Universitet Həmkarlar İttifaqı Komitəsi universitetin yarandığı gündən bu günə qədər fəaliyyətini uğurla davam etdirir. Tibb İnstitutu təşkil edilən ilk günlərdən bu təşkilat ali təhsilli kadrların hazırlanması işində mühüm rol oynamışdır. Həmkarlar İttifaqı Komitəsinin qarşısında duran ən vacib məsələlərdən biri əməkdaşların sosial problemlərinin həlli olmuşdur. Müxtəlif vaxtlarda Universitet Həmkarlar İttifaqı Komitəsinə professor Nəcməddin Hacıyev, dosent Əhməd Rəştiyev, professor Şəmil Səlimxanov, professor Zərifə Zeynalova, professor Eyyub Rəhimov, dosent Şəmsi Həsənov, dosent Sabir Səfərov, dosent Vaqif Şadlinski və Həmkarlar İttifaqı Komitəsinin nüfuzunu kollektiv arasında daha da artırmış 1994 – cü ildən 2010 – cu ilin noyabr ayının 25-nə qədər professor Surxay Musayev rəhbərlik etmişdir. 2010 – cu ilin noyabr ayının 25-dən Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə dosent Cahangir Qasımov seçilmiş və bu günə qədər Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik edir.
Respublikamız müstəqillik qazanana qədər keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi Tibb İnstitutunda da Həmkarlar İttifaqı Komitəsi müstəqil olmamış Universitet Partiya Komitəsinin rəhbərliyi altında fəaliyyət göstərmişdir. Yalnız 1994 – cü ilin fevral ayının 24 – də 792 № - li fərmanla Azərbaycan Respublikası Prezidenti Ulu öndər Heyədər Əliyev cənabları müstəqil respublikamızın tarixində ilk dəfə olaraq “Həmkarlar İtifaqları haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. İnsan hüquqlarının Ümumi Bəyannaməsi, Beynəlxalq Əmək təşkilatının konvensiya və tövsiyələrinə istinadən hazırlanmış bu qanun Azərbaycan Respublikasında Həmkarlar İttifaqlarının hüquqlarını, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün geniş fəaliyyət təminatlarını müəyyən etdi. 1997 – ci ilin aprel ayında qəbul edilmiş “Fərdi əmək müqavilələri (kontraktları) haqqında” və sonra “Kollektiv müqavilə və sazişlər haqqında”, “Məzuniyyətlər haqqında”, “Fərdi əmək mübahisələrinin həlli qaydası haqqında” Azərbaycan Respublikası qanunlarında, eləcə də 1999 – cu ildə təsdiq olunmuş, “Azərbaycan Respublikası Əmək Məcəlləsində” Həmkarlar İttifaqı təşkilatlarının bu sahədə hüquq və vəzifələri daha da genişləndirilmişdir.
Son illər Azərbaycan Tibb Universiteti Həmkarlar İttifaqı Komitəsi yeni klinikaların açılışı ilə əlaqədar öz sıralarını daha da artırmışdır. Bu gün Həmkarlar İttifaqı Komitəsi öz sıralarında 4457 nəfərdən çox həmkarlar ittifaqı üzvünü birləşdirən ən iri ali məktəb təşkilatlarından birinə çevrilmişdir. Hazırda Universitet Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi altında 6 fakültə, 4 klinika, 1 Elmi-Tədqiqat Mərkəzi və 1 İnzibati -təsərrüfat işçiləri həmkarlar ittifaqı təşkilatı, 58 qrup təşkilatı fəaliyyət göstərir. Təşkilatın ali orqanı 5 ildən bir keçirilən hesabat – seçki konfransıdır. Axırıncı XIV konfrans 198 nümayəndənin iştirakı ilə 05 mart 2024 – cü il tarixdə keçirilmişdir. Konfransda 25 nəfərdən ibarət Həmkarlar İttifaqı Komitəsinin və 5 nəfərdən ibarət təftiş komissiyası seçilmişdir. Konfransda universitet rektorluğu ilə kollektiv müqavilə bağlanmışdır ki, bu da rektorluqla Həmkarlar İttifaqı Komitəsi arasında münasibətlərin tənzimlənməsində böyük rol oynayır.
