Sentyabrın 27-də ATU-nun Böyük Elmi Şurasının 2024/2025-ci tədris ilində ilk yığıncağı keçirilib. İclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq şura üzvlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.
Gündəlikdə duran məsələlərin müzakirəsindən öncə II Qarabağ müharibəsindən 4 il ötdüyünü, 27 sentyabrın ölkəmizdə Anım günü kimi qeyd edildiyini xatırladan rektor, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun şanlı qələbəsindən danışıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə və antiterror əməliyyatı zamanı həyatlarını itirən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bundan sonra Tədris və müalicə işləri üzrə prorektor, əməkdar elm xadimi, professor Sabir Əliyevi 80 illik yubileyi münasibətilə təbrik edən rektor, müxtəlif vəzifələrə yeni təyinatlar haqqında da məlumat verib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Əvvəlcə universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevin “Azərbaycan Tibb Universitetində 2023/2024-cü tədris ilinin yekunları və 2024/2025-ci tədris ilində universitet kollektivi qarşısında duran vəzifələr” barədə hesabat məruzəsi dinlənilib.