Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Müdir müavini

Doktor Xəlilov Namiq Cavananşir oğlu 09.03.1972-ci ildə Bakı şəhərində ziyalı həkim ailəsində anadan olmuşdur. Orta məktəbi fərqlənmə attestatı və “qızıl medal”la bitirmişdir. 1989-cu ildə N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olmuşdur. 1995-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmişdir. Təhsil aldığı müddətdə universitetin ictimai həyatında yaxından iştirak etmişdir. Universitetin Tələbə Elmi Cəmiyyətinin sədr müavini vəzifəsində fəaliyyət göstərmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasının bazası olan M. Nağıyev adına TTYX-da “Uşaq cərrahiyyəsi” ixtisası üzrə internaturanı bitirmişdir. 1998-ci ildə “Uşaq cərrahiyyəsi” ixtisası üzrə Rusiya Federasiyasının Moskva şəhərində Elmi-Tədqiqat Pediatriya İnstitutuna əyani aspiranturaya daxil olmuş və 2000-ci ildə vaxtından əvvəl tibb elmləri namizədi dissertasiyasını müdafiə edərək təhsilini uğurla başa vurmuşdur. 2000–2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasında baş laborant vəzifəsində çalışmış, 2019-cu ildən isə kafedranın assistenti vəzifəsinə təyin edilmiş və 2020-ci ildə müsabiqə yolu ilə bu vəzifəyə seçilmişdir. Hazırda Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasında assistent vəzifəsində çalışır. Assistent Xəlilov N.C. işlədiyi müddətdə özünü çalışqan, savadlı və intizamlı pedaqoq və həkim kimi göstərmişdir. Daim xarici ölkələrdə keçirilən kurs və konqreslərdə aktiv iştirak etmiş, bilik və bacarıqlarını artırmışdır. Azərbaycan Tibb Universitetində və Tədris Cərrahiyyə Klinikasında bir çox beynəlxalq tibb konqreslərinin və kursların təşkilat komitəsinin üzvü olmuşdur. İşgüzarlığı ilə çalışdığı kollektivin dərin hörmətini qazanmışdır. Assistent Xəlilov Namiq müəllimlik ixtisasını təkmilləşdirmiş, Azərbaycan və rus dillərində praktiki məşğələlər aparır. O, 100-dən çox tezis və məqalənin müəllifidir. N.C. Xəlilov universitetin elmi fəaliyyətində və ictimai həyatında fəal iştirak edir. Azərbaycan Tibb Universitetinin Rezidentura və Magistratura şöbəsinin müdir müavini, I Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının və Tədris Cərrahiyyə Klinikasının HİTB-nin üzvüdür. O, həmçinin Tədris Cərrahiyyə Klinikası üzrə rezidentlərin fəaliyyətinə nəzarət edən məsul şəxsdir, eləcə də klinikanın nizam-intizam, daxili yoxlama və tədris komissiyasının üzvüdür.