Bizi izləyin:
Heydər Əliyev
İnsan anatomiyası və tibbi terminologiya kafedrası (Feldşer hazırlığı – Hərbi Tibb fakültəsi)
Bölmələrimiz
İnsan anatomiyası və tibbi terminologiya kafedrası (Feldşer hazırlığı – Hərbi Tibb fakültəsi)

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları (Mühazirə)

Auditoriya saatları (Təcrübi)

1

Feldşer

I

İnsan anatomiyası və tibbi terminologiya

 

60

 

İNSAN ANATOMİYASI FƏNNİ ÜZRƏ 040703-“FELDŞER” İXTİSASININ TƏDRİS PROQRAMI AKTS: 4 kredit

“İnsan anatomiyası” fənni

        İnsan anatomiyası təbabətin əsas fundamental sahələrindən biri olaraq yeni həkim kadrları üçün tədrisdə və onların peşəkar kimi yetişməsində olduqca böyük rola malikdir. Elmin qədim tarixə malik olmasına baxmayaraq o, bu gün də yeni faktlarla zənginləşir və klinik biliklərin formalaşmasına, düzgün müalicə taktikasının və cərrahi müdaxilənin planlaşdırılmasına həlledici təsir göstərir. Anatomik biliklərin tələbələrə ardıcıl və ciddi surətdə, quru və yaş preparatların, müasir zamanda isə artıq multi-media vasitələrinin tətbiqi ilə öyrədilməsi və onların kafedranın professor-müəllim heyəti tərəfindən sistematik və obyektiv surətdə sorğusu sayəsində gələcək həkimlərdə klinik təfəkkürün rüşeymləri meydana çıxır; gələcək təhsil illərində klinik bazalarda bu təfəkkür düzgün surətdə inkişaf etdirildiyi təqdirdə, yetkin həkim kadrlarının meydana çıxmasına nail olunur. Eləcə də kafedrada tələbələrin ilk tədris illərində təhsil almalarına baxmayaraq onların müəyyən hissəsində elmə də maraq yaranır ki, bu da həmin tələbələrin kafedranın nəzdində fəaliyyət göstərən tələbə elmi cəmiyyətinə cəlb olunmasına, onların öz ilk elmi tədqiqat işlərini aparmasına gətirib çıxarır. Beləliklə, anatomiya fənninin tədrisi həm klinik, həm də elmi kadrların yetişməsində xüsusi rol oynadığının şahidi oluruq. Kafedrada təhsil aldığı illərdə tələbələr meyit və meyit preparatları üzərində işləyərkən onlara həkimlərə xas olan ciddilik və etik prinsiplər, subordinasiya hissi aşılanır.   

Fənnin məqsədi. İnsan anatomiyası fənni insan orqanizminin quruluşunu fundamental əsaslarla, əyani olaraq meyit və meyit preparatları üzərində, orqanizmi təşkil edən aparat və sistemlər, bu aparat və sistemlərin təşkil olunduğu orqanlar səviyyəsində tədris edir. Müasir dövrün tələblərini nəzərə alaraq quru və yaş preparatlarla yanaşı multi-media vasitələrinin geniş tətbiqi də aparılmaqla tələbələrdə nəzəri biliklərin – mühazirələrdə orqan və sistemlərin inkişafı, onların funksional anatomiyasının xüsusiyyətlərinin, təcrübi dərslərdə hər bir orqanın quruluşu, topoqrafiyası barədə anlayışların tam surətdə formalaşdırılması, bu biliklərin təcrübəyə tətbiqi üçün davamlı zəmin yaradılması fənnin məqsədinə aiddir.

 Tələbə nəyi bilməlidir:

