Azərbaycan Tibb Universiteti İntellektual Oyunlar Klubu Tələbə Həmkarlar İttifaqı komitəsinin nəzdində 3 ildir ki, fəaliyyət göstərir. Klubun məqsədi tələbələrin vaxtlarını səmərəli keçirməsi, dünyagörüşlərinin artırılması və intellektual çevrə formalaşdırmalarıdır. Klubun sədri və universitetin əsas komanda heyətinin kapitanı I Müalicə-Profilaktika fakültəsinin V kurs tələbəsi Arzu Musayevadır. Klubun sədr müavinləri II Müalicə-Profilaktika fakültəsi II kurs tələbələri Roman Rəfiyev və Aydın Cəfərovdur. Klub müxtəlif kurs və ixtisaslardan olan 85 tələbədən ibarətdir.
Tələbələr universitetdaxili və universitetdənkənar fərqli formatlarda intellektual yarışlarda bilikləri ilə qalibiyyət uğrunda mübarizə aparırlar. Həmçinin Respublika əhəmiyyətli müxtəlif yarış və müsabiqələrdə iştirak edir, uğurlu nəticələr göstərirlər. Son nailiyyətlərimizdən qısaca danışsaq, Gənclər və İdman Nazirliyinin təşkil elədiyi Gənclər arasında Fibonaççi intellektual yarışının Respublika çempionluğu, Avropa Birliyi Səfirliyinin təşkil etdiyi Avropa Bilik yarışının birinciliyi və Universitetlərarası Tələbə Liqasının çempionluğu, Universiada turniri qalibiyyətinin adını çəkə bilərik.
Bundan əlavə klubun fəaliyyəti dövründə onlarla tələbə həm komanda, həm də fərdi şəkildə çoxsaylı yarış və müsabiqələrin qalibi olmuş, universitetimizi layiqincə təmsil etmişlər. Qeyd edək ki, son 3 ildə universitetimizin nəticələri ölkənin ali təhsil müəssisələri arasında ən ön sırada olması ilə xüsusi fərqlənir.