Çinar rəqs ansamblı – 1959-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda, indiki Azərbaycan Tibb Universitetində yaradılmış qızlardan ibarət xalq rəqs ansamblıdır.
Ansamblın ilk rəhbəri Azərbaycan Dövlət Filarmoniyasının solisti Əminə Dilbazi idi.
“Çinar” öz səhnə həyatına “Çinar” rəqsi ilə qədəm qoydu. Sonralar ansamblın ifasında “Bənövşə”, “Ceyran” dünyaya gəldi.
Yarandığı müddətdən 3 ay sonra Mosckva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etdi. İlk qostrol səfərində müvəffəqiyyət qazanan “Çinar”ı tamaşaçılar “Beryozkanın” kiçik bacısı adlandırırdılar. Ansamblı ÜİLKGİMK-nın Fəxri fərmanı ilə təltif olundu. Moskvadakı müvəffəqiyyətindən sonra “Çinar”a xalq ansamblı adı verildi. Ansamblın fəallarından dördü Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, kollektivin bədii rəhbəri Əminə Dilbazi isə Azərbaycan xalq artisti adına layiq görüldü.
1970-ci illərdən başlayaraq “Çinar” həm ölkədə və həm də xaricdə tanınmağa başladı.”Çinar” rəqs ansamblı bir sıra müsabiqələrdə, festivallarda müvəffəqiyyətlə çıxış edərək, özünün nəyə qadir olduğunu dəfələrlə sübut etmişdir.
Ansamblın yaradıcılığı haqqında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Qızlar, rəqs edin!” sənədli filmi çəkilmişdir. “Çinar” xalq rəqs ansamblı Moskva, AFR, Polşa və Əlcəzair televiziyalarında da efirdə olmuşdur.
“Çinar” xalq rəqs ansamblının rəhbəri Əminə xanım xəstəlikdən və dünyasını dəyişdikdən sonra, uzun müddət ansamblın rəhbəri Azərbaycan Tibb Universitetinin məzunu və keçmiş solisti Nərgiz Abdullayeva olmuşdur.
Ansambl bu günə kimi Türkiyədən başlayaraq, Fransa, Əlcəzair, Seneqal, İran, Polşa, Macarıstan, Bolqarıstan, Almaniya, Yuqoslaviya, Rusiya, Ukrayna, Gürcüstan, İsraildə konsert proqramları ilə çıxış etmişdir.
Azərbaycanın şəhər və rayonlarının, kənd və qəsəbələrinin böyük əksəriyyətini qarış-qarış gəzmiş, “Yallı”, “Dolayı”, “Ceyrani”, “Vağzalı-mirzəyi”, “Qavalı” və digər Azərbaycan xalq rəqslərini ifa etməklə tamaşaçıların rəğbətini qazanmışdır.
1990-cı ildə Əminə xanım “Sarı gəlin” Azərbaycan xalq mahnısı əsasında rəqsə quruluş vermişdir. Rəqsin quruluşuna görə səhnədə qızılı paltar geyinmiş üç qız oynayır. Rəqsin təqdimatı Türkiyədə olmuşdur. Rəqs tamaşaçıların rəğbətini qazanmışdır.
“Çinar” xalq rəqs ansamblına 2011-2016-cı illərdə bədii rəhbəri Tahir Eynullayev rəhbərlik etmişdir. O, həm də Əminə Dilbazinin tələbəsi olmuşdur. Tahir Eynullayev “Çinar” xalq rəqs ansamblına çox uğurla rəhbərlik etmişdir.
2016-cı ildən bu günə qədər isə “Çinar” xalq rəqs ansamblına Nisəxanım Rəhimova rəhbərlik edir. 2019 -cu ildə “Çinar” xalq rəqs ansamblının 60 illik yubileyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilmişdir. Həmən yubileydə “Çinar” xalq rəqs ansamblı bir daha kollektiv qarşısında öz məharətini göstərmişdir. Son illər Azərbaycan Tibb Universitetində keçirilən tədbirlərdə, ”Şuşanın dağları”, “Zəfər” bayramı, “Ulu Öndərin 100 illik yubileyi”, “Bütöv Azərbaycan”, “Bu ellərin soyu birdir, kökü bir” adlı tədbirlərdə uğurla çıxış etmişdir.
“ÇİNAR” VƏ “ŞƏFA” ANSAMBLLARININ ÜZVLƏRİ “TƏBİB” İSTİRAHƏT DÜŞƏRGƏSİNDƏ