Azərbaycan Tibb Universitetinin Elmi Şurası haqqında

Ə S A S N A M Ə

1. Azərbaycan Tibb Universitetinin Elmi Şurası (bundan sonra Elmi Şura) haqqında Əsasnamə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Tibb Universitetinin Nümunəvi Nizamnaməsi”nə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.

2. Elmi Şura Azərbaycan Tibb Universitetinin ali idarəetmə orqanıdır. Azərbaycan Tibb Universitetinə ümumi rəhbərlik Elmi Şura tərəfindən həyata keçirilir.

3. Elmi Şura öz fəaliyyətində aşağıdakı prinsipləri rəhbər tutur:

- Ədalətlilik;

- Şəffaflıq;

- Qərəzsizlik;

- Əməkdaşlıq;

- Kollegiallıq;

- İdeya müxtəlifliyi;

- Mütənasiblik;

- Maraqların toqquşmasının qarşısının alınması;

- Bölüşdürülmüş məsuliyyət.

4. Elmi Şuranın səlahiyyət müddəti 5 ildir. Elmi Şuranın tərkibinin vaxtından əvvəl buraxılması və yenidən təşkili onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.

5. Elmi Şuranın tərkibi Azərbaycan Tibb Universitetində tutduqları vəzifələrinə görə Şuranın tərkibinə daxil olanlardan və seçki yolu ilə seçilən üzvlərdən formalaşdırılır.

6. Tutduqları vəzifələrinə görə Elmi Şuranın tərkibinə Azərbaycan Tibb Universitetinin rektoru (sədr), tədris və müalicə işləri üzrə prorektor (sədr müavini), Azərbaycan Tibb Universitetinin elmi katibi, digər prorektorlar, Azərbaycan Tibb Universitetinin tərkibində fəaliyyət göstərən Tədris Klinikalarının və Elmi-Tədqiqat Mərkəzinin direktorları, dekanlar, Tədris şöbəsinin müdiri, Rezidentura və magistratura şöbəsinin müdiri, Doktorantura və dissertantura şöbəsinin müdiri, İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri, əməkdaşların və tələbələrin  Həmkarlar İttifaqı Komitələrinin, həmçinin Tələbə Gənclər Təşkilatının sədrləri və fakültələrin tələbə dekanları daxil olur.

Əlavə 1. Bundan əlavə Elmi Şuranın tərkibinin 10%-ə qədəri ATU-nun rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (ATU-nun daxilində).

7. Elmi Şuranın seçkili üzvlərinin sayı tutduqları vəzifələrinə görə Şuranın tərkibinə daxil olanların sayına bərabər olur. Seçkili üzvlərin ümumi sayı Azərbaycan Tibb Universitetinin fakültələri üzrə onların professor-müəllim heyətinin sayından asılı olaraq mütənasib surətdə bölünür.

8. Elmi Şuranın seçkili üzvlərinin seçilməsi aşağıdakı qaydada aparılır:

8.1. Elmi Şuranın professor-müəllim heyəti sırasından olan seçkili üzvləri hər bir fakültənin professor-müəllim heyətinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Ümumi iclasa ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru sədrlik edir.

8.2. Səsvermə hüququ olanların 2/3-nin iştirak etdiyi ümumi iclaslar səlahiyyətli sayılır.

8.3. Ümumi iclaslarda seçkidə iştirak edən hər bir namizəd haqqında məlumat dinlənilir.

8.4. Seçkidə iştirak edənlərin adı və soyadı eyni səsvermə bülleteninə daxil edilir.

8.5. Namizədin lehinə və əleyhinə münasibət bülletendə müvafiq adın saxlanılması, yaxud pozulması ilə bildirilir. Hər bir seçici yalnız fakültəyə ayrılmış yerlərin sayı qədər namizədə səs verə bilər. Bülletendə bu saydan daha çox namizədin ad və soyadı pozulmamış qaldıqda bülleten etibarsız sayılır.

8.6. Ümumi iclas səsvermənin nəticəsini hesablamaq üçün səsvermədən əvvəl 3-5 nəfərdən ibarət hesablama komissiyası seçir. Hesablama komissiyası səsvermənin nəticəsini hər bir namizəd üçün ayrılıqda elan edir və onun protokolu ümumi iclas tərəfindən mövcud qayda üzrə təsdiq olunub, seçki sənədlərinə əlavə edilir.

8.7. Fakültəyə ayrılan yerlərə namizədlərdən 50%-dən artıq olmaqla daha çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş sayılır.

