Tibb və sağlamlıq elmləri təhsili kafedrası
Tibb təhsilinin tarixi
Dünyada tibb təhsili verən təhsil müəssisələrində tibb təhsili (Medical education) kafedrası və ya bölməsinin yaradılma səbəbi tibb təhsili ilə bağlı yenilikləri izləmək, kafedraların proqramlarının təkmilləşdirilməsində iştirak etmək, proqram nəticələrini dəyərləndirmək, tibb təhsili verənlərin təlimini təşkil etmək, tədrisi bacarıq qazandırılması istiqamətində yönləndirmək və tibbi inkişaf sahəsində tədris, xidmət və araşdırma aparmaq olmuşdur.
Belə ki, qeyd olunan məqsədlərə yönəlmiş tibb təhsili kafedralarının vəzifələrini aşağıdakı kimi sadalamaq olar:
- Müasir prinsiplərə uyğun olaraq həyata keçirilməsi tələb olunan tibb təhsili, araşdırma, koordinasiya və məsləhət xidmətlərini təmin etmək və bu xidmətlərin tələb etdiyi akademik kadr və infrastruktur imkanlarını yaratmaq, eləcə də inkişaf etdirmək;
- Məzuniyyətdən əvvəl və məzuniyyətdən sonrakı təhsil dövr üçün nəzərdə tutulan kurrikulumun hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
- Tibb sahəsində olan müasir inkişafı izləmək və vaxtaşırı olaraq universitet rəhbərliyinə hesabat vermək;
- Kafedranın professor-müəllim heyətinin məzuniyyətdən əvvəl və məzuniyyətdən sonrakı təhsil dövrü üçün nəzərdə tutulan şuralarda məsləhətçi və koordinator kimi fəaliyyət göstərmək;
- Tibb təhsilinin monitorinqi və dəyərləndirilməsi üçün lazımi məlumatların toplanması üçün tədqiqatlar aparmaq;
- Universitetin akademik heyəti üçün peşəkarlığın inkişafı təlimlərinin qiymətləndirmə və dəyərləndirmə kurslarının təşkili və keçirilməsini təmin etmək;
- Peşə bacarıqları təlimini təşkil etmək və bacarıq labarotoriyalarında tələbələrə kliniki bacarıq təlimlərini keçirmək;
- Həm müəsissə daxili, həm də müəssisədən xaric tibb təhsili verən akademik heyətin peşəkarlığının inkişafına yönəlmiş təlimləri, layihələri, tədqiqatları, seminarları və s.proqramları təşkil etmək və aparmaq;
- Tətbiq edilən qiymətləndirmə-dəyərləndirmə üsullarının təkmilləşdirilməsi üçün tədqiqatların aparılması və hesabatların hazırlanması;
- Tibb təhsilinə yönəlmiş doktorantura və magistratura proqramlarını təşkil etmək və aparmaq;
- Universitetdə həyata keçirilən davamlı tibb təhsilini əhatə edən iclasların təşkil olunması.
Dünyada bir çox tibb təhsili kafedraları ilk yarandıqda dekanlıqların nəzdində inzibati bölmələr kimi fəaliyyətə başlamış, sonra tədricən müstəqil akademik vahidlərə çevrilmişdir. İlk Tibb Təhsili Kafedrası (TTK) ABŞ-da Case Western Reserve Universitetində 1958-ci ildə yaradılmışdır. 1959-cu ildən isə Çikaqoda İllinoys Universitetində və Virciniya Tibb Kollecində qurulmuşdur. Böyük Britaniyada və Avropanın digər ölkələrində TTK-lar 1970-ci illərdən başlayaraq sürətlə artmağa başlamışdır. Çində ilk tibbi təhsil kafedrası 1978-ci Şanxay Birinci Tibb Universitetində fəaliyyətə başlamışdır. 1995-ci ildə Yaponiyada cəmi 8 TTK yaradıldığı halda, 2000-ci ildə TTK-larının sayı 20-yə çatmışdır. Avstraliyada isə 1990-cı illərdən başlayaraq bir neçə TTK yaradılmışdır.
