Mövzunun adı: Azərbaycan əhalisi arasında qasrtoenteroloji və yanaşı gedən revmatoloji xəstəliklərin araşdırılması.
Mövzunun aktuallığı: Qastroenteroloji xəstəliklər uzun müddət yalnız mədə-bağırsaq traktının lokal patologiyası kimi dəyərləndirilirdi, halbuki son onilliklərin tədqiqatları onların çoxunun sistem xəstəlikləri oduğunu aydın göstərib. Xüsusilə iltihabi bağırsaq xəstəlikləri (İBX) və bəzi xroniki qaraciyər-biliar trakt patologiyaları orqanizmdə sistem iltihab reaksiyasına səbəb olur və bunun fonunda müxtəlif orqanlarda əlavə zədələnmələr, o cümlədən oynaq və birləşdirici toxuma dəyişiklikləri formalaşır. Bu dəyişikliklər “sistem patologiyalar” adı altında birləşdirilir və klinik praktikada “bağırsaqdan kənar təzahürlər” anlayışının əsas hissəsini təşkil edir.
Gerhard Rogler və həmkarları İBX üzrə böyük icmal məqaləsində göstəriblər ki, revmatoloji təzahürlər İBX xəstələri arasında ən çox rast gəlinən əlavə patologiya qrupudur və onların mövcudluğu xəstəliyin gedişini ağırlaşdırır, müalicə strategiyasını köklü şəkildə dəyişdirir. Vavriçka və digər müəlliflər kollektivinin İBX olan geniş əhatəli əhali qrupu üzərində apardığı araşdırma isə göstərib ki, bu ekstraintestinal əlamətlər çox vaxt bağırsaq simptomları ilə eyni vaxtda və ya onlardan əvvəl ortaya çıxır, bu da vaxtında tanınmadıqda diaqnostik gecikməyə gətirib çıxarır.
Mövcud epidemioloji məlumatlar göstərir ki, qastroenteroloji profilə aid xəstələrdə revmatoloji patologiyaların rastgəlmə tezliyi həm yüksəkdir, həm də regiondan regiona əhəmiyyətli fərqlər göstərir. ABŞ, Avropa, Yaponiya və Rusiyada aparılmış müxtəlif araşdırmaların nəticələri onu deməyə əsas verir ki, revmatoloji təzahürlər İBX xəstələrinin azı üçdə birində, bir sıra qruplarında isə yarıdan çoxunda müşahidə olunur. Bu fonda qastroenteroloq və revmatoloqların birgə işinin aktuallığı daha da artır.
Revmatoloji patologiyalarla müşayiət olunan qastroenteroloji xəstəliklər təkcə klinik deyil, həm də sosial və iqtisadi baxımdan böyük yük yaradır. Xroniki ağrı, oynaq hərəkətinin məhdudlaşması və bağırsaq simptomlarının paralel gedişi xəstələrin əmək qabiliyyətini azaldır, işdən yayınma hallarını artırır və uzunmüddətli əlillik riskini yüksəldir. Di Cola və həmkarlarının qeyd etdiyi kimi dayaq-hərəkət aparatının patoloji simptomları ilə müşayiət olunan İBX xəstələrində iş qabiliyyətinin itirilməsi günlərinin sayı əhəmiyyətli dərəcədə çox olur və onlar daha tez-tez bioloji terapiyaya ehtiyac duyurlar.
Səhiyyə sistemi üçün də bu xəstəliklər ciddi resurs tələb edir. Əlavə görüntüləmə, revmatoloji konsultasiyalar, bioloji preparatların yüksək qiyməti və təkrarlanan stasionar müalicə ehtiyacı dövlət və sığorta sistemləri üçün böyük maliyyə yükü yaradır. Faggiani və həmmüəlliflər kollektivinin 2024-cü il icmalında göstərilib ki, artrit və artralgiyalı İBX xəstələrinin əhəmiyyətli hissəsi yeni immun-bioloji dərmanlara ehtiyac duyur və bu preparatlara cavab verməyənlərin payı da az deyil, bu isə müalicə strategiyalarının daha da təkmilləşdirilməsini tələb edir.
