
Azərbaycan Tibb Universitetinin məzunları ilə növbəti görüş keçirilib
Azərbaycan Tibb Universitetinin Məzunlarla iş şöbəsi tərəfindən məzunlarla mütəmadi olaraq görüşlər təşkil edilir. Keçirilən görüşlərin əsas məqsədi məzunlarla əlaqələrin möhkəmləndirilməsi, onların təhsil, peşə fəaliyyəti və karyera inkişafı ilə bağlı fikir və təkliflərinin öyrənilməsi, eləcə də qarşılıqlı fikir mübadiləsinin aparılmasıdır.
Görüş zamanı məzunlarla təhsil prosesinin keyfiyyəti, universitetdə qazandıqları bilik və bacarıqların peşə fəaliyyətində rolu, həmçinin gələcək əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb.
Məzunlar Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin rəhbərliyi ilə tədris prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir tələblərə cavab verən peşəkar həkim kadrlarının hazırlanması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini bildiriblər. Qeyd olunub ki, universitetdə savadlı və rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsi üçün atılan addımlar məzunlar tərəfindən böyük məmnunluqla qarşılanır.
Sonda görüşdə iştirak edən bütün məzunlara təşəkkür edilib, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulanıb.
