Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi
Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) aktiv fəaliyyəti var.
Təşkilatın nümayəndəsi Fakültə Elmi Şurasının, Komitənin sədri isə Universitetin Böyük Elmi Şurasının tamhüquqlu üzvüdür. Azərbaycan Tibb Universitetində tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda bu qurumun rəyi nəzərə alınır.

FƏALİYYƏTİ
ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi universitet yarandığı gündən fəaliyyətini uğurla davam etdirir.
Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin təhsil, məişət, istirahət, müalicə, əmək, idman və s. qanuni hüquqlarını müdafiə edir.
Tibb Universitetinin THİK aşağıdakı məsələlərin həllində aktiv iştirak edir:
* universitetdə keçirilən tədbirlərdə, yığıncaq və konfranslarda yaxından iştirak edir, təkliflər verir.
* sosial və məişət problemlərinin müsbət həll edilməsi istiqamətində tələbə fəallarının iştirakını təmin edir,
* ali təhsil müəssisənin profilinə uyğun yüksək ixtisaslı, dərin savadlı, dünyagörüşlü, vətənpərvər, təcrübəli və bacarıqlı kadrların hazırlanmasına öz töhfəsini verir; 
* tələbələr arasında tədris intizamının artmasına nəzarət edir; təhsil müəssisəsinin daxili intizam qaydalarını müzakirə və təsdiq edir;
* tələbələr arasında kütləvi idman tədbirləri həyata keçirir, onların fiziki cəhətdən sağlam və gümrah olmaları qayğısına qalır; 
* tələbələrin asudə vaxtının səmərəli keçməsi üçün müxtəlif tədbirlər təşkil edir;
* tələbələrin təklif və iradları rektorluğa çatdırır, onların həllinə nail olur,
* görülən işlər və qəbul edilən tədbirlər barədə müntəzəm olaraq ittifaq üzvlərinə məlumat verir.

İCTİMAİ FƏALİYYƏT
THİK tələbələrin aktiv ictimai fəaliyyətini də təmin edir.
Hazırda THİK nəzdində “FLASHMOB” komandası, “Medical conversation” danışıq klubu, “NƏ? HARADA? NƏ ZAMAN?” oyunu üzrə intellektual klub, “Vətəndaş Cəmiyyəti - DEBAT” ictimai klubu, “Esculap” şən və hazırcavablar komandası fəaliyyət göstərir. Həmçinin, ATU-nun və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəstəyi ilə yaradılan “Medicus” klubu vardır.
1999-cu ildə yaradılan ATU-nun Debat Klubu arada müəyyən fasilələrlə 15 ildir öz fəaliyyətini davam etdirir. “Hazırda klubun 427 üzvü var. Bu yaxınlarda təlimlərə başlanacaq və daxili turnir keçiriləcək. Klub  fəaliyyəti dövründə  4 dəfə Respublika, bir dəfə Bakı Forumu qalibi, 3 dəfə Bakı Forumu 2-cisi olub.
THİK-in maraqlı layihələrindən biri “5 günlük rezident ol” layihəsidir. Bu layihə çərçivəsində seçilmiş tələbələr 5 gün ərzində ATU-nun müxtəlif klinikalarında rezident kimi çalışıblar.
Bunlardan əlavə, THİK təhsildə və ictimai işlərdə fəal olan tələbələrin mükafatlandırılması üçün müxtəlif tədbirlər təşkil edir.

ASUDƏ VAXTIN TƏŞKİLİ
ATU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Universitetin nəzdində idman-sağlamlıq kompleksi, örtülü üzgüçülük hovuzu, “Nabran” sağlamlıq-istirahət düşərgəsi, Elmi-Tədqiqat Mərkəzi, İnternet mərkəzi və s. fəaliyyət göstərir.
Universitetin nəzdində “Çinar” qızlar rəqs ansamblı, “Şən və hazırcavablar” qrupu və s. mədəni-kütləvi birliklər fəaliyyət göstərir. Hər tədris ilinin sonunda ATU-nun buraxılışına həsr edilmiş “Məzun günü” keçirilir, məzunlar həkimlik andı içir və estafeti-həkimliyin rəmzlərindən olan ağ xalatı, kalpakı və fonendoskopu birinci kurs tələbələrinə verirlər.