  1. Meyit və meyit preparatlarından istifadə edərkən Anatomiya muzeyində və Tədris mərkəzində iş və texniki təhlükəsizlik qaydalarını;
  2. Klassik anatomik tədqiqat metodlarının əsaslarını;
  3. Anatomiya elminin əsas inkişaf dövrlərini, tibbi və bioloji elmlər üçün anatomiyanın xüsusi əhəmiyyətini;
  4. Müasir anatomik tədqiqat metodlarını, İnsan anatomiyasının əsas inkişaf istiqamətlərini;
  5. Azərbaycan, rus, ingilis və latın dillərində anatomik terminologiyanın əsaslarını;
  6. İnsan bədəninin ümumi quruluş qanunauyğunluqlarını, orqanizmin hissələrini quruluş-funksional qarşılıqlı əlaqələrini,
  7. Təcrübi və nəzəri tibbdə anatomiya elminin əsas tədqiqatlarının əhəmiyyətini;
  8. Uşaq, yeniyetmə və yaşlı insanda orqanizm hissələrinin və orqanlarının anatomo-topoqrafik qarşılıqlı əlaqələrini;
  9. Orqan və sistemlərin quruluş və topoqrafiyasının əsas detallarını, müxtəlif yaş dövrlərində onların əsas funksiyalarını;
  10. Orqan və sistemlərin inkişaf qüsurlarını və anomaliyalarını, baş verə biləcək quruluş variantlarını;
  11. Gələcək təhsil və peşə fəaliyyətində uşaq, yeniyetmə və yaşlı insanın anatomiyası üzrə alınmış biliklərin tətbiqi əhəmiyyətini;
  12. Sağlam orqanizmin quruluş baxımından yaş-cinsi və fərdi xüsusiyyətlərini və inkişafını;

Tələbə nəyi bacarmalıdır:

  1. Anatomik alətlərdən düzgün istifadə ( pinset, neştər);
  2. Anatomik terminlərdən sərbəst  istifadəni;
  3. Anatomik preparatlar üzərində orqanların hissələrini dəqiq təyin etməyi, bu hissələrin təhsil aldığı dildə və latın dilində nomenklaturaya uyğun adlarını;
  4. Anatomik təşrih üsulundan istifadə etməklə əzələ və fassiyaları, böyük damar və sinirləri, vəzilərin axacaqlarını, ayrı-ayrı orqanları tapıb ayırmağı;
  5. Rentgen şəkillərdə orqan və onların əsas hissələrini tapıb göstərməyi;
  6. Canlı insanda əsas sümük və əzələ anatomik oriyentirlərini tanımağı,  orqanların hüdudlarını və əsas sinir-damar dəstələrinin proyeksiyalaırnı sxematik çəkməyi, oynaqlarda hərəkəti düzgün nümayiş etdirməyi, bu hərəkətləri adlandırmağı;
  7. Tibbi və elmi ədəbiyyatdan, müasir internet mənbələrindən istifadənin əsaslarını;
  8. Rentgen şəkillərdə, kompüter və maqnit-rezonans tomoqramlarda orqanları, onların quruluş və hissələrini təyin etməyi;
  9. Test tapşırıqlarını yerinə yetirməyi, nəzəri biliklərin əsasında situasiya məsələlərini həll etməyi.

 

Tələbə yiyələnməlidir:

  1. Orqanizmi təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapdığı orqanların quruluşu, topoqrafiyası, damar-sinir münasibətləri barəsində nəzəri biliklərə;
  2. Orqanizmi təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapdığı orqanları, onların əsas damar və sinirlərini meyit və meyit preparatları üzərində müstəqil surətdə müəyyən etməyə;
  3. Meyit və meyit preparatlarından istifadənin əsaslarına, sadə tibbi alətlərdən sərbəst istifadəyə;
  4. Anatomik terminlərin təhsil aldığı dildə və latın dilində düzgün istifadəsinə;
  5. Meyit və meyit preparatları ilə işləyərkən tibbi etikanın bütün incəliklərinə;
  6. Təşrih zallarında işləyərkən kafedranın daxili nizam-intizam qaydalarına özü və tələbə yoldaşları tərəfindən tam riayət olunmasına.

 

