Qələndər Asdan oğlu Aslanov

01 oktyabr 1975-ci ildə anadan olub. 1992-ci ildə Respublika Olimpiya Ehtiyatı Məktəbini bitirib. 1993-1997-ci illərdə həqiqi hərbi xidmətdə olub, Qarabağ döyüşlərinin iştirakçısı, müharibə veteranıdır. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İlkin hərbi və fiziki təlim” fakültəsinə daxil olub. 2002-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib. Pedaqoji fəaliyyətinə 2003-cü ildə Binəqədi rayon 83 saylı məktəb-liseydə fiziki tərbiyə müəllimi kimi başlayıb. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Bədən tərbiyəsi və idman kafedrasına müəllim vəzifəsinə işə qəbul olunub. 2009-2012-ci illərdə “Praktiki Psixologiya” üzrə magistr təhsili, 2013-2016-cı illərdə aspirantura təhsili, 2017-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş və pedaqogika elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2017-ci ildə rektorun əmri ilə Stomatologiya fakültəsinə akademik məsləhətçi vəzifəsinə götürülmüş, 2021-ci ildən hal-hazıradək ATU-nun “Təbib” idman klubunun sədri və Şərq döyüş növləri bölməsinin məşqçi-müəllimi vəzifəsində çalışır. 2007-ci ildən Azərbaycan Tibb Universitetinin Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin üzvüdür. Universitetin və cəmiyyətin ictimai – siyasi həyatında fəal iştirak edir, insanların tərbiyəsinə yönəldilmiş işlərə, ölkədaxili və beynəlxalq idman tədbirlərinə təşkilatçılıq edir, elmi-metodiki və digər sahələrdə aktiv çalışır. 2008-2019-cu illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində Fiziki tərbiyə fənni üzrə dərsliklərin və müəllim üçün metodik vəsaitlərin qiymətləndirilməsində ekspert çalışıb. Dövri mətbuatda idmanın insan həyatındakı rolu mövzusunda çoxsaylı çıxışları olub. 20-dən çox elmi məqalənin, bir tədris-metodiki vəsait, bir monoqrafiya, iki tədris proqramının müəllifidir. Yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Kyokuşin karate üzrə beynəlxalq yarışların qalibi, Avropa və dünya çempionatlarının mükafatçısı olmuşdur. Beynəlxalq dərəcəli hakim, IV Dan qara kəmər ustasıdır. 2012, 2018, 2019 və 2024-cü illərdə Avropa və dünya çempionatlarında “Ən Yaxşı Hakim” seçilib. 2012-ci ildə Respublika üzrə keçirilən “Ən Yaxşı Müəllim” müsabiqəsinin qalibi, 2015-ci ildə Azərbaycan Respublikasının “Əməkdar məşqçisi” fəxri adına, 2021-ci ildə “Fədai”, 2022-ci ildə “Böyük Zəfər” medalına layiq görülüb.