Bu fonda revmatoloq və qastroenteroloqlar arasında qarşılıqlı əlaqənin qurulması, erkən skrininq alqoritimlərinin hazırlanması və risk qrupları üçün xüsusi monitorinq proqramlarının tətbiqi həm klinik nəticələri, həm də iqtisadi səmərəliliyi yaxşılaşdıra bilər.
Tədqiqatın vəzifələri
1.Əhali arasında əsas qastroenteroloji xəstəliklərin (QERX, qastrit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, Kron xəstəliyi, xoralı kolit və s.) yayılma tezliyini müəyyənləşdirmək.
2.Bu xəstəliklərlə paralel rast gəlinən revmatoloji patologiyaların (artrit, spondiloartrit, osteoartrit, fibromialgiya və s.) strukturunu və tezliyinə qiymətləndirmək.
3.Qastroenteroloji və revmatoloji xəstəliklər arasında etiopatogen əlaqə mexanizmlərini (disbioz, sistemli iltihab, bağırsaq keçiriciliyi, autoimmun proseslər və s.) təhlil etmək.
4.Bağırsaq mikrobiotasındakı dəyişikliklərin revmatik simptomların yaranmasına təsirini araşdırmaq.
5.Qastroenteroloji xəstəliklərin gedişinin revmatoloji simptomların intensivliyi ilə korrelyasiyasını müəyyənləşdirmək.
6.Mədə-bağırsaq sistemi patologiyası olan xəstələrdə oynaq və əzələ-skelet sistemi şikayətlərinin klinik xüsusiyyətlərini qiymətləndirmək.
7.Hər iki sistemin birgə patologiyalarında istifadə olunan diaqnostik metodların (endoskopiya, MRT, laborator biomarkerlər, HLA-B27 və s.) effektivliyini müqayisəli şəkildə təhlil etmək.
8.Qastroenteroloji və revmatoloji xəstəliklərin birgə müşayiət olunduğu hallarda müalicə taktikasının klinik nəticələrini qiymətləndirmək.
9.Çoxsahəli (qastroenteroloq+revmatoloq+dietoloq) yanaşma-nın xəstə idarəetməsində rolunu müəyyənləşdirmək və tövsiyyələr hazırlamaq.
10.Araşdırmanın nəticələrinə əsasən klinik təcrübədə istifadə üçün təkmilləşdirilmiş diaqnostik və müalicə alqoritmi təklif etmək.Tədqiqatın məqsədi Azərbaycan əhalisi arasında geniş rast gəlinən qastroenteroloji xəstəliklərlə yanaşı gedən revmatoloji patalogiyaların yayılmasını, onların qarşılıqlı əlaqə mexanizmlərini, klinik xüsusiyyətlərini və çoxsahəli yanaşmanın effektivliyini müəyyənləşdirmək, həmçinin diaqnostika və müalicə üçün təkmilləşdirilmiş klinik alqoritim hazırlamaqdan ibarətdir.
Elmi yeniliyi:
1.Əhali arasında qastroenteroloji və revmatoloji xəstəliklərin birgə rastgəlmə tezliyi ilk dəfə sistemli şəkildə qiymətləndirilir.
2.”Bağırsaq-oynaq oxu” konsepsiyasına əsaslanaraq konkret mikrobiota dəyişikliklərinin revmatik simptomlara təsiri elmi əsaslarla təsdiqlənəcək.
3.Qastroenteroloji xəstəliklərin aktiviyi ilə oynaq zədələnməsinin klinik dərəcələri arasında yeni korrelyasiya göstəriciləri müəyyənləşdiriləcək.
4.Çoxsahəli (qastroenteroloq-revmatoloq-dietoloq) yanaşmasının effektivliyinə dair yeni klinik meyarlar təqdim olunacaq.
5.Diaqnostika üçün kombinə edilmiş klinik alqoritm hazırlanacaq ki, bu da erkən aşkarlama səviyyəsini yüksəldəcək.
Tətbiq sahəsi:
Qastroenterologiya və revmatologiya. Tədqiqatın nəticələri tibbi təhsil üçün da dərs vəsaiti kimi istifadə oluna bilər.
Səmərəlilik: Araşdırmalar əsasında praktik tövsiyyələr və klinik alqoritm hazırlanacaq ki, bu da həkimlərin gündəlik fəaliyyətində diaqnostika və müalicəni daha səmərəli edəcək.