PROQRAM

       “İnsan anatomiyası” fənni təbabətin istər nəzəri, istər təcrübi sahələri üçün olduqca böyük əhəmiyyət daşıyır. Müasir dövrdə anatomiya sadəcə mövcud faktları təsvir etməklə məşğul olmur; onun məqsəd və vəzifələrinə orqanizmin quruluş prinsip və qanunauyğunluqlarının izah olunması, aydınlaşdırılması daxildir. Bu suallara dolğun və bitkin cavab vermək üçün orqanizmin quruluşu ən incə detallarına qədər tədqiq olunmalıdır. Canlı orqanizm tam və bitkin bir sistemdir. Onun tədqiqatı, klassik anatomik tədqiqat işlərinə və eləcə də anatomiyanın inkişaf tarixinə nəzər salsaq, olduqca çətin bir yol keçmişdir. Təşrih üsulundan başlayaraq müasir kompüter və maqnit-rezonans üsulları, müxtəlif xarakterli angioqrafiya metodları – hamısı insan orqanizminin quruluş xüsusiyyətlərini öyrənməyə yönəlmişdir. Bu biliklər nə qədər dərin və dəqiq olarsa, klinik təbabətin uğurları da bir o qədər effektiv olacaqdır. Buna görə də təbabətin nailiyyətləri ilk növbədə anatomiya elminin nailiyyətlərindən, anatomik tədqiqat üsullarının dolğunluğundan birbaşa asılıdır. Buna da görədir ki, İnsan anatomiyası fənni ilə, ümumiyyətlə, tibb təhsili başlayır. Bütün dünya üzrə tibbi ali məktəblərin və ya universitetlərin tibb fakultələrnin ilk kursuna qədəm qoymuş tələbələr əvvəlcə anatomiya auditoriyalarından, təşrih otaqlarından və muzeylərindən təhsil almağa başlayırlar. Müasir zamanda fakultələrin təcrübi bazalarının möhkəmlənməsi və yenilənməsi, hər bir fakultənin özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq tələbələrə dərs keçməyə imkan verir. Müvafiq olaraq anatomiyanın tədrisi də bu fakultələrin xüsusiyyətlərini əhatə etməyə yönəlmişdir. “Tibb bacısı işi” ixtisası üzrə təhsil alan tələbələrə “İnsan anatomiyası” fənni 1 semestr ərzində tədris olunur; bu müddətdə tələbələr dayaq-hərəkət aparatı (sümük və birləşmələr sistemi, əzələ sistemi), daxili orqanlar-splanxnologiya bəhsini (həzm, tənəffüs, sidik, cinsiyyət, endokrin və immun sistemləri), mərkəzi və periferik sinir sistemlərini, vegetativ sinir sistemini, duyğu orqanları bəhsini, ürək-qan damar sistemini, limfa sistemini öyrənirlər. Bununla əlaqədar olaraq “İnsan anatomiyası” fənninin proqramı tərtib olunarkən ilk növbədə, təbii ki, sistematik anatomiyanın tələbləri nəzərə alınır, başqa sözlə, tələbələrdə insan orqanizmini təşkil edən aparat və sistemlər barədə bilik və bacarıqlar mühazirə və təcrübə məşğələlərinin kompleks surətdə, bir-birini tamamlayaraq tətbiqi ilə yaradılır. Bu zaman hər bir konkret ixtisasın da tələbləri nəzərdə saxlanılır, müvafiq izahatlarda bu və ya digər dərslər, tələbdən asılı olaraq, daha ətraflı tədris olunur.

 

İnsan anatomiyası və tibbi terminologiya kafedrası Payız semestri üzrə təcrübə məşğələlərinin təqvim-mövzu planı

 

Mövzu (praktik məşğələ)

Saat

  1.  

İnsan anatomiyası kafedrasında tədris prosesinin təşkili. Latın dilinin tibbdə və anatomiya tədrisində rolu, latın  hərflərinin oxunuşu qaydaları. Anatomiyada işlədilən latın terminlərin düzgün tələffüz prinsipləri. Bədəndən keçirilən ox və səthlər. Adi fəqərənin quruluşu. Boyun, döş, bel fəqərələri. Oma və büzdüm sümüklərinin anatomiyası

2

  1.  

Qabırğaların və döş sümüyünün anatomiyası. Gövdə sümüklərinin anatomiyası mövzularında işlədilən latın terminlərin möhkəmləndirilməsi

2

  1.  

Yuxarı ətraf sümükləri, onların quruluş xüsusiyyətləri və anatomiyası. Mövzuda işlədilən latın terminlərinin tələffüzü

2

  1.  

Çanaq və bud sümüklərinin anatomiyası, quruluş xüsusiyyətləri. Baldır və ayaq sümüklərinin anatomiyası, quruluş xüsusiyyətləri. Aşağı ətraf sümüklərinin anatomiyası mövzusunda işlədilən latın terminlərinin möhkəmləndirilməsi

2

  1.  

Kəllənin ümumi icmalı. Alın, əsas, ənsə və təpə sümüklərinin anatomiyası, topoqrafiyası, quruluş xüsusiyyətləri. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü.

2

  1.  

Gicgah sümüyü, anatomiyası, quruluşu, topoqrafiyası, kanalları və onların möhtəviyyatı. Gicgah sümüyünün yaş xüsusiyyətləri. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü.

2

  1.  

Xəlbir sümüyü, əng, çənə və üzün xırda sümüklərinin anatomiyası, topoqrafiyası, quruluş xüsusiyyətləri. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü.