Qardaş Türkiyə Cümhuriyyətində Tibb təhsili kafedralarının yaradılmasına 1970-ci ildən Hacettepe Universitetinin tibb fakültəsində tibb təhsili şöbəsi kimi bir model olaraq tətbiq edilməklə başlanılmışdır. İlk Tibb təhsili kafedrası isə (Tıp eğitimi anabilim dalı) Ege Universitetinin tibb fakültəsinin nəzdində qurulmuşdur. Hal hazırda Türkiyyə dövlətinin bir çox Tibb fakültələrinin nəzdində TTK-lar fəaliyyət göstərir (Hacettepe Universiteti, Ege Universiteti, Ondokkuz Mayıs Universiteti, Akdeniz Universiteti, Marmara Universiteti və s).
2005 ci ildə bu kafedraların fəaliyyətini analiz edərək Avropa Tibb Təhsili dərnəyi AMEE (Assosiation for Medical Education in Europe) 28 saylı təhsil təlimatında tibb təhsili kafedralarının inkişafı və rollarından bəhs edilməklə yanaşı, bütün Tibb fakültələrində Tibb təhsili kafedralarının qurulmasını tövsiyə etmişdir.
Hal hazırda əksər müasir Tibb fakültələrinin nəzdində TTK-lar fəaliyyət göstərir (Cenevrə, Bern, Maastrixt Universitetləri İtaliyanın Roma şəhərindəki Università Campus Bio-Medico, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və s.).
Azərbaycanda tibb təhsili
Dünyada Tibb təhsili kafedraların fəaliyyətindəki nailiyyətləri nəzərə alaraq və universitetdə keçirilən akkreditasiya ilə əlaqədar olaraq Azərbaycan Tibb Universitetinin Elmi Şurasının 20 Dekabr 2021-ci il tarixli qərarı ilə Tibb və sağlamlıq elmləri təhsili kafedrası yaradılmışdır. Tibb və sağlamlıq elmləri təhsili kafedrasının “Əsasnamə”si 05.05.2022-ci il tarixində təsdiqlənmiş və rəsmi olaraq 7 sentyabr 2022-ci ildə fəaliyyətə başlamışdır.
Kafedranın yaradılmasına qərar verildiyi 2021 ci il dekabr ayından etibarən ÜST-ün dəstəyi ilə Türkiyə Universitetlərinin Tibb təhsili kafedralarının professor-müəllim heyətinin bir neçə nümayəndəsi ilə ATU-nun əməkdaşlarının iştirakçı olduğu tibb təhsili sahəsində bilik, bacarıq, peşəkarlığın artırılması və gələcəkdə təlimçi vəzifəsini öz öhdəsinə götürə bilmələri üçün “Təlimçinin təlimi” (Training of Trainers), ”Dərman tətbiqləri” və “Təməl həyat dəstəyi” təlimlərinə başlanılmışdır.
Bu təlimlərdə ATU-un müxtəlif kafedralarından dəvət alan 127 əməkdaş iştirak etmiş, sonunda iştrakçılar arasından bu vəzifəyə uyğun olan əməkdaşlar seçilərək Tibb və sağlamlıq elmləri təhsili kafedrasına işə qəbul olunmuşdur. Bu təlimçilər 2021-2022-ci il ərzində, eləcə də sonralar ATU-da (dekan və dekan müavinləri, kafedraların tədris hissə müdirləri və müxtəlif kafedraların professor-müəllim heyəti üçün təlimlər) və digər tibb təhsili verən müəssisələrdə (ADHTİ, Tibb kollecləri, müstəqil təlimçilərə təlimlər və s.), ÜST-ün təşkil etdiyi təlimlərdə əsas təlimçi ya da köməkçi təlimçi kimi iştirak edərək peşəkarlıqlarını artırmışdırlar.
