1. Magistratura təhsili nədir?
Magistratura təhsili peşəkar mütəxəssislərin yetişdirilməsində əhəmiyyətli və mütəşəkkil bir rol oynayaraq çoxpilləli ali təhsilin ayrılmaz və dinamik bir hissəsini təşkil edir. Magistr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Magistr (lat. magister – rəhbər, müəllim) – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. Avropanın “Bolonya prosesi”nə qoşulmuş ölkələri, o cümlədən Azərbaycan ümumi Avropa təhsil çərçivəsi yaratmaq məqəsədilə təhsil sisteminə magistr təhsil pilləsini daxil etmişlər. Magistr təhsili iki il ərzində, peşə yönümündən asılı olaraq öncədən alınmış bakalavr təhsilini elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət edə bilər. Adətən elmi tədqiqatlarla məşğul olmağı və ya ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlərlə məşğul olmağı planlaşdıran bakalavr məzunları magistraturada təhsillərini davam etdirirlər. Bundan əlavə magistr dərəcəsi doktoranturada təhsil üçün əsas şərt sayılır. Azərbaycanda magistr təhsilinin əsasları “Azərbaycan Respublikasının Təhsil Qanununda” ətraflı şərh edilmişdir.
2. Azərbaycan Tibb Universitetində magistr hazırlığı
Ali təhsilin əsas peşə təhsili proqramlarından biri üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər uyğun ixtisas üzrə magistraturada təhsil almaq hüququna malikdirlər. Qeyd etmək lazımdır ki, magistratura səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan AKTS - Avropa Kredit Transfer Sistemi) ilə həyata keçirilir. Magistratura-ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri təlimdən, elmi-tədqiqat işlərindən, pedaqoji və peşəkar hazırlıqdan ibarətdir. Magistrantın nəzəri təlimi və pedaqoji hazırlığı humanitar, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənilməsi ilə təmin olunur. Magistrantın elmi-tədqiqat fəaliyyəti hər semestr üçün nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin yerinə yetirilməsindən, elmi tədqiqat və elmi-pedaqoji təcrübələrdən və magistrlik dissertasiyasının hazırlanmasından ibarətdir. Magistratura üzrə aparılan elmi tədqiqat işləri axtarış və tətbiqi xarakterli işlər olmalıdır.
3. Magistraturada tədris prosesinin strukturu
Magistratura təhsili 2 tədris ilindən ibarətdir. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. Ali təhsilin hər iki səviyyəsində (bakalavr/magistratura) əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistr dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
Əgər hər hansı bir səbəbdən (ailə vəziyyəti, xəstəlik, hərbi xidmət və s.) magistranta möhlət verilirsə, bu möhlət müddəti ümumi təhsil müddətinə daxil edilmir.
Magistraturada təhsilin normativ müddəti 2 il olduğu halda isə 120 kredit müəyyənləşdirilir.
Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
Akademik borcu olanlar üçün ödənişli əsaslarla, hər semestrdə cəmi 10 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) də seçməyə icazə verilir. Bu halda 30-dan artıq kreditə görə təhsil haqqının ödənilməsi müfaviq qaydalara uyğun olaraq həyata keçirilir.
4. Magistraturaya qəbul qaydaları
Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər ixtisas seçimində iştirak etmək imkanı əldə edirlər.