2

  1.  

Kəllənin beyin hissəsinin topoqrafiyası. Kəllə qapağı.  Xarici və daxili kəllə əsasının kanal və dəliklərinin anatomiyası və funksional təyinatı. Gicgah çuxuru. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü.

2

  1.  

Kəllənin üz hissəsinin topoqrafiyası. Göz yuvaları. Burun boşluğu. Gicgahaltı və qanad-damaq çuxurları. Onların keçəcək, kanal və dəliklərinin anatomiyası və funksional təyinatı. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü.

2

  1.  

Fəqərələrin birləşmələri. Tam onurğa: quruluşu, əyrilikləri, onların formalaşması.

2

  1.  

Qabırğaların fəqərələrlə və döş sümüyü ilə birləşmələri. Tam döş qəfəsinin quruluş xüsusiyyətləri. Gövdə sümüklərinin birləşmələri mövzularında işlədilən yeni latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Yuxarı ətraf qurşağı sümüklərinin birləşmələri. Bazu oynağının anatomiyası. Dirsək oynağı. Said və əl sümüklərinin birləşmələri. Yuxarı ətrafın oynaqlarının quruluş xüsusiyyətləri. Yuxarı ətraf sümüklərinin birləşmələri mövzularında işlədilən yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

  1.  

Aşağı ətraf qurşağı sümüklərinin birləşmələri. Oma-qalça oynağı və qasıq bitişməsi. Tam çanaq, ölçüləri, cinsi və yaş xüsusiyyətləri. Bud-çanaq və diz oynaqları, anatomiyası, forması, quruluş xüsusiyyətləri və hərəkətləri. Baldır və ayaq sümüklərinin birləşmələri. Tam ayağın quruluş və yaş xüsuyyətləri. Aşağı ətraf sümüklərinin birləşmələri mövzularında işlədilən yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

  1.  

Kəllə sümüklərinin birləşmələri. Gicgah-çənə oynağı: quruluşu, forması, hərəkətləri, xüsusiyyətləri. Latın terminlərinin tələffüz qaydalarının təkrarı və möhkəmləndirilməsi.

2

  1.  

KOLLOKVİUM. (Aralıq qiymətləndirmə). Bu kollokviuma 1-14-ci mövzuları əhatə edən yalnız təcrübə məşğələ materialları daxil ediləcəkdir. Kollokviuma mərkəzi qaydada Universitetin İmtahan Mərkəzində keçiriləcəkdir.

2

  1.  

Baş nahiyələri. Baş əzələlərinin anatomiyası. Çeynəmə və mimiki əzələlər. Onların funksiyası. Əzələ bəhsində işlədilən yeni latın terminləri və onların tələffüzü prinsipləri. Başın yumşaq toxumasının quruluş xüsusiyyətləri və topoqrafiyası.

2

  1.  

Boyunun əzələ və fassiyaları: quruluş xüsusiyyətləri. Boyunun yumşaq toxumasının quruluşu. Boyunun topoqrafiyası. Boyun üçbucaqları, onların topoqrafiyası və təcrübi əhəmiyyəti. Boyun əzələləri mövzularında istifadə olunan latın terminlərinin tələffüz prinsipləri, onların möhkəmləndirilməsi.

2

  1.  

Döşün əzələ və fassiyalarının anatomik və funksional xüsusiyyətləri. Diafraqma, topoqrafiyası, quruluş xüsusiyyətləri. Qarnın əzələ və fassiyalarının quruluşu, funksiyası. Düz əzələ yatağı. Qasıq kanalı. Onların topoqrafiyası və quruluş xüsusiyyətləri. Döş və qarın əzələləri mövzularında işlədilən latın terminlərinin təkrarı və möhkəmləndirilməsi. Arxanın əzələ və fassiyalarının quruluşu, funksional anatomiyası və topoqrafiyası. Mövzuda işlədilən latın terminləri və onlarınn tələffüzü

2

  1.  

Çiyin qurşağının və bazunun əzələ və fassiyalarının quruluşu, xüsusiyyətləri Said və əl əzələ və fassiyalarının quruluşu, xüsusiyyətləri. Yuxarı ətrafın əzələ və fassiyalarının topoqrafiyası. Yuxarı ətraf əzələləri mövzularında işlədilən latın terminlərinin təkrarı və möhkəmləndirilməsi.

2

  1.  