8.8. İclasda seçkinin birinci mərhələsindən namizədlərdən 50%-dən çox səs toplayanların sayı fakültəyə ayrılmış yerlərin sayından az olduqda, boş qalan yerlərdən, ən azı, bir nəfər çox olmaqla, ən çox səs yığmış namizədlər həmin iclasda təkrar səsverməyə buraxılır.

8.9. Təkrar səsvermə nəticəsində yenə boş yer qalarsa, bu halda həmin yerlərə yenidən seçki keçirilir və əvvəlki namizədlər də həmin seçkidə iştirak edə bilərlər.

8.10. Seçki ilə əlaqədar şikayətlər seçkilərdən sonra 3 iş günü müddətində Azərbaycan Tibb Universitetinin rektoruna verilə bilər.

8.11 Seçki qaydalarının pozulması aşkar olunduqda seçkilərin nəticələri Azərbaycan Tibb Universitetinin rektoru tərəfindən ləğv edilir və bu barədə müvafiq əmr verilir.

8.12. Elmi Şuranın seçkili üzvü tərkibdən çıxdığı (öz ərizəsi ilə şura üzvlüyündən və ya işdən çıxdıqda, vəfat etdikdə) və ya çıxarıldığı (Elmi Şuranın  iclaslarına ardıcıl olaraq üzrsüz səbəbdən 3 dəfə gəlmədikdə, reqlamenti və nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə) halda, vakant yeri həmin fakültənin, filialların və elmi-tədqiqat instititutlarının nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirilməklə tuta bilər. Elmi Şuranın üzvü reqlamenti və ya nizam-intizam qaydalarını kobud şəkildə pozduqda məsələ nizam-intizam komissiyasında müzakirə edilir və onun tövsiyəsi əsasında qərar qəbul edilir.

9. Şuranın işini və iclaslarını təşkil etmək, protokollaşdırmaq, qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədilə Elmi Şura üzvləri içərisindən elmi katib seçilir.

10. Elmi Şuranın üzvlərinin vəzifə hüquqları:

- Elmi Şuranın iclaslarında müntəzəm olaraq iştirak edərək onun reqlamentinə ciddi əməl etmək;

- Elmi Şuranın iclasının gündəliyinə və illik iş planına daxil edilən məsələlərlə bağlı təkliflər vermək;

- müzakirə olunan məsələlərlə bağlı məruzələr və çıxışlar etmək, təkliflər vermək;

- Elmi Şuranın iclaslarında keçirilən gizli və açıq səsvermələrdə iştirak etmək;

- Elmi Şuranın tərkibində yaradılan komissiyalara üzv seçilmək və onların işində iştirak etmək;

- Elmi Şuranın tərkibinin vaxtından əvvəl buraxılması və yenidən təşkili, həmçinin onun növbədənkənar iclasının keçirilməsi ilə bağlı vəsatət qaldırmaq.

11. Azərbaycan Tibb Universitetinin Elmi Şurası:

- Elmi Şuranın işinin təşkili üzrə reqlamenti müzakirə edərək təsdiq edir;

- təhsil və elm, sosial-iqtisadi və maliyyə-təsərrüfat fəaliyyətləri üzrə, eləcə də nizam-intizam komissiyaları yaradır, onların hesabatlarını dinləyir və müvafiq qərar qəbul edir;

- Azərbaycan Tibb Universitetinin nizamnaməsində əlavələr və dəyişikliklər aparmaq üçün təkliflər verir və təsdiq üçün təsisçiyə təqdim edir;

- təhsilalanlar və təhsilverənlərin daxili intizam və etik davranış qaydalarını müzakirə edərək təsdiq edir.

- Azərbaycan Tibb Universitetinin müalicə-diaqnostika, maliyyə-iqtisadi, təsərrüfat, elmi-istehsalat, nəşriyyat, sosial sahələr üzrə fəaliyyəti ilə bağlı məsələlərə baxır və müvafiq qərarlar qəbul edir;

- Azərbaycan Tibb Universitetinin beynəlxalq fəaliyyəti və xarici əlaqələri üzrə məsələlərə baxır və müvafiq qərar qəbul edir;

- Azərbaycan Tibb Universitetinin fəaliyyəti ilə bağlı əsasnamələri, təlimatları və digər normativ xarakterli sənədləri təsdiq edir;

- Azərbaycan Tibb Universitetinin strukturunun müəyyənləşdirilməsi, ona əlavə və dəyişikliklərin edilməsi, elmi-tədqiqat institutlarının, filialların, fakültələrin, kafedraların və Azərbaycan Tibb Universitetinin digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələlərə baxır, təkliflər verir və müvafiq qərar qəbul edir;