Tibb və sağlamlıq elmləri təhsili kafedrasının qurulması və rəhbərliyi vəzifəsi dos. Samir Sabir oğlu Cavadlıya həvalə edilmişdir. Kafedra 10 nəfərlik müəllim heyəti və 2 laborant ilə fəaliyyətə başlamışdır. Tədris yükü 2022/2023-cü tədris ilinin payız semestrində 3570 saat, yaz semestrində 1615 saat olmaqla toplam 5185 saat təşkil etmşdir. Kafedrada 2022/2023-cü tədris ilinin payız semestrində I və II kurs I MPF, II MPF fakültələri, yaz semestrində isə I kurs HTF, I və II kurs MPF-1 fakültələri üçün dərslər təşkil olunmuşdur.
Tibb və sağlamlıq elmləri təhsili kafedrasının missiyası
Kafedranın missiyası cəmiyyətin ehtiyaclarına uyğun ixtisaslı tibb xidməti göstərilməsi üçün, universitetdə mövcud olan diplomaqədər və diplomdan sonra tibb təhsilini ölkənin xüsusiyyətləri, universal həqiqətlər və müasir prinsiplər əsasında qurması üçün lazım olan təlim-tədris, tədqiqat, koordinasiya və məsləhət kimi fəaliyyətləri göstərmək və bu fəaliyyətləri həyata keçirmək üçün ehtiyac olan mühit, kadr və infrastruktur imkanlarını qurmaq və inkişaf etdirməkdir.
Tibb və sağlamlıq elmləri təhsili kafedrasının fəaliyyət istiqamətləri
- Təlim: Universitetin professor-müəllim heyəti üçün “Pedaqoji peşəkarlığın inkşafı”, imtahan ekspertləri üçün “Çoxseçimli sualların hazırlanması, tətbiqi və analizi”, fakültə və kafedra rəhbərləri üçün “Təhsildə liderlik” təlimlərinin keçirilməsi;
- Tədris: Tələbələrə maket-mulyaj üzərində kliniki bacarıqların tədrisi və qiymətləndirilməsi. Qeyd edək ki, Kliniki bacarıq 1 fənninin proqramı steril mühitə giriş, təqdimat hazrlama və araşdırma aparma bacarığı, gigiyenik əlyuma və antiseptiklə əl ovalama, steril və fərdi qoruyucu vasitələrin geyinmə-soyunma bacarıqları, həkimlik peşəsi və unsiyyət bacarıqları, təməl həyat əlamətlərinin (bədən hərarəti, arterial təzyiq) qiymətləndirilməsi bacarıqlarını əhatə edir. Kliniki bacarıq 2 fənninin proqramı isə dərman preparatlarının istifadəyə hazırlanması (ampul və flakon formasında olan preparatların injektora yığılması), dərman tətbiqlərinin (intradermal, subkutan, intramusculyar, intravenoz inyeksiya, infuziya) yerinə yetirilmə qaydaları, həkim – xəstə, çətin xəstə, xəstə yaxınları ilə müsahibə, pis xəbərin verilməsi, təməl həyat dəstəyi və tənəffüs yolu tıxanması zamanı müdaxilə bacarıqlarını əhatə edir. Bu bacarıqların öyrədilməsində hədəfə nail olunması 6 stansiya üzrə Obyektiv Strukturlaşdırılmış Kliniki İmtahan (OSKİ) vasitəsilə qiymətləndirilir. Tibb bacılığının əsasları fənninin proqramı steril mühit anlayışını, xəstəxanadaxili infeksiyaların yayılmasının qarşısının alınma yollarını, əl dezinfeksiyasının əhəmiyyətini, steril ləvazimatların istifadə qaydasını, peşəkar ünsiyyətdə əsas məqamları, həkim - xəstə, mütəxəssislər arasında ünsiyyət qaydalarını, həkim- xəstə müsahibəsini aparmağı, çətin xəstə və xəstə yaxınları ilə ünsiyyət qurmanı, onlara pis xəbərin verməsi