Çanaq və bud əzələləri və fassiyalarının funksional anatomiyası. Baldır, ayaq əzələləri və fassiyalarının funksional anatomiyası. Aşağı ətrafın əzələ və fassiyalarının topoqrafiyası. Aşağı ətraf əzələləri ilə əlaqədar işlədilən latın terminlərinin tələffüzü.

2

  1.  

Daxili orqanlar haqqında məlumat. Ağız boşluğu orqanları. Süd və daimi dişlər, onların quruluşu, formulu və çıxma müddəti.

2

  1.  

Udlaq və qida borusu. Mədə, nazik və yoğun bağırsaqların quruluşu və topoqrafiyası. 

2

  1.  

Qaraciyər, mədəaltı vəzi və dalaq. Quruluşu və topoqrafiyası. Periton və onun topoqrafiyası. Həzm sisteminin anatomiyasında istifadə olunan latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Tənəffüs sistemi orqanları. Burun boşluğu, qırtlaq, nəfəs borusu və bronxlar. Quruluşu və topoqrafiyası.

2

  1.  

Ağciyər və plevra. Orta divar. Ağciyər və plevranın topoqrafiyası.Tənəffüs sistemində istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Sidik orqanları. Böyrəklərin quruluşu və topoqrafiyası. Sidik axarları. Sidik kisəsi, sidik kanalı.Sidik sistemində istifadə edilən latın terminlərinin möhkəmləndirilməsi.

2

  1.  

Kişi cinsiyyət orqanlarının funksional anatomiyası və topoqrafiyası.

2

  1.  

Qadın cinsiyyət orqanlarının funksional anatomiyası və topoqrafiyası.

2

  1.  

Aralıq. Quruluşu, topoqrafiyası.

2

  1.  

Daxili sekresiya vəzilərinin anatomiyası və topoqrafiyası.Latın terminlərinin təkrarı və möhkəmləndirilməsi.

2

 

İnsan anatomiyası və tibbi terminologiya kafedrası.Yaz semestri üzrə təcrübə məşğələlərinin təqvim-mövzu planı

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları (Mühazirə)

Auditoriya saatları (Təcrübi)

1

Feldşer

I

İnsan anatomiyası və tibbi terminologiya

 

50

 

Mövzu (praktik məşğələ)

Saat

1

Onurğa beyni,quruluşu, yaş xüsuiyyətləri, topoqrafiyası, onurğa beyni sinirlərinin əmələ gəlməsi. Latın terminlərinin tələffüz qaydalarının təkrarı və möhkəmləndirilməsi.

2

2

Beyinin ümumi icmalı, beyinin şöbələri. Beyin əsasında kəllə sinirlərinin topoqrafiyası. Beyin və onurğa beyni qişaları haqqında ümumi məlumat.

2

3

Uc beyin, törəmələri. Beyin yarımkürələrinin quruluşu. Beyin yarımkürələrinin şırım, yarıq və qırışıqlıqlarının anatomiyası. Beyin qabığının quruluşu və funksiyaları, beyin qabığında funksiyaların dinamik lokalizasiyasının ümumi icmalı.

2

4

Döyənək cisim, tağ, ön bitişmə. Qabıqaltı nüvələr və daxili kapsul. Qoxu beyni və yan mədəciklərin anatomiyası. Ara beyinin anatomiyası. III mədəcik quruluşu.

2

5

Orta beynin quruluşu,nüvələri,orta beyin su kəmərinin anatomiyası. Rombabənzər beyin boğazı. Arxa beynin quruluşu, körpü,nüvələri və onların anatomiyası. Beyincik onun quruluşu. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

6

Uzunsov beyin, IV mədəcik. Rombabənzər çuxurda yerləşən nüvələrin topoqrafiyası. Aparıcı yolların ümumi icmalı

2

7

Görmə orqanı. II cüt kəllə siniri. Görmə analizatorunun aparıcı yolu haqqında ümumi məlumat.

2

8

Gözün əlavə aparatı. III, IV və VI cüt kəllə sinirlərinin funksional anatomiyası, innervasiya zonası.

2

9

Dəhliz-ilbiz orqanı. VIII cüt kəllə siniri. Eşitmə və müvazinət analizatorlarının aparıcı yollarının ümumi icmalı.

2

10

Qoxu və dad orqanları. I, VII və IX cüt kəllə sinirləri. Qoxu və dad analizatorlarının aparıcı yollarının ümumi icmalı.

2

11

Üçlü sinirin quruluşu, şaxələri və innervasiya zonası. Dəri və onun törəmələrinin anatomiyası. Süd vəzilərinin anatomiyası. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü.

