Sofiyeva Həmayə İbrahim qızı 2003-cü ildə Şəki şəhərində anadan olmuşdur. 

2009-2017-ci illərdə Şəki rayonunun Böyük Dəhnə kənd 2 saylı orta məktəbdə, 2017-2020-ci illərdə isə Mingəçevir şəhərində 7 saylı orta məktəbdə təhsil almışdır. XI sinifdə respublika fənn olimpiadalarında iştirak edərək biologiya fənni üzrə bürünc medal qazanmışdır.

2020-ci ildə məktəbi gümüş medalla bitirərək Azərbaycan Tibb Universitetinin I Müalicə-Profilaktika fakültəsinə qəbul olmuş və hazırda həmin fakültənin 5-ci kurs tələbəsi olaraq təhsil alır. ÜOMG-yə görə fakültə üzrə fərqlənən tələbələrdən biridir.

2020-ci ildən bir sıra yerli və beynəlxalq konfransların, layihələrin iştirakçısı və bir çox tədbirin təşkilatçısı olmuşdur. Fəaliyyəti dövründə müxtəlif sertifikatlara layiq görülmüşdür. “II AzOMFS Beynəlxalq Konqresi”, “Mamalıq və Ginekologiya üzrə Beynəlxalq Konqres”, “Azərbaycan Dermatoveneroloqlar Elmi Cəmiyyəti”nin və “Azərbaycan Pediatrlar Assosiasiyası”nın konfranslarında könüllü olaraq fəaliyyət göstərmişdir. 2024-cü ildə Formula 1 yarışlarının Azərbaycan Qran-Prisində ilk yardım könüllüsü kimi iştirak etmişdir. Həmçinin 2024-cü ildə Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının təşkil etdiyi Cop29-a həsr olunmuş “Yayfest” düşərgəsində Cop29 könüllüsü olaraq iştirak etmişdir.

2023-cü ildə İctimai Səhiyyə fakültəsinin tələbə elmi cəmiyyətinin konfransında “Genital mikoplazmoz və ureaplazmozun rastgəlmə tezliyi və antibiotik həssaslığının öyrənilməsi” işi "ən innovativ tədqiqat işi" nominasiyasına layiq görülmüşdür. Azərbaycan Uşaq Nevroloqlar Assosiasiyası və “CP Academy”nin təşkil etdiyi 13-15 iyul 2023-cü il tarixlərində keçirilən “Nevrogenetika günləri” konfransında və 28.10.2023-cü ildə keçirilən “Serebral İflic və İnkişaf Pozğunluqları" elmi-praktiki konfransında müxtəlif mövzularda çıxış etmişdir. 

2024-cü ildə I Müalicə-Profilaktika fakültəsinin tələbə elmi cəmiyyətinin konfransında “Aicardi-Goutieres 2 sindromu; iki klinik halda fenotipik analiz” mövzusunda çıxış edərək II yer tutmuşdur. 

2020-2022-ci illərdə Həkimlər və Təbib Tələbələr İctimai Birliyində (AzerMDS) Scome komitəsinin üzvü, 2022-2023-cü illərdə isə həmin təşkilatda “SCORA” komitəsinin rəhbəri olmuşdur.

2022-2023-cü illərdə I Müalicə-Profilaktika Fakültəsi Tələbə Həmkarlar İttifaqında sədr müavini, 2023-2024-cü illərdə isə həmin komitənin fakültə sədri vəzifəsində fəaliyyət göstərmişdir.

Həmçinin 2020-ci ildən I Müalicə-Profilaktika Fakültəsi Tələbə Elmi Cəmiyyətinin idarə heyətində aktiv üzv olmuş, 2023-2024-cü illərdə sədr müavini, 2024-cü ildən isə həmin cəmiyyətin sədri vəzifəsində fəaliyyət göstərir.

Təhsilini gələcəkdə uşaq nevroloqu ixtisası üzrə xaricdə davam etdirmək istəyir.