qaydalarını, vaksinasiyadan imtina edən pasiyent/valideynlərlə ünsiyyətin əsas məqamlarını, dərman və vaksin tətbiqi üsullarını və onların düzgün aparılma qaydalarını, bağırsaq təmizlənməsi ardıcıllığını, imalələrin tətbiqini, yataq xəstələrinə yanaşma, sidik yolunun kateterizasiyası, sidik nümunəsinin götürülməsini, təməl həyat əlamətlərini qiymətləndirməni, təməl həyat dəstəyi tətbiqini, pulsoksimetr və qlükometrdən istifadə etmə bacarıqlarına yönəlmişdir. Hərbi tibb ixtisası üçün Kliniki bacarıq 1-2 fənni proqramında steril mühit anlayışını, xəstəxanadaxili infeksiyaların yayılmasının qarşısının alınma yollarını, əl dezinfeksiyasının əhəmiyyətini, steril ləvazimatların istifadə qaydasını, təqdimat hazırlama və araşdırma aparma qaydalarını, peşəkar ünsiyyətdə əsas məqamları, həkim - xəstə ünsiyyətinin qaydalarını, həkim- xəstə müsahibəsini aparmağı, çətin xəstə və xəstə yaxınları ilə unsiyyət qurmanı, pis xəbər verməni, təməl həyat əlamətlərini, dərman tətbiqlərinin formalarını və düzgün aparılma qaydalarını, təməl həyat əlamətlərini qiymətləndirməyi və təməl həyat dəstəyini tətbiq etməyi əhatə edir.
- Tədqiqat: Tibb təhsilində baş verən yenilikləri, innovasiyaları araşdırmaq, öyrənmək və həmkarlarımızla paylaşmaq üçün davamlı araşdırmaların aparılması.
Tibb və sağlamlıq elmləri təhsili kafedrasının vəzifələri
- Tibb təhsili sahəsində ətraflı informasiya toplamaq, tibb təhsili üzrə mütəxəssislər hazırlamaq;
- Tibb fakültəsinin rəhbərliyinə tibb təhsili ilə əlaqəli təkliflər vermək, tibb fakültəsi eləcə də digər fakültələrin tədris proqramının müasir dizaynına kömək etmək;
- Tibb təhsili proqramının qiymətləndirilməsində aparıcı yer tutmaq;
- Universitetin akademik heyəti üçün peşəkarlığın inkişafı təlimləri və qiymətləndirmə - dəyərləndirmə kurslarının keçirilməsini təmin etmək;
- Universitet müəllimlərini, eləcə də tibb təhsili verən digər qurumlarda fəaliyyət göstərən müəllimləri yeni və müasir məlumatlarla təmin etmək, onların inkişafına töhfə vermək;
- Peşə bacarıqları təlimini təşkil etmək və tələbələrə kliniki bacarıq təlimlərini keçmək və qiymətləndirmək;
- Tibb təhsili sahəsində milli və beynəlxalq elmi görüşlər təşkil etmək, eləcə də keçirilməsinə kömək etmək. Tibb və Sağlamlıq Elmləri Təhsili Kafedrasının qarşıya qoyduğu gələcək planları.
Tibb və sağlamlıq elmləri təhsili kafedrasının hədəfləri :
- Tibb tələbələrinə cəmiyyətin sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün lazımi yeni və müasir bilik, bacarıq, vərdiş və davranışları əldə etməyə imkan verəcək məzuniyyətdən əvvəl təhsil dövrünü əhatə edən proqramların təkmilləşməsinə kömək etməyə davam etmək;
- Tibb təhsilindəki müasir inkişaf kontekstində tədqiqat fəaliyyətlərini təqdim etmək, öyrənən mərkəzli təhsilə yönəlmiş müasir təhsil strategiyalarını həyata keçirmək;
- Regional tibb təhsilində aparıcı rol almaq və beynəlxalq səviyyədə tanınmağı artırmaq.