“NEVROLOGİYA” İXTİSASI üzrə Rezidentura
Rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığının formasıdır.Rezidentura səviyyəsinin 7100013– “Nevrologiya” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra – İTP) Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın tələblərinə, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır.
Rezidentura proqramı nevrologiya sahəsində müasir elmi biliklərə və klinik bacarıqlara malik, müstəqil praktik fəaliyyət göstərə bilən həkim-nevropatoloqların hazırlanmasını, həmçinin rezidentlərin nəzəri hazırlığının klinik təcrübə ilə inteqrasiyasını təmin etməyi hədəfləyir. Proqram çərçivəsində tədris prosesi ixtisas rotasiyaları vasitəsilə mərhələli şəkildə təşkil olunur və rezidentlərin klinik-düşünmə, diaqnostik və müalicə bacarıqlarının formalaşdırılmasına yönəldilir.
Rezidentlər proqram müddətində aşağıdakı sahələr üzrə ixtisaslaşmış bilik əldə edirlər:Sinir xəstəliklərinin propedevtikası,Klinik nevrologiya,Ambulator nevrologiya, Təxirəsalınmaz nevrologiya,Pediatrik nevrologiya, Elektroensefaloqrafiya (EEQ), Elektromioqrafiya (EMQ) və digər instrumental müayinə üsulları.
“TIBBI GENETIKA”ixtisası üzrə rezidentura
Nevrologiya kafedrasında həyata keçirilən “Tibbi genetika” ixtisası üzrə rezidentura proqramı irsi və anadangəlmə xəstəliklərin dərin elmi-klinik öyrənilməsini, müasir laborator və molekulyar-genetik diaqnostika bacarıqlarının formalaşdırılmasını təmin edir. Proqram yüksək ixtisaslı tibbi genetik həkimlərin hazırlanmasına yönəldilmişdir.
Rezidentlər proqram müddətində aşağıdakı sahələr üzrə ixtisaslaşmış bilik və bacarıqlar əldə edirlər:
İnsan genetikasının əsasları: irsiyyət və patologiya, kliniki teratologiya, xromosom xəstəlikləri.
İrsi xəstəliklərin diaqnostikası: irsi və nadir xəstəliklərin klinik-genetik qiymətləndirilməsi və differensial diaqnostika.
Hematoloji genetika: irsi qan xəstəliklərinin diaqnostikası və laborator qiymətləndirilməsi.
Laborator-genetik üsullar: mikrobioloji, histoloji, sitoloji, immunoloji, immunoferment və biokimyəvi tədqiqat metodları.
Molekulyar-genetik tədqiqatlar: müasir molekulyar üsulların tətbiqi və nəticələrin klinik interpretasiyası.
Skrininq və profilaktika: irsi xəstəliklərin kütləvi müayinə üsulları və profilaktik yanaşmalar.
Rezidentlər klinik və laborator bazalarda real hallar üzərində çalışır, genetik konsultasiya, diaqnostik planın hazırlanması və nəticələrin qiymətləndirilməsində bilavasitə iştirak edirlər. Proqram müasir tələblərə cavab verən, klinik və elmi bacarıqlara malik tibbi genetik mütəxəssis hazırlamağı hədəfləyir.
Doktorantura
Nevrologiya kafedrasında 3223.01 – “Sinir xəstəlikləri” ixtisası üzrə doktorantura təhsili təşkil olunur. Doktorantura proqramı nevrologiya sahəsində qabaqcıl elmi tədqiqatların aparılması, sinir sisteminin xəstəliklərinin patogenezi, diaqnostikası və müalicəsi üzrə yeni yanaşmaların işlənilməsi, klinik və fundamental istiqamətlərdə innovativ elmi nəticələrin əldə edilməsinə yönəldilmişdir.
Proqram çərçivəsində doktorantlar:
mərkəzi və periferik sinir sistemi xəstəliklərinin patogenezi üzrə fundamental və tətbiqi tədqiqatlar aparır;
müasir diaqnostik metodların (neyroradiologiya, neyrofizioloji və laborator üsullar) elmi əsaslandırılması və təkmilləşdirilməsi ilə məşğul olur;
neyrodegenerativ, serebrovaskulyar, demielinizasiyaedici və neyroinfeksion xəstəliklər üzrə yeni müalicə və reabilitasiya yanaşmalarını araşdırır;
beynəlxalq və yerli elmi konfranslarda çıxış edir, nüfuzlu ixtisaslaşmış elmi jurnallarda məqalələr dərc etdirir.
Doktorantura proqramı müstəqil elmi tədqiqat aparmaq, elmi yeniliklər irəli sürmək və nevrologiya sahəsində akademik və klinik lider kimi fəaliyyət göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.