Future: Youth Action for Immunization” konfransında ölkəmizi təmsil etmişdir.
Orta məktəb dövründə də universitetdə olduğu kimi elmi və sosial aktiv olmuş, müxtəlif debat turnirlərində iştirak etmiş, həmçinin Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə 2 dəfə finala çıxmış və medal qazanmışdır.
Gələcəkdə xaricdə təhsil almaq və Pulmonologiya ixtisasına daha dərindən yiyələnmək istəyir.