- elmi-pedaqoji və elmi kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlərinə baxır, təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələlər haqqında qərar qəbul edir;

- elmlər doktorluğu dissertasiya işlərinin mövzularını və onların iş planını müzakirə edərək təsdiq edir;

- kafedraların elmi-tədqiqat fəaliyyəti və maddi-texniki təchizatı ilə bağlı məsələlərə baxır və müvafiq qərar qəbul edilir;

- fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;

- fakültə Elmi Şuralarının qərarları ilə bağlı etirazlara baxır və bu barədə yekun qərar qəbul edir;

- tədris planlarının təsdiqi ilə bağlı qərar qəbul edir;

- “Təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o  cümlədən yekun attestasiyasının aparılması və təhsilalanların biliyinin yenidən qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq təhsilalanların cari və aralıq qiymətləndirilməsi üsullarını və meyarlarını, eləcə də yekun attestasiyasının aparılması və balların hesablanması meyarlarını müəyyən edərək təsdiq edir;

- professor, dosent elmi adlarının, eləcə də fəxri ad və mükafatların, orden və medallarının verilməsi barədə müvafiq qurumlar qarşısında vəsatət qaldırır, Azərbaycan Tibb Universitetinin fəxri professoru və doktoru adını verir, o cümlədən elmi işə və pedaqoji fəaliyyətə görə Azərbaycan Tibb Universitetinin mükafatlarının verilməsi barədə qərar qəbul edir;

- məsləhətçi-professor vəzifəsi ilə bağlı məsələlərə baxır;

- müəyyən olunmuş qaydada dərslik, dərs vəsaitləri, tədris-metodiki vəsaitlər, monoqrafiyalar və tədris proqramlarının nəşri üçün qərar verir;

- məqsədli təqaüdlərin təyin edilmə qaydalarını qüvvədə olan normativlərə uyğun müəyyənləşdirir;

- müəyyən etdiyi meyarlara uyğun gələn tələblər üçün stimullaşdırma tədbirlərinin tətbiq edilməsi, ödənişli əsaslarla təhsil alanların təhsil haqqının ödənilməsindən tam və ya qismən azad edilməsi, təhsil haqqının ödənilməsində onlar üçün güzəştlər müəyyənləşdirilməsi, onlara maddi yardımlar göstərilməsi və tələbələrinin xarici ölkələrdə təhsilinin maliyyələşdirilməsi haqqında qərar qəbul edir;

- ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı olan digər məsələlərə baxır və müvafiq qərar qəbul edir.

12. Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş iş planı üzrə işləyir. Elmi Şuranın iş planı iclasda müzakirə olunur və Azərbaycan Tibb Universitetinin rektoru tərəfindən təsdiq edilir.

13. Elmi Şuranın iclasları tədris ili müddətində ayda bir dəfə keçirilir. Elmi Şura sədrinin və ya şura üzvlərinin 2/3 hissəsinin təklifi ilə növbədənkənar iclas keçirilə bilər.

14. Elmi Şuranın tədris, elmi və sosial məsələlərlə bağlı qərarları açıq səsvermə ilə, professor, dosent və fəxri adların verilməsinə təqdimatla bağlı qərarları isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.

15. Elmi Şuranın iclası onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Qərarlar iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Elmi Şuranın qərarları rektor tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. Rektor Elmi Şuranın qərarını təsdiq etmədikdə həmin məsələ Elmi Şuranın iclasına təkrar çıxarılarsa məsələ üzrə qərar Elmi Şuranın iclasında iştirak edən üzvlərin üçdə iki səs çoxluğu ilə qəbul olunmalıdır. Bu halda rektor həmin qərarı təsdiq etməlidir.

16. Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və elmi katibi tərəfindən imzalanır və mövcud qaydada saxlanılır.

17. Əldə olunmasına Qanunla məhdudiyyət qoyulmuş məlumatları özündə ehtiva edən, eləcə də Elmi Şura tərəfindən müəyyənləşdirilmiş qərarlar istisna olmaqla, Şuranın qərarları bütün əməkdaşlar və ictimaiyyət üçün açıq elan edilir.

18. Elmi Şuranın sədri Şuranın qərarlarının icrasına nəzarət edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barədə məlumat verir.

19. Elmi Şuranın qərarının prosedur pozuntusu ilə qəbul edildiyi və ya qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə Elmi Şuranın qərarı təsisçi tərəfindən ləğv oluna bilər.

20. Elmi Şuranın qanunvericiliyə zidd olan qərarı barədə təsisçiyə və ya məhkəməyə şikayət edilə bilər.