Universitetin Həmkarlar İttifaqı Komitəsinin qarşısında duran ən vacib məsələlərdən biri əməkdaşların sosial – iqtisadi problemlərinin həllinə köməklik etməklə bağlıdır. Odur ki, Universitet Həmkarlar İttifaqı Komitəsi rektorluqla birlikdə bu çətinliyi bir qədər azaltmaq məqsədilə, hələ 1990-cı illərin əvvəllərindən yollar axtarmağa başladı. 1991 – 1995 – ci illərdə əməkdaşların ailə büdcəsinə kömək məqsədilə Universitet Həmkarlar İttifaqı Komitəsi müxtəlif ərzaq məhsullarının ucuz qiymətə satışını təşkil etmişdir. Lakin sonralar özəl sektorun genişlənməsi, dövlət ticarət sektorunun xüsusilə topdan – satış bazarının demək olar ki, fəaliyyət göstərməməsi səbəbindən bu işlə məşğul olmaq mümkün olmadı. 1994 – cü ilin mart ayında Həmkarlar İttifaqı Komitəsinin təqdimatı ilə qazanılmış vəsait hesabına rektorluq tərəfindən əməkdaşlara ilk yardım edildi. Sonralar bir neçə dəfə təkrar olundu. 1995 – ci ilin yanvar ayından isə bu yardım hər ay əməkdaşlara verilməyə başladı. Qeyd etmək lazımdır ki, 2017-ci ildən universitetin xüsusi vəsaitləri hesabına əməkdaşlara verilən əlavə əmək haqqı bir neçə dəfə artmışdır. Müqayisə üçün qeyd etmək istərdim ki, əgər 2017-ci ildə universitetin xüsusi vəsaitləri hesabına verilən əmək haqqı kafedra müdirləri, professorlar üçün 700 manat, dosentlər üçün 600 manat təşkil edirdisə, hal-hazırda yəni 2024-cü ilin I rübündə kafedra müdirləri; nəzəri kafedralarda işləyənlər 2030 manat, klinik kafedralarda 1830 manat, professorlar; nəzəri kafedralarda 1130 manat, klinik kafedralarda isə 950 manat, dosentlər üçün isə əmək haqqı 870-1010 manat təşkil edir. Bu artımlar Universitet Həmkarlar İttifaqı Komitəsində müzakirə olunmuş və Həmkarlar Komitəsinin qərarı ilə əmək haqlarının artırılmasına razılıq verilmişdir.
Əməkdaşlara kömək məqsədilə universitet Həmkarlar İttifaqı Komitəsi də öz büdcəsindən hər il 20 000 (iyirmi min) manata qədər maddi yardımların verilməsinə yönəltmişdir. Beləki, 2017 -2023– cü illərdə 1328 nəfərə 173000 (yüz yetmiş üç min ) manat yardım edilmişdir. Bundan əlavə universitetdə işləyən şəhid ailələrinə- Novruzova Lətifə Qaraş qızı, Abdulkərimova Sofiya Nəbi qızı,Hacıyeva Qızyetər Qəməndər qızı, Ağazadə Rövşən İsabala oğlu, Nəcəfova Mətanət Sabir qızı, Qəfərova Natəvan Hüseyn qızı Universitet Həmkarlar İttifaqı Komitəsinin himayəsinə götürülmüş və onlara mütəmadi olaraq maddi yardım verilir.
2013-cü il yanvar ayının 1-dən adambaşına maliyyələşməyə keçməklə əlaqədar, “Təbib” İdman-sağlamlıq düşərgəsinin bütövlükdə maliyyələşməsi Həmkarlar İttifaqı Komitəsi tərəfindən həyata keçirilir. Yəni istirahət düşərgəsində çalışan əməkdaşların əmək haqları, təmir-tikinti və abadlıq işləri, o cümlədən istirahət zamanı əməkdaşların qidalanmasının maliyyələşməsi də Həmkarlar İttifaqı Komitəsi tərəfindən aparılır.
2016-cı il noyabr ayından bu günə qədər aparılan tikinti işləri düşərgənin görünüşünü təmamilə dəyişmişdir. Yeni tikilən yeməkxana, istirahət otaqları, əşyaların saxlanması üçün anbar və digər tikililər ən müasir standartlara cavab verir. O cümlədən istirahət ocağının qazlaşdırılması və ümumiləşdirilmiş istilik sistemi imkan verir ki, hətta qış aylarında əməkdaşların istirahətini təşkil edək.
Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, 2023-cü ilin yay istirahəti zamanı əməkdaşlarımız bir istirahət gününə cəmi 12-17 manat ödəməklə, 3 dəfə yeməklə təmin olunmaq şərti ilə istirahət ediblər. Yəni, 2023-cü ildə 109 ailə (340 nəfər) “Təbib” istirahət düşərgəsində istirahət etmişdir.
Əməkdaşların istirahəti təkcə “Təbib” istirahət düşərgəsi ilə bitmir. 2015-ci ilin dekabr ayında açılışı olmuş Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Qusar rayonunda yerləşən “Şəfa” istirahət ocağına da istirahətə göndəririk. “Şəfa” istirahət ocağında əməkdaşların istirahəti ilin bütün fəsillərində mümkündür. Təkcə 2023-cü ildə “Şəfa” istirahət ocağında məzuniyyət dövründə 8 ailə olmaqla 32 nəfər, 2 günlük, yəni xüsusən qış aylarında 37 ailə olmaqla 141 nəfər istirahət etmişdir.
Əməkdaşların istirahəti ilə yanaşı onların müalicəsi də Həmkarlar İttifaqı Komitəsinin daim diqqətində olmuşdur. 2017-2023-cü illərdə 143 nəfər əməkdaş Bilgəh, Şıx, Abşeron - mədə-bağırsaq, Günəşli-nevroloji, Naxçıvan- duz dağı, Çinar, Naftalan və s. sanatoriyalarda müalicə almışdırlar.
Bu tədbirlərlə yanaşı vətənpərvərlik mövzusunda, yubiley tədbirlərinin təşkil edilməsində Universitet Həmkarlar İttifaqı Komitəsi aktiv iştirak etmişdir. Universitetin qızlardan ibarət “Çinar” rəqs ansamblı, “Şəfa” xalq çalğı alətləri ansamblı daim Həmkarlar İittifaqının diqqət mərkəzində olmuşdur. “Çinar” rəqs ansamblının 2019-cu ilin noyabr ayının 6-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında 60 illik yubileyi keçirilmişdir. Vaxti ilə Əminə Dilbazinin rəhbərlik etdiyi tələbə qızlardan ibarət “Çinar” rəqs ansamblı nəinki universitetimizi, hətta Azərbaycan mədəniyyətini və incəsənətini xarici ölkələrdə layiqincə təmsil etmiş, bir sıra müsabiqə və festivallarda uğurla çıxış etmişdir.
2022-ci il may ayının 4-də “Şuşanın dağları” adlı ədəbi-bədii gecə, həmin ilin noyabr ayının 6-da “Zəfər” bayramı ilə əlaqədar möhtəşəm bir tədbir, 2023-cü il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə, həmin ilin dekabr ayında isə “Bütöv Azərbaycan” adlı ədəbi-bədii gecə keçirilmişdir. Əməkdaşların iş vaxtından sonra da istirahətini təşkil etmək üçün dəfələrlə teatrlara Həmkarlar İttifaqı Komitəsinin hesabından biletlər alınmış, əməkdaşlar tamaşalara baxmağa göndərilmişdir.
Azərbaycan Tibb Universitetinin 90 illik yubileyi ərəfəsində, o cümlədən hər il yaz fəslində istər Universitetin Tələbə Şəhərciyində, Nabranda yerləşən “Təbib” istirahət düşərgəsində iməcilik keçirərək müxtəlif ağaclar, güllər əkilir. Hər il ənənəvi olaraq məzunların buraxılış gecələrinin təşkili bilavasitə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin nəticəsidir.
Görülən bu işlərlə yanaşı Həmkarlar İttifaqı Komitəsi əməkdaşların ailələrini də unutmamışdır. “Novruz” və “Yeni il” şənliklərində əməkdaşların uşaqlarına biletlər təşkil olunmuşdur. Hər bayramda 1000-1200 nəfərə yaxın əməkdaşın uşaqlarına “Novruz” və “Yeni il” şənliklərinin biletləri və ya hədiyyələr verilmişdir. Bir sözlə, universitet həyatı ilə bağlı bütün tədbirlərdə Həmkarlar İttifaqı Komitəsi müşahidəçi mövqeyində durmur, əksinə var qüvvəsi ilə öz işini daha da təkminləşdirir, əməkdaşların qanuni mənafelərinin qorunması, sosial problemlərinin həlli istiqamətində əlindən gələni edir.