Azərbaycan Tibb Universitetinin
İntizam Komissiyasına intizam pozuntusu ilə bağlı müraciətlərin qəbulu və onların baxılması qaydaları
Azərbaycan Tibb Universitetinin rektoruna təhriri məruzə, müraciət, təqdimat, raport formasında yazılı formada müraciət olunur. Rektorun darkənarının əsasında həmin sənəd İntizam Komissiyasına daxil olur. İntizam Komissiyasında bununla bağlı ətraflı araşdırma aparılır. Tərəflərdən izahatlar alınır. Komissiyanın sədri iclasın keçirilməsi üçün tarix və vaxt təyin edir.
İntizam pozuntusu ilə bağlı məsələlərə İntizam Komissiyasının iclaslarında baxılır və həll olunur.
İntizam Komissiyasının iclaslarına komissiya sədri, o olmadıqda isə sədr müavini sədrlik edir.
Sədrlik edən şəxs iclasa rəhbərlik edir, hər bir məsələnin hərtərəfli, obyektiv və vaxtında araşdırılmasını, onun qanunauyğun şəkildə həll edilməsini təmin edir. Sədrlik edən şəxs iclasın bütün qaydalarına əməl olunması üçün lazımi tədbirləri görür.
İntizam Komissiyası üzvlərinin üçdə iki hissəsi iclasda iştirak edirsə, iclas tam hüquqlu hesab edilir.
İntizam Komissiyasınin üzvü haqqında məsələyə baxılarkən o, komissiyanın üzvü kimi iclasda iştirak edə bilməz.
Barəsində müraciət daxil olmuş işçi və yaxud tələbəyə iclasın günü barədə müvafiq qaydada xəbər verilmədikdə və ya o, üzrlü səbəblərdən İntizam Komissiyasının iclasına gəlmədikdə, bu iş təxirə salınır. İclasın günü barədə müvafiq qaydada xəbərdar edilmiş və əlavə materiallarla tanış edilmiş işçi və yaxud tələbə üzrsüz səbəblərdən iclasa gəlmədikdə İntizam Komissiyası məsələyə onun iştirakı olmadan baxır.
İnzibati tənbehi tətbiq etməzdən əvvəl işçidən və ya tələbədən yazılı formada izahat tələb olunur. İşçi və yaxud tələbə göstərilən izahatı verməkdən imtina edərsə, müvafiq akt tərtib edilir. İşçinin və yaxud tələbənin izahat verməkdən boyun qaçırması inzibati tənbehin tətbiq edilməməsi üçün əsas ola bilməz.
İntizam Komissiyasının işi sədrlik edənin və ya materiallar üzrə ilkin yoxlama aparılmış komissiya üzvünün məruzəsilə başlanır. Sonra barəsində müraciət daxil olmuş işçi, yaxud tələbə və iclasa dəvət edilmiş başqa şəxslər dinlənilir, vəsatətlərə baxılır, zəruri sənədlər və materiallar tədqiq edilir, araşdırma aparılır, nəticələr müzakirə edilərək qərar qəbul olunur.
İntizam pozuntusu ilə bağlı hər hansı bir qərar iclasda iştirak edən komissiya üzvlərinin yetərsayı ilə qəbul olunur. Heç bir komissiya üzvünün səsvermədən imtina etmə hüququ yoxdur. Qərarın qəbul edilməsində səslər bərabər sayda bölünərsə, bu zaman qərar intizam pozuntusu ilə bağlı əleyhinə iş açılmış şəxsin xeyrinə qəbul olunmuş hesab edilir.
Sədrlik edən İntizam Komissiyasının iclasında axırıncı səs verir.
Hər inzibati hərəkətə görə yalnız bir inzibati tənbeh tətbiq edilə bilər.
İntizam Komissiyasının hər iclasının protokolu tərtib edilir.
İntizam Komissiyasının qərarı dərhal elan edilir, üç gün ərzində tərtib edilib rektora təqdim olunur.
İntizam Komissiyasının qərarına rektor tərəfindən verilmiş əmrin surəti işçinin və tələbənin şəxsi işinə əlavə edilir.