Terapevtik stomatologiya kafedrası 1956-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində yaradılmışdır. Kafedraya ilk rəhbərliyi 1968-cı ilə qədər tibb elmləri namizədi, dosent Əli İbrahim oğlu Həsənzadə etmişdir.
1969-cu ildən 1985-ci ilə qədər Terapevtik stomatologiya kafedrasına dosent Rüstəm Bəhman oğlu Mirzəyev rəhbərlik etmişdir. Azərbaycan dilində ilk «Terapevtik stomatologiya» dərsliyinin müəllifi kimi də dosent Mirzəyev stomatologiyanın tarixinə düşmüşdür.
1986 – 2010-cu illərdə kafedraya Azərbaycanın əməkdar həkimi, professor Çingiz Ağaqulu oğlu Paşayev rəhbərlik etmişdir. O, tibbin stomatologiya sahəsində ölkəmizdə ən çox elmi kadr yetişdirmiş elm xadimi kimi tarixə düşmüşdür.
Daha öncə Stomatologiya fakültəsinin dekanı vəzifəsində çalışmış dosent Rza Kazım oğlu Qasımov 2010 – 2012 illərdə kafedraya rəhbərlik etmişdir.
Kafedraya 2013 – 2023-cü illərdə professor Ağa Çingiz oğlu Paşayev rəhbərlik etmişdir.
2023-cü ildən isə Terapevtik stomatologiya kafedrasına dosent Vaqif Mikayıl oğlu Həsənov rəhbərlik etməkdədir.
Kafedranın əməkdaşları tərəfindən aşağıdakı dərsliklər çap edilmişdir: Mirzəyev R. B. "Terapevtik stomatologiya" (Azərbaycan dilində, 1982); Həsənov V. M. “Terapevtik stomatologiya: Təməl biliklər” (Azərbaycan dilində, 448 səhifə, 2010);
Məmmədov F. Y., Səfərov A. M. “Dental Caries” (Ingilis dilində, 2010); Səfərov A. M., Məmmədov F. Y. Yusubova Ş. R. “Terapevtik stomatologiya” (Azərbaycan dilində, 2010); Qasımov R. K., Məmmədov R. M., Aslanov K. L., Əliyev Q. X., İbrahimov Z. O., İbrahimov M. X. “Terapevtik stomatologiyanın propedevtikası” (Fantom kursu, 2011); Həsənov V. M. “Terapevtik stomatologiya: Dişin sərt toxuma xəstəlikləri” (Azərbaycan dilində, 375 səhifə, 2012); Məmmədov R.M., Həmzəyev B.M. “Parodont xəstəlikləri” (Azərbaycan dilində, 2012); Səfərov A.M., Məmmədov F.Y., Alkişiyev K.S. “Bəzi qan xəstəlikləri zamanı stomatoloji ağırlaşmalar” (Dərs vəsaiti, Bakı, 2013); Tarıverdiyeva Е. Q., Musayev F. Y., Hüseynova G. V. “Аğızın selikli qişa xəstəlikləri” (Dərs vəsaiti, 2013); Məmmədov R. M., Paşayev A.Ç., Həmzəyev B.M., Həsənov V.M. “Terapevtik stomatologiya” (Azərbaycan dilində, Dərslik, 666 səhifə, 2017)
Kafedrada ümumilikdə 5 doktorluq, 35-dən çox namizədlik dissertasiyası müdafiə edilmişdir.
Kafedra əməkdaşları tərəfindən ümumilikdə 1000-dən çox məqalə, metodik dərs vəsaitləri və metodik tövsiyələr çap olunmuşdur.
Kafedranın xüsusi nailiyyəti – kariyes, qeyri-kariyes, parodont və mukoza xəstəliklərinin müalicə və profilaktikasında innovasiyaların və təbii vasitələrin tətbiqidir.
Kafedranın əməkdaşları Terapevtik stomatologiya sahəsinə aid ölkəmizdə və xaricdə keçirilən Beynəlxalq konqres, konfrans, simpozium və master-klaslar kimi elmi və təkmilləşdirici tədbirlərdə mütəmadi olaraq iştirak etməkdədirlər.
Hal-hazırda kafedrada aşağıdakı istiqamətdə elmi-tədqiqat işləri aparılır:
Əhalinin müxtəlif qrupları arasında stomatoloji patologiyaların yayılma xüsusiyyətlərinin öyrənilməsi və müalicə-profilaktika metodlarının təkmilləşdirilməsi. Müxtəlif qruplarda kariyesli, xroniki gingivitli və parodontitli, odontogen infeksiyalı şəxslərin, hamilə qadınların və ruhi xəstələrin ağız boşluğunda olan xəstəliklərin profilaktika və müalicə tədbirlərinin optimallaşdırılması və ya təkmilləşdirilməsi.
Hazırda kafedranın 47 nəfər əməkdaşı fəaliyyət göstərməkdədir. Bunlardan 3-ü professor (t.e.d.), 11-i dosent (t.ü.f.d.), 21-i assistent (o cümlədən 17 nəfəri t.ü.f.d.), 8-i baş laborant (o cümlədən 2 nəfəri t.ü.f.d.) və 4-ü laborant vəzifəsində çalışmaqdadır.