2

12

X, XI, XII cüt sinirlərinin anatomiyası və  innervasiya zonası.

2

13

Mərkəzi sinir sistemi, duyğu orqanları, 12 cüt kəllə sinirlərindən aralıq qiymətləndirmə. Bu kollokviuma 1-12-ci mövzuları əhatə edən təcrübə məşğələ materialları daxil ediləcəkdir. Kollokvium mərkəzi qaydada Universitetin İmtahan Mərkəzində keçiriləcəkdir.

2

14

Ürək və ürək kisəsinin quruluşu, yaş xüsusiyyətləri. Ürək əzələsinin morfo-funksional anatomiyası. Ürəyin qidalanması və innervasiyası. Ürəyin topoqrafiyası, hüdudları və qapaqlarının döş qəfəsinin ön divarına proyeksiyası. Ürək tonları.

2

15

Aorta və onun hissələri. Qalxan aorta, aorta qövsü. Ümumi və xarici yuxu arteriyalarının anatomiyası. Daxili yuxu arteriyası. Körpücükaltı arteriyanın onurğa arteriyası şaxəsi. Beyinin arterial dövranı. Körpücükaltı arteriya. Yuxarı ətrafın arteriyaları. Ovucun səthi və dərin qövsləri. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

16

Yuxarı boş vena. Bazu-baş venası. Daxili vidaci vena. Kəllədaxili və kəlləxarici venalar. Xarici vidaci vena. Ön vidaci vena. Körpücükaltı vena. Yuxarı ətraf venaları.

2

17

Onurğa beyni sinirləri. Onurğa beyni sinirlərinin arxa şaxələri. Onurğa beyni sinirlərinin ön şaxələri. Boyun kələfi. Bazu kələfi: qısa və uzun şaxələri, topoqrafiyası. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

18

Aortanın döş hissəsi və onun şaxələri. Döş qəfəsi divarı və orqanlarının venaları (tək vena, yarımtək vena, arxa qabırğaarası venalar, onurğa venaları). Döş sinirlərinin ventral şaxələri.

2

19

Enən aortanın qarın hissəsi və onun şaxələri, topoqrafiyası. Ümumi, daxili və xarici qalça arteriyaları.

2

20

Bud arteriyası və dizaltı arteriya. Baldır və ayaq arteriyaları. Aşağı ətraf oynaqlarının arterial torlarının əmələ gəlməsində iştirak edən damarlar.

2

21

Aşağı boş vena sistemi. Qapı venası sistemi.Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı. Çanaq venaları və aşağı ətrafın venaları. Venaların sistemarası anastomozlarının icmalı.

2

22

Bel kələfi, şaxələri, innervasiya zonası. Oma kələfinin qısa və uzun şaxələri, topoqrafiyası. Oturaq sinirinin innervasiya zonası.

2

23

Limfa sisteminin quruluş elementləri haqqında ümumi məlumat. Başın, boyunun, yuxarı ətrafın və döş qəfəsinin limfa düyünləri və damarları. Qarın boşluğunun, çanağın və aşağı ətrafın limfa düyünləri və damarları. Yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı.

2

24

Vegetativ sinir sistemi haqqında ümumi məlumat. Simpatik kötük. Simpatik kötüyün boyun hissəsi. Simpatik kötüyün döş, bel və çanaq hissələri. Qarın boşluğu və çanağın vegetativ

düyünləri və kələfləri.

2

25

Vegetativ sinir sisteminin parasimpatik şöbəsi. Başın parasimpatik düyünləri

2

 

Metodİk təchizat: Şadlinski V.B., IsayevA.B., Allahverdiyev M.Q. və başqaları. Insan anatоmiyası. II cild. Bakı, «Müəllim», 2017.

TEXNİKİ TƏCHİZAT Tədris prosesində innovativ formalardan istifadə

Tədris prosesində müəllim tərəfindən aktiv sürətdə quru və yaş preparatların izahı ilə yanaşı onların multimedia və 3D texnologiya əsasında tədrisin təşkili təmin olunmalıdır. Preparatlar üzərində tələbə müəllimin nəzarəti altında daxili orqanların hissələrini, damar və sinir münasibətlərini dəqiq aydınlaşdıra bilmədidir. Bunların, eləcədə, kompüter texnologiyaların tətbiqi ilə müəyyənləşdirilməsinə xüsusi yer verilməlidir.